Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-985/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən təmiz çəkisi 0,512 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib 02 ədəd ayrı-ayrılıqda bükümlərə bölüb birini ağ rəngli şalvarın sol yan cibində, digərini alt paltarının iç tərəfində gizlədib üzərində saxlamaqla daşımış, 09 iyun 2023-cü il tarixdə saat 02:00-da Qaradağ RPİ-nin 38-ci PB- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb Qaradağ RPİ-nin 38ci PB-yə gətirilərək xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş ağ rəngli şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,185 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Qaradağ RPİ-nin İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Qaradağ rayon məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilib, 10 iyun 2023-cü il tarixdə saat 17:15-də saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına təhvil verildikdən sonra İstintaq Təcridxanasının əməkdaşları tərəfindən üzərinə keçirilmiş baxış zamanı əynində olmuş alt paltarının iç tərəfində gizlətdiyi 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,327 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, cəzaçəkmə müəssisəsindən azad edildikdən bir müddət sonra yenidən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 07 iyun 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu, Yeni Yasamal ədlanan ərazidə, anket məlumatlarını, adını və soyadını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün 01 ədəd bükümdə kakos adlanan narkotik vasitə heroin alıb, onu 02 ədəd bükümlərə bölüb 01 ədəd bükümü şalvarının cibində, digər bükümü isə alt paltarının iç tərəfində gizlədib saxlamışdır. Buna səbəb sonra lazım olarsa az-az istifadə etmək olmuş, eyni zamanda bükümləri ayrıayrı yerlərdə saxlamışdır ki, əgər polis əməkdaşları tərəfindən saxlanılarsa polis əməkdaşları alt paltarında heroin saxlamağından şübhələnməyib cibindən aşkar edilmiş heroinlə kifayətlənib və çəkisi az olduğu təqdirdə inzibati məsuliyyətə cəlb olunaraq tez bir zamanda azadlığa buraxılar. Səhərisi günü başı işə qarışdığı üçün aldığı narkotik vasitəni istifadə etmək yadına düşməmiş, ona görə bükümlərdən biri əynində olmuş şalvarının cibində, digəri isə alt paltarının iç tərəfində qalmışdır. 09 iyun 2023-cü il tarixdə saat 02 radələrində Qaradağ rayonu Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən 66 saylı binanın qarşısında olan zaman iki nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, daha sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib 38-ci Polis bölməsinə aparmışdırlar. Orada təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, daha sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Vəkil gəldikdən sonra polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmetin olub-olmadığı, varsa təqdim etməyi bildirilmişdir. O, da əynində olmuş ağ rəngli şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Büküm açılmış, bükümün içərisində nə olduğu soruşulduqda, kağız bükümün içərisindəki kakos deyilən narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi büküm təhqiqatçı tərəfindən zərfə qoyaraq qablaşdırılmış, protokol tərtib edilmişdir. Zərf və protokol onun və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərinə şəxsi axtarış aparılarkən polis əməkdaşları alt paltarının iç tərəfidə bükümün olmasından şübhələnmədikləri üçün o, da bu barədə məlumat verməmiş və düşünmüşdür ki, sonradan özü istifadə edər. Lakin barəsində Qaradağ RPİ-nin İstintaq şöbəsində istintaq edilən cinayət işi üzrə ona Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə «həbs» qətimkan tədbiri seçilərək saxlanılması üçün 10 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İstintaq Təcridxanasına təhvil verilərkən saat 17:15-də İstintaq Təcridxanasının əməkdaşları tərəfindən üzərinə ətraflı baxış keçirilmiş və alt paltarının alt hissəsində saxladığı 01 ədəd büküm narkotik vasitə heroin hal şahidlərinin iştirakları ilə sənədləşdirilib müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında nəzarətçisi, ədliyyə baş çavuşu Şahid1 ifadəsində bildirmişdir ki, 10 iyun 2023-cü il tarixdə saat 17:15-də Azərbaycan Respublikası DİN-nin Qaradağ RPİ-nin X5 əməkdaşları tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təxridxanasına təhvil verilmiş Qaradağ RPİ-nin İstintaq şöbəsində istintaq edilən cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olmuş alt paltarının alt tərəfində gizlətdiyi 01 ədəd şəffaf sellofan büküm aşkar edilib götürülmüşdür. Büküm açıldıqda içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, onu Bakı şəhərində adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün alıb üzərində saxlayıb daşımışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş maddənin çəkisini və tərkibini müəyyənləşdirmək məqsədi ilə tədqiqata təqdim edilməsindən ötrü hal şahidlərinin iştirakları ilə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, protokolun doğruluğu Təqsirləndirilən şəxs, hal şahidləri, mənim və İstintaq Təcridxanasının əməkdaşları tərəfindən təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən üzrə şahidlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında nəzarətçiləri Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB- nin əməliyyat müvəkkili Şahid7 ifadəsində bildirmişdir ki, 09 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, daşınması ilə məşğul olması barədə əməliyyat yolu ilə məlumat əldə edilmişdir. Məlumatın yoxlanılması məqsədi ilə tərəfindən Qaradağ RPİ-nin 38-ci PB-nin rəhbərliyinə raportla məruzə edilmiş, əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair razılıq verildikdən sonra onun rəhbərliyi altında 38-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 ibarət əməliyyat qrupu təşkil edilmişdir. 09 iyun 2023-cü il tarixdə saat 02:10-da Şahid7lə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsində yerləşən 66 saylı binanın qarşısında bir nəfər, əvvəllər tanımadığı, heç bir ədavət və düşmənçiliyi olmadığı, zahiri əlamətləri ilə Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsin şəxsiyyəti barədə maraqlandıqda, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 38-ci PB-yə gətirilmişdir. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilib təhvil verilməsi ilə bağlı tərəfindən bölmənin rəhbərliyinə raportla məruzə edilmişdir. Toplanmış materiallar üzrə araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis mayoru X2 həvalə edilmişdir. Araşdırma zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bölməyə gətirilməsinin səbəbi və hüquq, vəzifələri izah edilib, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmişdir. Polis bölməsinin inzibati binasında xidməti otaqların birində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşyanın və ya alətin olub- olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olmuş ağ rəngli şalvarın sol yan cibindən 01 ədəd ağ kağız bükümü çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini 07 iyun 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu, Yeni Yasamal adlanan ərazidən, anket məlumatlarını, adını və soyadını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi bükümdən başqa üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya alət aşkar edilməmiş və götürülməmişdir. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, doğruluğu iştirakçılar, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalarla təsdiq edilmişdir. Şahidlər Şahid4, Şahid6 və X3 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının əməliyyat şöbəsinin inspektoru, ədliyyə kapitanı X4 tərəfindən tərtib olunmuş «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 10 iyun 2023-cü il tarixdə saat 17:15-də Azərbaycan Respublikası DİN- nin Qaradağ RPİ-nin X5 əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilmiş Qaradağ RPİ-nin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Qaradağ rayon məhkəməsinin qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin və İstintaq Təcridxanasının əməkdaşlarının iştirakları ilə baxış keçirilən zaman əynində olmuş alt paltarının iç tərəfində gizlədilmiş 01 ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin vasitəni həbs olunmamışdan əvvəl Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin büküm müvafiq qaydada qablaşdırılıb götürülmüşdür (i.v.6). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 11 iyun 2023-cü il tarixli, 6/3293 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası Zərflər üçün» dairəvi möhür əksi və «... Həbs olunmuş şəxs: Təqsirləndirilən şəxs: imza,...hal şahidləri: iki imza» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,327 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.15- 19). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 07 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3457 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 № 68» dairəvi möhür əksi olan üzərində «...Həbs olunmuş şəxs: Təqsirləndirilən şəxs:...hal şahidləri: iki imza» sözləri qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdə təmiz çəkisi - 0,277 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.46-49). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 iyun 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılıb 38-ci PB-nin İnzibati binasına gətirilib təhvil verildikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs 38-ci PB-nin əməliyyat müvəkkilləri Şahid5, Şahid7 və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə hüquq və vəzifələri izah olunmuş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olmuş ağ rəngli şalvarın sol yan cibindən 01 ədəd ağ kağız bükümü çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini 07 iyun 2023cü il tarixdə axşam saatlarında Yasamal rayonu, Yeni Yasamal adlanan ərazidən, anket məlumatlarını, adını və soyadını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi bükümdən başqa üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və ya alət aşkar edilməmiş və götürülməmişdir. Vəkilin verdiyi suala Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki, psixi təzyiq və ya təsirlərə məruz qalmadığını bildirmiş, üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroini öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını bildirmişdir (i.v.135-137). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 09 iyun 2023-cü il tarixli, 6/3281 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,185 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (i.v.141-145). “Maddi sübut kimi tanıma haqqında” 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,185 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, həmin heroinin tədqiqatdan sonra 0,135 qram qalığı saxlanılması üçün Qaradağ RPİ-nin saxlancına təhvil verilmişdir (i.v.184). Məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2023-cü il tarixli, 6027 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.256-257). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 01 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5305 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi № 65» dairəvi möhür əksləri olan, «6/3457...7 iyul 2023-cü il» sözləri qeyd edilmiş bir ədəd MEM-ə məxsus kağız paketdə üzərində «...Həbs olunmuş şəxs: Təqsirləndirilən şəxs...hal şahidləri: - iki imza; sözləri qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,227 qram olan heroin ilə üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi № 68» dairəvi möhür əksləri olan, «6/3281...9 iyun 2023-cü il» sözləri qeyd edilmiş bir ədəd MEM-ə məxsus paketdə üzərində «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyadlar və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,135 qram heroin bir-biri ilə kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir (i.v.258-262). “Sübutların qiymətləndirilməsi haqqında” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona AR CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə Bakı İstintaq Təcridxanasında baxış zamanı aşkar edilmiş 0, 327 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, həmin heroinin tədqiqatdan sonra 0,302 qram qalığın saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi, şəxsi axtarış və götürməni özündə əks etdirən DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.263-273). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ilkin olaraq verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Beləliklə,məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 22 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31 yanvar 2022-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Aktının 4-cü bəndi tətbiq olunmaqla cəzasının müddəti 06 ay azaldılmış, 11 fevral 2022-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.32-33). Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 7(010)- 456/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.78-79). Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 7(010)- 342/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilərək cəzasının çəkilməmiş 01 il gün hissəsinin 06 ay azaldılması qərara alınmışdır (i.v.80-81). Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 1(007)-38/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək AR CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.83-91). Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(002)- 122/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 67.1-ci maddəsinə əsasən və AR CM-nin 68.1.1-1ci maddəsinin tələbləri nəzərə alınmaqla ona qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (i.v.94-98). “Şübhəli şəxsin tutulması haqqında” 09 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə, saat 02:00-dan tutulmuş hesab edilmişdir (i.v.17). Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 iyun 2023-cü il tarixli, 4(002)- 124/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 iyun 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.173-177). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 4(008)- 683/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay 26 gün olmaqla, 04 noyabr 2023-cü il tarixədək uzadılmışdır (i.v.202-206). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 4(008)- 822/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 04 gün olmaqla 08 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 1(008)- 985/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin məhkəmənin hazırlıq iclası keçirilənədək uzadılması qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Dövlət tərəfindən güzəşt tətbiq edilərək barəsində amnistiya aktı tətbiq edilməklə cəzasının müddətinin azaldılmasına və bundan qısa müddət sonra cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olduğunu (CM-59.2), himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 0,197 qram və Bakı şəhəri Qaradağ RPİ-nin saxlancına verilmiş 0,105 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 manat, 65 manat, 55 manat və 65 manat olmaqla, cəmi 277 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-985/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-985/2023
24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver