Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-987/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X1, müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi X2 iştirakları ilə, xx xxxxxx 2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, Bakı şəhəri, Nizami rayonu 251 saylı tam orta məktəbin 9-cu sinif şagirdi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “valideynin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 4090-94-cü məhəllə 2011 saylı binanın arxa tərəfində onunla eyni məktəbdə təhsil alan tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun, onun tanışı olan Ayla adlı qız barəsində xoşagəlməz sözlər deməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən fiziki ağrı yetirərək itələyib əl və ayaq zərbələri ilə vuraraq sol gözyuvasıətrafı nahiyyənin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan göz yuvasının alt divarının (almacıq və əng sümükləri) yerini dəyişən, qapalı sınığı, sağ said və sağ diz oynağı nahiyələrinin sıyrıqları, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, İbrahimi təxminən bir ildir ki, tanıyır. Belə ki, təxminən bir il əvvəl o, Sabunçu rayonu 271 saylı tam orta məktəbə qəbul olmuşdur, İbrahim də onunla paralel sinifdə təhsil alırmış. Sonuncu ilə aralarında əvvəllər heç bir ədavət olmamışdır. İbrahimlə aralarında mübahisə baş verdikdən sonra isə o, Sabnunçu rayonu 271 saylı tam orta məktəbdən çıxmış, hazırda Nizami rayonu 251 saylı tam orta məktəbə qəbul olunmuşdur. Ayla adlı qızı təxminən bir ildir ki, tanıyır və sonuncudan xoşu gəlir. Ayla adlı qız da Sabunçu rayonu 271 saylı tam orta məktəbdə onunla paralel sinifdə təhsil alırmış. 2023-cü ilin iyun ayində adını xatırlamadığı şəxsdən eşitmişdir ki, İbrahim Ayla haqqında xoşagəlməz ifadələr işlətmişdir.06 iyun 2023-cü il tarixdə İbrahim onun “İnstagram” sosial şəbəkə hesabına yazaraq Ayla haqqında danışmaq istədiyini bildirmişdir. O da etiraz etməmişdir. Belə ki, İbrahimin Ayla haqqında dediyi sözlərlə əlaqədar danışmaq istəyirmiş, ibrahimlə görüşmək üçün xx.xx.2023-cü il tarixdə saat 17 radələrində sonuncunun yaşadığı evə getmiş, o, İbrahimin yaşadığı evin həyətinə çatdıqda orada Sabunçu rayonu 271 saylı tam orta məktəbdə təhsil alan və həmin məktəbdən tanıdığı Uğurla Kənanı görmüşdür. O, Uğur və Kənanla salamlaşmış, söhbət etdikdən sonra Uğurla Kənan çıxıb getmişlər. Uğurla Kənan getdikdən sonra o, məhlədə dayanıb yenidən İbrahimi gözləmişdir. Təxminən 10 dəqiqədən sonra Kənan İbrahim, Uğur və Cavidanın ona tərəf gəldiyini görmüşdür. O, həmin vaxt İbrahimlə söhbətinin olacağını deyib kənar şəxslərin gəlməməsini bildirmişdir. Həmin vaxt Kənan, Uğur və Cavidan etiraz etsələr də o, təkidlə İbrahimlə tək söhbət edəcəyini demişdir. Sonra İbrahimlə birlikdə sonuncunun yaşadığı evin yaxınlığında yerləşən “Yenilik” kafesi ilə avtoyumanın arasında olan boşluğa keçmişdir. O, İbrahimlə sonuncunun Aylanın barəsində xoşagəlməz söz deməsi ilə bağlı söhbət etməyə başlamış, İbrahimlə söhbət etdikləri yerdə olarkən Kənan, Uğur və Cavidan kafenin qarşısında olan alçaq daş hasarın üzərində əyləşərək gözləyirmişlər. Saat 18:40 radələri olarmış ki, qeyd olunan yerdə o, İbrahimə nə səbəbə Aylanın arxasınca xoşagəlməz ifadələr işlətməsi barədə soruşduqda sonuncu özünə bəraət gətirərək yaxşı edərək Aylanın haqqında xoşagəlməz ifadə işlətməsini demişdir. Sonra İbrahim onun sinəsindən itələyib vurmaq istəyərkən o cəld hərəkət edərək İbrahimin üz nahiyyəsinə yumruqla zərbə vurmuş, həmin vaxt İbrahim yerə yıxılıb yenidən ayağa qalxaraq üzərinə hücum etmiş və zərbə ataraq onun burun nahiyyəsinə vurmaq istəmişdir. O, kənara çəkildiyi üçün zərbə zəif şəkildə burnuna sürtünmüş, bu zaman o, yenidən İbrahimi yerə yıxıb baş nahiyyəsinə iki dəfə zərbə vurmuşdur. Onların dalaşmalarını görən Kənan və Cavidan araya keçərək ayırmışlar. Sonra o, uzaqlaşaraq evinə getmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 271 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. Leyla adlı qızla qonşuluqda yaşayır, sonuncu ilə dostluq münasibətləri vardır. Ayla adlı qızı da uzun müddətdir ki, tanıyır, sonuncu ilə qonşuluqda yaşayır. Ayla əvvəllər onunla eyni sinifdə təhsil almışdır, aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmamış, həmişə yaxşı münasibətlərdə olmuşlar. İsmayıl, Cavidan, Uğur və Kanan adlı uşaqları da uzun müddətdir ki, tanıyır. Kənan və Uğur onun sinif yoldaşlarıdır, İsmayıl və Cavidan isə onunla eyni məktəbdə paralel sinifdə təhsil alırlar. Aralarında həmişə yaxşı münasibətləri olmuşdur. 2023cü ilin iyun ayının əvvəllərində Ayla ona haqqında Leylaya xoşagəlməz sözlər deməsi barədə söyləmişdir. O da bunun səbəbini Ayladan soruşduqda sonuncu heç səbəb olmadan ona əcəb etdiyini demişdir. O da Aylaya heç bir söz deməmişdir. Ayla ilə aralarında olan söhbətdən bir neçə gün sonra hazırda adlarını xatırlamadığı şəxslərdən eşitmişdir ki, İsmayıl onu döymək üçün axtarır və səbəb də odur ki, guya o, İsmayılın sevdiyi Ayla ilə kobud rəftar etmişdir. 06 iyun 2023-cü il tarixdə saat 18:25 radələrində yaşadığı ünvan 2 ünvanında olarkən Cavidanla Kənan qapını döyüb bildirmişlər ki, İsmayıl onunla görüşmək istəytir və onu küçədə gözləyir. O da bundan sonra Cavidan və Kənanla birlikdə həyətə enərkən blokda Uğurun da gözləməsini görmüşdür. Bundan sonra Uğur, o, Cavidan və Kanan yaşadığı evin yaxınlığında yerləşən “Yenilik” kafesinin yanına gəlmişlər. Həmin vaxt İsmayıl onu orada gözləyirmiş. Saat 18:40 radələrində İsmayılla “Yenilik” kafesinin yaxınlığında söhbət edərkən İsmayıl ondan nə üçün Ayla adlı qızla mübahisə etməsini soruşmuş, o da İsmayıla Ayla ilə mübahisə etmədiyini, sonuncudan nə səbəbə onun barəsində xoşagəlməz sözlər deməsini soruşduğunu bildirmişdir. İsmayıl onun sözlərinə fikir verməmiş, üzərinə gələrək əli ilə onu itələmişdir, sonra isə üz nahiyyəsinə bir neçə dəfə yumruqla vurmuşdur. İsmayılın zərbələrinin təsirindən o, yerə yıxılmış, yerdə uzanılı vəziyyətdə olarkən İsmayıl təpiklə yenidən onu vurmuşdur. Tanımadığı bir nəfər kişi İsmayılın onu döyməsini görüb üstünə qışqırmış, həmin vaxt Cavidan, Kənan və Uğur İsmayılı ondan aralaşdırıb çıxıb getmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. 271 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. İbrahim, Cavidan, Kənan və İsmayıl adlı uşaqları da uzun müddətdir ki, tanıyır. İbrahim və Kənan onun sinif yoldaşlarıdır, İsmayıl və Cavidan isə onunla eyni məktəbdə paralel sinifdə təhsil alırlar. Aralarında həmişə yaxşı münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində sinif yoldaşı Kənanla evə gedərkən İbrahim həmin gün saat 17:30 radələrində gəzmək üçün onların məhləsinə gəlmələrini söyləmişdir. Kənanla o etiraz etməmişlər. Həmin gün, saat 17:30 radələrində Kənanla İbrahimin yaşadığı məhləyə getmişlər. Kənanla İbrahimi məhlədə gözləyərkən İsmayıl gəlmişdir. Onlar İsmayılla görüşmüşlər və İsmayıl demişdir ki, İbrahimlə görüşmək üçün gəlmişdir. Sonra İsmayıl kənara çəkilmişdir. Kənanla İbrahimi gözləyərkən Cavidan da gəlmiş, onlar üçü İbrahimin yaşadığı bloka daxil olmuşlar. O, blokda aşağıda gözləmiş, X4 yaşadığı mənzilə qalxıb qapını döyərək həyətə çağırmışlar. Sonra İbrahim, o, Cavidan və Kənan həyətə düşmüşlər. İsmayıl həmin vaxt həyətdə olmuş və onlar İsmayıla yaxınlaşmışlar. İsmayıl İbrahimlə təklikdə söhbət etmək istədiyini və onların gəlməməsini söyləmiş, sonra İbrahimlə İsmayıl yaxınlıqda yerləşən “Yenilik” kafesi ilə avtoyumanın arasında olan boşluğa keçmişlər. İbrahimlə İsmayıl söhbət etdikləri yerdə olarkən o, Kənan və Cavidan kafenin qarşısında olan alçaq daş hasarın üzərində əyləşərək gözləyirmişlər. Həmin vaxt saat 18:40 radələrində qeyd olunan yerdə İsmayıl İbrahimlə söhbət edərkən İbrahim İsmayılın sinəsindən itələyib vurmaq istəmiş, İsmayıl İbrahimdən cəld hərəkət edərək sonuncunun üz nahiyyəsinə yumruqla zərbə vurmuşdur. Həmin vaxt İbrahim yerə yıxılıb yenidən ayağa qalxaraq İsmayılın üzərinə hücum etmiş, zərbə ataraq İsmayılın burun nahiyyəsinə vurmaq istəmişdir. İsmayıl kənara çəkildiyi üçün zəif şəkildə yumruq zərbəsi İsmayılın burnuna sürtünmüşdür. İsmayıl yenidən İbrahimi yerə yıxıb baş nahiyyəsinə iki dəfə zərbə vurmuşdur. İbrahimlə İsmayılın dalaşmasını görən kimi Cavidanla Kənan araya keçərək ayırmışlar. Sonra İsmayıl oradan uzaqlaşıb getmişdir. 29 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi notarial qaydada ərizə təqdim edərək onun oğluna dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi zərərçəkmiş şəxs və onun qanuni nümayındəsi ilə barışdığını, zərərçəkmiş tərəfin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş tərəflə barışdığından, ona dəymiş ziyanı tam ödədiyindən, zərərçəkmiş şəxs və qanuni nümayəndəsinin ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət təqibinə xitam verilməlidir Belə ki, AR CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X1 Təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş tərəfin ona qarşı şikayət və tələbinin olmamasına dair məhkəməyə təqdim edilmiş ərizəsini, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsinə razılığını, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı sərf etdiyi 25 iş saatına, məhkəmə istintaqı zamanı sərf etdiyi 5 iş saatına, cəmi 30 iş saatına görə 6 manat hesablanmaqla 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan edildiyi gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-987/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-987/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver