Məhkəmə qərarları › İş №1(008)-99/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-99/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-99/2023 30.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 23 avqust 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatjda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.696 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 08 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evin qarşısında özünü şübhəli apardığından Sabunçu RPİ-in 12-ci PŞ-in əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümündə təmiz çəkisi 0.696 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. əhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 iyun 2022-ci il tarixdə axşam saatlarında narkotik vasitənin istifadəçisi olduğu üçün Balaxanı qəsəbəsinə heroin almaq niyyəti ilə getmiş, orada üzdən tanıdığı lakin saxsiyyəti barədə məlumatı olmayan səxsdan istifadəsi üçün 20 manat müqabilində bir büküm heroin alıb cibində saxlamışdır. 08 iyun 2022-ci il tarixdə, səhər saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində olarkən iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Üzərində heroin gəzdirdiyinə görə narahat olmuş və bu səbəbdən polis əməkdaşlarına dolğun cavab verə bilmədiyi üçün ondan şübhələnmişlər. Yayınmaq istədikdə polis əməkdaşları onu saxlamış və 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Onun üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Əvvəlcə ona üzərində olan bütün əşyaları könüllü olaraq çıxarıb təqdim etməyi təklif etmişlər. O, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir bükümdə heroini çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı bir bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, onu tutulmamışdan bir gün əvvəl Balaxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08 iyun 2022-ci il tarixdə, saat 12:00 radələrində 12-ci PŞ-in əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi nömrəsiz fərdi yaşayış evin qarşısında bir nəfər şəxsin şübhəli olduğunu görüb onu saxlamışlar. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs üzərində sənədlərinin olmadığını bildirərək yayınmaq istəmiş, eləcə də nəsə gizlətdiyi və dağınıq cavab verməyi onlarda şübhə yaratmışdır. Bundan sonra onlar həmin şəxsi 12-ci Polis Şöbəsinə dəvət etmişlər, şöbədə həmin şəxsin ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Orada hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra onun üzərinə videoçəkilişdən istifadə etməklə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni çıxardaraq bildirmişdir ki, həmin bükümün içərisindəki «kakos» adlanan narkotik vasitədir, onu tutulmamışdan bir gün əvvəl, 07 iyun 2022-ci il tarixdə axşam saatlarında Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2022-ci il tarixli, 6/3221 saylı narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün №159» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...» sözləri, imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0.696 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Heroinin təmiz çəkisi-0.696 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0.646 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 3487 saylı, 25 iyun 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət sörülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 iyun 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2014-cü il tarixli qərarı ilə 177.2.4-cü maddə xaric edilmişdir. 12 aprel 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründyü kimi Təqsirləndirilən şəxs 12 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasənsatış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Bununlada Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.696 qram narkotik v asitə heroini əldə edib üzərində saxlamaqla daşıması tam olaraq sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəm Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan 08 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,14). Cinayət işinin materiallarında olan 10 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,50). Cinayət işinin materiallarında olan vəsatətin müdafiə olunmasında imtina olunması haqqında 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 64). Cinayət işinin materiallarında olan 10 iyun 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 70). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmasını, onun analoji cinayətə görə əvvəllər məhkum olunmasını, azadlıqdan məhrum etmə növündə cəza çəkməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 08 iyun 2022-ci il tarixdən, 10 iyun 2022-ci il tarixə kimi olan müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «30» mart 2023-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, o məhkəmə iclas zalından həbs olunmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.646 qram heroin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi Südeyib oğluna iştirak etdiyi 40 manat görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün müddət 08 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixə kimi təyin olunmuş cəzadan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «11» (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «30» mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.646 qram heroin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi Südeyib oğluna iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalından həbs edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar