Məhkəmə qərarları › İş №1(008)-99/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-99/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-99/2024 30.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bağlar massivi nömrəsiz evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)3/2024 saylı, 03 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0.240 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, M.İbrahimov küçəsinə daşımış, Sabunçu RPİ-in 42ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 iyun 2023-cü il tarixdə, saat 20:20 radələrində orada saxlanılaraq Sabunçu RPİ-in 42-ci PB-nə gətirilmiş, PB-də üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0.240 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, «patı» kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etməyə başlamış, istifadə etdiyi müddətdə psixotrop maddəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alırdı. 06 iyun 2023-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. O, 07 iyun 2023-cü il tarixdə, saat 20:00 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, M.İbrahimov küçəsində olarkən iki nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib onu özünü şübhəli aparması səbəbindən saxladıqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onu 42-ci PB-nə dəvət etmiş, orada şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. Əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan metamfetamini təqdim edərək bildirmişdir ki, həmin maddə «patı» kimi tanıdığı psixotrop maddə metamfetamindir. Həmin metamfetamini bir gün əvvəl Sabunçu rayonu, Maştağa qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. O, istifadə etdiyi bir il müddətində metamfetamini müxtəlif yerlərdən müxtəlif tanımadığı şəxslərdən almış, həmin şəxslərin də əlaqə vasitəsi və anket məlumatları barədə heç bir məlumatı yoxdur. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 iyun 2023-cü il tarixdə H.Ə.Binyatovun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlayaraq daşıması barədə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması ilə əlaqədar o, Sabunçu RPİ-in 42-ci PB-in rəisinə raportla məruzə etmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, həmin qərar PB-in rəisi tərəfindən təsdiq edildikdən sonra o və PB-in CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat qrupunun daxilində onlara davranış xəttimiz izah edilmişdir. Bundan sonra daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs adətən olduğu Sabunçu rayonu Nardaran qəsəbəsi, M.İbrahimov küçəsinə gəlmişlər. 07 iyun 2023-cü il tarixdə, saat 20:20 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, M.İbrahimov küçəsində olarkən xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsi görüb ona yaxınlaşmışlar. Həmin vaxt müəyyən etmişlər ki, yaxınlaşdıqları şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs onları görən kimi həyəcanlanaraq özünü şübhəli aparmağa başlamış, bu da onlarda şübhə yaratmışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Sabunçu RPİ-in 42-ci PB-nə dəvət etmişlər. Sonuncu etiraz etməyib onlarla birlikdə Sabunçu RPİ-in 42-ci PB-nə getmişdir. PB-də onun şəxsiyyəti müəyyən edildikdən sonra narkotik vasitələri qanunsuz olaraq əldə edib istifadə etməkdə şübhəli bilindiyi üçün PB-nə gətirilməsi izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olması bildirilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt o əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülü açıldıqda müəyyən edilmişdir ki, içərisində ağ rəngli kristalşəkilli maddə vardır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş maddə «patı» kimi adlandırdığı psixotrop maddə metamfetamindir, həmin psixotrop maddə metamfetamini bir gün əvvəl Sabunçu rayonu Maştağa qəsəbəsində tanmadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almış və üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Kamran Zakir oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3249 saylı, 08 iyun 2023-cü il tarixli məhkəmə «narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının» tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...təqsirləndirlən şəxs (imza) Təqsirləndirilən şəxs...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.240 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi-0.240 qram, tədqiqata sərf edildi-0.050 qram qalıq-0.190 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X8 Ambulator X2 6991 saylı, 25 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)1208/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs təyin olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)411/2018 saylı, 23 noyabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş narkomaniyadan məcburi müalicə tədbiri ləğv edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı bir ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, videoçəkliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət tərkibindən kənara qalan müxtəlif hallardır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 07 iyun 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 22:30 radələrindən tutulmuş hesab edilmişdir (səh.,20). Cinayət işinin materiallarında olan 09 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh., 64). Təqsirləndirilən şəxs dindirilməsi 09 iyun 2023-cü il tarixdə, saat 10:20 radələrində başlamış, həmin tarixdə saat 11:20 radələrində bitmişdir. Cinayət işinin materiallarında olan vəsatətin müdafiə edilməsində imtina olunması haqqında 09 iyun 2023-cü il tarixli Bakı şəhəri, Sabunçu Rayon Prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 83). Cinayət işinin materiallarında olan 09 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 86). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)3/2024 saylı, 03 yanvar 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü tarixdən hesablanmaqla «03» (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X8 Ambulator X2 6991 saylı, 25 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, əvvəllər analoji cinayətə görə məhkum olunmasını, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək «03» (üç) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarına əsasən cəzadan azad olunmasına baxmayaraq, islah yoluna qədəm qoymamasını, təyin olunmuş cəzanın islah olunması üçün təsirli olmamasını, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınmasının mümkün olmadığını, onun törədilmiş əməldə təqsirinin olmasını, alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «30» yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)3/2024 saylı, 03 yanvar 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarı ilə həbsdə olması nəzərə alınmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.190 qram metamfetamin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdən 09 iyun 2023-cü il tarixə kimi «02» (iki) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «11» (on bir) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «30» yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 0.190 qram metamfetamin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)3/2024 saylı, 03 yanvar 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarı ilə həbsdə olması nəzərə alınsın, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar