Məhkəmə qərarları › İş №1(008)-992/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-992/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-992/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının əvvəllərində, saat 10 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən nömrəsiz fərdi bağ evinin həyətində təmizlik işləri apararkən Zərərçəkmiş şəxs bağ evində olmadığından istifadə edib həyətdən tamah niyyəti ilə özgənin əmlakını yəni, Zərərçəkmiş şəxs məxsus bir ədəd 500 manat dəyərində samovarı və 700 manat dəyərində elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 2200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, 2022-ci ilin sentyabr ayının ortalarında, saat 10 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən nömrəsiz fərdi bağ evinin həyətində təmizlik işləri apararkən Zərərçəkmiş şəxs bağ evində olmadığından istifadə edib həyətdən tamah niyyəti ilə özgənin əmlakını yəni, Zərərçəkmiş şəxs məxsus 1000 manat dəyərində idman alətləri-kantelləri, 500 manat dəyərində stol stulları, 40 manat dəyərində ağac kəsən qayçılan və saxlanc yeri sayılan plastik şkafın içərisindən markası məlum olmayan 1200 manat dəyərində kombi aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 2740 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, müxtəlif bağ evlərində bağbanlıq edir və əlvan metal, dəmir tullantılanı yığaraq əlvan metal qəbulu məntəqəsinə təhvil verib əldə etdiyi pulla ailəsini dolandırır. O, bir müddət Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi bağlar massivində yerləşən bağ evində otları təmizləyib, ağaclara qulluq edib bağbanlıq etmişdir. Zərərçəkmiş şəxs bağın açarını ona vermiş, o isə mütəmadi olaraq bağa gedərək orada ağaclara qulluq etmiş, həyəti süpürmüşdür. 2022-ci ilin sentyabr ayının əvvəllərində o, bağa getmiş, Zərərçəkmiş şəxs verdiyi açarla (pultla) qapını açmış, həyəti süpürən zaman yerdə lazımsız naqillərin olduğunu görmüşdür. O, həmin naqili götürmüş və aparıb mis qəbul edən məntəqəyə vermişdir. Həmin naqil müqabilində hansı məbləğdə pul almasını xatırlamır. Bundan başqa o, zərərçəkmiş şəxsin həyətindən heç nə oğurlamamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs samovarı götürmədiyini, lakin zərərçəkmiş şəxs ilkin olaraq bağında olan samovarın yoxa çıxdığını bildirən zaman Zərərçəkmiş şəxs ona irad bildirməməsi üçün samovarı evə çay qaynatmağa apardığını, lakin tezliklə yerinə qoyacağını bildirdiyini, idman alətləri olan kantelləri isə Zərərçəkmiş şəxs qonşusu Zamin adlı şəxsin ondan idman etmək üçün istədiyini, müvəqqəti olaraq həmin kantelləri ona verdiyini, lakin həmin şəxsin kantelləri qaytarmadığını, Zaminin hazırda Moskva şəhərində olduğunu, zərərçəkmiş şəxsin həyətində olan şkafın qapısının açıq olub-olmadığını bilmədiyini və heç vaxt bununla maraqlanmadığını, həmin həyətdən qeyd etdiyi əmlaklardan başqa əmlak götürmədiyini, istintaq zamanı zərərçəkmiş şəxsin bağ evinə aparılaraq ifadəsinin yerində yoxlanılmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi bağlar massivində yerləşən bağ evi vardır. O, həmin bağ evinə arabir baş çəkmək üçün gəlir. 28 sentyabr 2022-ci il tarixdə bağ evinə gedən zaman aşkar etmişdir ki, yaşayış evinin kənarına plastik materialdan olan çərçivənin içərisinə quraşdırılmış 1200 manat dəyərində olan kombi aparatının, evin həyətində olan 1000 manat dəyərində idman alətlərinin-kantellərin, 500 manat dəyərində stol stulların, 1500 manat dəyərində samovarın, 700 manat dəyərində elektrik kabelinin və 40 manat dəyərində ağac kəsən qayçılar oğurlanmışdır. O həmin oğurluq hadisəsinin həyətində fəhlə olaraq işləmiş Aydın tərəfindən edilməsindən şübhələnmişdir. Belə ki, bağ evinin həyətində Aydın adlı şəxsi işləyərək evin həyətini təmizləmiş və həyətdə olan ağaclara qulluq etmişdir. Bu məqsədlə həyətin darvazısının açarını da Aydına vermiş, Aydın özü mütəmadi olaraq bağa gələrək həyətdə işlərini görmüşdür. O, həyətdən əmlaklarını oğurlandığını aşkar etdikdən sonra Aydına zəng edərək oğurladığı əşyaları yerinə qoymasını tələb etmişdir. Aydın onunla telefonda danışıb həyətdən samovarı götürdüyünü bildirmişdir. Lakin o, hesab edir ki, əmlakların hamısını Aydın oğurlamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs uzun müddətdir ki, onun həyətində bağban kimi işlədiyini, bu məqsədlə bağın darvazısının açarını Aydına verdiyini, Aydının mütəmadi olaraq bağa gələrək həm ağaçlara qulluq etdiyini, həm də həyətdə təmizlik işləri apardığını, həyətdə olan şkaflarının qapısının açıq olduğunu, həmin qapıları qıfılla bağlamadığını, kombinin qorunması üçün çərçivənin içəriisdə saxlandığını, həmin çərçivənin də qıflla bağlı olmadığını, oğurluğu aşkar etdikdən sonra Aydına zəng edərkən Aydının sadəcə samovarı götürdüyünü etiraf etdiyini, lakin Aydının yalan dediyini düşündüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 2021 -ci ilin əvvəllərindən Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı-Pirşağı yolunda yerləşən əlvan metal qəbulu məntəqəsini icarəyə götürüb işlədir. Metal qəbulu məntəqəsində əsasən dəmir, mis, alminium qəbul edərək kiloqramı çəkilməklə metalı gətirən şəxsə pulu ödənilir. Metal qırıntıları qəbul edərkən onu gətirən şəxsin anket məlumatlarını və şəxsiyyət vəsiqəsinin nömrəsini götürərək özündə olan kitabda qeydiyyat aparır. Aydın adlı şəxsi metal qəbulu məntəqəsinə yararsız və az dəyərli dəmirləri verən adam kimi tanıyır. Aydın ona başqa heç nə verməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Aydının ona naqil satmadığını, ümumiyyətlə Aydının ona dəmirdən başqa heç nə satmadığını, Aydının gətirdiyi dəmirlərin isə yarasız və dəyərsiz olduğunu, onun indiyədək hər hansı dəyərli bir əmlakı metal qəbulu məntəqəsinə gətirmədiyini, istintaq zamanı ifadə vermədiyini, sadəcə müstəntiqin ona zəng edərək idarəyə çağırdığını, idarədə sənədlər verərək imzalatdırdığını, lakin həmin sənədləri oxumadığını və hazırda məhkəmə iclasında elan edilmiş məzmunda ifadə vermədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 12 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən Zərərçəkmiş şəxs məxsus bağ evidir (i.v. 12-15). “İfadənin yerində yoxlanılması haqqında” 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən nömrəsiz fərdi bağ evini göstərərək bildirmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində, saat 10 radələrində həmin bağ evinə işləməyə gələrkən həyətdən 01 ədəd samovar və elektrik naqilini oğurlamış, bundan başqa 2022-ci ilin sentyabr ayının ortalarında, saat 10 radələrində həmin bağ evinə işləməyə gələrkən həyətdən idman alətləri olan kantelləri oğurlamışdır (i.v.54). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmamış, onun həmin əməlində həmin maddələrin deyil, AR CM-nin 177.1-ci maddəsinin tərkibinin olması həm təqsirləndirilən şəxsin özünün, həm də zərərçəkmiş şəxsin ifadəsi ilə təsdiq olunduğundan onun əməli AR CM-nin 177.2.2 və 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməli və təqsirləndirilən şəxsə həmin maddənin sanksiyası daxilində ədalətli və qanuni cəza təyin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi bağlar massivində yerləşən bağ evinin həyətinə və həyətdə yerləşən saxlanc yerinə qanunsuz daxil olmamış, o, uzun müddət həmin bağ evində həm bağban kimi işləmiş, həm də təmizlik işlərinə baxmış, bağın mülkiyyətçisi özü həmin bağ evinin həyətinin açarını Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs isə mütəmadi olaraq özü sərbəst şəkildə bağın həyətinə açarla darvazanı açmaqla daxil olaraq təmizlik işlərini görərək ağaclara qulluq etmiş, cinayət hadisənin baş verdiyi vaxtlarda da bağın darvazasının açarı Təqsirləndirilən şəxs olmuş, bağın həyətində olan şkafların, yəni saxlanc yerlərinin qapısı da açıq olmaqla qıfılla bağlanmamışdır. Bu hal məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs özü tərəfindən təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs ona ünvanlanmış dəqiqləşdirici suallara cavab olaraq təkrarən bildirmişdir ki, onun baş evinin darvazasının açarı Təqsirləndirilən şəxs də olmuş, Aydın mütəmadi olaraq həmi həyətə gələrək həm ağaclara qulluq etmiş, həm də həyətdə təmizlik işləri aparmış, həyətdə olan kombinin yerləşdiyi plastik çərçivə (şkaf tipli) isə qıfılla bağlanmamış və qapısı açıq olmuşdur. Belə olan halda məhkəmə ittihamda göstərilən Təqsirləndirilən şəxs saxlanc yeri sayılan plastik şkafın içərisindən markası məlum olmayan 1200 manat dəyərində kombi aparatını gizli olaraq talanmasına münasibətdə qeyd edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs özü kombinin şkafda deyil, plastik çərçivədə saxlanıldığını, həmin kombinin saxlanıldığı çərçivənin qapısının açıq olduğunu, qıfılla və açarla bağlamadığını bildirmişdir ki, belə olan halda qanuni əsaslarla bağın həyətinə daxil olaraq bağın həyətinin etibar edildiyi şəxs tərəfindən həmin həyətdə yerləşən qapısı açıq olan çərçivəyə yerləşdirilmiş əmlakın götürülməsi onun saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etməsini ehtiva edə bilməz. Nəzərə alınsa ki, həmin həyətin təmizliyi bütünlüklə Təqsirləndirilən şəxs həvalə edilmişdir və həmin həyətdə yerləşən plastik çərçivənin içərisində olan kombiyə münasibətdə plastik çərçivənin qapısının açıq saxlanılması nəzərə alınmaqla mülkiyyətçinin onu Təqsirləndirilən şəxs saxlamaq niyyəti olmamışdır, belə olan halda qapısı açıq saxlanılan və həmin plastik çərçivənin yerləşdiyi həyətə girməsi üçün həyətin darvazasının açarı verilmiş şəxsin həmin çərçivədən hər hansı əşyanı gizli olaraq götürməsi onun saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etməsi kimi qiymətləndirilə bilməz (Məsələn; Təqsirləndirilən şəxs bağda işləyən zaman kombidə hər hansı problem yarandığı halda o, qapısı açıq olan plastik çərçivənin içərisində olan kombi ilə bağlı hər hansı tədbir görə bilərdi, yəni həmin çərçivənin qapısının açıq olması mülkiyyətçinin həmin şkaf tipli plasktik çərçivədə olan əmlakı ondan saxlamaq niyyətinin olmamasının, sadəcə çöldə yerləşən əmlakın istidən-soyuqdan, kənar təsirlərdən qorunması üçün kombinin çərçivənin içərisində saxlanılmasının göstəricisidir). Belə olan halda mülkiyyətçinin özünün verdiyi açarla bağın həyətinə daxil olaraq həyətdə olan əşyaları və həmin həyətdə yerləşən qapısı açıq saxlanılan plastik çərçivənin (və ya şkafın) içərisində olan əmlakı oğurlayan şəxsin əməlinə saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətməsi kimi qiymət verilməsi və onun əməlinin AR CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməsi istisna olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19-cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Həmun qərarın 21-ci bəndində göstərilmişdir ki, şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Bununla yanaşı, məhkəmə istintaq orqanı tərəfindən şəxsə AR CM-nin 177.2.2-ci maddəsi ilə ittiham verilməsi ilə razılaşmır və təqsirləndirilən şəxsin əməlində təkrarlıq əlamətinin olmaması, onun vahid niyyətlə zərərçəkmiş şəxsin əmlakını talaması qənaətinə gəlir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Həmin qərarın 18-ci bəndində göstərilmişdir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Məhkəmə işin hallarını tam, hərtərəfli tədqiq edərək qeyd edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlində təkrarlılıq əlamətinin olması qənaətinə gəlsə də, nəyə əsasən onun əməlinə AR CM-nin 177.2.2-ci maddəsi ilə qiymət verilməsini əsaslandırmamış və bu qənaətə gələrkən həm cinayət qanunvericiliyinin, həm də “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müddəalarını nəzərə almamışdır. Belə ki, hazırki işin hallarından görünən odur ki, Təqsirləndirilən şəxs işlədiyi həyətdə olan eyni mülkiiyyətçiyə məxsus olan əmlakları eyni mənbədən hissə-hissə olmaqla ayrı-ayrı tarixlərdə eyni formada, yəni gizli yolla talamışdır ki, bu da onun vahid niyyətlə davam edən talama cinayətini törətməsinə dəlalət etməklə onun əməlində təkrar talamanın olmasını istisna edən haldır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda göstərilən tarixlərdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yerləşən bağ evinin həyətinə ona mülkiyyətçi tərəfindən verilmiş açarla darvazanı açıb həyətə qanuni yolla daxil olaraq vahid qəsdlə orada olan və açıq saxlanılan əmlakları oğurlamaqla AR CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsə məxsus bağ evinin həyətini süpürən zaman yerdə lazımsız naqillərin olduğunu gördüyünü, sadəcə həmin naqili götürdüyünü, başqa hər hansı əmlakı götürmədiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirərək onun ifadəsində səmimi olmaması qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs hazırda məhkəmə iclasında zərərçəkmiş şəxsə məxsus bağ evinin həyətindən yalnız elektrik naqillərini oğurladığını, başqa hər hansı əmlakı oğurlamadığını bildirsə də, istintaq zamanı verdiyi ifadəsində 2022-ci ilin sentyabr ayının əvvəllərində işlədiyi bağ evinin həyətindən elektrik naqillərini və samovarı, həmin ilin sentyabr ayının ortalarında isə iki ədəd idman daşlarını götürdüyünü etiraf etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclasında fərqli ifadələr və məhkəmə iclasında verilmiş suallara məntiqsiz cavablar verdiyini nəzərə alaraq onun cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün özünü təqsirli bilməməsi qənaətinə gəlir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs samovarı götürmədiyini, lakin zərərçəkmiş şəxs ilkin olaraq bağında olan samovarın yoxa çıxdığını bildirən zaman Zərərçəkmiş şəxs ona irad bildirməsin deyə samovarı evə çay qaynatmağa apardığını, lakin tezliklə yerinə qoyacağını bildirdiyini göstərmişdir ki, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü arqument absurd olmaqla ağlabatan deyil. Belə ki, həm zərərçəkmiş şəxsin, həm də təqsirləndirilən şəxsin ifadələrindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin bağ evinin həyətində təmizlik işləri görməklə həyətdə olan ağaclara qulluq etmişdir. O, hər gün deyil, həftədə bir neçə gün bir neçə saatlıq həmin həyətdə işlərini görərək oranı tərk edirmiş və bağ evinin mühafizəsi ona həvalə edilməmişdir. Belə olan halda, samovarın yerində olmaması ilə əlaqədar bağın mülkiyyətçisi olan Zərərçəkmiş şəxs ona irad bildirməsi real olmadığından təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi samovarı özünün götürməsini etiraf etməsini zərərçəkmiş şəxsin ona samovarın yoxa çıxması ilə bağlı ona irad bildirməsindən qorxması ilə əlaqələndirilməsi inandırıcı deyil. Bununla yanaşı, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2022-ci ilin sentyabr ayının ortalarında bağ evinin həyətindən 02 ədəd idman daşlarını götürdüyünü, həmin idman daşlarını metal qəbulu məntəqəsinə aparan zaman qonşuluqda yaşayan Zamin adlı şəxsin həmin idman daşlarını ona verməsini xahiş etdiyini və idman daşlarını Zaminə təmənnasız verdiyini göstərsə də, hazırda məhkəmə iclasında qonşuluqda yaşayan Zamin adlı şəxsin həyətə gələrək idman etmək üçün idman daşlarını ona verməsini xahiş etdiyini, bu səbəbdən də Zərərçəkmiş şəxs məxsus bağ evinin həyətində olan idman daşlarını Zaminə verrdiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq təqsirləndilən şəxs Zaminin hazırda Moskva şəhərində olduğunu, müstəntiqlə Zaminin evinə getdiklərini, lakin kantellərin aşkar edilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bağ evinin həyətindən idman daşlarını götürdükdən sonra həmin əmlakla bağlı sərəncam vermək imkanı yarandığı andan artıq oğurluq cinayəti başa çatdığından onun sonradan həmin kantelləri başqa şəxsə təmənnasız verməsi onun əməlində özgə əmlakının talanması əlamətinin olmasını aradan qaldırmır, əksinə onun özgə əmlakına öz mülahizəsinə əsasən sərəncam verməsinə dəlalət edir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus bağ evinin həyətindən stol stulları, ağac kəsən qayçıları və markası məlum olmayan kombini oğurlamadığını bildirsə də, məhkəmə işin həqiqi hallarını təhlil edərək təqsirləndirilən şəxsin ifadələrində səmimi olmaması qənaətinə gəlir. Belə ki, işin hallarından görünən odur ki, zərərçəkmiş şəxsə məxsus bağ evinin həyətinə mülkiyyətçi və onun ailə üzvlərindən başqa rahat şəkildə giriş-çıxışı olan şəxs Təqsirləndirilən şəxs olmuşdur. Bununla yanaşı, baş evinin həyətindən əşyaların aparılması həyətin darvazasına qanunsuz müdaxilə olmadan həyata keçirilmişdir. Hündür hasardan aşmaqla isə böyük stolun, stulların və kifayət qədər çəkisi olan kombi aparatının aparılması real olmamaqla, həmin əmlakların da Təqsirləndirilən şəxs tərəfindən hissəhissə olmaqla rahat şəkildə daxil olduğu bağ evinin həyətindən aparılması daha inandırıcıdır. Bununla yanaşı, zərərçəkmiş şəxsə məxsus stol stulların, ağac kəsən qayçıların və markası məlum olmayan kombinin də məhz Təqsirləndirilən şəxs tərəfindən digər götürdüyünü istintaq zamanı etiraf etdiyi əmlaklarla eyni zaman kəsiyində (2022-ci ilin sentyabr ayı) yoxa çıxması məhkəmədə zərərçəkmiş şəxsə məxsus stol stulların, ağac kəsən qayçıların və markası məlum olmayan kombinin də Təqsirləndirilən şəxs tərəfindən gizli yolla talanmasına inam yaradır. Təqsirləndirilən şəxs özü də bildirmişdir ki, uzun illərdir ki, zərərçəkmiş şəxsin bağ evində işləyir. Məhkəmə ötən illər ərzində bağ evinin həyətindən heç vaxt oğurluq baş vermədiyi halda zərərçəkmiş şəxsə məxsus stol stulların, ağac kəsən qayçıların və markası məlum olmayan kombinin məhz Təqsirləndirilən şəxs elektrin naqillərini, samovarı və idman daşlarını götürdüyü vaxtda yoxa çıxmasının təsadüf olmadığını qeyd edərək həmin əmlakların da Təqsirləndirilən şəxs tərəfindən talanması qənaətinə gəlir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tam əhatə olunduğundan o, həmin maddə ilə təqsirli bilinməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə, saat 14:00-da tutulmuşdur (i.v.42). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 26 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.71-73). “Qətimkan tədbirinin seçilməsi haqqında” 26 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.74). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.87). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CMnin 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı şübhəli şəxs qismində saxlandığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdən 26 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar