Məhkəmə qərarları › İş №1(009)-10/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-10/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-10/2022 18.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilə şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, subay, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-49/2021 saylı, 08 iyun 2021-ci il tarixli hökmü ilə 02 (iki) il 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 mart 2021-ci il tarixdə saat 14.00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(009)-49/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 02 mart 2021-ci il tarixdə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsində açılmış 20450/21 nömrəli axtarış işi ilə əlaqədar olaraq 25 mart 2021-ci il tarixdə saat 21:20 radələrində həmin şöbənin və Bakı şəhər Səbail Rayon Polis 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinə gətirilmiş və Səbail Səbail Rayon Polis İdarəsinin X7 təhvil verildikdən sonra orada üzərinə şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli gödəkçənin sol iç döş cibindən üzərində “Agro” yazısı olan siqaret qutusunun içərisindən istintaq məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı 01 (bir) ədəd şəffaf sellofana bükülmüş şəkildə təmiz çəkisi 2,264 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ilkin ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami metrostansiyasının yaxınlığında yerləşən ünvanını və adını bilmədiyi hosteldə günü 5 manat olmaqla gecələyərək fərdi qaydada aqlay ustası kimi işləmişdir. Heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli olaraq “kokos” kimi adını bildiyi narkotik vasitə hesab olunan heroini daxilə inyeksiya yolu ilə könüllü qəbul edir. Bundan başqa psixotrop maddələrdən də istifadə edir. 25 mart 2021-ci il tarixdə, axşam saat 21:20 radələrində ünvan 3 ünvanında küçə ilə piyada gedərkən üç nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını və axtarışda olduğu üçün onlarla birlikdə Səbail Rayon Polis İdarəsinə gedəcəyini bildirmişlər. Polis əməkdaşlarının təklifi əsasında və onların müşaiyəti ilə Səbail Rayon Polis İdarəsində yerləşən otaqların birinə getmişdir. Otaqda həmin üç nəfər polis əməkdaşlarının iştirakı ilə onun tutulması barədə protokol tərtib edilmiş, o,da həmin protokolu imzası ilə təsdiq etmişdir. Cinayət axtarışı şöbəsində üzərinə baxış keçirilməmişdir. Həmin zaman onun gödəkçəsi də oturacağın üzərində olmuşdur. Bundan sonra onu “Covid-19” müayinəsindən keçirmək üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Həmin vaxt o səhvən oturacağın üzərində olan polis əməkdaşının gödəkcəsini götürərək geyinmişdir. Orada müayinə üçün burnu və boğazından yaxma götürülərək yenidən Səbail Rayon Polis İdarəsinə gətirilmiş və X7 təhvil verilmişdir. X5 növbətçi polis əməkdaşları üzərində tam axtarış aparılacağını bildirmişlər və üzərində hər hansı daşınması qadağan olunmuş əşya və ya maddə olub-olmadığı soruşulduqda o, üzərində “limon duzu” adlanan maddənin olduğunu bildirmişdir. Gödəkcəsinin yuxarı otaqda qaldığını, dəyişik düşdüyünü bildirmişdir. Daha sonra əməliyyatçılardan biri gödəkçəsini gətirmiş və gödəkçənin cibindən “Argo” yazısı olan bir ədəd siqaret qutusunu çıxararaq içində nə olduğunu soruşmuş, o isə cavabında “limon duzu” olduğunu bildirmişdir. Bundan sonra həmin növbətçi polis əməkdaşının, onu saxlayan iki polis əməkdaşlarının və dəvət olunmuş vəkilin iştirakı ilə X6 istintaq otağında, mobil telefonla videoçəkiliş aparılmaqla hüquq və vəzifələri izah edilmiş və ona üzərində olan əşyaları çıxarıb, masanın üstünə könüllü qoymağı təklif ediləndə, o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Samsung S4 Mini” markalı mobil telefonu, həmin cibin yuxarısında olan kicik ciblikdən bir ədəd alışqanı və bir ədəd içərisində ətir olduğu kiçik qabı və , bundan sonra əynindəki qara rəngli gödəkcənin sol iç döş cibindən üzərində “Argo” yazısı olan bir ədəd siqaret qutusunu masanın üzərinə qoyduqdan sonra “Argo” yazısı olan siqaret qutusunun içərisindən bir ədəd şəffaf selofana bükülmüş bükülünü çıxarıb açaraq, həmin bükümün içərisindəki ağ rəngli, kristal toz şəkilli maddənin “limon duzu” olduğunu, həmin maddənin narkotik maddə olmadığını, lakin narkotik maddəni qəbul edən zaman “limon duzu” adlandırdığı maddədən istifadə etdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş bir ədəd şəffaf selofana bükülmüş şəkildə olan bükümdəki ağ rəngli, kristal toz şəkilli maddə ekspertizaya göndərmək məqsədilə qablaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənmiş və orada olan şəxslərlə yanaşı o,da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, X5 “Argo” yazısı olan ədəd siqaret qutusunun içərisinə tökülmüş kristalşəkilli maddəni dadına baxmış və “baxın limon duzudur” deyə bildirmişdir. Təqsirləndirilən şəxs növbəti ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, göstərilən tarixdə və yerdə üzərindən aşkar olunaraq götürülmüş maddəni “limon duzu” kimi bilir, həmin maddəni narkotik vasitə olan heroini qaynadan zaman heroinin açılması üçün istifadə edir. Həmin maddənin psixotrop maddə-metamfetamin olduğunu bilməmiş, maddəni 25 mart 2021-ci il tarixdə günorta saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, Nizami metrostansiyasmın yaxınlığındakı dükandan almış və şəffaf sellofana büküb, öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin bükümdən istifadə etməmişdir. Əvvəllər narkotik maddələr qəbul etmişdir, lakin sonra ara vermiş və bir müddətdir ki, “kokos” kimi adını bildiyi narkotik vasitə qəbul edir. Üzərindən qeyd olunan maddə aşkar olunan zaman ona qarşı heç kim zor tətbiq etməmişdir. Üzərinə baxış keçirilən zaman könüllü olaraq əynindəki gödəkçənin sol iç döş cibindən “Argo” yazısı olan siqaret qutusunu çıxarıb içərisindəki bir ədəd şəffaf sellofana bükülmüş şəkildə olan, “limon duzu” adlandırdığı maddənin özünə məxsus olduğunu bildirməklə, öz istifadəsi üçün əldə edib üzərində saxladığını demişdir. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs vəsatətlə məhkəməyə müraciət edərək təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin protokolunu sübut kimi qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Şahid2 göstərmişdir ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 mart 2021-ci il tarixdə Səbail Rayon Məhkəməsinin qərarına əsasən açılmış axtarış işi ilə əlaqədar əməliyyat axtarış tədbirləri keçirilərkən Təqsirləndirilən şəxs tutularaq Səbail Polis İdarəsinə gətirilmişdir. X5 üzərində narkotik maddənin olduğunu bildirmişdir. Polis İdarəsinin X6 istintaq otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol iç döş cibindən qapaq hissəsi cırılmış vəziyyətdə olan, üzərində “Argo” yazısı olan bir ədəd siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. “Argo” yazısı olan siqaret qutusunun içərisindən bir ədəd şəffaf selofana bükülmüş bükülünü çıxarıb açaraq, həmin bükümün içərisindəki ağ rəngli, kristal toz şəkilli maddənin “limon duzu” olduğunu, həmin maddənin narkotik maddə olmadığını, lakin narkotik maddəni qəbul edən zaman “limon duzu” adlandırdığı maddədən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ağ rəngli, kristal toz şəkilli maddə zərfə qoyularaq bağlanmışdır. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Məhkəmə iclasında Şahid1 göstərmişdir ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 mart 2021-ci il tarixdə barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(009)- 49/2021 nömrəli qərarı əsasında 02 mart 2021 -ci il tarixdə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsində açılmış 20450/21 nömrəli axtarış işi ilə əlaqədar olaraq həmin şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs tutularaq Rayon Polis İdarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman orada iştirak etmişdir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik maddə olduğunu etiraf etmişdir. Həmçinin bildirmişdir ki, şəxs idarəyə gətirilən zaman üzərinə baxış keçirilmiş və üzərində olan maddə müəyyən edilərək raportla rəhbərliyə bu barədə məlumat verilmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş maddənin “limon duz” olduğunu bildirməsini xatırlamır. Təqsirləndirilən şəxsin gödəkçəsinin idarənin xidməti otağında qalması halı olmayıb. O yalnız şəxsin tutulması və videoçəkiliş zamanı iştirak etmişdir. Şəxs Səbail Rayon Polis İdarəsinə gətirilərkən tutma barədə protokol tərtib edilmiş, üzərinə baxış keçirilməmişdir. Üzərinə baxış keçirməməsini prosessual şəxs olmaması ilə əlaqələndirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs “Covid-19” müayinəsindən keçirilməsi üçün müayinəyə aparılmış, daha sonra X7 gətirilmişdir. X5 keçirilən baxış zamanı narkotik maddənin şalvarın cibindən və ya gödəkçənin cibindən çıxdığını dəqiq xatırlamır. Məhkəmə iclasında Şahid3 göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X6 növbətçisi işləyir. 25 mart 2021-ci il tarixdə saat 21.20 radələrində barəsində Səbail Rayon Məhkəməsinin qərarına əsasən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin X7 gətirilmiş və o üzərində narkotik maddənin olduğunu bildirmişdir. Bu barədə növbətçi hissəyə məlumat verilmişdir. Səbail Rayon Polis İdarəsinin X6 istintaq otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs gödəkcənin cibindən üzərində “Argo” yazısı olan bir ədəd siqaret qutusunu çıxarmışdır. “Argo” yazısı olan siqaret qutusunun içərisindən bir ədəd şəffaf selofana bükülmüş bükülünü çıxarıb açaraq, həmin bükümün içərisindəki ağ rəngli, kristal toz şəkilli maddənin “limon duzu” olduğunu, həmin maddənin narkotik maddə olmadığını, lakin narkotik maddəni qəbul edən zaman “limon duzu” adlandırdığı maddədən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf selofana bükülmüş şəkildə olan bükümdəki ağ rəngli, kristal toz şəkilli maddə zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Şahid3 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs tam axtarışının aparılacağına dair məlumat verilərək üzərində qanunsuz saxladığı hər hansı əşya vardırsa təqdim etməsi təklif edilərkən o, üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün onlar axtarışı dayandırıb bu barədə Səbail Rayon Polis İdarəsinin məsul növbətçisinə məlumat vermiş və protokol tərtib etmişlər. X9 vəkil dəvət edib Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutaraq şəxsi axtarış və götürmə aparılan vaxt, sonuncu təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisindəki ağ rəngli, kristall toz şəkilli maddənin «limon duzu» olmasını bildirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs X7 gətirildikdə gödəkçəsinin dəyişik düşdüyünü bildirmişdir. Daha sonra o müşahidə kameralarının postu təhvil vermək üçün çıxmışdır. Şahid3 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinə gətirildikdən sonra “Covid-19” testi verməsi üçün aparılan zaman səhvən gödəkçəsinin dəyişik düşdüyünü avtomobildə bildirmişdir. Daha sonra X7 aparıldıqdan sonra öz gödəkçəsi ona təhvil verilmişdir. Məhkəmə iclasında Şahid4 göstərmişdir ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin X6 polis nəfəri işləyir. 25 mart 2021-ci il tarixdə axtarış işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinə gətirilmiş və o, X5 üzərində narkotik maddənin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik maddə olduğunu bildirməsi səbəbindən üzərində heç bir axtarış aparılmadan dayandırılmış və bu barədə məsul növbətçiyə məlumat verib protokol tərtib etmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs X7 gətirildikdə gödəkçəsinin dəyişik düşdüyünü bildirmişdir. Lakin kimin gödəkçəsi olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid Səbail Rayon Polis İdarəsinin X6 polis nəfəri Şahid5 eyni məzmunlu ifadə verərək Şahid3 və Şahid4 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş X11 bildirmişdir ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısıdır. 25 mart 2021-ci il tarixdə növbədə olmuşdur. Növbətçi hissədən ona bildirmişlər ki, X7 axtarışda olan şəxs gətirilmiş və o bildirmişdir ki, üzərində narkotik maddə var. Bununla bağlı X6 əməkdaşları tərəfindən raport tərtib edilərək təqdim edilmişdir. Onun tərəfindən vəkil dəvət edilmiş, vəklin iştirakı ilə X5 üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən sonradan ekspert rəyi ilə müəyyən olunmuş maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs akşar edilən maddənin “limon duzu” olduğunu bildirmişdir. Ekspert rəyi ilə həmin maddənin metamfetamin olduğu müəyyən edilmiş və toplanmış material aidiyyətı üzrə İstintaq şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq X11 bildirmişdir ki, baxış keçirilən zaman Təqsirləndirilən şəxs gödəkçəsi üzərində olmuşdur və gödəkçənin ona sonradan gətirilməsi barədə məlumatı olmamışdır. Hətta Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdən sonra o əlini ilə masanın üzərinə vuraraq, sanki həmin maddənin dadına baxmış və “görürsünüz limon duzudur” deyə bildirmişdir. Lakin videogörüntü zamanı aşkar olunmuş maddə tam olaraq qablaşdırılmış və onun hər hansı hissəsinin stolun üzərində qalması halı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs “ondan biraz verin ağrılarımı kəssin” deyə onlara müraciət etmişdir. Təqsirləndirilən şəxs gödəkçəsinin xidməti otaqda qalması barədə hər hansı bir şey bildirməmişdir. Cəlil Əsədov bildirmişdir ki, ona növbətçi hissədən verilən məlumata əsasən üzərinə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirib. Vəkilin dəvət edilməsi üçün Təqsirləndirilən şəxs ərizə almaq məqsədi ilə X7 düşdükdə həmin vaxt onun gödəkcəsi üzərində olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman videogörüntünün əks olunduğu diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 26 mart 2021-ci il tarixdə saat 21.20-də şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzəridə qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi bildirildikdə, Elşən Qasıml əli ilə əynindəki qara rəngli gödəkçəsinin cibindən, üzərində «Aqro» yazısı olan siqaret qutusuna işarə edəeək qanunsuz olduğunu demişdir. Həmin siqaret qutusunun içərisindən bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində ağ rəngli kristal toz şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin «limon duzu» olduğunu, həmin maddənin narkotik maddə olmadığını, lakin narkotik maddəni qəbul edən zaman «limon duzu» adlandırdığı maddədən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs «limon duzu» kimi təqdim etdiyi maddə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər ücün» 51 saylı möhürü ilə möhürlənərək götürülmüş və iştirakçılar tərəfindən zərfə imza edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(009)-49/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin 25 mart 2021-ci il tarixli protokoluna əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(009)-49/2021 saylı qərarına əsasən 20450 nömrəli axtarış işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi 1 ünvanında saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilmişdir. “Tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında” 25 mart 2021-ci il tarixli, 123 nömrəli Bakı şəhər Səbail Rayon Polis İdarəsinin X6 növbətçisi Şahid3 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, saxlanılmış şəxs Təqsirləndirilən şəxs üzərində narkotik maddə olduğunu bildirməsi səbəbindən heç bir axtarılmadan dayandırılmış və bu barədə məsul növbətçiyə məlumat verilmişdir. Təqsirləndirilən şəxs protokol ilə tanış olarkən heç bir şikayətinin olmadığı barədə yazılı qeyd verərək protokolu imzalamışdır. Ondan başqa axtarışda iştirak edən X6 polis nəfərləri Şahid3, Şahid5 və Şahid4 imzalarla protokolu təsdiqləmişlər. 26 mart 2021-ci il tarixli Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X11 tərəfindən tərtib edilmiş götürmə haqqında protokoldan görünür ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin X5 saxlanılan vətəndaş Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Samsung S4 mini” markalı mobil telefonu, həmin cibin yuxarısında olan kiçik cibdən 01 ədəd üzərində kent yazısı olan alışqanı və bir ədəd sarı rəngli və qapağı ağ rəngdə, içərisində ətir olduğunu bildirdiyi maye olan plastmas materialdan kiçik qabı, bundan sonra əynindəki qara rəgli gödəkçənin sol iç döş cibindən qapaq hissəsi cırılmış vəziyyətdə olan, üzərində “Argo” yazısı olan 1 ədəd siqaret qutusunu, gödəkçənin sağ bayır yan cibindən 1 ədəd qara rəgli mobil telefon qulaqcığını və 1 ədəd qara rəngli maykanı, həmin gödəkçənin sol iç döş cibindən 2 ədəd qapı kilidi açarını masanın üzərinə qoyduqdan sonra, “Argo yazısı olan siqaret qutusunun içərisindən 1 ədəd şəffaf selofana bükülmüş bükülünü çıxarıb açaraq, həmin bükülünün içərisində ağ rəngli, kristal toz şəkilli maddənin “limon duzu” olduğunu, həmin maddənin narkotik maddə olmadığını, lakin narkotik maddənin qəbulu zamanı həmin maddədən istifadə etdiyini bildirmişdir. Aşkar olun 1 ədəd səffaf sellofana bükülmüş şəkildə olan bükümdəki ağ rəngli, kristal toz şəkilli maddə zərfdə qablaşdırılaraq, Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Digər əşyalar Səbail Rayon Polis İdarəsinin X6 məsul növbətçisnə təhvil verilişdir. Protokol Təqsirləndirilən şəxs, müdafiəçi 3 saylı Vəkil Bürosunun vəkili Kamran Musayev, MSY-nin növbətçisi Şahid3 və Şahid1, Şahid2 tərəfindən imzalanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 26 mart 2021-ci il tarixli, 6/1195 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,264 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (siyahı 1) daxildir. Metamfetaminin təmiz çəkisi 2,264 qram, tədqiqata sərf edildi – 0,050 qr, qalıq 2,214 qr. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi barədə 25 may 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs götürülmüş 2,264qram psicotrop maddə -metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Səbail Rayon Polis İdarəsinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin 26 aprel 2021-ci il tarixli 1261 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. 27 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-cı maddəsi ilə ittiham elan edilmişdir. Səbail Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 1(009)-49/2021 qərarına əsasən barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20.04.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində CM-177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi 25.11.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli, 1(009)-49/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-190/2021 saylı, 28.07.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 19.08.2021-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokola əsasən Təqsirləndirilən şəxs qeyd edilən tarixdə 10:10 radələrində yaxalanaraq Səbail RPİ-yə gətirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq aşağıdakı prinsip və müddəaları qeyd edir. Cinayət prosessual Məcəllənin 95-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Şahidləri məhkəmə iclasında dindirilə bildikləri üçün onlar belə vəziyyətlərdə işin hallarının daha tam və obyektiv müəyyənləşdirilməsinə kömək edirlər. Şahidlər üçün qanunvericilikdə irəli sürülən tələblər həm işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi daşıyır. Məhkəmə iclasında iştirak etmiş şahidlər Səbail Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinə gətirilərkən üzərinə baxış keçirmədiyini, X5 baxış keçirilərkən üzərində psixotrop maddənin aşkar olunduğunu, ümumiyyətlə Təqsirləndirilən şəxs gödəkçəsinin dəyişik düşməsi halının olmadığını, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı üzərində narkotik maddə olduğunu qeyd etdiyini bildirmişdir. Digər şahidlər Səbail Rayon Polis İdarəsinin X6 polis nəfərləri ifadələrində isə şəxsin Səbail Rayon Polis İdarəsinə gətirildikdən sonra “Covid-19” testi verməsi üçün aparılan zaman gödəkçəsinin səhv düşdüyünü bildirməsini, X5 gödəkçəsinin ona təhvil verildiyini qeyd etmişdir. Məhkəmə Şahid1 ibtidai istintaqda verdiyi ifadəsinin məhkəmə istintaqında verdiyi ifadəsi və məhkəmə iclasında ifadəsi alınmış digər şahid ifadələri arasında əhəmiyyətli ziddiyyətlərin olduğunu qeyd edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir, Cinayət Prosessual Məcəllənin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Həmin Məcəllənin 246.2-ci maddəsinə əsasən məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; 246.2.2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; 246.2.3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. 246.3. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir . Belə ki, şəxsi axtarış və götürmə, barəsində axtarış və götürmə aparılan şəxsin paltarlarının ayaqqabılarının, özü ilə gəzdirdiyi əşyaların və bədəninin axtarışını nəzərdə tutur. Şəxsi axtarış və götürmənin məqsədi bilavasitə axtarılan şəxsin paltarında, ayaqqabısında, əşyalarında və ya bədənində olan və iş üçün əhəmiyyət kəsb edə bilən əşya və sənədlərin aşkar edilməsindən və götürülməsindən ibarətdir. Tutulmuş şübhəli şəxsin və barəsində həbs növündə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin şəxsi axtarışının məqsədi həm də müvəqqəti saxlama təcridxanalarında saxlanılması və istifadəsi qadağan edilən əşya və sənədlərin aşkar edilməsindən və götürülməsindən ibarətdir. Şəxsi axtarış və götürmənin əsasını axtarılacaq şəxsdə axtarılan əşya və sənədlərin olmasını güman etməyə əsas verən konkret məlumatlar təşkil edir. Şəxsi axtarış və götürmə məhkəmənin qərarı ilə keçirildikdə, bu istintaq hərəkətinin əsası qismində yalnız prosessual sübutlar çıxış edir. Məhkəmə qərarı alınmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq mühafizə orqanına gətirildikdə, təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə, axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda aparıla bilər. CPM-in şərh olunan 246.2-ci maddəsində müəyyən edilmiş məhkəmənin qərarının alınması tələb edilməyən hallar təxirə salına bilməyən hallara aiddir. Bu maddədə göstərilənlərdən başqa, digər təxirə salına bilməyən hallara CPM 243-cü maddəsində göstərilən digər istintaq hərəkətlərinin (baxış, götürmə və s.) aparılması zamanı qəflətən axtarış və götürmənin aparılması üçün faktiki əsasların yaranması, cinayət fəaliyyətinin davam etdirilməsinin qarşısının alınması üçün axtarış və götürmənin aparılmasının zəruriliyi, sərəncamında cinayət işi üçün əhəmiyyət kəsb edən əşya və sənədlər olan şəxsin onları məhv edəcəyi ilə bağlı məlumatların olması, axtarış və ya götürmənin azacıq ləngiməsinin axtarılacaq (götürüləcək) əşya və sənədlərin məhv edilməsinə və ya gizlədilməsinə səbəb ola bilməsi və s. hallar aid edilmişdir. Həmin hallarda da məhkəmə qərarı alınmadan şəxsi axtarış və ya götürmə aparıla bilər. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyində mötəbər sübutlarının əldə edilməsi üçün şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs tutulması, polis və ya digər hüquq mühafizə orqanına gətirilməsi, təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edilməsi, axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda istintaq hərəkətinin məhkəmə qərarı alınmadan aparılması nəzərdə tutulmuşdur. Qeyd edilənlər obyekt üzərində pozularaq bərpa olunmayacaq dərəcədə öz sübuti əhəmiyyətini itirə bilən izlərin mövcud olması faktını təsdiq etmək baxımından da mühüm əhəmiyyət kəsb edir və işin hallarının daha tam və obyektiv müəyyənləşdirilməsinə kömək edirlər. Qanunvericiliklə müəyyən edilmiş tələblər həm işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi daşıyır. Həmin tələblərə əməl edilməməsi müvafiq istintaq hərəkətləri zamanı əldə edilmiş sübutların qeyri-mümkün hesab edilməsinə səbəb olur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli 1(009)-49/2021 saylı qərarı əsasında 02.03.2021-ci il tarixdə 20450/21 nömrəli axtarış işi açılmış və Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdə saat 21:20-də saxlanılmış və Səbail Rayon Polis İdarəsinə gətirilmişdir. Lakin təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmədən “Covid-19” müayinəsindən keçirmək üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. Həmin zaman onun gödəkçəsi Səbail Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin xidməti otaqlarının birində olmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin X7 gətirilmiş və gödəkçəsi ona təhvil verilmişdir. Belə ki, 26.03.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolu 26 mart 2021-ci il tarixdə saat 00:30-dan 00:45-dək davam etmişdir. “Şəxsi axtarış aparılması barədə” protokol saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 03 saat 10 dəqiqə sonra yəni saat 00:30 radələrində Səbail Rayon Polis İdarəsinin X5 keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında 3 saatdan artıq vaxtın keçməsi həmin sübutla əldə edilməsi ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində psixotrop maddənin aşkar olunduğu gödəkçə Təqsirləndirilən şəxs üzərində deyil, tamamilə polisin nəzarəti altında Səbail Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin xidməti otağında olmuşdur. Qeyd edilən hal sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şəraitin onların etibarlılığını və ya dəqiqliyini şübhə altına alır. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin “limon duzu” olduğunu baxış keçirilən zaman bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs tutulmasından dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Məhkəmə bu hissədə ifadələri və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, şəxsi axtarış və götürmə haqqında protokolu tərtib edilənədək kobud pozuntulara yol verildiyindən, bu pozuntu sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şəraitin onların etibarlılığını və ya dəqiqliyini şübhə altına aldığından şəxsi axtarış və götürmə protokolu 26 mart 2021-ci il tarixli protokol sübut növü baxımından da əhəmiyyətsiz, hüquqi qüvvəsi olmayan hesab edilməlidir. Bu da, cinayət-prosessual qanunvericiliyin tələblərinin ittiham tərəfindən pozulması kimi qiymətləndirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda həmin istintaq hərəkətlərinin protokollarının cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu halda aparılmış isintaq hərəkətinin protokolu hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz (CPM 125.3). Lakin CPM-nin 125.5-ci maddəsinə görə ittiham tərəfinin cinayət-prosessual qanunvericiliyin tələblərini pozmaqla əldə etdiyi məlumatların, sənədlərin və əşyaların sübut kimi qəbul edilməsinə yalnız müdafiə tərəfinin vəsatəti əsasında yol verilə bilər. Bu halda həmin sübutun qüvvəsi yalnız şübhəli və ya təqsirləndirilən şəxsə aid olur. Hazırkı işdə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəmə iclasında keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin nəticələrini qəbul və təsdiq etdiklərini bildirmişlər. Həmçinin ərizə təqdim edərək baxış protokolunun sübut kimi qəbul edilməsinə etiraz etməmişlər. Məhkəmə, müdafiə tərəfinin vəsatətini nəzərə alaraq hesab edir ki, vəsatət qəbul olunmalı və 26 mart 2021-ci il tarixli Səbail Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X11 tərəfindən aparılmış götürmə istintaq hərəkətinin protokolu sübut qismində qəbul edilməlidir. Məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafını, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşıması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, 2021-ci ilin iyun ayında cinayət əməlinin törədilməsinə görə məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli, 1(009)-49/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli, 1(009)-49/2021 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 25 mart 2021-ci ildə törədilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(009)- 49/2021 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 28 (iyirmi səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmədiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 19 avqust 2021ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 26 aprel 2021-ci il tarixli, 1261 nömrəli saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,214 qram (ilkin təmiz çəkisi 2,264 qram) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. CinayətProsessual Məcəlləsinin 355-ci maddəsinə görə məhkəməyədək icraat zamanı CPM-nin tələblərinin pozulmasına yol verildiyi müəyyən edildikdə məhkəmə baxışının nəticələrinə dair məhkəmə xüsusi qərar çıxara bilər. Məhkəmə hesab edir ki, fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 barəsində xüsusi qərar çıxarılmalı və tabe olduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 355, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(009)-49/2021 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 28 (iyirmi səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 01 (bir) il 14 (on dörd) gün azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,214 qram (ilkin təmiz çəkisi 2,264 qram) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq dövründə müdafiə edilməsinə görə dövlət büdcəsindən 540 (beş yüz qırx) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar