Məhkəmə qərarları › İş №1(009)-102/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-102/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-102/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 , Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1.953 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımışdır. xx.xx.2023-cü il tarixdə saat 17:20 radələrində Səbail RPİ-nin NMB-nin və 8-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 4 Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına dəvət olunmuş, orada həmin tarixdə saat 18:30-da üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, 01 ədəd şəfaff sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.953 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, təxminən bir neçə müddətdir ki, psixotrop maddə metamfetamin istifadə etmişdir. 26 sentyabr 2023-cü il tarixdə işlədiyi "Sabah Residence” yaşayış kompleksinin həyətində təmizlik işləri aparan zaman bir ədəd şəffaf sellofan büküm tapmışdır. Onun içərisinə baxan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər maddə görmüş, həmin bükümü əynindəki göy rəngli şalvarın cibinə qoymuşdur. Həmin gün saat 17:20 radələrində ünvan 6 ünvanda hərəkət edən zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşıb Səbail RPİ-nin 8-ci Polis bölməsinin inzibati binasına dəvət etmişlər və o, etiraz etməyərək onlarla birlikdə bölməyə getmişdir. Orada vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Bu o, əynində olan şalvarın cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Səbail rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı bölməyə məlumat daxil olduğundan 26 sentyabr 2023-cü il tarixdə əməliyyat qrupu təşkil olunmuşdur. Həmin tarixdə saat təxminən 17 radələrində Səbail RPİ-nin X2 əməliyyat müvəkkilli Şahid2 ilə birlikdə Bakı şəhəri Səbail rayonu Q.Abbasov küçəsi 14 ünvanında Təqsirləndirilən şəxs saxlayaraq Səbail RPİ-nin 8-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra bolmədə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ ön cibindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb masanın üzərinə qoyaraq içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin metamfetamin olmasını və şəxsi istifadə etmək məqsədi ilə saxlanıldığı tarixdə saat 11 radələrində işlədiyi “Sabah Residence” yaşayış kompleksinin həyətində təmizlik işləri apararkən yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin X2 əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 26 sentyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə, saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 26 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ ön cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümün içərisindəki kütlənin metamfetamin olmasını və həmin tarixdə saat 11 radələrində işlədiyi “Sabah Residence” yaşayış kompleksinin həyətində təmizlik işləri aparan zaman yerdən tapmaqla əldə edib şəxsi istifadəsi üçün üzərində daşımasını bildirmişdir. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmiş və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanması, icraata qəbul edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış icraata qəbul edilmiş və istintaq olunması üçün aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/5096 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs üzərindən ...» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,953 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir. Tədqiqatın dəyəri 80 (səksən) manatdır. İş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktından görünür ki, AR DİN Səbail RPİ-nin 8-ci PB-si 1.953 qram ağ rəngli, kristalşəkilli maddə təqdim edilmiş, müvafiq olaraq 0.05 qram, nümunə götürülmüş, 1.903 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru vəzifəsini icra edən baş ədliyyə müşaviri Natiq Əsədovun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı yerdən azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 22 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 06 dekabr 2023-cü il tarixli Səbail RPİ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində 06 dekabr 2023-cü tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin 8040 №-li ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan elektron məhkəmə sisteminin çıxarışından görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan 08 dekabr 2023-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı yerdən azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 08 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 09 dekabr 2023-cü il tarixli “subutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işinin materiallarına və elan olunmuş ittihamın mahiyyətinə tam uyğun olduğundan cinayət işində olan təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə kimyəvi ekspertizasının 27 sentyabr 2023- cü il tarixli 3- 16-16/2-6/5096 nömrəli, məhkəmə narkoloji ekspertizasının 07 dekabr 2023-cü il tarixli 8040 nömrəli ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu, baxış keçirilməsi protokolu və digər istintaq sənədləri sübut kimi qiymətləndirilməklə Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut kimi tanınmış 1.953 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqat və kimyəvi ekspertiza keçirildikdən sonra 1.903 qram çəkidə qalan hissəsinin RPİ-nin saxlanc yerinə verilməsi, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən üzərində “Verbatim” yazısı həkk olunmuş bir ədəd DVD-R modelli diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini əməlindən peşman olmasını, himayəsində az yaşlı övladının olması və əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixədək, 06 dekabr 2023-cü il tarixdən 08 dekabr 2023-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 8 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 1.903 qram psixotrop maddə metamfelamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixədək, 06 dekabr 2023-cü il tarixdən 08 dekabr 2023-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət, bir günə iki gün hesablanaraq 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 8 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 1.903 qram psixotrop maddə metamfelamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4¬liyi Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 372 (üç yüz yetmiş iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar