Məhkəmə qərarları › İş №1(009)-103/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-103/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-103/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1991-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdə saat 22:00-da ofisiant işlədiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 3-cü küçədə yerləşən “Altay” restoranının sahibi və oranı işlədən Zərərçəkmiş şəxs ona içkili vəziyyətdə işə gəlməsi, o cümlədən sərxoş halda müştərilərə qulluq etməsi barədə iradından sonra bunu cüzi səbəb gətirərək, orada olan müştərilərin qarşısında sonuncu ilə mübahisə etmiş, özünü digər şəxslərin şəxsiyyəti fövqündə qoyaraq, cəmiyyətə qarşı aşkar hörmətsizlik və laqeydlilik nümayiş etdirərək, ümumdavranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, habelə ictimai qaydanın kobud şəkildə pozulmasında ifadə olunan hərəkətlərlə restoranda olan müştərilərin və ətrafda yaşayan sakinlərin narahatçılığına səbəb olmaqla, ictimai yerdə əsassız mübahisə yaratdıqdan sonra şəxslər üzərində zor təbiq edilməsi ilə müşayiət edilən hərəkətlərlərlə, xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sifətinə şillə ilə vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid burun sümüyünün yerini dəyişməyən qapalı sınığı ilə müşayiət olunan, burunun yumşaq toxumalarının qançır və sıyrığı, eləcə də, sağ gözaltı nahiyənin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 3-cü küçədə yerləşən “Altay" restoranında hadisəyə kimi təxminən bir həftə ofisiant işləmişdir. Onun mütəmadi olaraq spirtli içki qəbul etməsi və restoranda olan müştərilərə sərxoş vəziyyətdə qullluq etdiyinə görə Zərərçəkmiş şəxs ilə aralarında bir neçə dəfə mübahisə olmuş və sonuncu bununla bağlı ona irad bildirmişdir. Hadisə baş verən gün yəni -23 iyul 2022-ci il taraixdə müştərilərə xidmət göstərən zaman onlara məxsus “Chivas Rigal Xİ2" adlı viski şüşəsini içərisi dolu halda əlindən salaraq sındırmış və həmin vaxt Zərərçəkmiş şəxs müştərilərin yanından onu bir qədər kənara apararaq onun ünvanına nəlayiq ifadələr işlətmiş və restorandan getməsini tələb etmişdir. O, isə öz növbəsində bütün gün ərzində yəni səhər saat 09:00-dan axşam saat 22:00-dək işləməsini və bunun müqabilində ona əmək haqqı verilməli olduğunu bildirmişdir. Bu zaman onların arasında yenidən mübahisə baş vermiş, Zərərçəkmiş şəxs onu söymüş, içərisi dolu “Viski” şüşəsini sındırdığı üçün pul verməyəciyini bildirmiş və onu yenidən söymüşdür. O, da bundan əsəbiləşərək Zərərçəkmiş şəxs ağzını öz əli ilə tutmuşdur və adını xatırlamadığı şəxslər onu restorandan çölə çıxartmışdır. Hadisədən bir gün sonra 24 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs üzr istəmək məqsədi ilə həmin restorana gəlsə də, Zərərçəkmiş şəxs hadisə baş verən gün etdiyi şikayət əsasında Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinin əməkdaşları oraya gələrək onu polis bölməsinə aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 3-cü küçədə yerləşən “Altay” restoranı ona məxsusdur. Hadisə baş verən günü yəni 23 iyul 2022-ci il tarixdə həmin restoranda dostları ilə birlikdə məclis təşkil etmiş və Kənan adlı şəxs gəlib, onlara ofisiant qismində qulluq etmişdir. Bir müddət sonra dostu Mehman Kənanın içkili olduğunu ona bildirmiş və o, Kənanı yanına çağıraraq restorandan çıxıb getməsini demişdir. Lakin Kənan buna yüksək səslə etiraz etmiş, onu işləmək üçün dəvət etdiklərini və bunun müqabilində də, ona pul ödəməli olduqlarını bildirmişdir. Bundan sonra o, Kənanı müştəriləri narahat etməməsi üçün restorandan çölə çıxartsa da, Kənan küçə onun və qonaqlarının ünvanına nəlayiq ifadələr işlətmişdir. Dostları Mehman, Qara və Oktay ilə birlikdə restoranın qarşısına çıxmış və Kənana ətrafda sakinlərin olduğunu və nalaq ifadələrin işlətmədiyini bildirmiş, Kənan onun sözlərinə məhəl qoymamış və qəflətən üzərinə hücum edərək yumruqla onun burun nahiyəsinə zərbə vurmuş o, zərbənin təsirindən yerə yıxılmışdır. Onun burnundan qan açıldığından o, dərhal dostları Mehman, Qara və Oktayın köməkliyi ilə əl-üzünü yumaq üçün restorana daxil olmuşdur. Hadisədən dərhal sonra o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Şikayətçidir. Məhkəmə iclasında şahid X3 məhkəməyə teleqram göndərərək istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O, İstintaqa verdiyi ifadəsində göstərmişdir ki, onun adı, soyadı və ata adı Şahid1 olsa da, hamı onu Qara adı ilə tanıyır. Təqsirləndirilən şəxsi məlum hadisəyə qədər tanımamış və onunla hər hansı bir düşməçiliyi və ədavəti yoxdur. O, Zərərçəkmiş şəxs məxsus “Pakrovka” restoranında əmək müqaviləsi əsasında ofisiant kimi işləsə də, Fərhadın Altay restoranında da, müştərilər çox olanda sonuncuya kömək edir. 23 iyul 2022-ci il tarixdə Fərhad onu və digər iş yoldaşı Oktayı “Altay” restoranında təşkil edilmiş məclisdə qonaqlara qulluq etmək üçün çağırmışdır. Lakin qonaq sayı çox olduğuna görə Fərhad kiminləsə telefonla danışmış və əlavə ofisiant göndərməsini xahiş etmişdir. Təxminən saat 22 radələrində onlara kömək etmək üçün sözügedən restorana gəlmiş Təqsirləndirilən şəxs adlı ofisiant sərxoş halda olmuşdur. Bundan xəbər tutan Fərhad Kənana belə vəziyyətdə işləməyin düzgün olmadığını və ona “taksi pulunu verim evinə get” demişdir. Kənan isə buna etiraz edərək yüksək səslə və nəlayiq ifadələrlə Fərhadın ünvanına söyünc söyməyə başlamış və ondan əlavə pul tələb etmişdir. Fərhad Kənana bildirmişdir ki, sərxoş halda işə gəldiyi üçün ona pul verməyəcəkdir. Bundan sonra Kənan daha da aqresivləşmiş və orada olan digər müşətərilər narahat olmasın deyə onlar Kənanı çölə çıxartmışlar. Kənan restornadan çöldə də, yüksək səslə söyünc söymüş Fərhad ona ətrafda sakinlərin yaşadığını və onları narahat etdiyini bildirmişdir. Kənan qəflətən Fərhadın üzərinə hücum edərək onun burun nayihəsinə yumruq zərbəsi vurmuşdur. Fərhad Kənanın zərbəsinin təsirindən yerə yıxılmış, yalnız onun, Mehmanın və Oktayın köməkliyi ilə Fərhad restorana daxil olaraq əl-üzünü yuya bilmişdir. O, Fərhadın Kənanı vurmasının şahidi olmamış, əksinə Kənanın Fərhadı vurmasının, o cümlədən küçədə Fərhadın və restoranın digər müştərilərinin ünvanına nəlayiq ifadələr işlətməsini görmüşdür. Məhkəmə iclasında Şahid2 Əliağa oğlu şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 10 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Səbail rayon Polis idarəsinin müstəntiqi Yaşar İsgəndərovun qərarından görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-653 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 29 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Bakı şəhəri, Səbail rayon Polis idarəsinin İstintaq şöbəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə müstəntiq Yaşar İsgəndərovun 10 sentyabr 2022-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir. İş materiallarında olan 24 avqust 2022-ci il tarixli, 530 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - burun sümüyünün yerini dəyişməyən qapalı sınığı ilə müşayiət olunan burnunun yumşaq toxumalarının qançır və sıyrığı (əzilməsi), eləcə də, sağ gözaltı nahiyənin qançırı, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul etmək haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraata qəbul edilmiş və istintaqı aparılmışdır. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul etmək haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi istintaqı aparılması üçün icraata qəbul edilmiş və istintaqı aparılmışdır. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsi ilə dayandırılmışdır. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxsn barəsində 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrədayandırılmış icraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsi ilə təzələnmişdir. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli Səbai rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələrimdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il, 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan 22 noyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokolundan görünür ki, o, ifadəsində qeyd etdiyi hadisəni əyani olaraq bir daha təsdiq etmişdir. Foto-şəkillər cinayyət işinə əlavə edilmişdir. İş materiallarında olan 22 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 22 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 09 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs etirafedici ifadələri, ifadəsinin yerində yoxlanması protokolu və həmin istintaq hərəkətinin fotocədvəli, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi, Şahid1, Şahid2 Əliağa oğlunun, Şahid3 ifadələri, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 530 nömrəli rəyi ********* nömrəli cinayət işi üzə sübut növü kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmin Plenumunun qərarında göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xulqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdə törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aid olduğunu və həmin cinayət əməli üzrə cinayət məsulliyətinə cəlb etmə müddətinin keçdiyini müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddsəinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3 (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə), 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Məhkəmə Hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarının 42-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1-1-ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi haqqında qərardan sonra ona Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə və yaxud 39.1.5-ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməməsi haqqında qərar əksini tapmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyindən və cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) maddəsində nəzərdə tutulmuş halda xitam verlməsinə dair müdafiə tərəfinin razılığı məhkəməyə təqdim edilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs barəsində cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2, 344-347 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar