Məhkəmə qərarları › İş №1(009)-103/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-103/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-103/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 İbyamin oğlunun, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, A.İldırım küçəsi, ev 15, mənzil 10-da qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilmələrinə cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən “sahil bağı”-nda Zərərçəkmiş şəxs məxsus içərisində 3000 manat dəyərində 01 ədəd “İphone 14 pro” markalı üzərində 10 manat dəyərində qoruyucu örtük olan mobil telefon, 01 ədəd 80 manat dəyərində “İphone” markalı adapter, 01 ədəd 40 manat dəyərində “Samsung” markalı adapter, 88 manat nağd pul, 01 ədəd 01 manat dəyərində dırnaqtutan, 01 ədəd 01 manat dəyərində qara qələm, 01 manat dəyərində cib ləvazimatları olan 55 manat dəyərində “EVVY” markalı bel çantasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 3276 manat məbləğində məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 20 iyun 2024-cü il tarixdə gecə saatlarında Səbail rayonunda yerləşən “Sahil” bağı tərəfdə metal qablar yığmaqla məşğul olub. Bu zaman parkın içərisində fəvvarənin yanında sahibsiz formada olan belə bağlanan çanta yəni, barsetka olduğunu görüb. Həmin barsetkanı götürüb. Bundan sonra metronun “28 May” stansiyasının yaxınlığına gedib. Orada əvvəlcədən dəmir qabları yığdığı paketi gizlətmişdi. Həmin paketi də götürüb. Artıq gec olduğu üçün dəmir qabları təhvil verə bilməyəcəyini başa düşüb. Bundan sonra Bakı Dövlət Sirki istiqamətində gedib və sirkin yanında bir küncdə yatmaq üçün özünə yer düzəldib. Orada barsetkanm içərisində baxıb və “İphone” markalı mobil telefon, 2 ədəd adapter, 70 qəpik pul, 2 ədəd kart olduğunu görüb. Kartlardan biri hazırda xatırlamadığı banka məxsus olub. Digər kart isə səhv etmirsə vizit kart olub. Kartları və telefonu götürüb cibinə qoyub. Sonra yuxuya gedib. Yuxudan ayıldıqda barsetkanı və metal qablar yığdığı paketi orada qoyaraq yenidən şəhərə metal yığmaq üçün gedib. Həmin günü gecə saatlarında “Kubinka” adlanan ərazidə tanışı Fərid adlı şəxsi görüb. Ona özündə “İphone” markalı mobil telefon olduğunu deyib və satmaq üçün təklif edib. O, telefona baxdıqdan sonra şəklini öz telefonu ilə çəkib kiməsə göndərib. Bundan sonra kimləsə danışıb və telefonu götürüb uzaqlaşıb. Yarım saat sonra yenidən yaxınlaşaraq telefonun dəyəri olaraq 30 manat pulu ona verib. Həmin pulu şəxsi ehtiyaclarına xərcləyib. Yenidən sirkin yanına qayıtdıqda metal qablar yığdığı paketin və barsetkanı qoyduğu yerdə olmadığını görüb. Ona mobil telefonu tapdığını demişdir. Kartların hansı banka məxsus olduğunu xatırlamır. Biri bank kartı olub. Digərinin tam olaraq bank kartını olmasını xatırlamır. Həmin kartlardan istifadə etmədən hazırda xatırlamadığı yerə atıb. Bu barədə bildirmək istəyir ki, barsetkanın içərisində 88 manat pul, şəxsiyyət vəsiqəsi, dırnaq tutan, qara qələm və ya cib ləvazimatlarının olmasının xatırlamır. Kartlarla bağlı qeyd etdiyi kimi 2 ədəd kart var olub. Biri bank kartı olub. Digəri isə vizit karta oxşayırmış. Ola bilsin ki, həmin kart da bank kartı olub. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edən Zərərçəkmiş şəxs göstərmişdir ki, 20 iyun 2024-cü il tarixdə saat 22 radələrində Səbail rayonunda yerləşən “Sahil” parkında istirahət edirmiş. Həmin vaxt parkda olan fəvvarənin kənarındakı daş örtüyün üzərində oturmuşdur və özünə məxsus bel çantası da yanında olub. Bir qədər sonra təbii ehtiyaclarını ödəmək üçün yaxınlıqda yerləşən ödənişli sanitar qovşağa gedib. Gedərkən özünə məxsus bel çantasını götürməyi unudub və çanta daş örtüyün üzərində qalıb. Təxminən bir neçə dəqiqə sonra geri qayıtdıqda çantanın qoyduğu yerdə olmadığını və talandığını aşkar edib. Bel çantasının içərisində özünə məxsus 1 ədəd 1 Terabayt yaddaşı olan “İphone 14 Pro” markalı mobil telefon, 1 ədəd “İphone” markalı adapter, 1 ədəd “Samsung” markalı adapter, 88 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd “Kapital Bank” Visa kartı, 1 ədəd dırnaqtutan, 1 ədəd qara qələm və xırda cib ləvazimatları olmuşdur. Mobil telefonun markası “İphone 14 Pro” idi. Rəngi gümüşü boz idi. Yaddaş ölçüsü 1 Terabayt idi. İmei kodun hazırda xatırlaya bilmir. Qiyməti 3000 manat idi. Mobil telefonun arxa hissəsinə qara ürək simvolu olan kart simvolu yapışdırmışdır. Həmin mobil telefon ölkə ərazisində qeydiyyatdan keçməmişdir. Ona görə də mobil telefonun üzərində mobil nömrə olmamışdır. Həmin telefondan işi ilə əlaqədar olaraq tədbirlərdə çəkiliş aparmaq və digər məqsədlər üçün istifadə edirmiş. Mobil telefon təhlükəsizlik kodu ilə mühafizə olunurdu. Şəffaf qoruyucu örtük var idi və dəyəri 10 manat idi. Çantasında 2 ədəd Kapital Banka məxsus plastik kart var idi. Hər hansı əməliyyatlar aparılmamışdır. Həmin kartları hazırda deaktiv etmiş. Çantasında olan dırnaqtutanm dəyəri 1 manat, qələm 1 manat idi. Cib ləvazimatları isə dəsmal və saqqız idi. Onların da dəyəri 1 manat olardı. Plastik kartların talanması nəticəsində ona maddi ziyan dəyməmişdir. “İphone” markalı adapterin qiyməti 80 manat, “Samsung” markalı adapterin qiyməti isə 40 manat idi. Bel çantasının markası “EVVY” bag idi. Dəyəri 55 manat idi. Baş vermiş hadisə nəticəsində 55 manat dəyərində 1 ədəd “EVVY” bag markalı bel çantası, içərisində 1 ədəd 3000 manat dəyərində “İphone 14 Pro” markalı mobil telefon, 10 manat dəyərində mobil telefonun qoruyucu örtüyü, 1 ədəd 80 manat dəyərində “İphone” markalı adapter, 1 ədəd 40 manat dəyərində “Samsung” markalı adapter, 88 manat pul, 1 ədəd 1 manat dəyərində dırnaqtutan, 1 ədəd 1 manat dəyərində qara qələm, 1 manat dəyərində cib ləvazimatları talanmaqla ona ümumilikdə 3276 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək, 2024cü il 20 iyun tarixində Bakı şəhəri, Səbail rayonu ərazisində şəxsi əşyalarımın oğurlanması ilə bağlı açılmış cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınıdığını. Oğurluq nəticəsində ona 3276 manat məbləğində maddi ziyan dəydiyini, oğurlanmış “iPhone 14 Pro (1 TB)” markalı cihaz onun iş fəaliyyətini, şəxsi məlumatları və maliyyə aktivləri üçün əvəzedilməz vasitə idi. Həmin cihazda kriptovalyuta cüzdanlarına və sərmayələrinə çıxış üçün autentifikasiya məlumatları saxlanılırdı. Bu şifrələr yalnız həmin cihaz vasitəsilə əldə olunduğu üçün, oğurluqdan sonra bu hesablar üzərində nəzarətini itirmişdir. Bu günə qədər həmin hesabların və elektron pul vəsaitlərinin bərpası mümkün olmamışdır. Oğurluqdan sonra yalnız cihazı deyil, peşəkar fəaliyyətinmi də itirdi. Həmin telefon vasitəsilə o, Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində yayımlanan “Azərbaycan Kənd Həyatı” , “Sweet Village” , “Wilderness Cooking” adlı lahiyələrdə rejissor kimi çalışırdı. X7 Group tərəfindən ona təqdim edilmişdi və dəyəri əmək haqqından tutulurdu. Hadisədən sonra vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün əmək münasibətlərinə xitam verildi. Bu isə gəlir itkisinə, borclanmasına və mənəvi çöküşünə səbəb oldu. Daha sonra o, borc götürdüyü Azpulmat və Manato kimi kredit təşkilatlarına olan borclarım ödəyə bilmirm. Hər iki qurum tərəfindən borcların məhkəmə icraatına yönləndiriləcəyi barədə rəsmi bildirişlər almışdır. Bu isə oğurluq hadisəsinin yalnız bir məişət itkisi deyil, gələcək maliyyə sabitliyimi təhlükə altına alan, hüquqi nəticələri olan bir prosesə çevrildiğini sübut edir. İstintaq zamanı məlum olmuşdur ki, təqsirləndirilən şəxs oğurlanmış əmlakı cəmi 30 manata Şahid satmış, lakin rəsmi gəliri yoxdur və ziyanı ödəmək qabiliyyətində olmadığını bildirmişdi. Mülki iddianı müdafiə edərək, ona qarşı törədilmiş bu əməlin həyatında yaratdığı dərin psixoloji və sosial zərbəni nəzərə alaraq, Təqsirləndirilən şəxs 3276 manat məbləğində maddi ziyanın tam şəkildə tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181 və 183cü maddələrinə uyğun olaraq mülki iddianının icraata qəbul olunmasına dair qərar qəbul edir Məhkəmə iclasında ifadəsi elan olunmuş və məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, təxminən 1 ay bundan əvvəl Nəsimi rayonu ərazisində “kubinka” adlanan ərazidə olan zaman tanışı Nəcmuddinlə qarşılaşıb. O, özündə bir ədəd “İphone 14 pro” markalı mobil telefon olduğunu və onu satmaq istədiyini bildirib ondan belə bir tanışı olub-olmadığını soruşdu. Həmin vaxt öz tanışı mobil telefonların alqı-satqısı ilə məşğul olan Fərid adlı şəxsə zəng edib həmin telefon barədə məlumat verib. Fərid ondan həmin mobil telefonun şəklini istəyib və ona telefonun şəklini göndərib. Fərid həmin telefonu ondan 200 manat müqabilində alacağını bildirib və görüşməyi təklif edib. Onunla görüşüb və Fərid telefona baxdıqdan sonra ona 100 manat verib qalan 100 manatı da daha sonra verəcəyini deyib. Bundan sonra Nəcmuddinə həmin puldan 30 manat verib. Həmin mobil telefonun oğurluq yolu ilə əldə olunamsı barədə məlumatlı olmamışdır və Nəcmuddinlə də bu barədə söhbəti olmamışdır. Hadisə yerinə baxış keçirilməsinə dair 21 iyun 2024-cü il tarixli protokolla müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən “Sahil bağı”-dır. Zərərçəkmiş şəxs məxsus olan əşyalar həmin ünvanda Təqsirləndirilən şəxs tərəfindən oğurlanmşdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci, 229.1-ci maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhruetmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 20 avqust 2013-cü il tarixli qərarı ilə 21 avqust 2013cü il tarixdən həmin cəzadan şərti azad olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhruetmə cəzasına məhkum edilmişdir. 21 mart 2021ci il tarixdən cəzanın sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 02 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası Daxili X6 Rayon Polis İdarəsinin 04 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 05 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci naddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 06 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və onun MSY-dən azad olunması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 09 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun tutularaq Səbail RPİ-nin İŞ-nə təqdim olunması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 11 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 11 dekabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 06 oktyabr 2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə saxlanılması müəyyən olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-103/2025 saylı, 05 fevral 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axatrış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin məktublarından görünür ki, Təqsirləndirilən şəxs 20 mart 2025-ci il tarixdə saxlanılaraq saxlanılaraq Bakı İstintaq Təcridxanasınə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutu sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləri sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmalarını istisna edən hallar və əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxslə barışmağa cəhd etməməsini, sonuncunun mülki iddia ilə məhkəməyə müraciət etməsini, əvvəllər məhkum olunmasını, ibtidai istintaq zamanı iki və məhkəmə istintaqı zamanı bir dəfə istintaqdan yayındığı üçün barəsində axtarış elan olunduğunu nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını əsaslı hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə miənədək dəyişdirilmədən saxlanılmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsinin müəyyən olunmasını əsaslı hesab edir. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 oktyabr 2024-cü il tarixdən 06 oktyabr 2024-cü il tarixinədək, 11 dekabr 2024-cü il tarixdə tutulduğu müddətin nəzərə alınmasını məqsədəuyğun hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək, ona qarşı törədilmiş bu əməlin həyatında yaratdığı dərin psixoloji və sosial zərbəni nəzərə alaraq, Təqsirləndirilən şəxs 3276 manat məbləğində maddi ziyanın tam şəkildə tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə, ittihamın mahiyyətini, mülki iddianı və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki iddiası təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Beləliklə, yuxarıda şərh olunanları nəzərə alaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı onun tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası hazırki ittiham həddində verilmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs 3276 (üç min iki yüz yetmiş altı) manat maddi ziyanın tutularaq zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 İbyamin oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 08 fevral 2025ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə təqdim olunmuş hesabata uyğun olaraq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 İbyamin oğluna iş materialları ilə tanış olduğu 5 (beş) saatın və məhkəmə iclasında iştirak etdiyi 20 (iyirmi) saatın 6 manatdan, məhkəmə iclasında iştirak etdiyi 45 (qırx beş) saatın isə 11 manatdan hesablanaraq Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 oktyabr 2024-cü il tarixdən 06 oktyabr 2024-cü il tarixinədək, 11 dekabr 2024-cü il tarixdə tutulduğu 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli 20 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 3276 (üç min iki yüz yetmiş altı) manat maddi ziyan tutularaq zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 İbyamin oğluna iş materialları ilə tanış olduğu 5 (beş) saatın və məhkəmə iclasında iştirak etdiyi 20 (iyirmi) saatın 6 manatdan, məhkəmə iclasında iştirak etdiyi 45 (qırx beş) saat 11 manatdan hesablanaraq Azərbaycan Respublikası Dövlət büdcəsindən tutulub Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar