Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-104/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda miqdarda, yəni 0,506 qram çəkidə narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri Səbail rayon polis idarəsinin 39-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında saxlanılaraq Səbail rayon polis idarəsinin 39-cu Polis Bölməsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman üzərində 01 ədəd bükümdə 0,506 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bildiyini, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün götürdüyünü, çox az müddət istifadə etdiyini və hal-hazırda istifadə etmədiyini, polislər tərəfindən tutulduğunu bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqında Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotikdən istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olub. Daha sonra əməliyyat qrupu yaradıldı və əraziyə gedib, onu görüb yaxınlaşıblar, şübhəli şəxs kimi polis bölməsinə dəvət ediblər. Çəkiliş zamanı üzərində sobranie siqaret qabında narkotik vasitə çıxıb və Təqsirləndirilən şəxs onun heroin olduğunu və ona məxsus olduğunu etiraf edib. İş materiallarında olan 24 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanması, və icraata qəbul edilməsi” qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş və istintaq aparılmışdır (c.i.v. 1). İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24 sentyabr 2024-cü il tarixli 6/4680 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki 01 ədəd bükülüdə təmiz çəkisi: 0,506 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Aparılmış təhqiqatın dəyəri 65 manatdır (sərf edildi 0,05 qram, qalıq 0,456 qram) (c.i.v. 42-44). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31 oktyabr 2024-cü il tarixli 7082 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.4-cü bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal-hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (c.i.v.86-87). İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə saat 22:00-da qanunsuz olaraq narkotik vasitəni saxlaması və daşımasında şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. (c.i.v.21-22) İş materiallarında olan «şəxsi axtarış və götürmə haqqında» tərtib edilmiş 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 23 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Səbail rayon Polis İdarəsinin 39-cu PB-nə gətirilmiş və hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş vəkilinin iştirakı ilə polis idarəsində üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən “Sobranie” siqaret qutusunun içərisində 01 ədəd qızılı falqaya bükülmüş narkotik vasitəyə oxşar maddə aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş həmin büküm qablaşdırılıb möhürlənmişdir. Baxış zamanı video çəkiliş aparılmışdır (c.i.v.31-33). Cinayət işində olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Səbail RPİ-nin 39-cu PB-nin təhqiqatçısı X5 tərəfindən Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkili Şahid1, Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkili Şahid2, müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Video görüntüdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs əşyalarında və ya üzərində dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən “Sobranie” siqaret qutusunun içərisində 01 ədəd qızılı falqaya bükülmüş narkotik vasitəyə oxşar maddə bükümü təqdim edir, aşkar olunmuş maddə cinayət təqibi orqanı tərəfindən 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb götürülür. Video diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirir ki, həqiqətən baxış keçirilən şəxs odur. Narkotik vasitə ona məxsusdur. İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.54-55). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 25 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır (c.i.v.66-68). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (c.i.v.69-70). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 23 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c.i.v.85). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakıdövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını qanunla nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə saat 22:00-da şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 25 sentyabr 2024-cü il tarixdə saat 16:50-də Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının 31 oktyabr 2024-cü il tarixli 7082 №-li rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin etmədən yalnız ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 360 manat pul ödənilməlidir. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,506 qram heroindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 0,456 qram çəkidə narkotik maddə olan heroin məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini – Bakı şəhəri, ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. 240020376 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0,456 qram çəkidə narkotik maddə olan heroin məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 21 saylı Vəkil Bürosunun, «Express Bank»-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-104/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-104/2025
03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver