Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-105/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədov Azər Rafiq oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Hüseynov Cahandar Tais oğlunun, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Hüseynov Cahandar Tais oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Hüseynov Cahandar Tais oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, uzun illər icarə hüququ ilə ona məxsus olan Bakı şəhəri, Lermontov küçəsi, 119 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi Əmlak Komitəsi tərəfindən ona xəbər verilmədən hərrac qaydasında Hüseynov Cahandar Tais oğluna satılmışdır. Halbuki həmin qeyri-yaşayış sahəsini almaqda üstünlük hüququna malik olmuş və almaq da istəmişdir. Pozulmuş hüquqlarının bərpa olunması məqsədilə o, Əmlak Komitəsinə qarşı hərracın nəticələrinin ləğv edilməsi və həmin qeyri-yaşayış sahəsinin ona satılmasına dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6671/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Eyni zamanda Hüseynov Cahandar Tais oğlu ona və X4 qarşı “qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən boşaldırlaraq açarlarla birlikdə iddiaçıya təhvil verilməsi, əldən çıxmış fayda və mənəvi zərər tələbinə dair” iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)690/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Hüseynov Cahandar Tais oğlunun onlara qarşı iddia tələbləri qismən təmin olunmuş, qeyri-yaşayış sahəsinin boşaldılaraq açarlarla birlikdə təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. O, Xətai Rayon Məhkəməsinin və Səbail Rayon Məhkəməsinin qətnamələrindən, Hüseynov Cahandar Tais oğlu isə Səbail Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-15036/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun və Hüseynov Cahandar Tais oğlunun apelyasiya şikayətləri təmin olunmamışdır. Həmin qətnamədən Hüseynov Cahandar Tais oğlu kassasiya şikayəti verməmiş, onun kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3070 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. X5 Tais oğlu ona və X4 qarşı “əldən çıxmış fayda və mənəvi zərər tələbinə dair” iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. 2020-ci ilin dekabr ayında, ikinci Qarabağ müharibəsinin getdiyi bir vaxtda onların həyətinə 2 nəfər naməlum şəxs daxil olanda oğlu X6 onlardan kim olduqlarını və həyətə nə məqsədlə gəldiklərini soruşanda, həmin şəxslərdən biri oğlunu və binanın bütün sakinlərini küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Bu barədə oğlu ona zəng edib məlumat vermişdir. O, dərhal işdən evə gəlmişdir, bundan sonra, Hüseynov Cahandar Tais oğlu da gəlib həmin şəxslərə qoşulub birlikdə oğlunu, onu və qonşuları təhqir etmişlər. Hadisə yerinə polis gələndən sonra, həmin şəxslər onları söyüb təhqir etdikləri üçün üzr istədilər, lakin onları bağışlamamış və polisdən Hüseynov Cahandar Tais oğlunun və özü ilə gətirdikləri şəxslərin əməlinə hüquqi qiymət verilməsini və bundan sonra onları təhqir etməməklərinə dair dillərindən iltizam alınmasını xahiş etmişlər. Hüseynov Cahandar Tais oğlu və özü ilə birlikdə gətirdikləri şəxslər onu və oğlunu qonşuların, kənar şəxslərin yanında küçə söyüşləri ilə təhqir ediblər. Səbail RPİ-nin 9-cu Polis Bölməsi xx.xx.2020-ci il tarixli məktubunda həmin şəxslərin PB-nə dəvət olunmaları, izahatlarının alınması, gələcəkdə bu kimi hallara yol verməmələri istiqamətində profılkatiki söhbətlərin aparılaraq tövsiyələrin verilməsi bildirilir. Lakin buna baxmayaraq Hüseynov Cahandar Tais oğlu bundan sonra yenə də öz adamlarını onların həyətlərinə göndərib onları təhqir etdirir. Beləliklə, barəsində heç bir qanuni tədbir görülməyən Hüseynov Cahandar Tais oğlu birbaşa və dolayı yolla onları təhqir etməkdə davam edir. Göstərilənlərə əsasən ünvan 2 m. 80 ünvanında qeydiyyatda olan Hüseynov Cahandar Tais oğlunun barəsində Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X3 şikayətini müdafiə edərək, Hüseynov Cahandar Tais oğlunun şəxsən ona qarşı heç bir təhqirə yol vermədiyini, lakin həyətlərinə gələrkən Hüseynov Cahandar Tais oğlunun onun oğlunu itələdiyini və bu hərəkəti özünə qarşı təhqir hesab etdiyini bildirərək, şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş Hüseynov Cahandar Tais oğlu şikayəti qəbul etməyərək, heç bir zaman X2 qarşı təhqirə yol vermədiyini bildirmiş və xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş Hüseynov Cahandar Tais oğlunun müdafiəçisi Müdafiəçi, xüsusi ittiham qaydasında şikayət vermiş X1 məhkəmə hazırlıq iclasında verdiyi izahatını nəzərə alaraq, Hüseynov Cahandar Tais oğlu tərəfindən təhqirə yol verilmədiyindən xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Bu mənada, X3 şikayət ərizəsində Hüseynov Cahandar Tais oğlunun onu təhqir etməsini göstərsə də, şikayətdə istinad olunan əməlin Hüseynov Cahandar Tais oğlu tərəfindən törədilməsini təsdiq edəcək heç bir sübut şikayətə əlavə edilməmişdir. Bundan əlavə şikayət ərizəsində Hüseynov Cahandar Tais oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, təhqir xarakterli əməllərin konkret olaraq hansı söz və ifadələrdən ibarət olması göstərilməmişdir. Yəni barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsi göstərilməmişdir. Məhkəmə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq, qeyd etməyi zəruri hesab edir ki, Hüseynov Cahandar Tais oğlu cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt törədilməsini, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmiş, o cümlədən şikayətin verildiyi tarix və yeri qeyd etməmişdir. Göründüyü kimi şikayət ərizəsində Hüseynov Cahandar Tais oğluna istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X1 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət forma və məzmunca Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyindən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Hüseynov Cahandar Tais oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88, 293, 299,300, 302, 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Hüseynov Cahandar Tais oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-105/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-105/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver