Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-106/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi ev 13-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, yaşayış yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və təkrarən yaşayış yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 oktyabr 2022ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin hasarından həyətə keçib, həyətdə olan bir mərtəbəli qış evinin plastik materialdan hazırlanmış qapısından qanunsuz içəri daxil olub, divara quraşdırılmış dolabın üzərindən 1 ədəd 500 manat dəyərində olan “Appel” markalı “İpad 1” planşeti, qış evinin içərisində olan dolabın 1-ci siyirməsindən 1 ədəd 50 manat dəyərində qara rəngli “Goldion” markalı pul qabını, həmin dolabda olan digər pul qabının içərisindən 400 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 950 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin hasarından həyətə keçib, həyətdə olan bir mərtəbəli qış evinin plastik materialdan hazırlanmış qapısını özü ilə gətirdiyi vintaçanla açaraq qanunsuz içəri daxil olub, evdə dəyərli əşya əldə edə bilmədikdən sonra, bayıra çıxaraq həyətdə mişar daşından inşa edilmiş manqalın üzərindən 1 ədəd 1300 manat dəyərində olan 5 litr su tutumu, gövdəsinidə “1870 il” və sair möhürlər, “Баташева” və sair yazılar olan samovarı ələ keçirib, fərdi yaşayış evinin həyətindən çıxan zaman, səsə oyanıb həyətə çıxan ev sahibi Zərərçəkmiş şəxs onun əlində samovarın olduğunun görüb ucadan “oğurluq etmə, qaça bilməyəcəksən” ifadələrini işlətməklə onun cinayətkar əməlini dayandırmağı tələb etsə də, o, ev sahibinin tələblərinə məhəl qoymayaraq öz cinayətkar əməlinin davam etdirib, götürdüyü samovarla həyəti tərk edib qaçmaqla, özgənin əmlakını açıq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 1300 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan edilmiş ittihamla özünü qismən ancaq oğurluqda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 04 oktyabr 2022-ci il gecə saat 04 radələrində Badamdar qəsəbəsində yerləşən iki mərtəbəli evin həyətinə daxil olmuş, həyətdə yerləşən bir mərtəbəli tikiliyə qapıdan içəri daxil olmuşdur. Tikilidən bir ədəd pul qabı, “İpad 1” planşet və 73 manat pul götürmüşdür. 73 manatı və “İpad 1” planşetinin satışından götürdüyü pulu tələbatına xərcləmişdir. 07 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində o, yenə də Badamdar qəsəbəsinə həmin evə əvvəl orada gördüyü samovarı oğurlamağa getmişdir. O, hasardan həyətə daxil olmuş və həyətdə olan samovarı götürüb həmin evin həyətinə giriş qapısından bayıra çıxmışdır. Bayıra çıxan zaman evin giriş darvazası örtülərək səs çıxarmış, bundan sonra evin işıqları yanmışdır. Ev sahibi onu görməmiş və səsləməmişdir. O, oğurluq etdiyi evdən 150-200 metr aralaşdıqdan sonra samovarı yolun kənarında dayanmış avtomobilin yanında gizlətmiş və taksi sifariş vermişdir. Bu zaman ev sahibi onun yanından bir neçə dəfə keçmişdir. Lakin ev sahibi onu tanımamış və ona heçnə deməmişdir. O, taksiyə minib yaşadığı evə getmişdir. Səhəri gün o, həmin samovarı “İçərişəhər”-də 110 manata satmışdır. Pul qabını sahibinə istintaq zamanı qaytarmışdır. Pulu öz tələbatına xərcləmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2 mərtəbəli fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 07 oktyabr 2022-ci il tarixdə saat 05:30 radələrində yaşadığı evin giriş darvazasının örtülmə səsini eşidib oyanmışdır. O, yaşadığı evin eyvanından, küçəyə baxmış və darvazadan təxminən 10-15 metr aralıda bir nəfər şəxsin əyilib əlində samovarla nəsə etdiyini görüb, həmin şəxsə “samovarı aparma kamera çəkir” sözlərini qışqırmışdır. Şəxs onu gördüyünü bilib samovarı da götürüb qaçmışdır. O, onun arxası ilə getmiş yaşadığı evdən küçə ilə piyada təxminən 100-150 metr getdikdən sonra küçədə yerləşən evlərin birinin qarşısında qaranlıq olduğundan üzünü tam görə bilmədiyi, lakin sonradan Kamran olduğunu bildiyi şəxs telefonu qulağına tutub danışırmış. O, Kamranın qaçan şəxsə oxşatsa da, onun ev sahibi zənn edib onun yanında ötüb keçmişdir. Bir az getdikdən sonra təkrar geri Kamranın yanına qayıtmış, Kamran həmin vaxt telefonla danışırmış. O, həyəti yoxlamağa başlamış və həyətdə olan 1 mərtəbəli qış evinin giriş qapısının açıq olduğunu görmüşdür. Qış evinə daxil olub baxan zaman divarda quraşdırılmış dolabın üzərində olan “Appel” markalı “İpad” planşetinin də oğurlandığını bilmişdir. Sonra isə o, DİN-ni 102 zəng xidmətinə oğurluq barəsində məlumat vermişdir. Samovar və pul qabı ona qaytarılmışdır. Şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RMİ-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 09 oktyabr 2022-ci il tarixdə saat 09-dan 10 oktyabr 2022-ci il tarix saat 09-dək Səbail RMİ-nin polis nəfəri, polis baş serjantı Şahid3 ilə birlikdə Səbail rayon Badamdar qəsəbəsi ərazisində xidmətə təyin olunmuşdur. 10 oktyabr 2022-ci il tarixdə saat 04:35 radələrində Bakı şəhəri, Səbail rayonu Badamadar qəsəbəsi Əziz Nəzərov küçəsində Şahid3 ilə birlikdə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşdür. Səbail rayon polis idarəsinin 41-ci PB-dən ona məlumat verilmişdir ki, gecə vaxtlarında onların xidmət etdiyi ərazidə yerləşən fərdi yaşayış evindən oğurluq hadisəsi baş vermişdir. Onlar həmin şübhəli şəxsə yaxınlaşıb saxlamış və özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər, lakin həmin şəxs üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Həmin şəxsin şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə onu Səbail RPİ-nin 41-ci PB-nə dəvət etmişlər. O, etiraz etməyərək onlarla polis bölməsinə getmişdir. 41-ci PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu və bir neçə gün əvvəl Badamdar qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etdiyi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RMİ-nin polis nəfəri, polis baş serjantı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinin Zərərçəkmiş şəxs ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi olduğu müəyyən olunmuşdur. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı samovarı Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər, Qəsr döngəsi 2 ünvanda yerləşən mağazaya satıdğı yeri göstərmiş, Təqsirləndirilən şəxs oğurlayaraq həmin mağazaya satdığı 1 ədəd samovar altdığı ilə birlikdə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli maddi sübutun təqdim edilməsi haqqında protokoldan görünür ki, X4 1 ədəd üzərində “Goldlion” yazılmış qara rəngli dəri materiala oxşar materialdan olan pul qabını təqdim edərək qardaşı Təqsirləndirilən şəxs oğuluq yolu ilə əldə edib yaşadıqları evdə saxladığı pul qabı olduğunun bildirmiş və həmin pul qabı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 11 oktyabr 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs 3 ədəd samovar tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs 3 (üç) ədəd samovarın içərisində ortada yerləşən 1870-ci il və sair möhürlər “Bataşeva” və sair yazıları olan samovarı tanıyaraq 07 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən yaşadığı evindən oğurlanmış samovar olduğunu bildirmişdir. İş materiallarında olan 11 oktyabr 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs 3 ədəd pul qabı tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs 3 (üç) ədəd pul qabının içərisində ortada yerləşən qara rəngli “Goldion” markalı pul qabını tanıyaraq 04 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən yaşadığı evindən oğurlanmış pul qabı olduğunu bildirmişdir. İş materiallarında olan cinayət əməlinin tövsif olunması barədə 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 22 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Əbilov X3 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizanın 9/7655 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olunmuş, normal vəziyyətdə 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1350.00 manat müəyyən olunur. O cümlədən: -01 ədəd təxminən 5 litr su tutumu, gövdəsində 1870 il və sair möhürlər, “Баташева” və sair yazılar olan odun samovarı-1300.00 manat, -01 ədəd qara rəngli “Goldion” markalı pul qabı- 50.00 manat. Tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan 22 dekabr 2022-ci il tarixli “Maddi sübutun saxlanması üçün sahibinə təhvil verilməsi haqqında” qərardan görünür ki, 01 ədəd 1870 il və sair möhürlər, “Баташева” və sair yazılar olan odun samovarı və 01 ədəd qara rəngli “Goldion” markalı pul qabının saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 22 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, 01 ədəd 1300 manat dəyərində olan təxminən 5 litr su tutumu, gövdəsində 1870 il və sair möhürlər, “Баташева” və sair yazılar olan odun samovarı və 01 ədəd 50 manat dəyərində olan qara rəngli “Goldion” markalı pul qabı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan AR ƏN Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsinin məktubundan görünür ki, Əbilov X3 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il il tarixdə müddətin sona çatması ilə cəzadan azad olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə kifayət qədər sübutların toplanılmadığını və toplanmış sübutların müqayisəli təhlili və tədqiqi ilə aparılmış məhkəmə istintaqının nəticələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, o, həmin maddələlər üzrə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini bildirsə də zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin müəyyən edilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş materiallarında olan maddi sübut kimi maddi sübut kimi tanınmış 01 ədəd “Bataşev” yazısı olan odun samovarın və 01 ədəd “Goldion” markalı pul qabın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42,344-349, 350-353, 356, 358,383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci və 180.2.3-cü maddələri ilə 3 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “Bataşev” yazısı olan odun samovarının və 01 ədəd “Goldion” markalı pul qabının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-106/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-106/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver