Məhkəmə qərarları › İş №1(009)-107/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-107/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-107/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs: X6 iştirakları ilə, 10 yanvar 1993-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, Kürdəmir rayonu, Mollakənd ərazi dairəsi, Mollakənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev 24A-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X6, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, X11, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda, istintaqa məlum olmayan şəraitdə qanunsuz olaraq ümumi təmiz çəkisi 1,143 qram boz rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib əynində olan göy rəngli cins şalvarın sağ ön cibində saxlayaraq daşımış, 23 oktyabr 2024-cü il tarixdə saat 14:30da Səbail rayon polis İdarəsinin 8-ci polis bölməsinin və Səbail RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-nin 8-ci polis bölməsinə aparılmış və orada 15:15-dən etibarən üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən kibrit qutusunun içərisindən 20 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,054 qram, 0,035 qram, 0,079 qram, 0,044 qram, 0,082 qram, 0,087 qram, 0,049 qram, 0,060 qram, 0,045 qram, 0,035 qram, 0,060 qram, 0,132 qram, 0,054 qram, 0,039 qram, 0,023 qram, 0,078 qram, 0,045 qram, 0,039 qram, 0,043 qram, 0,060 qram olmaqla ümumi təmiz çəkisi 1,143 qram eyni tərkibli kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və ittiham aktında yazılan ifadəsini inkar edərək bildirmişdir ki, o narkotik istifadəçisidir. Hər gün ən azı 2 dəfə narkotik vasitə qəbul edir. Hazırki cinayət işi ilə əlaqədar bildirir ki, polis əməkdaşları onu evdən aparıblar. Yoldaşı da evdə olmuşdur hətta aparılmağını qonşular da görmüşdür. Saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır, narkotik vasitələri yaşadığı evdə kombinin yanında qoymuşdur. Cəmi 4 büküm narkotik vasitə olmuşdur və həmin vasitələri özü könüllü polis əməkdaşlarına təqdim etmişdir lakin polis əməkdaşları həmin 4 büküm narkotiki artıraraq 20 büküm etmişlər və həmin miqdarla ittiham vermişlər. Polis bölməsində olan zaman ona fiziki təziqlər olmuşdur. Belə ki, ayağının altından vurmuşlar və onu boğmuşlar. Onu məcbur ediblər ki, narkotik vasitələrin satışı ilə məşğul olmasını etiraf etsin. Təziqlərdən sonra məcbur qalaraq narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirmişdir. Təziqlərə məruz qalmasını ibtidai istintaq zamanı ona təyin olunmuş vəkilə bildirmiş eyni zamanda bu barədə Ombudsmana və Baş prokurorluğa şikayət etmişdir. Təqsirləndirilən şəxs X2 sözündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmədiyini, yəni narkotik vasitəni satmaq niyyəti ilə deyil şəxsi istifadəsi üçün hissələrə bölərək paketlərə qoyduğunu, bundan başqa ailə vəziyyətinin ağır şəraitdə yaşamasını, himayəsində azyaşlı övladlarının olmasını, valideynlərinin yaşlı olmalarını, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olmasını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Mətləb adlı şəxs üzərində qanunsuz olaraq narkotik vasitənin saxlaması, daşıması və satması ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və Səbail RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müəvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsinə getdik. Saat 12:00-da Gülbala Əliyev küçəsi 24A saylı ünvanın qarşısında olarkən «Mətləb» adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, şəxsiyyəti onlara sonradan məlum olan X9 Səbail RPİ-nin 8-ci polis bölməsinə dəvət etmişlər, sonuncu razılaşaraq onlarla birlikdə 8-ci polis bölməsinə gəlmişdir. Sonra raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması baş təhqiqatçı Mahir Feyzullayevə həvalə olunmuşdur. Baş təhqiqatçı Mahir Feyzullayev tərəfindən Mətləb Heydərov şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Mətləb Heydərovun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Mətləb Heydərov əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd kibrit qutusundan 20 ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Mətləb Heydərovun üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Mətləb Heydərovun təqdim etdiyi bükümlər açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Yerilən şifahi suallara cavab olaraq Mətləb Heydərov təqdim etdiyi bükümlərdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroinin özünə məxsus olduğunu, heroini 23 oktyabr 2024-cü il tarixdə saat 11:30 radələrində tanıdığı Ramin adlı şəxsdən Bayıl qəsəbəsində 40 manat müqabilində satış məqsədilə əldə etdiyini bildirmişdir. Daha sonra Mətləb Heydərovun üzərindən aşkar olunan 20 ədəd bükümlərdə olan narkotik vasitə heroinə bənzər maddə baş təhqiqatçı tərəfindən qablaşdırılmış və götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə analoji ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş “məhkəmə-kimyəvi” ekspertizasının 24 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-6/4970 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №52” dairəvi möhür əksi, “vətəndaş X6 üzərindən aşkar edilərək götürülmüş 20 büküm narkotik maddəyə bənzər vasitə şübhəli şəxs (imza) M.S.Heydərov» yazısı və imzalar olan zərfdəki, 20 (iyirmi) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,054 qram, 0,035 qram, 0,079 qram, 0,044 qram, 0,082 qram, 0,087 qram, 0,049 qram, 0,060 qram, 0,045 qram, 0,035 qram, 0,060 qram, 0,132 qram, 0,054 qram, 0,039 qram, 0,023 qram, 0,078 qram, 0,045 qram, 0,039 qram, 0,043 qram, 0,060 qram, ümumi təmiz çəkisi 1,143 qram boz rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 6/4970 saylı xx.xx.2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 23 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, 1.143 qram qəbul olunmuş və 0.943 qram geri qaytarılmışdır. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, X1 RPİ-nin 8-ci polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd kibrit qutusundan 20 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Eyni zamanda iş materiallarında görünür ki, təqsirləndirilən şəxs X6 üzərindən aşkar olunmuş 1,143 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli X.Mirzəyev, A.Səfərov və R.Səfərova tərəfindən verilmiş ərizədən görünür ki, qonşuları X11 məhəllədə və ya digər yerlərdə narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şəxsi istifadəsi üçün narkotik vasitə qəbul etməsindən məlumatları vardır. X11 bir qonşu kimi ətrafdakılara heç vaxt ziyan vurmamışdır əksinə əlindən gələn köməkliyi göstərmişdir. Göstərilənlərin nəzərə alınması məhkəmədən xahiş edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, təqsirləndirilən şəxs X6 himayəsində xx.xx.2009-cu il təvəlüdlü övladı vardır. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X11 23 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 oktyabr 2024-cü il tarixdə cinayət işi üzrə X11 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli 23 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin qanunun 1.0.10-cu bəndinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin qanunun 1.0.11-ci bəndinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununun İ siyahısının 83-cü bölməsinə görə heroin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X6 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən himayəsində azyaşlı övladının olmasını, yaşadığı yer üzrə qonşuları tərəfindən müsbət xarakterizə olunmasını onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Eyni zamanda məhkəmə, təqsirləndirilən şəxs X6 məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olan ittiham üzrə özünü təqsirli bilməməsinə dair xüsusatlara tənqidi yanaşaraq, özünü müdafiə kimi qiymətləndirmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 oktyabr 2024-cü il tarixli protokoldan və video görüntüdən görünür ki, X1 RPİ-nin 8-ci polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd kibrit qutusundan 20 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Eyni zamanda şübhəli şəxs qismində saxlanılan zaman verdiyi izahatında və təqsirləndirilən şəxs qismində dindirilən zaman törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Həmçinin məhkəmə iclasında ifadə verən zaman bildirmişdir ki, polis bölməsində olan zaman ona fiziki təziqlər olmuşdur. Belə ki, ayağının altından vurmuşlar və onu boğmuşlar. Göstərilən halların araşdırılması ilə bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinə müvafiq məktubla müraciət olunmuş və həmin idarədən daxil olmuş xx.xx.2025ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X6 müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 52-C-25 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin iş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məhkumluq haqqında arayışdan görünür ki, X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək ona 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 15 aprel 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Hazırki cinayət hadisəsinin 23 oktyabr 2024-cü il tarixində baş verdiyini nəzərə alaraq məhkəmə qeyd edir ki, X6 əməlində residiv müəyyən olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Bu səbəbdən məhkəmə, X10 cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə məhkəmə, təqsirləndirilən şəxs X10 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, əvvəllər də digər cinayət əməllərinə görə məhkumluğunun olmasını və hazırda əməlində cinayətlərin residivinin müəyyən olunmasını nəzərə alınaraq, hesab edir ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, təqsirləndirilən şəxs X11 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, X6 cəzaçəkmə müddətinin əvvəli 23 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2024-cü il tarixli, 7738 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı X7 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası qanununun 1.0.22-ci maddəsinə əsasən, məcburi müalicə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada həyata keçirilən narkomanlıq xəstəliyinə düçar olan şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X10 narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X10 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 114 manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0.943 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd DVD diskin iş materiallarında saxlanılmasını və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X6 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: X11, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 23 oktyabr 2024-cü il tarixdən hesablansın. X13 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X10 narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.943 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manatın X4 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən təqsirləndirilən şəxs X6 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, “Kapital Bank” Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar