Məhkəmə qərarları › İş №1(009)-108/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-108/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-108/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Etibar oğlunun iştirakları ilə, xx.xx.1998-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, işləməyən, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2000-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, işləməyən, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq özgənin əmlakını talayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 04 radələrində özünün Niderland Krallığının vətəndaşı Zərərçəkmiş şəxs aldığı ünvan 3 ünvanda yerləşən “Garden İnn” otelinin 501 nömrəli otağının açarı ilə qapını açıb otağa daxil olub, Zərərçəkmiş şəxs məxsus gödəkçənin cibində olan həmin dövrün milli manat məzənnəsi 1460 manat 40 qəpik təşkil edən 800 Avro nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 1460 manat 40 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs1 Niderland Krallığının vətəndaşı Zərərçəkmiş şəxs aldığı ünvan 3 ünvanda yerləşən “Garden İnn” otelinin 501 nömrəli otağının açarı ilə qapını açıb otağa daxil olub, Zərərçəkmiş şəxs məxsus gödəkçənin cibində olan həmin dövrün milli manat məzənnəsi 1460 manat 40 qəpik təşkil edən 800 Avro nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 1460 manat 40 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2, ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, onlar onu şöbənin qabağında gözləyiblər. Açarı verib ki, krem gətirsinlər. Onlar otağa gedib içəri girəndə çantanın içindən pulu götürüblər, pulu da bölüblər. Sabahısı gün onlara zəng vurub, şöbəyə çağırıblar. Orada onlara bildiriblər ki, 800 Avro götürüblər. 400 Avro götürdüklərini bildiriblər. Orada onlara təzyiq göstərərək iki qatına imza etdiriblər. Şöbədə onları döyüblər. Məcburi şəkildə qəbul ediblər. Onlar ona iki qat ödəniş edib. Götürdükləri pulu təhvil veriblər, daha sonra evdən borc alaraq ikinci qatını veriblər. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1, ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xarici vətəndaş özü açarı verib onlara. Xarici vətəndaş 4 saat əvvəl vətəndaşla dalaşdığına görə şöbədə olub. Ona bələdçilik edirdi. O deyib ki, otaqda krem və buz var o otağa girə bilmir, siz girin. Onlar da daxil olub otağa pulu götürüblər. İkisi birlikdə gedib götürüb. Pul çantanın içində kremin yanında idi. Pulun məbləği 400 Avro olub. Pulu onlar həmin günü ona qaytarıblar. Həmin gün onlardan şikayət edib. Sui-istifadə edib iki qat pul tələb edib onlardan. Dəymiş ziyan ödənilib, istintaqda da şikayətinin olmamasına dair ərizə alınıb. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqda bildirmişdir ki, Niderland Respublikası, Amsterdam şəhərində yaşayır. 29 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəlib və Bakı şəhərində yerləşən, “Miraj” “Pasaj” otellərində qalıb. 04 noyabr 2024-cü il tarixdən isə ünvan 4 ünvanında yerləşən “Garden İnn” otelində qalıb. İlk 3 gün 301 saylı nömrədə, 4-cü gün isə 501 saylı nömrədə qalmağa başlayıb. 08 noyabr 2024-cü il tarixdə saat 03 radələrində o Bakı şəhəri, Səbail rayonu, Torqovıy (Fəvvarələr Meydanı) adlanan ərazidə sonradan adının Sənan olduğunu bildiyi şəxs ona yaxınlaşıb bələdçi olduğunu və onu əyləndirməyə aparmağı təklif edib. O da razılaşıb və birlikdə “Enjoy” kluba gediblər. Klubda təxminən 1 saat olduqdan sonra təxminən 04-05 radələri olardı ki, 3 nəfər ərəb əsilli şəxslərlə mübahisə edib və onlarla dalaşıb. O klubdan bayıra çıxdıqdan sonra orada olanlardan polisə məlumat vermələrini xahiş edib və tanımadığı şəxs polisə məlumat verib. Polis əməkdaşları gəlib onları polis bölməsinə aparıblar. Orada araşdırma aparmağa başlayıblar. Həmin vaxt Sənan polis bölməsinə gəlib. O, Sənandan otelə gedib onun qaldığı otaqdan krem gətirməsini deyib otağın açarını Sənana verib. Sənan ondan pul aldı ki, gələndə marketdən ona buz da alsın. Sənan gedib təxminən 1-2 saatdan sonra geri qayıdıb. Saat 07 radələrində polis bölməsində Sənan bir nəfər şəxslə dayanıbmış. O, onlardan ayrılıb otelə gedib. Saat təxminən 08 radələrində o hazırlaşırmış ki, öz ölkəsinə qayıtsın. Buna görə də əşyalarıı toplamağa başlayıb. O, gödəkçənin cibinə baxan zaman gödəkçənin cibində olan 800 Avro pulun olmadığını görüb. Polisə məlumat verib. O, 800 Avro puldan başqa heç nəyinin oğurlanmadığını bildirib. İş materiallarında olan 09 noyabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (c.i.v.1). İş materiallarında olan 08 noyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan ünvan 3 ünvanda yerləşən “Garden İnn” otelində baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (c.i.v.16-20). İş materiallarında olan 09 noyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi 6 saylı binanın blokunda yerləşən elektrik şitində baxış keçirilmiş. Təqsirləndirilən şəxs1 elektrik şitinin içərisindən 8 ədəd 50 Avro və 1 ədəd 100 manatlıq əskinazlar çıxartdı. Baxış video çəkilişlə aparıldı və video görüntülər protokola əlavə edilmişdir (c.i.v.25-27). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v. 64). İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 noyabr 2024-cü il tarixdə, saat 00:45-də şübhəli şəxs qismində tutulmuşdur (c.i.v.42). İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 09 noyabr 2024-cü il tarixdə, saat 02:10-da şübhəli şəxs qismində tutulmuşdur (c.i.v.60). İş materiallarında olan 10 noyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (c.i.v.75-76). İş materiallarında olan 10 noyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (c.i.v.88-89). İş materiallarında olan Səbail rayon Məhkəməsinin 4(009)-602/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 09 noyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (c.i.v.109-112). İş materiallarında olan Səbail rayon Məhkəməsinin 4(009)-603/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 09 noyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (c.i.v.113-116). İş materiallarında olan Səbail rayon Məhkəməsinin 4(009)-639/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (c.i.v.120-126). İş materiallarında olan Səbail rayon Məhkəməsinin 4(009)-662/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (c.i.v.156-162). İş materiallarında olan 14 dekabr 2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmişdir (c.i.v. 132). İş materiallarında olan 14 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə yenidən yeni ittiham elan edilmişdir (c.i.v. 134-135). İş materiallarında olan 15 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə yenidən yeni ittiham elan edilmişdir (c.i.v. 144-145). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 11 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixdə Abşeron RPİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2024-cü il tarixdə cinayət işi məhkəməyə göndərilib (c.i.v.117-118). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 11 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvəllər məhkum olunmamışdır (c.i.v.119). İş materiallarında olan qəbzlərdən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 300 Avro, 400 Avro və 180 manat qaytarmışdır (c.i.v. 73-74). İş materiallarında olan Səbail rayon Məhkəməsinin 1(009)-108/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 1(009)-108/2025 saylı, 10 fevral 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş İ-7289 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş İ-15519 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş İ-9054 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş İ-38406 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş İ-38638 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 anası “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş 126767 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 anası müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş İ-44288 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş İ-22417 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş tibbi arayışlarından görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilmişdir. xx.xx.2024-cü il tarixdə azadlığa buraxılmışdır. İlkin tibbi müayinə zamanı o, deməsinə görə hərbi xidmətdə olarkən Kəlləbeyin travmasına görə müalicələr aldığını bildirmişdir. İlkin tibbi müayinə nəticəsində ona “Keçirilmiş Kəllə-beyin travması Anamnezində” diaqnozu qoyulmuşdur. Sorğu zamanı zədə almadığını bildirmişdir. Təcridxanada saxlandığı dövrdə müayinələrə cəlb olunmuş (R-müayinə, qanın ümumi analizləri) və onda stasionar müalicə tələb edən patoloqiya aşkar edilməmişdir və Tibb-sanitar hissəsinə müraciəti olmamışdır. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb- sanitar hissəsində ilkin tibbi müayinədən keçirilmişdir. xx.xx.2024-cü il tarixdə azadlığa buraxılmışdır. İlkin tibbi müayinə zamanı o, xəstəlik keçirmədiyini bildirmişdir. İlkin tibbi müayinə nəticəsində ona “Praktiki sağlam” diaqnozu qoyulmuşdur. Sorğu zamanı zədə almadığını bildirmişdir. Təcridxanada saxlandığı dövrdə müayinələrə cəlb olunmuş (R-müayinə, qanın ümumi analizləri) və onda stasionar müalicə tələb edən patologiya aşkar edilməmişdir və Tibb-sanitar hissəsinə müraciəti olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən özgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməyibsə, cinayətin icraçısı tərəfindən törədilən əməl cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilə bilməz. Belə halda, CM-nin 33.3-cü maddəsinə müvafiq olaraq, cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməlidir. Həmin Qərarın 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli onların özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ibtidai istintaqda verdiyi ifadəsi, maddi sübutlar və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, vurulmuş ziyanı tam qaytarmasını, özünün və anasının Vətən müharibəsi iştirakçısı olmalarını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, vurulmuş ziyanı tam qaytarmasını, Vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətlərini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onlar tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini, işin digər mühüm və diqqətəlayiq hallarını (Abşeron RPİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi olduğunu), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 barəsində Səbail rayon Məhkəməsinin 4(009)-602/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbs etmənin əvvəli 09 noyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Səbail rayon Məhkəməsinin 4(009)-639/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materialları ilə həmçinin təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 barəsində Səbail rayon Məhkəməsinin 4(009)-603/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbs etmənin əvvəli 09 noyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Səbail rayon Məhkəməsinin 4(009)-662/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 09 noyabr 2024-cü il tarixindən 26 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı gün nəzərə alınmalı və onlara təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla onlara təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi2 ödənilməsi üçün “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun Kapital Bankdakı hesabına, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Etibar oğlu tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi1 Etibar oğluna ödənilməsi üçün “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun Kapital Bankdakı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 09 noyabr 2024-cü il tarixdən 26 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı 06 ay 17 gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla cəzadan çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 09 noyabr 2024-cü il tarixdən 26 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı 06 ay 17 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini-ünvan 1ndə yerləşən mənzili dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini-ünvan 2ndə yerləşən yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi2 ödənilməsi üçün “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun Kapital Bankdakı hesabına, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Etibar oğlu tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi1 Etibar oğluna ödənilməsi üçün “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun Kapital Bankdakı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar