Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-109/2021 19.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədov Azər Rafiq oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, onun müdafiəçisi X7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1 və X4 iştirakları ilə, X1 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeyri-yaşayış sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi açıq hərrac nəticəsində xx.xx.2018-ci il tarixində almışdır. Sözügedən hərracın keçirilməsindən əvvəl qeyri-yaşayış sahəsinə dair məlumatlar və onun fotoşəkilləri AR ƏMDK-nin rəsmi internet səhifəsində yerləşdirilmiş və qeyri-yaşayış sahəsinin satışı barədə açıq elan verilmişdi. Bu elanla tanış olduqdan sonra, o, AR ƏMDK- nin Hərrac Mərkəzinə müraciət etmişdir. Oradan ona qeyri-yaşayış sahəsinin dəqiq harada yerləşdiyi bildirilmiş və eyni zamanda deyilmişdir ki, qeyri-yaşayış sahəsinin açarları Xalıq adlı qonşudadır. O, etibarnamə üzrə nümayəndəsindən xahiş etmişdir ki, qeyri-yaşayış obyektinə getsin və onun vəziyyətinə baxış keçirsin. Onun nümayəndəsi xx.xx.2018-ci il tarixində ünvana gəldi, cavabdehlə görüşdü və obyektin hərraca çıxarıldığı üçün ona baxış keçirmək istədiyini bildirdi. Qonşu obyekin hərraca çıxarıldığından xəbərdar idi, çünki bunu ona AR ƏMDK-nin mütəxəssisləri demişdilər və obyektin saytda yerləşdirilməsi üçün fotoşəkillərini çəkmişdilər. Obyektin açarlarını özündə saxlayan cavabdeh oranın qapısını açmış və onun nümayəndəsi obyektə baxış keçirmişdi. xx.xx.2018-ci il tarixində AR ƏMDK-nin Hərrac Mərkəzində hərracda iştirak etmişdir, ondan başqa həmin obyekt üzrə hərracda heç kim iştirak etmirdi. O, hərracda həmin obyekti almış və xx.xx.2018-ci il tarixində ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Gözlədiyinin əksinə olaraq X5 və X10 tərəfindən ona qarşı sərt neqativ reaksiya verilmiş və onlar obyektin açarlarını verməkdən boyun qaçırmışlar. Qonşunun uzun- uzadı, əsəbi nitqindən sonra nəhayət razılığa gəlindi ki, bazar günü, yəni xx.xx.2018-ci il tarixində obyekti ona təhvil versinlər. O, yenidən xx.xx.2018-ci il tarixində həmin ünvana gəlmiş və obyekti sahibliyinə almaq üçün qonşularla görüşmüşdür. Bu dəfə barəsində xüsusi ittiham qaydasında şikayət verilən Hüseynov Xalıq adlı qonşu da həyətdə idi və ona qarşı olduqca sərt münasibət göstərdi. Daha sonra onun həyat yoldaşı - X5 və oğlu hərə bir tərəfdən ona təzyiq göstərərək onu oraya buraxmayacaqlarnı, onu bu yerdən istifadə etməyə qoymayacaqlarını bildirmişlər. O, ilk növbədə qanunvericiliyə uyğun olaraq, həm də cəmiyyətdə qəbul olunmuş adət-ənənələrə, ədəb-ərkana, adi insani qaydalara riayət etməklə bu obyekti aldığını, qanunu pozmadığını bildirmiş, qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu təsdiq edən DƏDRX-dən Çıxarışı, Texniki Pasportu və şəxsiyyət vəsiqəsini onlara təqdim etmişdir. Lakin, dəfələrlə təkrar etməyinə baxmayaraq onlar ona məxsus obyektdə yerləşdirdikləri əşyaları oradan çıxarmaqdan və obyekti ona təhvil verməkdən boyun qaçırmışlar. O, qarşıdurma yaranmasın, əsəblər gərilməsin deyə onlardan xahiş etmişdir ki, obyekti xx.xx.2018-ci il tarixinə kimi özlərinə aid əşyalardan təmizləsin və hərraca çıxarılmış mövcud durumda ona təhvil versinlər. O, xx.xx.2018-ci il tarixində əlaqa saxlayaraq açarları almaq istəmiş, onlar xx.xx.2018-ci il tarixinə kimi möhlət istədilər. O, razı olmuş, lakin sonradan, xx.xx.2018-ci il tarixində də obyektin açarlarını ona verə bilməyəcəklərini bildirmişlər. Uzun müddət ərzində aparılan danışıqlar yolu ilə qanuni mülkiyyətində olan qeyri-yaşayış sahəsinə daxil ola bilmədiyi üçün hüquqlarının müdafiəsi və bərpası məqsədilə xx.xx.2018-ci il tarixində Səbail rayon məhkəməsinə müraciət etmişdir. Cavabdehlərin (hazırki iş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin) həqiqətə uyğun olmayan, yalan və iftira dolu ərizələri və iddiaları nəticəsində məhkəmə çəkişməsi xx.xx.2020-ci il tarixinə kimi olan müddətə kimi uzandı. Bütün məhkəmə instansiyalarında - Səbail Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Xətai Rayon Məhkəməsində, Ali Məhkəmədə yekdil şəkildə onun iddiası tam həcmdə təmin edilmişdir. Nəhayət xx.xx.2020- ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3070/2020 saylı Qərarı ilə Səbail Rayon Məhkəməsinin Qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin buna rəğmən də barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər onun əmlakını ona könüllü təslim etməkdən boyun qaçırdılar. Yalnız Bakı şəhəri, Səbail Rayonu İcra və Probasiya Şöbəsi icra məmurlarının işə müdaxilə etməsindən, məhkəmə qərarı qəbul edildikdən 3 ay sonra sonra - xx.xx.2020-ci il tarixində, o, mülkiyyətində olan əmlakını sərəncamına ala bilmişdir. Aktın surəti şikayət ərizəsinə əlavə edilmişdir. Yəni əmlakı qanuni yolla mülkiyyətinə aldıqdan (xx.xx.2018) düz iki il sonra - xx.xx.2020-ci ildə, uzun məhkəmə çəkişmələri, vaxt, mənəvi sarsıntılar və maddi məsrəflər hesabına o, nəhayət ki, hüquqlarının bərpasına nail ola bilmişdir. Bütün bunlar cavabdehlərin ədalətsiz, məkrli, yalan, bötan, ifitira dolu iddialan nəticəsində baş vermişdir. Mülkiyyətində olan obyekti təhvil ala bilməməyi və dəfələrlə cavabdehlə gərgin danışıqlar onun dərin psixoloji sarsıntı keçirməyinə gətirib çıxarmışdır. Baxmayaraq ki, məhkəmə qətnaməsi icra olunmaqla ona məxsus əmlakdan sərbəst istifadə hüquqları bərpa olunsa da, barəsində xüsusi ittiham irəli sürdüyü şəxslər öz məkrli, qonşuluğa və birgəyaşayış qaydalarına zidd olan, qeyriqanuni hərəkətlərini yenə də davam etdirmişlər. Onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə (ümumi sahəsi 24,4 kv.metr olan, yarızirzəmi sahə) yeganə yol binanın ümumi istifadədə olan həyətindən keçir. Cavabdehlər binanın blokundan ayrıca girişlərinin olmasına baxmayaraq həmin həyəti qeyri-qanuni olaraq zəbt etmişlər və həyətə keçən insanları sorğulayır, nə üçün gəldiklərini, niyə gəldiklərini, kim olduqlarını və sair və ilaxır sorğularla terrorizə edirlər, insanlara təhqirlər, qarğışlar yağdırılar, özlərini həyətin sahibi kimi aparır və ona mülkiyyətindən sərbəst və rahat şəkildə istifadə etməyə imkan vermirlər. Belə çıxır ki, o, gərək onlara əvvəlcədən hesabat verə ki, bura kim gəlir, niyə gəlir, nə vaxt gəlir, nə vaxt gedəcək və sairə. Apardığı araşdırmalar zamanı məlum olmuşdur ki, cavabdehlər Hüseynova Zəminə və Hüseynov Xalıq əvvələr də binanın digər qonşularına münasibətdə özlərini bu kimi qeyri-qanuni tərzdə aparmışlar, həyəti qeyri-qanuni olaraq zəbt etməyə çalışmışlar. Yalnız Səbail Rayon İcra Hakimiyyətinin, 8 Saylı MKİS-nin işə müdaxilasindən sonra cavabdehlərin qeyri-qanuni zəbtinin qarşısı alınmışdır. Bu barədə göstərilən qurumların nümayəndələri tərəfindən xx.xx.2008-ci il tarixli AKT tərtib edilmiş, Hüseynova Zəminə və Hüseynov Xalıqa etdikləri hərəkətlərin qanunsuz olduğuna dair rəsmi xəbərdarlıq edilmişdir. Görünür, hadisədən 12 il ötdüyü səbəbindən cavabdehlər öz qanunsuz hərəkətlərinin unudulduğunu zənn edərək, indi də onu hədəfə almışlar, indi də onu terrorizə edib həyətdən sıxışdırıb çıxarmaq istəyirlər. 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayında özünün, ustanın, əmlak ofisi əməkdaşının və yaxınlarının iştirakı ilə qeyriyaşayış sahəsinə, həmçinin bütün qonşuların ümumi istifadəsi üçün nəzərdə tutumuş olan həyətə daxil olmaq istəyərkən onu və tanışlarını ağır təhqirlər, nalayiq sözlərlə təhqir etmiş və ona böhtan dolu sözlər yağdırmışlar. O, cavabdehlərin bitmək bilməyən qeyri-qanuni hərəkətlərinə son qoyulması üçün DİN-nin 102 qaynar xəttinə, həmçinin xx.xx.2020-ci il tarixində Səbail Rayonu Pois İdarəsinin Rəisi, polis polkovniki, cənab Cavid Muxtarova (əslində Muradov) ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq Bakı şəhəri, Səbail rayonu Polis İdarəsinin 9-cu Polis Bölməsində ünvanına xx.xx.2020-ci il tarixli, 067- 16623H-1220 saylı məktub daxil oldu. Məktubda cavadhedin izahatı alındığı və yaranmış problemin aradan qaldırıldığı bildirilir. Cavabdehlərin törətdikləri maneçiliklərinə və yersiz sözlərindən son dərəcə narahat olduğu üçün 102 qaynar xəttinə zəngindən sonra polis bölməsində izahat versə də nə X10, nə də X1 barəsində heç bir təsirli tədbir görülməmişdir. Həmin şəxslərdən ifadə etməkdə utandığım təhqirlərə və nalayiq sözlərə məruz qalan olduğu halda, özünü haqlı göstərmək istəyən X5 guya onu təhqir etməyi barədə Səbail Rayon Məhkəməsinə ərizə verməklə ona açıq aşkar böhtan atmışdır. İş hakim Günel Səmədovanın icraatına verilmiş (1(009)- 105/2021-002), ilk iclas xx.xx.2021ci il tarixinə təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ünvan 3 ünvanında yaşayan X5 və X10 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə, cəzalar qismən toplanılmaqla hər birinə 10 (on) ayadək müddətə azadlıqdan məhrum etməilə cəzalandırılmasına dair məhkəmə hökmü qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X9 şikayətini müdafiə etdiyini bildirdi və şikayət ərizəsinə uyğun olaraq izahat verərək məhkəmə qətnaməsi qəbul edilənədək qanunsuz olaraq həyətə buraxılmadığını, ona və həyətə göndərdiyi adamlara maneələr yaradıldığını, həmin maneələrin bugün də davam etdiyini və buna görə də maddi və mənəvi ziyan gördüyünü qeyd edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X3 müdafiəçisi X11, xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək, faktın olduğunu, lakin deyilən ifadələrin işlədilməsi mümükün olmadığını qeyd edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X5 şikayəti qəbul etməyərək, heç bir zaman X6 qarşı təhqirə və böhtana yol vermədiyini, onun və göndərdiyi adamların həyətə daxil olmasına onlar tərəfində heç bir maneə yaradılmadığını, hətta X3 həmin əmlakla bağlı bügünədək kifayət qədər təmir-bərpa işləri gördüyünü bildirmiş və xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X10 şikayəti qəbul etməyərək, heç bir zaman X6 qarşı təhqirə və böhtana yol vermədiyini, X6 əmlakdan istifadə ilə bağlı heç bir maneə yaratmadığını, yalnız həyətə gələnlərdən onların kimliyini soruşduğunu və onlar kim olduqlarını demədikləri üçün həyətə buraxmadığını bildirmiş və xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Bu mənada, X9 şikayət ərizəsində X1 və X4 onu təhqir etməsini, özünü haqlı göstərmək istəyən X1 guya onu təhqir etməyi barədə Səbail Rayon Məhkəməsinə ərizə verməklə ona açıq aşkar böhtan atdığını göstərsə də, şikayətdə istinad olunan əməlin X5 və X10 tərəfindən törədilməsini təsdiq edəcək heç bir sübut şikayətə əlavə edilməmişdir. Bundan əlavə şikayət ərizəsində X1 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, təhqir və böhtan xarakterli əməllərin konkret olaraq hansı söz və ifadələrdən ibarət olması göstərilməmişdir. Yəni barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi göstərilməmişdir. Məhkəmə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq, qeyd etməyi zəruri hesab edir ki, X1 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməli harada, nə vaxt törədilməsini, əməlin məhz həmin şəxslər tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Göründüyü kimi şikayət ərizəsində X2 və X8 istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X3 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət forma və məzmunca Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyindən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88, 293, 299,300, 302, 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-109/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-109/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver