Məhkəmə qərarları › İş №1(009)-11/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-11/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-11/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işsiz, Abşeron rayonu, Qobu qəsəbəsi, Cabbar Cabbarlı küçəsi, ev 11-də qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, R.Behbudov küçəsi, ev 8-də yaşamış, barəsində Səbail Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,758 qram olan ağ kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, əynindəki qara rəngli cins şalvarın sağ yan cibində daşıyaraq üzərində saxlamış, 09 dekabr 2023-cü il tarixdə, saat 12:25 dəqiqədə, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 34 ünvanın qarşısında olarkən, o, narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyindən, Bakı şəhəri, Səbail RPİ-nin NMB-nin və 39 PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, ünvan 1 ünvanda yerləşən Bakı şəhəri, Səbail RPİ-nin 39-cu PBnin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki qara rəngli cins şalvarın sağ yan cibində, həmin bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,758 qram olan ağ kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini aşkar edib götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ilkin izahatı, etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Qobu qəsəbəsi, Cabbar Cabbarlı küçəsi, ev 11-də qeydiyyatda olsa da faktiki olaraq müvəqqəti Bakı şəhəri, Səbail rayonu, R.Behbudov küçəsi ev 8-də yaşayır, rəsmi heç bir yerdə işləmir, hərdən düşdükdə fərdi olaraq fəhləlik edir. O, təxminən bir il olar ki, “patı” adlanan psixotrop maddə metamfetamini müxtəlif üsullarla yəni iynəyərək və ya çəkərək qəbul edir, qəbul etdiyi psixotrop maddələri isə tanımadığı şəxslərdən alıb tək qəbul edir, bu barədə ailə üzvləri və ya tanışları bilmir, buna onu heç kim təhrik etməmişdir. 09 dekabr 2023-cü il tarixində,saat 12:20 radələrində o, tək müvəqqəti yaşadığı evin yanında “Hesablama palatası” ilə üzbəüz Səbail rayonu, Xəqani küçəsi 34 ünvanında yol kənarında tək dayandığı zaman, ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirərək, onun psixotrop maddələrin istifadəsində və üzərində saxlamağında şübhə etdiklərini bildirərək, onu 39-cu Polis bölməsinə dəvət etdilər. Daha sonra polis əməkdaşları ilə birlikdə 39-cu PB-nin inzibati binasına gəlmişdir. Ona verilmiş ittiham üzrə bildirmişdir ki, saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Əvvəllər narkotik istifadəçisi olmuş lakin sonradan müalicə alaraq istifadə etməmişdir. Həmçinin bildirmişdir ki, saxlanılan zaman ona qarşı fiziki təzyiqlər olmuşdur. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilmədiyi üçün ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri,Səbail RPİ-nin 39-cu PBnin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, 09 dekabr 2023-cü il tarixdə,Bakı şəhəri, Səbail RPİ-nin 39-cu PB-də xidmətdə olarkən, xidməti ərazisində yəni Səbail rayonu, R.Behbudov küçəsi, ev 8-də yaşayan, Abşeron rayonu, Qobu qəsəbəsi, Cabbar Cabbarlı küçəsi, ev 11-də qeydiyyatda olan, xx.xx.1988-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs yaşadığı ərazidə narkotik vasitə və psixotrop maddələrin istifadəsi və daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı almışdır. O, Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etdikdən sonra, 09 dekabr 2023-cü il tarixdə aldığı məlumatı yoxlamaq məqsədi ilə Səbail RPİ-nin 39-cu PB-nin rəisinə raportla məruzə etmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair tərəfindən qərar qəbul etmiş, həmin qərar Səbail RPİ-nin 39-cu PB-nin rəisi tərəfindən təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müəyyən edib ifşa etmək məqsədi ilə onun rəhbərliyi ilə Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmiş və həmin əməliyyat qrupu əməliyyat-axtarış tədbirlərini keçirilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı ünvanı ətrafında gedib tədbir keçirərkən, 09 dekabr 2023-ci il tarixdə, saat 12:30 dəqiqədə, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanın qarşısında müəyyən edilmiş, əməliyyat qrupu yəni o, və Şahid2 Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olmalarını bildirib vəsiqələrini təqdim edərək, həmin şəxsə özünü təqdim etməsini təklif etdikdə, həmin şəxs özünü xx.xx.1988-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin istifadəsində və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhə edildiyini, bununla bağlı əməliyyat tədbiri keçirilməsini bildirərək, sonuncunu Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasına dəvət etmiş, Təqsirləndirilən şəxs etiraz etməddən, əməliyyat qrupu ilə birlikdə Səbail rayonu, Zərifə Əliyeva küçəsi 28 saylı ünvanında yerləşən Səbail RPİ-nin 39-cu PBnin inzibati binasına gəlmişdir. Polis bölməsində o, əməliyyat müvəkkili Şahid2la keçirilmiş əməliyyat tədbirinin nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb 39-ci PB-nə gətirilməsi və barəsində müvafiq araşdırma aparılmasına dair rəhbəliyə raportla məruzə etmiş, PB-nin rəisi tərəfindən fakla bağlı müvafiq araşdırma və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmaqla müvafiq qərar qəbul edilməsi 39-ci PB-nin təhqiqatçısı Sərxan Məmmədliyə həvalə edilmişdir. Bundan sonra təhqiqatçı S.Məmmədli tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edib təqdim edilmiş, sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmaqla, hüquq və vəzifələri izah etmişdir. Sonra təhqiqatçı S.Məmmədli qəbul etdiyi şəxsi axtarış və götürülmə aparılmasına dair qərar əsasında, əməliyyat-axtarış tədbirinin iştirakçılarının yəni onun və əməliyyat müvəkkili Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Cahangir Cavadovun iştirakları ilə video-çəkiliş aparılmaqla, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlamazdan öncə şübhəli şəxsə təkrarən hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyaların və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan büküm çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı S.Məmmədli tərəfindən əlavə axtarış aparılmış və başqa heç bir əşya aşkar edilməmiş, eyni zamanda təhqiqatçı S.Məmmədli tərəfindən Təqsirləndirilən şəxs masa üzərinə qoyduğu bir ədəd sellofan büküm açıldıqda içərisində ağ rəngli klistalik şəkildə psixotrop maddəyə oxşar kütlə olması müəyyən edilmiş, sorğular zamanı Təqsirləndirilən şəxs həmin bükümün işərisində olan maddənin “patı” adlanan psixotrop maddə metamfetamin olmasını, özü qəbul etmək üçün bir gün əvvəl yəni 08 dekabr 2023-ci il tarixdə, günün axşam saatlarında, Bakı şəhəri, Nəsimi rayonu, “Təzə Bazar” adlanan ərazidə “Aska” adı ilə özünü təqdim etmiş tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata almasını və özü qəbul etmək üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra təhqiqatçı S.Məmmədli tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd içərisində psixotrop maddəyə oxşar maddə olan bükümü bir ədəd boş zərfə qoyulub möhürlənmiş, həmin zərf onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra təhqiqatçı S.Məmmədli tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və üzərindən içərisində psixotrop maddəyə oxşar bir ədəd bükümü aşkar edilib götürülməsi barədə protokol tərtib edildi, həmin protokol ucadan oxunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs özü, vəkili, axtarışda iştirak etmiş o, və digər polis əməkdaşı, əməliyyat müvəkkili Şahid2 tərəfindən imzalanmışdır. Bundan sonra faktla bağlı təhqiqatçı S.Məmmədli tərəfindən zəruri istintaq hərəkətləri aparılmışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri,Səbail RPl-nin NMB-nin əməkdaşı Şahid2, digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Famil əvvəllər narkotik vasitə istifadə etmiş sonra isə müalicə almış və evdən çölə çıxmamışdır. İş üzrə bildirir ki, 4-cü mərtəbədə qapının qarşısını təmizləyən zaman görmüşdür ki, Famili üç nəfər şəxslər sürüyə-sürüyə aparır. Bu hadisə Xəqani küçəsində baş vermişdir. O bunu görüb çölə çıxana qədər həmin şəxslər artıq Famili aparmışlar. Sonradan bilmişdir ki, Famili 39-ci Bölməyə aparmışlar və o, da həmin bölməyə getmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş “məhkəmə-kimyəvi ekspertizasının” 09 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6332 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №49” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,758 qram olan ağ kristalik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 3-16-16/2-6/6332 saylı xx.xx.2023cü il tarixli materialların məhkəmə ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 09 dekabr 2023-cü il tarixli aktdan görünür ki, 0.758 qram qəbul olunmuş, 0,05 qram nümunə götürülmüş və 0.708 qram geri qaytarılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 12 dekabr 2023-cü il tarixli 8152 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli diskə baxış protokolundan və iş materiallarına əlavə edilmiş DVD formatlı diskdəki videogörüntülərə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, 09 dekabr 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı,sonuncu Səbail RPİ-nin 39-cu PB-nin inzibati binada xidməti otaqda, PB-nin təhqiqatçı S.Məmmədli təklifi ilə əynindəki əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı, içərisində ağ rəngli kristalik hissəciklərdən ibarət psixotrop maddəyə oxşar kütlənin bir ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim etməsi əks olunmuş, həmin video görüntülər köçürülmüş bir ədəd “DVD” formatlı “CD” disk iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 09 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əyninə geydiyi qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyini təqdim edərək bildirdi ki, təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş ağ rəngdə kristalvari narkotik maddə patıdır. Həmin narkotik maddəni xx.xx.2023-cü il tarixində axşam saatlarında “Təzə Bazar” adlanan yerin yanından “Aska” adlı şəxsdən almış, öz istifadəsi üçün üzərində saxlamışdır. Daimi olaraq narkotik maddə istifadəçisidir. Həmçinin əyninə geydiyi qara rəngli gödəkçəyə baxış keçirilmiş, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan bir ədəd şəffaf rəngli sellofan kəsiyi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 49 saylı möhürü ilə möhürlənərək götürüldü.Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. Habelə şübhəli şəxs Təqsirləndirilən şəxs onu bölməyə gətirilən zaman hər-hansı bir zora və ya təhqirə məruz qalması soruşulduqda o, heç bir zora məruz qalmadığını, təhqir olunmadığını və bu barədə heç kimdən şikayətinin və ya tələbinin olmadığını bildirdi. Habelə o, aparılmış şəxsi axtarışdan da şikayətinin olmadığını və bunu da imzası ilə təsdiq etdiyini qeyd etmişdir. Bakı Probasiya İdarəsindan sorğuya cavab olaraq göndərilən 24 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən koordinatlar üzrə məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:00-dan saat 03:05-dək yaşayış yerində (Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 18), saat 03:06- da yaşayış yerini tərk edərək Neftçilər prospekti, Yusif Səfərov küçəsi və Babək prospektindən istifadə etməklə saat 03:15-dən saat 03:29-dək Bakı şəhəri, Nizami rayonu, Kəşlə qəsəbəsi, M.Ə.Sabir küçəsində naməlum ünvanda olmuş, saat 03:37- də geri qayıdaraq saat 11:19-dək fasilələrlə qısa müddətə yaşayış yerini tərk etmiş, saat 11:20-də hərəkətə başlayaraq saat 11:29-dan saat 17:50-dək Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Şöbəsinin, saat 18:10-dan etibarən Səbail Rayon Polis İdarəsinin inzibati binasında saxlanılmışdır. İş materiallarında olan “şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2023-cü il tarixdə saat 12:25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi” haqqında 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o saxlanıldığı Bakı şəhəri Səbail RPİ-nin X7 azad edilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-145/2024 saylı, 04 aprel 2024-cü il tarixli qərarına əsasən, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Səbail Rayon Polis İdarəsi tərəfindən göndərilmiş 30 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq Səbail RPİ-nin MSY-nə yerləşdirilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-145/2024 saylı, 30 aprel 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş məhkumluq haqqında arayışa əsasən Təqsirləndirilən şəxs: - Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmişdir. - Xətai Rayon Polis İdarəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən xitam edilmişdir. - Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-314/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Probasiya İdarəsindan sorğuya cavab olaraq göndərilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə ona təyin olunmuş cəzanın 01 il 01 ay 25 gününü çəkmiş, 10 ay 01 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsində özünü təqsirli bilməyərək saxlanılan zaman üzərində heç bir psixatrop maddənin olmadığını və eyni zamanda ibtidai istintaq zamanı ona fiziki təziqlərin olunması hissəsində olan ifadəsini toplanmış mötəbər sübutlarla təkzib edildiyindən tənqidi yanaşaraq onun özünümüdafiə xarakterli ifadəsi kimi qiymətləndirilmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 09 dekabr 2023-cü il tarixli protokoldan və iş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif olunduqda o əyninə geydiyi qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyini təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş ağ rəngdə kristalvari narkotik maddə patıdır və həmin narkotik maddəni xx.xx.2023-cü il tarixində axşam saatlarında “Təzə Bazar” adlanan yerin yanından “Aska” adlı şəxsdən almış, öz istifadəsi üçün üzərində saxlamışdır. Həmçinin iş materiallarına əsasən, xx.xx.2023-cü il tarixdə Səbail RPİ-nin 39-cu bölməsində izahat, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilən və xx.xx.2023cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Səbail RPİ-nin 39-cu Polis Bölməsində saxlanılan zaman ona həmin bölmənin əməkdaşları tərəfindən üzünə zərbələr vurulması və bu səbəbdən üzündə şiş əmələ gəlmişdir məlumatı ilə əlaqədar 26 noyabr 2024-cü il tarixdə Səbail Rayon Prokurorluğuna məktubla müraciət edilmişdir. Səbail Rayon Prokurorluğundan məhkəməyə daxil olmuş “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, 24 aprel 2024-cü il tarixdə Səbail rayon məhkəməsində məhkəmə çağırışlarına gəlmədiyi üçün barəsində həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2024-cü il tarixdə Səbail rayonu, Xaqani küçəsində Səbail RPl-nin 39-cu PB-nin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Səbail RPİ-nin 39-cu PB-nin polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də, faktiki olaraq ona qarşı heç bir fiziki zorakılıq edilməmişdir. O, özünü müdafiə etmək üçün belə bir məlumat vermişdir. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zorakılıq edilməmiş və o, xəsarət almamışdır. Heç kəsdən şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İİ siyahısına görə psixotrop vasitə olan metafetaminin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixatrop maddə metamfetamin təmiz çəkisi 0,758 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq zamanı etiraf edici ifadələri, şahid ifadələri, ekspert rəyiləri, iş materiallarında olan video görüntü və əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixatrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmasını və hal-hazırda Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş və çəkilməmiş müəyyən müddətdə azadlığın məhdudlaşdırılması cəzasının olmasını nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 1(005)-314/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Probasiya İdarəsinin məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixə ona təyin olunmuş cəzanın 01 il 01 ay 25 gününü çəkmiş, 10 ay 01 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.4-cü maddəsi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bu səbəbdən, məhkəmə, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 1(005)-314/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 10 ay 01 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsini və Təqsirləndirilən şəxs qəti cəza təyin olunmasını məqəsəduyğun hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 dekabr 2023cü il tarixdən 11 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddətin 01 (bir) günü 01 (gün) azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin müddətin ona təyin olunmuş cəzadan çıxılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12ci maddələrinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 24 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 12 dekabr 2023-cü il tarixli 8152 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 65 (altmış beş) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan 0,758 qram psixatrop maddə metamfetamin maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatından sonrakı qalıq qalan 0,758 qram metamfetaminin məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 1(005)-314/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 10 (on) ay 01 (bir) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına, yəni 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırki hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 dekabr 2023-cü il tarixdən 11 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsinə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzacəkmə müddətinin əvvəli 24 aprel 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq qalan 0,708 qram psixatrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 720 (yeddi yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM:AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar