Məhkəmə qərarları › İş №1(009)-111/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-111/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-111/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli işləməyən, məhkum olunmamış ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ona görə ittiham olunur ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2,430 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamış, ölkə daxilində elan edilmiş komendant saatını pozduğuna görə 02 dekabr 2020-ci il tarixdə saat 01:30 radələrində ünvan 2 ünvanın qarşısında X7 Alayının 4-cü Polis bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin 41-ci PB-in inzibati binasına aparılmış və orada xidməti otaqda üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən “Roltmans” markalı siqaret qutusunun içərisindən 01 ədəd gümüşü rəngli kağız bükümündə həmin psixotrop maddə metamfetamin aşkar edilərək ondan götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir aya yaxındır metamfetamindən istifadə edir. Metamfetamini adətən müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə edir və həmin müddət ərzində cəmi 2-3 dəfə istifadə etmişdir. 01 dekabr 2020-ci il tarixdə saat 20:30 radələrində Səbail rayonu Bayıl qəsəbəsində zahirən tanıdığı 1 nəfərdən 20 (iyirmi) manat qarşılığında gümüşü rəngli kağıza bükülmüş metamfetamin alaraq daha sonra istifadə etmək üçün üzərində olan Roltmans markalı siqaret qutusuna yerləşdirərək qutunu əynində olan qara rəngli gödəkçəsinin cibinə qoymuşdur. Daha sonra ərazidə bir qədər gəzmiş, 02 dekabr 2020-ci il tarixdə saat 01:30 radələrində evə gedən zaman Səbail rayonu T.Məmmədov küçəsi 9 ünvanın qarşısında onu polis əməkdaşları saxlayıb komendant saatını pozduğunu bildirmişdilər. O, həyacanlandığından polis əməkdaşlarından aralanmağa çalışmış, polis əməkdaşları onu saxlayaraq özünü şübhəli aparmağının səbəbini soruşmuşdular. O, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları onu polis bölməsinə aparmışlar. Polis bölməsində xidməti otaqların birində polis əməkdaşları və müdafiəçinin iştirakları ilə ona üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymağı təklif ediləndə, cibində olan digər əşyalarla birlikdə «Roltmans» markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd gümüşü rəngli kağız bükümdə olan metamfetamini də qutunun içərisindən çıxardaraq masanın üzərinə qoymuş, səmimi olaraq həmin bükümün içərisində psixotrop maddə hesab edilən metamfetamin olduğunu və həmin maddəni 01 dekabr 2020-ci il tarixdə Səbail rayonu Bayıl qəsəbəsində tanımadığı bir nəfərdən 20 (iyirmi) manat pula əldə etdiyini bildirmişdi. O, törətdiyi əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 02 dekabr 2020-ci il tarixdə təxminən gecə saat 01:40 radələrində X7 Alayının əməkdaşları tərəfindən ünvan 3 ünvanda yerləşən «İnsaf» marketin qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Səbail RPİ-nin 41-ci Polis bölməsinə gətirilmişdi. Bölmənin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdı. Axtarışda iş yoldaşları, 41-ci PB-nin YYÇPİÜ baş inspektoru, polis mayoru X2 və ÇA üzrə əməliyyat müvəkkili Şahid2 da iştirak etmişlər. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoyması təklif olunmuş, təklifdən sonra sonuncu əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd göy rəngli «Roltmans» adlı siqaret qutusunda, içərisində gümüşü rəngli kağıza bükülmüş spesifik iyə malik olan şəffaf rəngli kristall maddəni, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən «dirol» saqqızı və əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd «Roltmans» adlı siqaret qutusunun içərisində şəffaf rəngli plastik–şüşə əşyanı, şalvarının sağ yan cibindən «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmişdi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı üzərindən başqa heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdi. Şifahi sorğusual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin kristall kimi tanıdığı narkotik vasitə olduğunu, həmin vasitə 01 dekabr 2020-ci il tarixdə tanımadığı şəxsdən Bakı şəhəri Səbail rayonu Bayıl qsəbəsi ərazisində özü istifadə etmək üçün 20(iyirmi) manat müqabilində aldığını bildirmişdi. Baxışın keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol yazılaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar olunmuş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci PB-nin YYÇPİY baş inspektoru X2 və Səbail RPİ-nin 41-ci PB-nin əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu və oxşar ifadələr verərək Şahid3 ifadəsində göstərdiklərini təsdiq etdilər. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 02 dekabr 2020-ci il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixdə, saat 01:40 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.12). İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 02 dekabr 2020-ci il tarixdə, saat 01:55-də komendant rejimi ilə əlaqdar olaraq 41-ci PB-nin inzibati ərazisində xidmət aparan ƏŞPA-nın polis nəfərləri tərəfindən saxlanılaraq 41-ci PB-yə gətirilmiş Təqsirləndirilən şəxs barəsində 41-ci PB-nin inzibati binasında hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş vəkilinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd göy rəngli «Roltmans» qutusunda, içərisində gümüşü rəngli kağıza bükülmüş sfesifik iyə malik olan şəffaf rəngli kristal maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin “Kristal” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddənin özü istifadə etmək üçün 20(iyirmi) manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş maddə və əşya cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 239 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış zamanı “Samsung Galaxy A50” markalı mobil telefon vasitəsilə video çəkiliş aparılmışdır. (iş vər. 23-24) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 02 dekabr 2020-ci il tarixli 6/2631 nömrəli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…X3…» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,430 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir, bir ədəd şüşə borucuğun daxilində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. Tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manatdır.(iş vər. 33-36). İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 02 dekabr 2020-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 41-ci PB-si tərəfindən bir ədəd zərfdə 2,430 qram maddə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 2,380 qram maddə geri qaytarılmışdır (iş vər. 38). İş materiallarında olan “videogörüntüyə baxış keçirilməsi və şübhəli şəxsə təqdim edilməsi haqqında” 02 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış və axtarış aparmazdan əvvəl sonuncuya üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymağı təklif edir, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin yan sağ cibindən 01 ədəd göy rəngli «Roltman» markalı siqaret qutusunu, əynində olan göy rəngli cins şalvarın cibindən dirol saqqızları, şalvarının sağ yan cibindən 01 ədəd Samsung markalı mobil telefonu və əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd şüşə borucuğu çıxarıb könüllü olaraq masanın üzərinə qoyur. Sonra «Roltmans» markalı siqaret qutusunun içərisindən bir ədəd gümüşü rəngli kağız bükümdə olan psixatrop maddə olan metamfetaminə oxşar kütləni qutunun içərisindən çıxarıb masanın üzərinə qoyur. Bükümün içərisində nə olduğu soruşulanda o, həmin bükümün içərisində psixotrop maddə hesab edilən – metamfetamin olduğunu və həmin maddəni 01 dekabr 2020-ci il tarixdə Səbail rayonu Bayıl qəsəbəsində tanımadığı kişi cinsli şəxsdən özü istifadə etmək üçün 20 (iyirmi) manat pula aldığını bildirir (iş vər. 45). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2020-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir (iş vər. 56). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Ədalət Aslanovun 03 dekabr 2020-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir (iş vər. 68-69). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 03 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir (iş vər. 70-71). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 10 dekabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır (iş vər. 78). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 fevral 2021-ci il tarixli 342 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alnması məsləhət görülür (iş vər. 83-84). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixdə, saat 01:40 dəqiqədə şübhəli şəxs kimi tutulmuş və 03 dekabr 2020-ci il tarixdə, saat 16:40 dəqiqədə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən həbsdən azad edilmiş və onun barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixdə, saat 01:40 dəqiqədən 03 dekabr 2020-ci il tarixdə, saat 16:40 dəqiqəyədək, yəni həbsdə saxlanıldığı 02 (iki) gün həbsdə olma müddəti ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 2,380 qram çəkidə dövriyyəsi qadağan olunmuş psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixdən 03 dekabr 2020-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 200020316 saylı cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. 200020316 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 2,380 qram çəkidə dövriyyəsi qadağan olunmuş psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN ********** SWİFT BİK AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 03 saylı vəkil (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar