Məhkəmə qərarları › İş №1(009)-111/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-111/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-111/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, ünvan 2ə barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,397 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əsaslı şübhələr olduğundan Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis bölməsinin əməkdaşları tərəfindən 17 oktyabr 2023-cü il tarixdə saat 19:00-da o, ünvan 3 ünvanda yerləşən “Çinici” adlı geyim mağazasının qarşısında piyada hərəkət edərkən saxlanılaraq ünvan 4 ünvanda yerləşən Səbail Rayon Polis İdarəsinin 39-cu Polis bölməsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ cibindən bir ədəd qızılı rəngli kağız bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-in 234.1- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək, məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında mülkiyyət əleyhinə olan cinayətlərin açılması və qarşısının alınması istiqamətində Səbail RPİ-nin və bölmənin əməkdaşları tərəfindən birgə tədbirlər keçirilmiş, həmin tədbirlər çərçivəsində 17 oktyabr 2023-cü il saat 19:00-da ünvan 6 ünvanda yerləşən “Çinici” adlı geyim mağazasının qarşısında Səbail RPİ-nin 39-cu Polis bölməsinin əməliyyat müvəkkili Şahid1lə birlikdə xidmətdə olarkən qeyri-adekvat hərəkətlər edərək müəyyən şübhələrə səbəb olan və onları görüb yayınmağa çalışan təxminən 35-40 yaşlarında olan şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra onu Səbail RPİ-nin 39-cu Polis bölməsinə dəvət etmişlər. O, da təkliflə razılaşaraq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmiş, bölmədə olan zaman isə onun Abşeron şəhər sakini Təqsirləndirilən şəxs olması, oğurluq cinayət əməlləri ilə heç bir əlaqəsinin olmaması müəyyən edilmişdir. Lakin bölmədə olan zaman Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadəçisi olduğunu bildirdiyindən onun qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etməsi və daşıması ilə bağlı əsaslı şübhələr yaranmışdır. Odur ki, bölmədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərinə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin büküm açılmış və bükümün içərisində heroinə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlənin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman həmin bükümdə olan kütlənin heroin olmasını və saxlanılmamışdan əvvəl yerdən tapıb şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra isə aşkar edilmiş həmin büküm zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə, saat 19:52-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanması, icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış icraata qəbul edilmiş və işə ********* nömrəsi verilmişdir. İş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutların götürülməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əyninə geyindiyi göy rəngli şalvarın sağ cibindən bir ədəd qızılı kağıza bükülmüş bükümü təqdim edərək, həmin bükümün içərisində heroin olduğunu və onu yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə içərisində narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 49 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5529 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,397 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktından görünür ki, AR DİN Səbail RPİ-nin 39-cu PB-si tərəfindən 0,397 qram qəhvəyi maddə təqdim edilmiş, müvafiq olaraq 0,05 qram nümunə götürülmüş, 0,347 qram, maddə geri qaytarılmışdır. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* № cinayət işi icraata qəbul edilərək istintaq edilmişdir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs ********* № cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli 6860 №-li Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olumuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 05 noyabr 2023-cü il tarixli “maddi sübut kimi tanınma və saxlama barədə” qərarından görünür ki, ********* № cinayət işi üzrə üzərində kiçik hərflərlə “verbatim” yazısı həkk olunmuş bir ədəd DVD-R modelli disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 12 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində kartotekada heç bir məlumat yoxdur. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işinin materiallarına və elan olunmuş ittihamın mahiyyətinə tam uyğun olduğundan cinayət işində olan təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə kimyəvi ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 6/5529 nömrəli, məhkəmə narkoloji ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 6860 nömrəli ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu, baxış keçirilməsi protokolu və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut kimi tanınmış 0,397 qram çəkidə narkotik vasitə heroinin tədqiqat və kimyəvi ekspertiza keçirildikdən sonra 0,347 qram çəkidə qalan hissəsinin RPİ-nin saxlanc yerinə verilmiş, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən üzərində kiçik hərflərlə “Verbatim” yazısı həkk olunmuş bir ədəd DVD-R modelli diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan 09 dekabr 2023-cü il tarixli “cinayət işindən materialların ayrılması haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs götürülmüş 0,397 qram çəkidə narkotik vasitə olan heroinin mənbəyi müəyyən edilməsi üçün materiallar ayrılmışdır. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli Səbail rayon Məhkəməsinin 4(009)-35/2024 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 22 fevral 2024-cü il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən məhkəməyə daxil olmuş 47/2-5268 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə ********* nömrəli cinayət işi başlanmış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 1(009)- 203/2024 saylı hazırlıq qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən hallarını, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq tutulduğu müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 8 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Səbail rayon məhkəməsi tərəfindən 1(009)-203/2024 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Belə ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan - Səbail Rayon Polis İdarəsində saxlanılan 0,347 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 8 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Səbail rayon məhkəməsi tərəfindən 1(009)-203/2024 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail Rayon Polis İdarəsində saxlanılan 0,347 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X1¬liyi Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 366 (üç yüz altmış altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar