Məhkəmə qərarları › İş №1(009)-113/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-113/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-113/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1996-cı ildə Qusar rayonunun Həzrə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" QSC-də mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq yaşadığı evi tərk etmiş və xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs «Covid-19» virus infeksiyasına yoluxmuş şəxs kimi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxsin evdə özünütəcrid şəraitində qalması barədə qeydiyyatına alınsa da sanitariya-gigiyena rejimi qaydalarını pozaraq xx xxxxxx 2020-ci il tarixdə yaşadığı ünvanı tərk edib «Covid-19» virus infeksiyası xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə əvvəlcə anası Şahid2, daha sonra isə özü iy və dad bilmə qabiliyyətini itirdikləri üçün anasının mobil telefonu ilə koronovirus məlumat mərkəzinə zəng edərək bu barədə xəbər vermişdir. xx xxxxxx 2020ci ildə iki nəfər həkim gələrək evdə anası ilə ondan burun və boğazlarından testdən keçirmək üçün yaxma götürmüşlər. xx xxxxxx 2020-ci ildə anasının və xx xxxxxx 2020-ci ildə onun mobil telefonuna «SMS» vasitəsilə hər ikisinin pozitiv olaraq koronovirus infeksiyası xəstəliyin daşıyıcısı olmaları barədə məlumat gəlmişdir. Hər ikisində koronovirus yolxucu xəstəliyi aşkar edildiyindən ev şəraitində sağalana qədər müalicə almağı və ictimai yerə çıxmağın qadağan olması, bu xəstəliyin müalicəsi üçün sahə həkimi ilə əlaqə saxlanılması onlara bildirilmişdir. Bundan sonra anası ilə o, sahə həkimi ilə əlaqə saxlayıb ev şəraitində müalicə almağa başlamışlar. Karantində olduğu müddətdə məcburiyyət qarşısında qalaraq dəfələrlə aptekdən müalicə üçün lazım olan dərmanların alınması, ərzaq ehtiyacları üçün, eyni zamanda yeganə oğlu müharibədə iştirak etdiyi üçün tək yaşayan və xəstə olan bibisinə dərman və yemək aparmaq üçün evi tərk etməli olmuşdur. Yalnız bir dəfə xx xxxxxx 2020-ci il tarixdə ciddi zərurət olmadan ön şüşəsi yerindən çıxdığından nasaz vəziyyətə düşmüş mobil telefonunu təmir etdirmək üçün 28 may metrosunun yanına telefon təmiri mağazasına getmişdir. Lakin təmir üçün deyilən məbləğdə pulu olmadığından mobil telefonunu təmir etdirmədən evə qayıtmışdır. Evlərinə çatan zaman qapının yanında iki nəfər polis işçisinin olduğunu görmüş, onlara yaxınlaşan zaman onun haradan gəlməsini və koronavirus xəstəsi olduğu üçün ev şəraitində sağalana kimi evdən çölə çıxmağının qadağan olmasını demişlər. O da onların bu dedikləri ilə razılaşmış və bu zaman polislər onu xüsusi avtomobillə Səbail rayon Polis İdarəsinə gətirmişlər. O, xəstə olduğu müddətdə ehtiyac olduğu üçün Bakı şəhərində müxtəlif ünvanlarda, yəni Lökbatan qəsəbəsi, Nizami rayonu, Səbail rayonu və sair ünvanlarda olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, «Covid-19» pandemiyası ilə bağlı DİN-dən bu barədə göstərişin qeydiyyatı haqqında əldə olunmuş siyahı əsasında inzibati ərazidə yaşayan pandemiya xəstələrin evlərini tərk etməmələri ilə bağlı iş yoldaşı sahə rəisi Şahid1 ilə birlikdə yoxlanış və nəzarət həyata keçirilirdi. xx xxxxxx 2020-ci ildə saat 16 radələrində adı Covid-19 xəstəliyinə tutulmuşların siyahısında olan, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs ünvana getmişlər, anası Şahid2 qapını açaraq oğlu Təqsirləndirilən şəxs evdə olmadığını və mobil telefonun təmir etdirmək üçün 28 May metrosunun yanında təmir yerinə getdiyini bildirdi. Onlar orada dayanaraq Təqsirləndirilən şəxs evə qayıtmasını gözləmişlər. Elçin gəldikdə ondan haradan gəlməsini soruşmuşlar o telefonunun təmir etmək məqsədilə evi tərk etdiyini bildirmişdir. Bundan sonra onlar bu barədə rəhbərliyə məruzə etmişlər və xüsusi ayrılmış qrup avtomobildə gələrək Təqsirləndirilən şəxs Səbail RPİ-nin növbətçi hissəsinə gətirib təhvil vermişlər. Həmin vaxt mobil telefonu vasitəsilə video çəkiliş aparılmış və həmin video fayl istintaq orqanına təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin sahə rəisi Şahid1 eyni məzmunlu ifadə verərək şahid Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında birlikdə yaşadığı oğlu Elçin ilə iy və dad bilməni itirdiklərinə görə xx xxxxxx 2020-ci il tarixdə təcili tibbi yardım çağırıb analiz vermişlər. «Təbib»dən xx xxxxxx 2020-ci il tarixdə onun analizinin cavabı, xx xxxxxx 2020-ci il tarixdə isə oğlu Elçinin analizinin cavabının pozitiv olması barədə “SMS” vasitəsilə məlumat gəlmiş, həmçinin yaşayış yerlərini tərk etməməkləri barədə xəbərdarlıq edilmişlər. Onlar «Covid-19» əleyhinə müalicəyə başlamışlar, hər ikisi evdə olub ictimaiyyətdən təcrid olunmaqla müalicə olunurmuşlar. xx xxxxxx 2020-ci ildə oğlu Elçin istifadəsində olan mobil telefonu nasaz olduğundan təmir etdirmək üçün evdən çıxmışdır. Bundan bir müddət sonra həyət qapıları döyülmüş və qapını açdıqda qapını döyənlərin iki nəfər polis əməkdaşları olmasını görmüşdür, polis əməkdaşları oğlu Elçinin evdə olub-olmadığını soruşduqda Elçinin mobil telefonunu təmir etdirmək üçün getdiyini onlara demişdir. Həmin vaxt oğlu Elçin gəlmiş və polis əməkdaşları Elçini Səbail RPİ-yə aparmışlar. «Covid-19» virus infeksiyasının daşıyıcısı olduğu müddətdə oğlu Elçin hərdən ailə ehtiyacları, ərzaq, dərman almaq və xəstə olan bibisinə yemək və dərman aparmaq üçün yaşadıqları evdən çıxmışdır. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və iş üzrə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli məlumatlara baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 9:34-də «İTS.GOV.AZ» portalından təqsirləndirilən şəxsin mobil nömrəsinə «HÖRMƏTLİ ELÇİN EMİRXANOV. SİZİN xx.xx.2020 Cİ İL TARİXİNDƏ COVİD-19 İLƏ BAĞLİ VERDİYİNİZ TESTİN NETİCƏSİ POZİTİVDİR. XAHİŞ OLUNUR, SİZ VƏ AİLƏ ÜZVLƏRİNİZ YAŞAYİŞ YERİNİZİ TƏRK ETMƏYƏSİNİZ. KARANTİN REJİMİNİ POZDUĞUNUZ TƏQDİRDƏ, AZƏRBAYCAN RESPUBLİKASİNİN İNZİBATİ XƏTALAR VƏ CİNAYƏT MƏCƏLLƏLƏRİNDƏ NƏZƏRDƏ TUTULMUŞ QAYDADA MƏSULİYYƏTƏ CƏLB OLUNA BİLƏRSİNİZ» «SMS» mətni daxil olmuşdur (i/v 10-11). İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il CD-R diski götürülməsi və diskdə görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı həmin diskdə olan videogörüntülərin dörd ədəd fayldan ibarət olması aşkar edilmişdir və həmin disklərdə olan videogörüntülərdən müəyyən olunur ki, ilk fayldа küçədə saxlanılmış ** BP *** dövlət qeydiyyat nişanlı POLİS «Dobla» markalı avtomobil görüntülənir, avtomobilin qabaq sağ oturacağından Pandemiya ilə əlaqədar həkim geyim formasında bir nəfər düşür, sükan arxasından isə başqa həkim düşərək avtomobilin oturacağından nəsə axtarır, sonra bir nəfər polis geyim formasında olan şəxsin qara rəngli mülki geyimdə olan şəxslə avtomobilə yaxınlaşmaları görüntülənir, həmin şəxsin baş hissəsi görünmür. Baxışda iştirak edən Şahid3 bildirdi ki, həmin baş hissəsi görünməyən qara gödəkçədə olan şəxs Təqsirləndirilən şəxsdur və özünü polis mayoru Şahid1 təqdim edir, sonra da küçənin digər tərəfinə keçirlər. Həmin görüntü 00:26 müddət davam edir; -İkinci fayldakı görüntülər Arif İsmayılov küçəsi 35 saylı həyət evinin giriş qapısının çölündədir, həmin görüntüdə də baş hissəsi görünməyən qara rəngli gödəkçədə şəxsin polis mayoru geyim formasında olan şəxslə söhbət etmələri görünür. Baxışda iştirak edən Şahid3 bildirdi ki, həmin polis mayoru geyim formasında olan iş yoldaşı Şahid1 «Covid- 19» virusu ilə xəstələnmiş Təqsirləndirilən şəxsla özünütəcrid şəraitində yaşayış yerini tərk etməməklə evdə müalicəsini davam etdirməli olması, yaşayış yerini tərk etdiyinə görə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə söhbət edirmişlər. Həmin görüntü 00:21 müddət davam edir; -Üçüncü fayldakı görüntülər A.İsmayılov küçəsində olan 35 saylı evin qarşısı görüntülənir, həmin vaxt küçədə saxlanılan tünd rəngli avtomobilin sağ yan hissəsi ilə Təqsirləndirilən şəxs piyada polislərə tərəf gəlməsi görüntülənir. Həmin görüntüdə Təqsirləndirilən şəxs sifət və baş nahiyəsi aydın görünür. Təqsirləndirilən şəxs polis mayoru Şahid1 yaxınlaşır və ona sənəd göstərir, sonra onlar küçənin digər tərəfinə keçirlər. Həmin görüntülər 00:14 müddət davam edir; -Dördüncü fayldakı görüntülər polis mayoru Şahid1 A.İsmayılov küçəsi-35 ünvanına giriş qapısının qarşısında dayanması, qapını üzü görünməyən qadının açması və polis mayoru Şahid1 həmin qadınla söhbət etməsi görünür. Baxışda iştirak edən Şahid3 bildirdi ki, iş yoldaşı Şahid1 qapını açan şəxs Təqsirləndirilən şəxs anası Şahid2dır və Şahid1 Elçinin harada olmasını anası Reyhandan soruşur, sonuncu da Elçinin evdə olmadığını, telefon təmiri üçün 28 May ərazisinə getdiyini bildirir. Həmin görüntü də 00:21 müddət davam edir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli antenn dairəsi barədə izahlı qaiməyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** Bakcell mobil nömrəsinin xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək müddətdə antenn dairəsi barədə məlumatlar olan izahlı qaimədə 1085 sıra nömrəsi vardır. Həmin qaimənin ilk sırasında - -xx.xx.2020-ci il, saat 08:58:24-dən xx.xx.2020-ci il 11:53:23-ə qədər olan müddətdə Bakı şəhəri Səbail rayonu Salyan şossesi 2-ci Yubiley döngəsi antenn dairəsində olması; -xx.xx.2020-ci il saat 12:44:37-dən xx.xx.2020-ci il saat 13:59:27-dək Qaradağ rayonu Lökbatan qəsəbəsi antenn dairəsində olması; -xx.xx.2020-ci il saat 14:00:45 dən xx.xx.2020-ci il saat 14:12:07-dək Bakı şəhəri Səbail və Xətai rayonlarının müxtəlif ünvanlarındakı antenn dairələrində olması; -xx.xx.2020-ci il saat 14:16:49-dan xx.xx.2020-ci il saat 13:40:34-dək Səbail rayonu, Salyan şossesi 2-ci Yubiley döngəsində, yəni yaşadığı ünvanın antenn dairəsində olması; -xx.xx.2020-ci il saat 13:40:37-dən xx.xx.2020-ci il saat 14:16:13-dək öz yaşadığı ünvanda deyil, Səbail rayonunun müxtəlif ünvanlarındakı antenn dairələrində olması; -xx.xx.2020-ci il saat 14:16:21-dən xx.xx.2020-ci il saat 18:24:47-dək Səbail rayonu, Salyan şossesi 2-ci Yubiley döngəsində, yəni yaşadığı ünvanın antenn dairəsində olması; -xx.xx.2020-ci il saat 18:32:02-dən 18:45:17-dək öz yaşadığı ünvanda deyil Səbail rayonunun müxtəlif ünvanlarında olan antenn dairələrində olması; -xx.xx.2020-ci il saat 18:50:54-dən xx.xx.2020-ci il saat 20:36:06-dək ünvan 10 ünvanında, Mehtizadə STR Baku, Laləli parkı, Həsən Əliyev prospekti-2, Nərimanov rayonu X1 ev-82, Atatürk prospekti, ünvan 12 ünvanlarında olan antenn dairələrində olması; -xx.xx.2020-ci il saat 20:36:14-dən xx.xx.2020-ci il saat 08:13:42-dək öz yaşadığı ünvanda, yəni Səbail rayonu, Salyan şossesi 2-ci Yubiley döngəsinin antenn dairəsində olması; -xx.xx.2020-ci il saat 08:25:15-dən xx.xx.2020-ci il saat 19:56:54-dək öz yaşadığı ünvanda deyil Səbail və Nəsimi rayonlarının müxtəlif ünvanlarında olan antenn dairələrində olması; -xx.xx.2020-ci il saat 20:46:38-dən 21:46:30-dək Səbail rayonu, Salyan şossesi 2-ci Yubiley döngəsində, yəni yaşadığı ünvanın antenn dairəsində olması; -xx.xx.2020-ci il saat 08:24:11-dən 18:48:42-dək öz yaşadığı ünvanda deyil, Səbail və Nəsimi rayonlarının müxtəlif ünvanlarındakı antenn dairələrində olması; -xx.xx.2020-ci il saat 20:35:24-dən xx.xx.2020-ci il saat 08:03:44-dək öz yaşadığı ünvanda, yəni Səbail rayonu, Salyan şossesi 2-ci Yubiley döngəsinin antenn dairəsində olması; -xx.xx.2020-ci il saat 08:14:04-də Nəsimi rayonu Nizami küçəsi-23; -11:38:42- Dəmiryolu idarəsi, Nəsimi rayonu Nizami küçəsi-129; -16:02:34-Səbail rayonu Neftçilər prospekti; -16:18:12-Səbail rayonu Salyan şossesi 2-ci Yubiley döngəsi, yəni yaşadığı ünvanın antenn dairələrində olması qeydləri vardır. İzahlı qaiməyə baxış zamanı müəyyən olunmuşdur ki, «Covid-19» virusu ilə xəstələnmiş şəxs kimi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxsin evdə özünütəcrid şəraitində qalması barədə qeydiyyata alınmış və yaşayış yerini tərk etməməsi barədə xəbərdar olunmuş Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayının 23dən 2020-ci ilin dekabr ayının 07-dək olan müddət ərzində dəfələrlə yaşadığı ünvanı tərk edərək Bakı şəhərinin müxtəlif ünvanlarında olmaqla karantin rejimi qaydalarını pozaraq «Covid-19» virusu xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 194/KEŞ saylı ekspert rəyindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış labarator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs «Covid-19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitargigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. «Covid-19» virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur (i/v 68-70). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur (i/v 45). İş materiallarına əlavə edilmiş 149 saylı MKİS-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 18 ünvanında yaşayır (i/v 34). İş materiallarına əlavə edilmiş 149 saylı MKİS-dən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu müddət ərzində onun və ailəsinin haqqında heç bir şikayət daxil olmamışdır (i/v 35). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 33 nömrəli Şəhər Poliklinikasının 1-ci şöbəsinin xx xxxxxx 2020-ci il tarixli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 23.11-xx.xx.2021-ci il tarixlərində ev şəraitində COVİD-19 diaqnozu ilə müalicə olunmuşdur. Hal-hazırda vəziyyəti yaxşıdır. Şikayətləri yoxdur (i/v 37). İş materiallarına əlavə edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonuna xx xxxxxx 2020-ci il tarixdə saat 13:20-də «İTS.GOV.AZ» portalından «HÖRMƏTLİ Təqsirləndirilən şəxs, SİZ VƏ SİZİNLƏ EYNİ EVDƏ YAŞAYAN ŞƏXSLƏRİN COVİD-19 İLƏ BAĞLİ EVDƏ ÖZÜNÜTƏCRİD MÜDDƏTİ BİTMİŞDİR. SAĞLAMLİĞİNİZİ QORUYUN» «SMS» mətni daxil olmuşdur (i/v 38-39). Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən hallarını, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs saxlanılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk və onun istifadəsində olan ***-***-**-** Bakcell mobil nömrəsinin xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək müddətdə antenn dairəsi barədə məlumatlar olan 01 ədəd disk cinayət işi üzrə maddi sübut qismində iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 03 saylı Vəkil Bürosunun bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, cari hesab AZ75AİİB********************, VÖEN **********) bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar