Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-113/2025 06.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tanışı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X1 Baş İarəsinə çağırılmasını ona bildirdikdən sonra, yaranmış vəziyyətdən istifadə edərək, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan Surac adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs guya həmin idarə tərfindən tutulacağına dair həqiqətə uyğun omayan məlumat verib inandırdıqdan sonra, sonuncunun ona qarşı yaranmış etibarından sui-istifadə edərək, pul müqabilində bu məsələni həll edəcəyinə dair yalandan vəd verib, 2024-ci ilin mart ayında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin qarşısında Surac adlı şəxslə aralarında qabaqcadan əldə olunmuş razılaşmaya əsasən sonuncunu Zərərçəkmiş şəxs anası Şöhlə Atakişiyevaya təqdim edərək qızının işini birlikdə həll edəcəklərini bildirərək orada Fatimə Xəlilovaya məxsus 13000 manat məbləğində pulu sonuncunun anası Şöhlə Atakişiyevanın vasitəsi ilə alıb aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs 13000 (on üç min) manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək bildirmişdir ki, onu məcbur etməmişdir, ona zəng vurub demişdir ki, belə bir problemi var və onun işini düzəltmək üçün maraqlanmışdır. Fatiməni 2018-ci ildən ortaq dostla tanımış, Fatimə onu keçən il yığmışdı, xaricdə idi, ona deyib ki, insan alveri ilə bağlı işi var. Hüquq-mühafizə orqanı ilə əlaqəsinin olmadığını, orada işləmədiyini deyir. Danışandan sonra öyrənmişdi ki, Fatimə barəsində axtarış var idi. Daha sonra məlum olmuşdur ki, onun barəsində axtarış dəyişildi. Surac vəd vermişdir ki, iş düzələcək. Surac demişdir ki, əlavə 7000 azn məbləğ də lazımdır, 13000 azn dən 5000 azn də özü götürmüşdür. 8000 azn Surac götürmüşdür. Suracı tanımadığını, ortaq tanışı vasitəsilə onu tanıyırdı, amma Suracı tapa bilmirlər. 13000 azn Fatimənin anasından götürmüşdür. Görüş yeri Badamdar ərazisi idi. Pulu Suraca vermişdir. Pulu xərclədiyini, aldığı telefonu Fatiməyə qaytardığını bildirir. Fatimə etiraz edəndə isə, pulu qaytaracağını söyləmişdi. Fatimənin nə vaxt ölkəyə gəldiyini bilmirdi. Suracla sonuncu dəfə 8000 azn verdiyi günün sabahı günü xəbəri olub. 13000 azn-dən 1 gün sonra Surac əlavə pul istəmişdir. Fatiməyə 7000 azn qaytarmış, qalan 6000 azn pulu da verəcəyini qeyd etmişdir. Hamıya da pulu qaytaracağını bildirmişdi. Səhlənkarlıq edib tanımadan pulu verdiyini vurğulamışdır. Ədalətli qərar verilməsini istəyir və zərərçəkmişlə barışmaq istəsə də barışmamışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, lazer işi ilə məşğuldur, Dubaya da işi ilə əlaqəli getmişdi. Yanında gedərkən bir xanım olub. O xanım sadəcə yol yoldaşı olub və o da axtarışda imiş. O xanımla ayrı-ayrı yerlərə getmişdir. Xanımla birgə kameralara düşdüyü üçün barəsində axtarış elan olunub.Ona orada olarkən zəng gəldi ki, bölməyə yaxınlaşsın. Nə qədər soruşsa da səbəbini demədilər. Tural dostu idi və o da qorxub tez Turalı yığmışdır. Turaldan xahiş etmişdir ki, yaxınlaş ora danış. Surac adlı şəxs də narkomandır. Turalla Surac arasında bölüşdürülən məbləği bilmədiyini bildirir. Azərbaycanda olarkən bildi ki, elə də böyüdüləcək məsələ yox imiş. Bölməyə dəvət etdilər və yanında olan xanım barəsində axtarış olduğunu dedilər. Hal-hazırda kirayədə qalır və anası da xəstədir, pulunun qaytarılmasını tələb edirəm. 5000 azn qaytardı, 2000 azn da telefonu hesabladılar. Mehribançılıq olsun deyə telefonu 2000 azn hesabladılar. Ailə üzvlərindən qardaşı, hətta hədə qorxu gəlmişdi ona. Ailəsi ona borc müqaviləsi təklif etmişdi. Pulunun tam ödənilməsini istəyir. Şikayətçidir. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (c.i.v.1). İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.19). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə” 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.38-39). İş materiallarında olan “ittiham elan etmək üçün şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi” haqqında 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (c.i.v.31). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.33). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 47/2-8659 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY-ə təhvil verilmişdir (c.i.v.35). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.36). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 04 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır (c.i.v.60-61). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (c.i.v.62-63). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 11 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci ildə xx.xx.2021-ci il Amnistiya qərarı ilə cəzasının çəkilməmiş 01 il hissəsi azaldılıb və qeydiyyatdan çıxarılıb (c.i.v.27-28). İş materiallarında olan “cinayət əməlinin tövsif olunması barədə” 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (c.i.v.67). İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (c.i.v.69-70). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələrinin sanskiyası dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini ödəməsini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin olunması məqsədə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 1(009)-113/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiriseçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 45 saat, 495 (dörd yüz doxsan beş) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilmli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 dekabr 2024-cü il tarixindən 04 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 45 saat, 495 (dörd yüz doxsan beş) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-113/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-113/2025
06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver