Məhkəmə qərarları › İş №1(009)-116/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-116/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-116/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 183, mənzil 32-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran cinayət əməlini törətmişdir. Belə ki, o, 11 iyul 2022-ci il tarixdə, saat 01:00 radələrində tanışı Zərərçəkmiş şəxs ilə Səbail rayonu, Salyan şossesində yerləşən “Şıxov” çimərliyində olan zaman sonuncunun onunla görüşməkdən yayınması və telefon zənglərinə cavab verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı şəxsi münasibətlərin pozulması zəminində qisas almaq məqsədilə əvvəlcə əl zərbələri ilə daha sonra isə ayağından çıxartdığı ayaqqabını əlinə götürüb həmin ayaqqabı ilə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vuraraq aşağı və yuxarı ətrafın yumşaq toxumaların əzilməsi, burun tağının, sağ bazunun, sağ və sol budun, sağ diz oynağının, sol saidin, sağ əlin arxa səthinin qançırları, sol bazunun, sol əlin arxa səthinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Lamiyə ilə sevgili münasibətində olduğundan bir-birləri ilə mobil telefon vasitəsi ilə zəngləşərək əlaqə saxlamışlar. Son zamanlar isə münasibətlərinin sərinləşməsinə baxmayaraq, 11 iyul 2022-ci il tarixdə Lamiyənin istifadəsində olan mobil telefona zəng vurmuş, lakin, onun mobil telefonuna zəng çatmadığından narahat olaraq onun kirayədə qaldığı evə gələrək mənzilin qapısını döymüş və orada kirayədə qalan qızlardan biri Lamiyənin evdə olmadığını və Gülnarla birlikdə dənizə getdiyini bildirmişdir. O, Lamiyəni görmək üçün orada dayanıb gözləyərkən həmin evdə Lamiyə ilə kirayədə qalan Nərmin adlı rəfiqəsinin başqa bir rəfiqəsi ilə tanımadığı maşından düşdüyünü görüb onlara yaxınlaşaraq Lamiyənin harada olmasını soruşduqda, Lamiyənin günorta saat 13 radələrində rəfıqələri Gülnar və köhnə otaq yoldaşı Sevda ilə birlikdə dənizə getdiyini bildirmişlər. O, həmin gün saat 23 radələrindən saat 01 radələrinə kimi orada dayanıb Lamiyəni gözləmişdir. Həmin ərəfədə bir neçə dəfə zəng etdikdən sonra Lamiyə ilə danışmış və o, içkili vəziyyətdə cavab verdiyi üçün onun hansı dənizdə olduğunu soruşmuş, lakin Lamiyə olduğu yeri deməmişdir. Həmin müddətdə Lamiyənin telefonuna zəng etdikdə onun rəfiqəsi cavab verib Lamiyənin içkili olduğunu bildirmişdir. Lamiyə saat 01:00 radələrində ona zəng edərək məhəllədə olduğunu və içkili vəziyyətdə olduğunu bildirmişdir. Lamiyə ilə orada görüşüb söhbət etdikdə onun həqiqətən də içkili vəziyyətdə olduğunu görüb onu öz maşınına əyləşdirərək “Şıxov” çimərliyinə gətirmiş və Lamiyyədən kiminlə və niyə içdiyini soruşduqda Lamiyə ona “sən kimsən, səninlə qurtarmışam deyib” kobud cavab verərək 3 nəfər qızla birlikdə olduğunu demişdir. Bu zaman Lamiyənin mobil telefonuna baxdıqda onun dəniz kənarında iki nəfər oğlanla çəkilmiş şəklini və içki məclisində videoçəkilişini görüb Lamiyənin yalan danışdığına əsəbləşib ayağında olan şəpitlə onun bədənin müxtəlif nahiyyələrinə, yəni dizinin yuxarı hissəsinə bir neçə dəfə vurmuşdur. Maşınla dənizdə olan Şıxov çimərliyinə tərəf yolda öz aralarında bu barədə mübahisə etmiş, Şıxov çimərliyinə çatanda maşını saxlayıb Lamiyədən kiminlə və niyə içdiyini soruşduqda Lamiyə ona kobud cavab vermişdi. Həmin zaman Lamiyyənin cibindəki kaşelyokunda olan kağızda yazılmış telefon nömrəsini götürüb bu nədi deyəndə Lamiyə başlamışdır ağlamağa, onun kaşelyoku boş idi, yəni pul yox idi, əsəbləşib kaşelyoku çırıb atdışdır Lamiyənin üstünə. Lamiyyə kaşlokundan 1000 manat pulunun olması və həmin pulun götürülməsi barədə dediyi yalandır. Bundan sonra Lamiyəni maşını ilə gətirib evinə düşürtmüşdür. Yolla gələn zaman Lamiyə çox içkili olduğu üçün Bibiheybət məscidinin yanına çatanda ürəyi bulandığı üçün qaytarmaq istəmiş, buna görə maşını orada saxlamışdır. Lamiyyə maşından düşüb qaytarmışdır, sonra avtomobilə əyləşmişdir, yoluna davam edərək birlikdə Lamiyənin qaldığı yerə gəlmişlər. Sona Lamiyə maşından düşüb evinə getmişdir, o isə oradan öz evinə gəlmişdir. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini bildirmişdir. Məhkəmə iclasında ifadəsi alınan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 aydır tanıyır, aralarında sevgi münasibəti olmuşdur, belə ki, Rövşənlə tanış olanda elə ilk vaxtlardan ailə həyatı qurmaq istədiyini bildirmişdi. İlk əvvəllər aralarında olan sevgi münasibətləri normal olmuşdur, lakin son 4-5 ay ərzində Rövşənin yalan və xəyanətinə görə onunla münasibətləri pozulmuşdu. Həqiqətən də Rövşəndən belə bir xəyanətlərinə görə ayrılmaq istəmişdir, amma Rövşən əl çəkməyərək təqdib etmiş və onu narahat edirmiş. Belə ki, Rövşən təqib edərək yaşadığı ünvana gələrək hədə-qorxu gəlib onunla barışmağ istəyirdi. Lakin qəlbi ondan qırıldığı üçün Rövşəndən ayrılmaq qərarına gəlmişdi. Rövşənlə aralarında olan belə bir xırda mübahisələ zamanı o, qısqanclıq zəminində dəfələrlə telefonunu əlindən alıb sındırmışdır. Rövşəndən ayrılmaq üçün zənglərinə cavab vermədikdə dəfələrlə küçədə qarşısını kəsərək mübahisə etmişdir. Sonradan öyrənmişdir ki, Rövşən Cavidan adlı bir qız ilə sevgi münasibətindədir. Lakin özü səbəbsiz yerə qısqanclıq edərək mübahisə edirdi. Rövşəndən ayrılmaq istəsə də, Rövşən ondan əl çəkmirdi və Rövşəndən xilas ola bilmirdi. Nə edəcəyini belə bilmirdi. 10 iyul 2021-ci il tarixdə onun istirahət günü olduğu üçün Rövşən zəng etmişdir, onunla danışmışdır, həmin zaman aralarında olan söhbət mübahisə xarakterli olmuşdur, Rövşən də öz kefində olacağını demişdi. Buna görə də Rövşənə onunla münasibəti artıq bitirdiyini demişdi. Sonra otaq yoldaşı Gülnar ilə danışıb dənizə getməyə qərar vermişdi. Gülnarla birlikdə dəniz kənarına çimərliyə getmişdi. Sonra Gülnarın tanışı olan adını bilmədiyi oğlan gəlmişdir. Çimərlikdə olduğu müddətdə Rövşən zəng etsə də, onun zənglərinə cavab verməmişdir. Həmin gün saat 23:00 radələrində digər otaq yoldaşı Sevinc zəng edərək bildirdi ki, Rövşən qapını döyərək binada səs-küy salmış onları narahat etmiş və onu axtarmışdır. Rövşənə zəng edib evinin qarşısından getməyini, bir daha narahat etməməyini demişdir, lakin Rövşən həmin vaxt telefonda nalayiq ifadələrlə təhqir etmişdir. Həmin müddətdə Rövşən otaq yoldaşı Sevinci binanın həyətində saxlayaraq ona hədə-qorxu gələrək zəng etməyə məcbur etmişdir. Daha sonra digər otaq yoldaşı Nərmin evə gələrkən binada onu saxlayıb eyni şəkildə yerini öyrənməyə çalışaraq ona da hədə-qorxu gəlmişdir. Bundan sonra Rövşən binanın həyətində gözləmişdir. Rövşənlə qarşılaşmamaq üçün evə gec gəlməyə çalışmışdır və saat 01:00 radələrində yaşadığı ünvana yaxınlaşdıqda Rövşən onu saxlamışdır, zorla qolundan tutub öz idarə etdiyi avtomaşınına əyləşdirərək sürüb Şıxov çimərliyinə aparmışdır. Yolda olarkən təhqir edərək mübahisə etmişdir. Yol boyunca Rövşən əli ilə vuraraq bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişdir. Rövşən avtomaşının içərisində mübahisə edərək çantanın içərisində olan çimərlik geyimlərini, ayağında olan ayaqqabını, əynimdə olan paltarını çəkərək cırıb yararsız hala salmışdır. Həmin paltarları yararsız olduğu üçün tullamışdır, buna görə 100-150 manat ziyan dəymişdir. Həmin vaxt çox halsız olmuşdur. Rövşən əlindən pul kisəsini alaraq yoxlayıb içərisində olan 1000 manat pulu götürüb pul kisəsini də cırmışdır. Rövşən ayağında olan ayaqqabını çıxardıb ayaqlarına, qollarına, əllərinə dəfələrlə sərt şəkildə vurmuşdur. Avtomaşından enib qaçmaq istədikdə Rövşən onu tutaraq yenidən zorla avtomaşına əyləşdirmişdi. Hadisə zamanı Rövşənə onun barəsində polisə şikayət edəcəyini dedikdən sonra artıq Rövşən mülayim danışmağa başlamışdı ki, ondan şikayət etməsin. Evə gəldikdən sonra paltarı cırıq vəziyyətdə tez evə çıxmışdı. Bundan sonra Rövşənin etdiyi belə hərəkətlərə görə istifadəsində olan mobil telefonla DİNnin 102 xidmətinə zəng edərək həmin hadisə barədə xəbər vermişdi. Rövşənlə aralarında olan həmin hadisə bir neçə saat davam etmişdi, mübahisə Rövşənin avtomaşının içərisində baş verdiyi üçün həmin vaxt avtomaşında başqa şəxs yox idi. O həmin vaxt ətrafda başqa şəxs görməmişdi. Hadisə zamanı orada ikisindən başqa heç kim olmamışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs, məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs otaq yoldaşı kimi tanımışdır, belə ki, kirayədə sosial şəbəkəyə kirayə qalması üçün elan qoyduğundan Lamiyyəni tapmışlar. Kirayədə qalmağı ilə bağlı hərəsi 100 manat kirayə haqqı verirmiş. Lamiyyə 2022-ci ilin mart ayında 2002-ci ilin iyul ayının sonunadək onlarda birlikdə eyni ünvanda kirayədə qalmışdır. Lamiyyə ilə aralarında əvvəldən heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Lamiyyənin polis idarəsinə yazdığı şikayə ərizəsi ilə tanış olmuşdu. Ali məktəbi bitidikdən sonra iş yeri Bakı şəhərində olduğu üçün məcbur olub Bakı şəhərində kirayə qalmışdır. Lamiyyə ilə eyni ünvanda kirayə yaşadığına görə tanışlıq münasibəti olmuşdur. Lamiyyə ilə birlikdə kirayədə qaldıqları mənzildə ondan başqa Sevinc və Gülnar da kirayədə qalırdılar və hazırda da eyni ünvanda kirayədə qalırlar. Kirayədə qaldıqları ev 2 otaqlıdır. Lamiyyə ilə Rövşən arasında sevgili münasibətləri olmasından Lamiyyənin deməsinə görə xəbərləri olmuşdur. Belə ki, Rövşənlə Lamiyyə telefon əlaqəsi saxlaması və Rövşənin qaldıqları məhəlləyə gəlməsini görmüşdür. 10 iyul 2022-ci ildə evə gələndə yaşadığı binanın həyətində Rövşəni görmüş, həmin zaman Rövşən yaxınlaşaraq Lamiyyənin harada olmasını soruşduqda, ona Lamiyyədən xəbəri olmadığını demişdir və Rövşənin yanında Lamiyyənin mobil telefonuna zəng edib Rövşənin onu axtarmasını demək istədikdə Lamiyyəyə zəng çatmamışdı. Bundan sonra evə getmiş və həmin vaxt evdə heç kim olmamışdır. Evdə olan zaman heç kim olmadığı üçün öz yerində yatmışdı. Səhəri günü oyandıqda Lamiyyənin yerində yatdığını görmüşdür. Həmin zaman evdə Lamiyyə ilə özündən başqa heç kim olmamışdır. Bu zaman həmişə olduğu kimi hazırlaşıb oz işinə getmişdi. Həmin günü evə qayıtdıqda Lamiyyənin istifadəsində olan mobil telefonu ilə anası ilə danışdığını, həmin danışıq zamanı onun sevgilisi Rövşən tərəfindən maşını ilə aparılıb “Sıxov” çimərliyindən döyülməsinin dediyini eşitmişdi. Bildiyinə görə Lamiyyənin anası Türkiyə Respublikasına yaşayır. Lamiyyənin həmin müddətdə Araz markertdə satıcı kimi işləməsini, həmçinin 10 iyul 2022-ci il tarixdə Lamiyyə otaq yoldaşı ilə birlikdə çimərliyə gedən zaman maddi cəhətdən Gülnardan 5 manat pul borc almasını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 digər şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs otaq yoldaşı kimi tanımışdır. Belə ki, eyni ünvanda kirayədə qaldıqları üçün hərəsi 100 manat kirayə haqqı vermişdir. Lamiyyə ilə 2022-ci ilin mart ayında 2002-ci ilin iyul ayının sonunadək eyni ünvanda kirayədə qalmışlar. Aralarında heç bir ədavət olmamışdır. Lamiyyənin polis idarəsinə yazdığı şikayət ərizəsi ilə tanış olmuşdu. İş yeri Bakı şəhərində olduğu üçün məcbur olub Bakı şəhərində kirayə yaşayır. Lamiyyə ilə eyni ünvanda kirayə yaşadıqlarına görə tanışlıq münasibəti olmuşdur. Lamiyyə ilə olan söhbət əsasında anası Türkiyədə olmasını, bacısının da Bakıda qalmasını demişdir. Həmin ərəfədə Gülnar və Nərmin də kirayədə qalırdılar. Kirayədə qaldığı ev 2 otaqlıdır. Lamiyyə ilə Rövşən arasında sevgili münasibətinin olmasından xəbəri olmuşdur. Belə ki, kirayədə yaşayan qızlar Lamiyyə ilə Rövşən arasında olan sevgili münasibətlərindən xəbərləri olmuşdur. 10 iyul 2022-ci ildə həmişə olduğu kimi saat 10 radələrində işə getmiş, həmin gün axşamı saat təxminən 21 radələrində işdən evə gəldikdən sonra evdə tək olmuş və kirayədə qaldığı evin qapısı döyülmüşdü, həmin vaxt qapını açmadan qapını döyənin kim olmasını soruşduqda, o, adının Rövşən olmasını və Lamiyyənin harada olmasını soruşmuşdur. Lamiyyənin harada olmasını bilmədiyi üçün Rövşənə bu barədə heç bir söz deməmişdi, bundan sonra Rövşən Lamiyyənin tanışı Gülnarın telefon nömrəsini soruşduqda ona Gülnarın telefon nömrəsini verə bilmədiyini və Rövşənə “çıxın gedin mən sizdən qorxuram” demişdir. Bundan sonra Rövşən çıxıb getmişdi. Qapının gözlüyündən baxdıqda Rövşənin liftə minib getdiyini görmüşdü və bundan az sonra taksi sifariş edib rəfiqəsi evinə getmişdi. Bundan sonra heç nədən xəbəri olmamışdı. Həmin günün səhərisi durub işə getmiş və axşamı evə gəldikdə Lamiyyəni evdə olduğunu görmüş, həmin zaman Lamiyyə sevgilisi Rövşən tərəfindən axşam vaxtı “Şıxov” çimərliyindən döyüldüyünü dediyi üçün bundan məlumatı olmuşdur. 10 iyul 2022-ci il tarixdə Lamiyyə otaq yoldaşı ilə birlikdə çimərliyə gedən zaman maddi cəhətdən Gülnardan 5 manat pul borc almışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş və ibtidai istintaq zamanı keçirilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 Nərimanov rayon şöbəsindən alınmış 20 iyul 2022-ci il tarixli 735 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: Aşağı və yuxarı ətrafların yumşaq toxumaların əzilməsi, burun tağının, sağ bazunun, sağ və sol budun, sağ diz oynağının, sol saidin, sağ əlin arxa səthinin qançırları, sol bazunun, sol əlin arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 11 iyul 2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdaş görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4, 39.1.9, 40.2 və 41.7ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (yüz səksən) manat pul tutulub, "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar