Məhkəmə qərarları › İş №1(009)-119/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-119/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-119/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2ində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 noyabr 2023-cü il tarixdə saat 14.45-də məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək maqsədilə Zərərçəkmiş şəxs özünü tikinti layihələri həyata keçirən iş adamı kimi qələmə vərərək sonuncuya 60000 manata qədər məbləğə Bakı şəhərində Xətai rayonunda yerləşən “Ağ şəhər” yaşayış sahəsində inşa edilməkdə olan binaların birində qeyri yaşayış sahəsini dəyərindən aşağı qiymətə satılacağını təmin edəcəyinə Zərərçəkmiş şəxs inandırıb aldatmaqla aralarında yaranmış münasibətlərə görə Zərərçəkmiş şəxs ona olan inam və etibarından sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayının 20-dək olan müddətdə müxtəlif tarixlərdə, 1700 manat, 1800 manat, 2000 manat, 1700 manat, 3000 manat, 1500 manat, 1700 manat, 1200 manat, 1000 manat, 1800 manat, 1200 manat, 1000 manat, 2000 manat va 2900 manat məbləğlərdə olmaqla tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs sonuncunun yaşadığı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 29-cu küçə ünvanın qarşısında alınmış ümumilikdə 24500 manat pulu ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir neçə il bundan əvvəl müğənni Yusif Mustafayevin qardaşına məxsus, Bakı şəhərində olan restorana gəlib-gedirdi, onlara köməklik edirdi. 2018-ci ildə payız aylarında o, həmin restoranda olarkən adının sonradan Yaşar olduğunu bildiyi oğlan telefonunda balansının olmadığını deyərək, ondan telefonu istəmişdir. Yaşar telefonla danışdıqdan sonra telefonu ona qaytarmışdır. Bundan sonra onun nömrəsinə özünü Xuraman kimi təqdim edən qadın zəng vurub Yaşarı soruşmuşdur. O isə Yaşarı tanımadığını, sadəcə onun telefonundan zəng vurduğunu bildirmişdir. Xuraman əvvəl ona inanmamış, bir çox sual verəndən sonra əmin olmuşdur ki, onun Yaşara heç bir aidiyyatı yoxdur. Xuraman kim olduğunu soruşduqda o, Masallı kəndində yaşadığını, kənd təsərrüfatı ilə məşğul olduğunu, kasıb bir adam olduğunu demişdir. Bu danışıqdan sonra Xuraman ona yenidən zəng edərək Yaşarı görüb- görmədiyini, görsə əgər onu axtardığını deməyini xahiş etmişdir. Xuraman ona bildirmişdir ki, Yaşarla arasında pul problemi olduğuna görə onu axtarır. Xuraman bundan sonra ona arabir zəng edərək özü haqqında məlumat verirdi. Beləliklə, onların arasında münasibət yaranmışdır. Xuraman onun subay olduğunu biləndən sonra ərindən narazı olduğunu, boşanmaq üzrə olduqlarını, birgə yaşadıqları evin özünə məxsus olduğunu deyib, ona Xuramanın evinə köçüb qeyri-rəsmi yaşamağı təklif etmişdir. O, Xuramanla daimi yaşamağa razılıq verməmişdir, lakin onlar arabir görüşmüşlər. İstintaqa təqdim etdiyi şəkillərdə olan Xuramanın görüntüləri onunla yaxın münasibətdə olduğunu təsdiq edir. Belə ki, Xuramanın özü ona bir neçə dəfə bu şəkilləri göndərmişdir. O, Xuramanla mütəmadi danışırdı, 3-4 dəfə görüşmüşdür. Xuraman onu Bulvar ərazisində restoranda qonaqlıq vermişdir. Xuraman özü ona pula ehtiyacı olarsa ondan istəmsini, ona pul verə biləcəyini demişdir. Yaxın olduqları ərəfədə anasının xəstə olduğu barədə danışmış və ondan borca pul istəmişdir. O, Xuramandan təxminən 4500 manat borca pul almışdır. Xuraman 3000 manatı ona bank vasitəsilə göndərmişdir. Əlavə 1500 manatı isə Xuraman özü şəxsən ona Bakı şəhəri, Azneft dairəsinin yaxınlığında vermişdir. Atası onun borca pul aldığını biləndən sonra ondan pulu qaytarmağını xahiş etmişdir. O da pulu Xuramana geri qaytarmışdır. Xuraman ona pulu borca verəndə faizlə bağlı heç nə deməmişdir. Sonradan isə faiz hesablaraq onun 24500 manat borcu olduğunu demişdir. Xuramanın dedikləri tamamilə yalandır. Onun Xuramanla “Whatsapp” yazışmaları var idi, lakin hazırda telefonunu satmışdır. Müstəntiq ona təzyiq edərək ona məcburən qol çəkdirmişdir. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyanı qaytarmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəni dolandırmaq üçün arabir ayrı-ayrı tanışlarının xahişi ilə bəzi şəxslərə borca pul verir, müəyyən müddətdən sonra isə pulunu artıq şəkildə alırdı. 2019-cu ilin mart ayında tanışı Ləman ona müraciət edərək bir aylıq ondan borca 700 manat pul istəmiş və o, həmin pulu ona vermişdir. Həmin ərəfədə Ləmanın anası Gülşən də ondan hissə-hissə olaraq 7000 manat məbləğində borca pul almış və bir neçə ay ərzində qaytaracağına vəd vermişdir. Həmin müddət keçəndən sonra Gülşən pulu qaytarmadığından o, pulunu geri istəməyə başlamışdır, Gülşən isə bildirmişdir ki, həmin pulu özünə deyil, qızı Ləmanın vasitəsi ilə tanış olduğu Yaşar adlı şəxsə vermişdir, Yaşar həmin pulun müqabilində dostuna maşın almış, maşını icarəyə verib pulunu hissə-hissə qaytaracağını vəd etmiş, lakin sonradan həmin dostunun maşınla avtomobil qəzasına düşdüyünü və ona görə də pulun batdığını demişdir. O, bu problemlərin ona aid olmamasını bildirmiş və bir neçə gün sonra onun mobil nömrəsinə “Whatsapp” mobil tətbiqi ilə zəng olunmuş və özünü Yaşar kimi təqdim edən kişi Gülşəndən pul istəməməyini xahiş etmişdir. Pulunu şəxsən ona qaytaracağına vəd vermişdir. O, Yaşardan Gülşən vasitəsi ilə ondan alınan pulu hara xərclədiyini soruşduqda Yaşar Gülşənin ona danışdıqlarını təsdiq edərək həqiqətən də onun puluna dostuna maşın aldığını, dostunun avtomaşınla qəzaya düşdüyünü bildirmişdir. O, Yaşardan hansı müddətdə pulunu qaytaracağını soruşduqda o, tikinti şirkətində işləyib beton işi ilə məşğul olduğunu, hər ay müdiri Adil müəllimdən maaş aldığını, müdirinin həmin maaşı ona yönəldirəcəyini və onun şəxsən onunla əlaqə saxlayacağını bildirmişdir. Ona görə də o, bu məsələ ilə bağlı Gülşənlə əlaqə saxlamamışdır. 2019-cu ilin aprel və may aylarında Yaşarın pulunu qaytarmadığını görüb may ayında hər gün ona zəng vuraraq pulunu istəməyə başlamışdır. Pulunu tələb edən ərəfədə özünü Yaşarın əmisi kimi təqdim edən kişi onunla əlaqə saxlayaraq Yaşara möhlət verməyini xahiş etmişdir. Yaşarın müdiri Adilin haradansa gələndən sonra pulunu verəcəyini bildirmişdir. Təxminən 2019-cu ilin may ayının axırlarında onun nömrəsinə özünü Adil müəllim kimi təqdim edən kişi zəng vurmuş və əslən Masallı rayonundan olduğunu deyib, tikinti şirkətin rəhbəri olduğunu, ailədə 7 qardaş olduqlarını, qardaşlarından birinin müğənni Şəbnəm Tovuzlunu saxladığı Hacımazanın olduğunu bildirərək narahat olmamağını demişdir. Yaşarın maaşından tutub hər ay ona 300 manat göndərəcəyini vəd etmişdir. Adilin ona növbəti bir ay da pul verməyini görüb ona zəng vurmuş və pulu nəyə görə hələ də vermədikləri ilə bağlı narazılığını bildirəndə Adil Yaşarı həvalə edilən işin öhdəsindən gələ bilmədiyindən Yaşarı işdən çıxartdığını bildirmişdir. O, pulunu kimin verəcəyini soruşduqda Adil bu məsələnin ona aid olmadığını demişdir. O, Yaşara tez-tez zəng vurmağa başlamış, əvvəlcə o, hansısa bəhanələr gətirsə də, sonradan ümumiyyətlə nömrələrini “blok”a qoymuş və onunla ilə axırıncı dəfə başqa nömrə vasitəsi ilə əlaqəyə çıxa bildikdə “get nə edirsən et, sən faizə pulu verən adamsan, pulunu verməcəyəm” deyə söyləmişdir. Sonra o, özünü Yaşarın əmisi kimi təqdim edən kişi ilə əlaqə saxlamağa çalışsa da, onun da zənglərindən yayındığını görmüşdür. Lakin o, onlardan polisə şikayət etməmişdir. Təxminən 2019-cu ilin avqust ayının axırlarında Adil onunla bir dəfə görüşərək pulunu ala bilib-bilmədiyini soruşmuş, o hələ də ala bilmədiyini bildirmişdir. Bundan sonra Adil tez-tez onunla telefonla danışıb hal-əhval tuturdu. O isə gördüyü biznes haqqında ona qısa məlumat verirdi, Adilin danışıqlarından Adilin bir sıra yerlərdə tikinti aparmasını bilmişdir. Təxminən 2019-cu ilin sentyabr ayının əvvəllərində telefon danışığı zamanı Adil tikintiyə təzə başladığı “Ağ şəhər” zonasında yerləşən ərazidə binanın birinci mərtəbəsində ərazisi çox olmayan qeyri-yaşayış sahəsini ona almağı və orada gözəllik salonu və sair kimi obyekt açıb işlədə biləcəyini bildirmişdir. Bunu onun tək qadın olduğu üçün etdiyini və qeyri-yaşayış sahəsini ona təxminən 60.000 manata satacağını, pulu isə bina inşa edilərkən hissə-hissə ödəyə biləcəyini söyləmişdir. Adilin bu təklifi onda maraq oyatdığından o, onunla razılaşmışdır. 2019-cu ilin sentyabr ayından etibarən 2020-ci ilin may ayına qədər Adilə ümumilikdə 24.500 manat pul vermişdir. Pulu həmişə Adilin təyin etdiyi sürücü Əhməd vasitəsi ilə vermişdir. Bunun üçün Əhməd hər dəfə onun həmin vaxtı müvəqqəti yaşadığı Badamdar qəsəbəsində yerləşən evin qarşısına gəlir və o, ona Adilə çatdırmaq üçün hissə-hissə pul verirdi. Pul verdiyi ərəfədə təxminən oktyabr ayında o, tez-tez Adillə görüntülü danışarkən o hansısa ofisdə, ofis kreslosunun üstündə əyləşməklə əynində qalstuk və pencək olmaqla onunla danışıqlar aparırdı. Arabir isə Adil tikinti zonasına çıxırdı və tikilməkdə olan binaları ona göstərib bütün bu binaların onun şirkətinin tikdiyini bildirmişdir. 24500 manat pulu verəndən sonra Adil ondan növbəti dəfə pul istəyərkən Adilin ona ayıracaq qeyri-yaşayış sahəsini video vasitəsi ilə deyil, əyani olaraq göstərməsini tələb etmişdir. Belə olan halda Adil hər hansı bir şirkətin rəhbəri olmadığını, tikintiyə aidiyyətinin belə olmadığını, sadəcə jalüz ustası işlədiyini, onun verdiyi pula kartof əkmək üçün sahəni icarəyə götürdüyünü, orada kartof əkdiyini, lakin işin alınmadığı üçün onun pulunun da batdığını etiraf edərək, pulunu geri istəməməyini demişdir. Uzun müddət ərzində pulunu Adildən istəsə də, o qaytarmadığı üçün Adildən Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinə şikayət etmişdir. Qeyd olunan şəkillər onun tərəfindən çəkilmişdir. Şəkillərin bir neçəsi onun şəxsi həyatını əks etdirdiyi üçün Təqsirləndirilən şəxs onları saxlaması qeyri- qanunidir. Təqsirləndirilən şəxs özünü Yaşarın müdiri kimi təqdim edərək onunla “Whatsapp” tətbiqi vasitəsi ilə danışandan sonra onlar mütəmadi olaraq bir-biriləri ilə əlaqə saxlamışdır. Adil onun həmin ərəfədə ərindən yeni boşandığını bilmişdir. Eyni zamanda Adil özünün də subay olduğunu, işlə çox yükləndiyi üçün evliliklə məşğul olmağa vaxt tapa bilmədiyini bildirmişdir. Ünsiyyətlərinin yalnız görüntülü danışıqlarla kifayətlənməsinə baxmayaraq qısa zaman ərzində aralarında olan münasibətlər çox səmimi münasibətlərə çevirmişdir. Adil ona hətta aralarında olan yaş fərqinə baxmayaraq ona qarşı olan fikrinin ciddi olduğunu, onunla ailə qurmaq fikrinin olmasını söyləmişdir. Adil ilə o zaman münasibəti hətta o dərəcədə səmimi olmuşdur ki, o, özünə məxsus bir neçə şəkili Adilə göndərmişdir. Adil onun etibarını qazanandan sonra, təklif etmişdir ki, ona dəyərindən də ucuz qeyri-yaşayış sahəsini satsın. Lakin, onun Adil ilə heç bir intim münasibəti olmamışdır. Təqsirləndirilən şəxs onun faizə pul verərək qazanc əldə etdiyini bilmiş, əlində həmişə pulu olduğunu dərk etmiş və onun pulunu ələ keçirməsi niyyəti yaranmışdır. Onunla görünütülü danışan Adil ilə sonradan Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsində gördüyü Adil tamam fərqli adam olmuşdur. Görüntülü danışarkən Adil həmişə klassik kostyumda, hansısa ofisdə kreslo fonunda, saç düzümün səliqəli şəkildə olmuşdur. Polis bölməsində isə o, Adili görəndə o, sanki artist kimi rola girərək yazıq bir adamın görüntüsündə olmuşdur. Hazırda məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Daewoo Nexia” markalı avtomobillə fərdi qaydada əhaliyə taksi xidmətləri göstərir. Təxminən 2019-cu ilin payız ayları olar idi ki, yaşadığı evin yanında yerləşən, Əjdər adlı şəxsin satıcı işlədiyi avtomobillərin kompleksi hissələrinin satışı ilə məşğul olan dükanda Adil adlı oğlanla tanış olmuşdur. Adil ilə tanışlığı göstərdiyi taksi xidməti ilə əlaqədar olmuşdur. Adillə söhbət əsnasında o, Bakı şəhərində Biləcəri qəsəbəsində yaşadığını bildirmiş, nə ilə məşğul olduğunu deməmişdir. Həmçinin söhbət zamanı Adil onun həmişə yaşadığı evin yanında müştəri gözlədiyini bilmişdir. Bundan sonra 2019-cu ilin payız aylarında o, həmişəki kimi yaşadığı evin yanında müştəri gözləyən zaman Adil ona yaxınlaşaraq bildirmişdir ki, Badamdar qəsəbəsinə gedib bir nəfərdən pul alıb ona çatdırmaq lazımdır. Bunun müqabilində ona xidmət haqqı olaraq pul verəcəyini bildirmişdir. O, Badamdar qəsəbəsinə gedərək Xuraman xanıma zəng vurmuş və Adil adlı oğlanın onu pul üçün göndərdiyini bildirmişdir. Xuraman ona 1000-1500 manat civarında pul vermiş və o, həmin pulu Adilə yaşadığı binanın yanında həmişə müştəri gözlədiyi yerdə vermişdir. Sonuncu dəfə o, pulu Xuramandan alandan sonra Adilin xahişi ilə bank vasitəsi ilə Masallı rayonuna göndərmişdir. Bir neçə dəfə isə o, pulu ona çatdırdıqdan sonra Adilin xahişi ilə onu “Gənclik Mall” ticarət mərkəzinə aparmış və o, orada özünə paltar almışdır. Adil ona çox vaxt “Whatsapp” mobil tətbiqi ilə zəng vurmuşdur. Sonuncu dəfə Xuramandan pul alıb Adilə çatdırdıqdan bir neçə vaxt sonra Xuraman ona zəng vurub Adilin Xuramandan ümumilikdə 24000 manata yaxın pul alıb aldatdığını bildirmişdir. O, Adillə əlaqə saxlamağa çalışdıqda onun telefonunun sönülü vəziyyətdə olduğunu aşkar etmişdir. O, Adilə göndərdiyi pullarla bağlı qəbzləri istintaqa təqdim etmişdir. O, neçə dəfə Xuramandan pul alaraq Adilə çatdırdığını xatırlamasa da, bunu təxminən 8-10 dəfə etdiyini, hər dəfə Xuramanın mənə 1000-3000 manat civarında pul verdiyini xatırlayır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, təxminən 20 ildir qızı ilə Bakı şəhərində yaşayır. Zərərçəkmiş şəxs ilə uşaqlıq vaxtlarından dostluq edir. Xuramanın Badamdar qəsəbəsində yaşadığı dövrdə təxminən 2020-ci ilin mart ayında Novruz bayramı ərəfəsində o, Xuramanı təbrik etmək üçün evinə gəldikdə Xuraman kiminləsə telefon vasitəsi ilə pul və tikilməkdə olan hansısa obyektin təhvil verilməsi haqqında söhbət etdiyini eşitmişdir. O, kimdən aldığını soruşduqda Xuraman həmin adamın tikinti şirkətinin rəhbəri iş adamı Adil müəllim olduğunu, onun Moskvada və digər şəhərlərdə tikinti lahiyələri həyata keçirdiyini bildirmişdir. Adil ona hər ay 500 manat olmaqla, ilkin ödəniş isə 5000 manat olmaqla, mənzil təşkil edə bildiyini demiş, lakin o, ayda yalnız 300 manat ödəyə biləcəyini, ilkin ödənişi isə 5000 manat deyil, 3000 manata yaxın verə biləcəyini söyləyəndə Adil bu şərtlərlə razılaşmamışdır. Bundan sonra Xuramanla söhbət əsnasında Adili harada tanıdığını soruşduqda Xuraman ona bildirmişdir ki, Adil 7000 manat borca pul verdiyi Yaşar adlı şəxsin müdiridir, tikinti şirkətinin rəhbəridir. Xuraman həmçinin bildirmişdir ki, Adil Yaşarın borcunu ödəməyi öhdəsinə götürmüşdür. Xuraman 2019-cu ilin sentyabr ayından 2020-ci ilin may ayına qədər hissə-hissə olaraq 24500 manat Adilə pul vermişdir. X4 aldatmış və pulunu mənimsəyərək qaytarmaqdan yayınmağa başlamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2018-ci ildən tanıyır. Xuramanın yerlisi onun qonşusu olmuş və Xuraman qonşusunun yanına tez-tez gəldiyindən orada tanış olmuşlar. Bundan sonra tez-tez bir-birinin evində qonaq olmuşlar. Xuraman 2020-ci ildə əri ilə boşanmış və Səbail rayonunda 20-ci sahədə tək qalırdı. Xuramanın faizə borca pul verməklə məşğul olduğunu bilir və ona məlum olmuşdur ki, Xuraman tanıdığı qadın vasitəsi ilə tanış olduğu Yaşar adlı şəxsə 7000 manata yaxın pul vermişdir, həmin pulu hissə-hissə vermişdir, sonra isə uzun müddət ala bilməmişdir. Sonra özünü Yaşarın işlədiyi tikinti şirkətinin rəhbəri kimi təqdim edən Adil adlı şəxs Xuramanla əlaqə saxlayaraq Yaşarın ona yaranmış borcun ödənilməsini təmin etmək üçün Yaşarın maaşından pul tutaraq Xuramana göndərəcəyinə vəd vermiş, lakin sonradan işdən çıxdığını və Yaşara cavabdeh olmadığını bildirərək bir müddətlik bu işdən çəkilmişdir. Bundan bir neç ay sonra Adil özü Xuramanla əlaqə saxlayaraq inşa etdiyi binaların birində birinci mərtəbədə olan qeyri-yaşayış sahəsini salacağını təklif edərək bunun üçün 2019-cu ilin sentyabr ayından 2020-ci ilin may ayına qədər hissə-hissə olaraq sürücü vasitəsi ilə 24500 manat pul almış və sonra da aldığı pulun müqabilində Xuramana heç bir qeyri-yaşayış sahəsi verməmiş, onu aldatmış ,pulunu isə mənimsəmişdir. Bunları Xuramanın deməsindən bilsə də, o, canlı olaraq Xuramanın həmin Adil ilə “Whatsapp” mobil tətbiqi ilə görüntülü danışmalarını, Adilin hansısa ofisdə müdir kimi oturacağında əyləşdiyini, əynində ofis geyiminin olduğunu, Adilin inşa edilməkdə olan obyektləri videoda Xuramana nümayiş etdirdiyini və həmin obyektlərdən birinə ona yer ayıracağını söylədiyini müşahidə etmişdir. Xuraman Adil ilə danışan zaman Venera da onların yanında olmuşdur. 17 avqust 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 17 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 24 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 06 oktyabr 2022-ci il tarixli axtarışdan olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14.20-də Səbail rayonu ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. 06 oktyabr 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir 06 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs statusunda saxlanılmaqla Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad edilmişdir. 06 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 07 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 07 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 12 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndiriləndirilməsinə dair ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün ərazi aidiyyatı üzrə Masallı Rayon Polis Şöbəsinə göndərilmişdir. 07 noyabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işi Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi X2 tərəfindən icraata qəbul edilmişdir. 16 noyabr 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi istintaqın davam etdrilməsi üçün ərazi aidiyyatı üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. 26 noyabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay, yəni 29 yanvar 2023-cü il tarixədək uzadılmışdır. 21 dekabr 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 10 yanvar 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 23 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona yeni məzmunda yenidən həmin maddə ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işi ərazi aidiyyatı üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin 1(050)-103/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işi ərazi aidiyyatı məsələsinin müzakirə olunması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-390/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 avqust 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsi, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq cinayətini törətməməsi iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2i ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2i ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar