Məhkəmə qərarları › İş №1(009)-12/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-12/2020

02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-12/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, qaynı Şahid1 məxsus “Toyota Prado” markalı **-HX-*** qeydiyat nişanlı avtomobili Zərərçəkmiş şəxs özünə məxsus olduğunu deyib ümumilikdə 30000 manata satacağına yalandan vəd verib sonuncunun etibarından sui-istifadə etməklə onu aldadaraq, 2018-ci ilin noyabr ayının axırlarında ünvan 2 ünvanının qarşısında məhlədə 15000 manat, iki gündən sonra isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi 2-ci Döngə ünvanın qarşısında 10000 manat olmaqla, ümumilikdə 25.000 manat pulunu vahid niyyətlə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2012-ci ildən tanıyır. Yasənin onun yaşadığı binanın komendantının köməkçisi işləyərək binanın sakinlərinə hər cür xidmətlər göstərdiyini, 2017-ci ildən 2018-ci ilədək Yasənin özünə məxsus “Hundai Sonata” markalı avtomaşınla eytiyac yarandıqda onun ailə üzvlərinə pulla sürücülük xidməti göstərdiyini, həmin dövrdə pula eytiyacı olduğundan arvadı Günay Məmmədovaya məxsus ümumilikdə dəyəri 50000-60000 manat olan müxtəlif qızıl-zinət əşyalarını arvadının xəbəri olmadan evdən götürüb lombarda girov qoyaraq ümumilikdə 26000 manat pul götürdüyünü, lakin pulu ödəyib qızılları götürə bilmədiyindən dost-tanışlarından borca pul axtarmağa başladığını, bu məqsədlə Yasənə müraciət edərək üstündə 2500 manat qaytarmaq şərti ilə bir ay müddətinə 15000 manat pul istədiyini, Yasənin də onunla razılaşaraq 15000 manat pulu ona verdiyini, lakin qeyd edilən müddət ərzində Yasənin pulunu qaytara bilmədiyini, Yasən özünə maşın axtardığı üçün Gürcüstan Respublikasından maşın gətirəcəyi təqdirdə ona gömrük rüsumunda nə kimi köməklik edə biləcəyi barədə soruşduqda Yasənə elə bir ciddi köməklik edə bilməyəcəyini demişdir. Bundan sonra Yasənə pulu varsa həmin zamanlar idarə etdiyi “Prado” markalı avtomobili 32000 manata ona satmağı təklif etdiyini, halbu ki, həmin avtomobilin həmin ərəfədə bazar qiyməti təxmini 37000 manat təşkil etdiyini, Yasənin də onunla razılaşaraq pulu hissə-hissə verəcəyini bildirdiyini və təxminən 3-4 gündən sonra Yasənin ona yaşadığı məhlədə 10000 manat pul verdiyini, yerdə qalan 7000 manatı da yaxın günlərdə verəcəyini bildirdiyini, bundan sonra Yasəndən aldığı ümumilikdə 25000 manat pulu lombarda ödəyib arvadı Günay Məmmədovaya məxsus qızılları götürmüşdür. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, əvvəllər dövlət yol polisi inspektoru işləmişdir. Qaynı Şahid1 məxsus “Prado” markaı avtomobil ona verilərkən etibarnamənin baş etibarnamə olduğunu zənn edərək avtomobilin sənədlərinə baxmamışdır, çünki əvvəllər də yol polisində işlədiyindən yol hərəkətinin qaydaları pozulması zamanı da maşının sənədlərinə baxmamışdır. Bu səbəbdən də elə bilmişdir ki, “Prado” markalı avtomobil ona baş etibarnamə ilə verilmişdir və etibarnamədə də maşına sərəncam vermək hüququ da göstərilmişdir. Bu səbəbdən də maşını Yasənə satmaq istəmişdir. Avtomobili yalnız idarə etmək hüququ ilə ona verildiyi barədə məlumatı olmamışdır. Maşını Yasənin adına sənədləşdirmə zamanı ona məlum olmuşdur ki, avtomobilə yalnız idarə etmək məqsədi ilə etibarnamə verilmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, Zərərçəkmiş şəxs aldığı 15000 manat borc kimi almışdır və üstündə də 2500 manat verəcəyini bildirmişdir. Lakin sonradan pulu qaytara bilmədiyi üçün maşını satmaq qərarına gəlmişdir. Yasənlə də bu barədə razılığa gəlmişlər. Çünki həmin ərəfədə Yasın özünə məxsus maşını satmışdır və yeni maşın almaq istəyirdi. Zərərçəkmiş şəxs dəymiş ziyanının 1000 manatını qaytarmışdır. Məhkəmədən qeyd olunanları nəzərə almağını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2012-ci ildən Təqsirləndirilən şəxs və onun ailəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Səbail rayonu, Əhməd Cavad küçəsi, bina 3, məhəllə 129, mənzil 72 ünvanına köçmüşdür. O da həmin binada qeyri rəsmi komendantın köməkçisi işlədyirdi və binanın sakinlərinə müxtəlif xidmət göstərirdi, dəfələrlə Elnurun yaşadığı mənzilində təmir işləri aparılan müdddət ərzində tikinti materiallarının daşınmasında və digər xidmətlərin göstərilməsində köməklik etmişdir. Elnurla aralarında xoş münasibət yaranmışdır. 2017-ci ildən 2018-ci ilin noyabr ayınadək özünə məxsus “Hundai Sonata” markalı avtomobillə Elnurun ailəsinə sürücü kimi xidmət göstərmişdir. 2018-ci ilin oktyabr ayında avtomobilini təzələmək məqsədi ilə 17000 manata satdığını və bu barədə Elnurun arvadı Günaya məlumat verərək özlərinə başqa sürücü tapmalarını bildirmişdir. Təxminən bir aydan sonra Elnurla onun yaşadığı binanın qarşısında görüşmüş və Elnurun ona hansı maşın almaq istədiyi barədə soruşduqda Elnura “Kia Optima” markalı avtomobil almaq istədiyini bildirmişdir. Elnurun da ona “Kia Optima” markalı avtomobillərin etibarlı avtomobil olmadığını deyib onun özünün idarə etdiyi **-HX-*** qeydiyyat nişanlı “Prado” markalı avtomobili almağı təklif etmişdir, bundan sonra Elnura onun avtomaşınını almağa imkanının olmayacağını dedikdə Elnur həmin maşını başqalarına 32000 manata, ona isə 30000 manata sata biləcəyini bildirmişdir. Qiymət onu qane etdiyindən Elnurla razılaşmış və bu barədə ailə üzvlərinə də bildirdikdə onların da razlaşdıqlarını, bundan sonra Elnurdan avtomaşınının saz vəziyətində olub-olmamasını ustaya yoxlatmaq üçün avtomaşını ona verməyini istəmişdir. Elnurdan avtomaşını alıb ustaya aparıb yoxlatdığını, bundan təxminən iki gün sonra Elnurla yaşadığı Yasamal rayonunda görüşüb məhlədə beh olaraq ona 15000 manat pul vermişdir. Təxminən iki gündən sonra Elnurun ona zəng edərək avtomaşını onun adına qeydiyyata salmaq üçün 10000 manat pulu gətirməyi demiş, o, evdən qeyd edilən məbləği götürüb onunla Səbail rayonu, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsində görüşüb avtomaşında 10000 manat pulu şəxsən Elnurun özünə vermişdir. Bundan sonra onunla birlikdə Baş Dövlət X14 getmişlər və orada Elnur Rauf adlı polis əməkdaşını yanına çağırıb “Prado” markalı avtomobilinin texniki qeydiyyat şəhadətnaməsini ona verib yaxşı nömrə gətirməsini xahiş etmişdir. Rauf adlı polis əməkdaşı bir müddət sonra qayıdaraq nahar fasiləsi olduğunu və yarım saatdan sonra gəlməyi demişdir. Bundan sonra Elnur arvadı Günay üçün Sumqayıt şəhərində “ Toyata Rav 4” markalı maşın aldığını və gedib həmin maşına baxmağı təklif etmişdir. O, Elnurla birlikdə Sumqayıt şəhərində yerləşən avtosalona gəlmiş və birlikdə “ Toyota Rav 4” markalı avtomaşınına baxmışlar. Elnur orada salonun əməkdaşları ilə söhbət etdikdən sonra oradan çıxıb yenə Baş Dövlət X14 gəlmişlər. Baş Dövlət X13 həyətində Elnurun ona “Prado” markalı avtomobilin üzərində olan **-HX-*** qeydiyat nişanının bahalı nömrə olduğunu, həmin nömrəni arvadı Günaya aldığı avtomaşınına taxmağı və ona isə sabah başqa nömrə almağı təklif etmişdir. Bundan sonra yenə də ona inanıb oradan getmiş, sonradan “Prado” markalı avtomobilin arxa şüşələri qara plyonkalı olduğundan və buna görə də yol polisi ona problem yaradacağı barədə Elnura bildirdikdə, Elnur bağ evində digər şüşələrin olduğunu və dəyişəcəyini deyib maşını ondan götürmüşdür. Elnur maşını götürtdükdən bir neçə saat keçdikdən sonra onun mobil nömrəsinə zəng etdikdə telefon sönülü olmuş, narahat olub Elnurun arvadı Günaya zəng etmiş və ona baş vermiş məsələ barəsində danışdıqda Günay “Prado” markalı maşının onun qardaşı Şahid1 məxsus olduğunu, həmin maşını sonuncu Elnura yalnız sürmək üçün verildiyini bildirmişdir. Sonrakı günlərdə Elnurla əlaqə saxladıqda o, narahat olmamağı, yaxın günlərdə pulunu qaytaracağını demişdir. Sonradan “Prado” markalı avtomaşının üzərində olan **-HX-*** qeydiyyat nişanının Günayın idarə etdiyi “Toyota Rav 4” markalı avtomaşının üzərində olduğunu görmüş, bundan sonra Elnurun onu aldadaraq pulunu ələ keçirdiyini anlayıb onun barəsində şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs dəymiş ziyan ilə əlaqədar mülki iddia ilə müraciət etmiş, mülki iddiada 25000 manat maddi ziyanın iş üzrə Təqsirləndirilən şəxs oğlundan alınaraq ona ödənilməsini xahiş etmişdir. Ona dələduzluq nəticəsində dəymiş ziyanın 1000 manatının ödənildiyini, hazırda mülki iddiasını müdafiə edərək ziyanın qalan hissəsini ödənildiyini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş qaynıdır. Təxminən 2013-cü ildə özünə məxsus **-HX-*** qeydiyyat nişanlı “Prado” markalı avtomaşını sürmək və bacısının övladlarını məktəbə aparıb gətirmək üçün Elnura etibarnamə vermişdir. Hərdən bir həmin avtomaşını götürüb özü də idarə etmiş, lakin çox vaxt avtomaşın Elnurun özündə olmuşdur. 2018-ci ilin sonlarında kafelərin birində oturarkən adının sonradan Yasən olduğu bildiyi şəxs ona yaxınlaşaraq söhbət etmək üçün onu bayıra çağırmışdır. Yasənlə birlikdə kafedən çölə çıxmış, Yasənlə söhbət zamanı sonuncunun ona Elnurun və ailəsinin sürücüsü olduğunu, Elnurun ona idarə etdiyi “Prado” markalı avtomaşını satacağına vədlər verərək 25000 manat pulunu aldığını, lakin Elnur verdiyi vədə əməl etməyib onu aldatdığını demişdir. O Yasənə “Prado” markalı avtomaşının ona məxsus olduğunu və həmin avtomaşını Elnura sadəcə sürmək və bacısının uşaqlarını gəzdirmək üçün verdiyini bildirmişdir. Eyni zamanda Elnurun bir qədər əvvəl “Prado” markalı maşını gətirib ona qaytardığını demiş, Yasənlə aralarında baş vermiş söhbətdən təxminən 10 gün sonra həmin “Prado” markalı avtomaşınını satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs oğludur. Yasən 2012-ci ildən Səbail rayonu, Əhməd Cavad küçəsi bina 3-də qeyri rəsmi olaraq komendatın köməkçisi işləmişdir. Yasənin orada işlədiyi müddət ərzində həmin binada yaşayan Təqsirləndirilən şəxs və ailəsi ilə tanış olmuşdur. Yasən 2017-ci ildən 2018-ci ilin noyabr ayınadək özünə məxsus “Hundai Sonata” markalı avtomaşınla Elnurun ailəsini gəzdirmişdir. 2018-ci ilin oktyabr ayında Yasən özünə “Kia Optima” markalı avtomobil almaq istəmiş və buna görə də avtomobilini 17000 manata satmışdır. Bir neçə gün sonra Yasən evdə Enurun ona “Kia Optima” markalı avtomobilin yaxşı avtomobil olmadığını, öz idarə etdiyi “Prado” markalı avtomobili almağı təklif etmişdir. Yasən də ona həmin avtomobili almağa pulu olmadığını demiş, lakin Elnur başqalarına həmin avtomobili 32000 manata sata biləcəyini, Yasənə isə 30000 manata sata biləcəyini bildirmişdir. Eyni zamanda Yasən onlara həmin qiymətə həmin avtomobilin yaxşı olduğunu və almaq istədiyini demişdir. Valideyin kimi etiraz etməmişdir. Təxminən iki gün keçdikdən sonra Yasən avtomobilin texniki vəziyyətini yoxlatdırdığını yaxşı avtomobil olduğunu, Elnura məhəllədə 15000 manat beh olaraq pul vermişdir. İki gün sonra isə Elnurun Yasənə zəng vurub avtomobili onun adına qeydiyyata saldırmaq üçün 10000 manat pul istəmiş, Yasən də evdən satdığı avtomobilinin pulundan 10000 manat götürüb getmişdir. Yasən həmin günü 10000 manat pulu Səbail rayonu Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsində Elnurla görüşüb ona vermişdir. Elnurla Yasənin həmin günü Baş Dövlət X14 getdiklərini, orada Elnurun Yasənə avtomobilin üzərində olan qeydiyyat nişanının bahalı olduğunu və həmin nömrəni arvadı Günaya alacağı avtomobilə yerləşdirmək istədiyini, Yasənə isə səhəri günü ona başqa bir nömrə alacağını demişdir. Yasən də ona inanıb onunla razılaşmışdır. Lakin Elnur avtomobili müxtəlif bəhanələr gətirərək götürüb getdikdən sonra onun mobil telefonuna zəng çatmamışdır. Elnur Yasənin etibarından sui istifadə edərək aldadıb 25000 manat pulunu mənimsədiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 14-də yerləşən “Lombard N”də mütəxəssis işləyir. İşlədiyi “Lombard N”-də vətəndaşlara girov qoyduqları qızıl-ziynət əşyalarının 80-85 faiz müqabilində 4 faizlə kredit verildiyini, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs bir neçə dəfə “Lombard N” gələrək qızıl-ziynət əşyaları girov qoyub müxtəlif məbləğlərdə kredit götürmüşdür. Kompyuter sistemində hər il yenilənmə edildiyi üçün konkret onun nə vaxt və nə qədər qızıl-ziynət əşyaları girov qoyub pul götürməsi yadında qalmamışdır. Təxminən 2015-ci ildən 2017-ci ilədək Elnurun müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə qızıl-ziynət əşyaları girov qoyub ümumilikdə təxminən 18750 manat kredit götürmüşdür. Sonuncu dəfə elnur xx xxxxxx 2019-cu il tarixdə 8100 manat ödəməklə qalan borcunu tamamlayıb qızıl-ziynət əşyalarını götürmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş X3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs təxminən 2012-ci ildən tanımışdır. Yasənin onun yaşadığı binanın komendantının köməkçisi işləyərək binanın sakinlərinə müxtəlif xidmətlər göstərdiyini, 2017-ci ildən 2018-ci ilədək Yasən özünə məxsus “Hundai Sonata” markalı avtomaşını ilə eytiyac yarandıqda ona və övladlarına sürücülük xidməti göstərmişdir. 2018-ci ilin oktyabr ayında Yasən ona avtomobilini satdığı barədə məlumat verərək özlərinə başqa sürücü tapmağı bildirmişdir. Bundan sonra Yasəni bir müddət görməmişdir. Təxminən 2018-ci ilin noyabr ayının sonlarında Yasən onun mobil telefonuna zəng edərək həyat yoldaşı Elnurun harda olduğunu soruşmuş, ona sonuncunun hazırda harda olduğunu bimədiyini demişdir. Bundan sonra Yasənin ona Elnurun idarə etdiyi **-HX-*** qeydiyyat nişanlı “Prado” markalı avtomaşını 25000 manata satdığını, lakin Elnurun onun zənglərinə cavab vermədiyini bildirmişdir. O Yasənə Elnurun həmin “Prado” markalı avtomaşını satmaq hüququnun olmadığını, çünkü həmin avtomaşın qardaşı Şahid1 məxsus olduğunu bildirmişdir. Elnura yalnız həmin avtomaşını onu və uşaqlarını gəzdirmək üçün verildiyini bildirmişdir. Elnurun ona həmin maşını heç bir ixtiyarı və hüququ olmadan satdığını demişdir. Daha sonra Elnurdan bu barədə soruşduqda Elnurun ona Yasənə zəng edib özü ilə danışacağını bildirmişdir. Başqa heç bir söz deməmişdir. Elnurun ona məxsus qızıl-ziynət əşyalarını lombarda girov qoyub pul götürməsindən əvvəlcədən xəbəri olmamışdır. Lakin Elnurla evli olduqları müddət ərzində həmin qızıl ziynət əşyalarının onların birgə əmlakı sayıldığından Elnur bu barədə ona hər hansı bir söz deməyə ehtiyac görmədiyini, əgər ona desəydi belə, Elnura bu barədə hər hansı bir etirazı olmayacaqdır. Eyni zamanda Elnurun onun qızıl-ziynət əşylarını götürüb yerinə qoyduğunu, bununla bağlı Elnurdan heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. 2018-ci ildə Elnurun və onun ailəsində maddi problemlər yaranmışdır. Elnur da bu problemləri aradan qaldırmaq üçün arvadı Günaya məxsus qızıl-zinət əşyalarını lonbarda qoyub pul götürmüşdür. Həmin ərəfələrdə onun anasının ağır xəstəliyə düçar olunduğu aşkar olundu. Anasının müalicəsini xeyli miqdarda vəsait lazım idi. Elnur və o pul axtarırdılar. Lakin o pul tapa bilməmişdir. Bir müddət sonra Elnur ona demişdir ki, 15000 manat borc pul tapmışdır. O, Elnurdan pulu hardan tapdığını soruşduqda Elnur ona bildirmişdir ki, Yasəndən almışdır v. Pulu qaytaranda da üstündə 2500 manat pul verəcək. O Elnura həmin məbləğı və faizi necə qaytaracağını soruşduqda Elnur ona lazım gəlsə maşını satıb pulu qaytaracağını demişdir. Bundan bir müddət sonra Yasən onların evinə gəlmiş və Elnurun onun pulunu qaytarmadığnı bildirmişdir. Sonradan Yasən polisə şikayət edəndə ona məlum olmuşdur ki, Elnurun idarə etdiyi “Prado” markalı avtomaşın qaynı Elçinə məxsus olmuş və elnur həmin maşını Yasənə satmaq istəyərkən məlum olmuşdur ki, Elnura yalnız avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Onu da qeyd etmişdir ki, Elnur Yasəndən aldığı 15000 manatı lombarda ödəyib arvadı Günaya məxsus qızıl-zinət əşyalarını geri götürmüşdür. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Bədəlov Xəyyam Böyükağa oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. 2018-ci ildə Elnurun və onun ailəsində maddi problemlər yaranmışdır. Elnurun anası ağır xəstəliyə tutulmuşdur. Elnur həmin ərəfələrdə borca pul axtarırdı. Həmin vaxt da Elnur öz həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını lombarda girov qoyub pul götürmüşdür. Bir müddət sonra Elnur ona demişdir ki, Yasən adlı şəxsdən 15000 manat məbləğində pul tapıb və pulu Yasənə qaytaranda üstündə 2000 manat da əlavə verəcək. Elnur Yasəndən aldığı 15000 manatı lombarda ödəyib arvadı Günaya məxsus qızıl-zinət əşyalarını geri götürmüşdür. Elnurun idarə etdiyi “Prado” markalı avtomaşınının qaynı Elçın Əliyvə məxsus olduğunu və Elçinin Elnura həmin maşına yalnız idarə etmək üçün etibarnamə verdiyi barədə məlumatı olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə fakta görə Bakı şəhəri Səbail Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:00-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur. xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 4(009)-504/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbsdən azad edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 4(103)-575/2019 saylı qərarından görünür ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında” Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 4(009)-504/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, Yasamal rayonu, Yeni Yasamal D.Bünyadzadə küçəsi 11E, mənzil 147-də yaşayan X7 tərəfindən verilmiş qəbzdən görünür ki, dələduzluq yolu ilə 25000 manat pulunu ələ keçirmiş Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş 1000 manat pulu təhvil almışdır. İstintaq zamanı “xxxx” MMC-dən alınmış xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “xxxx” MMC-nin xidmətindən aşağıda göstərilən tarixlərdə müştəri kimi istifadə etmişdir: xx.xx.2016-cı ildə “1500” AZN dəyərində qızıl-ziynət əşyaları girov qoyaraq ssuda almış və xx.xx.2016-cı ildə borcunu tam ödəyərək girovu geriyə götürmüşdür. xx.xx.2018-ci ildə həmin qaydada “4500” AZN dəyərində qızıl-ziynət əşyalarını girov qoyaraq ssuda almış və xx.xx.2018-ci ildə borcunu tam ödəyərək girovu geriyə götürmüşdür. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə 02 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(101)-380/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsilə təqsirli bilinərək 02 ol müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və 02 il şərti sınaq müddəti müəyyən edilməklə cəza şərti hesab edilmişdir. Bakı şəhər Səbail Rayon İcra və probasiya şöbəsinin icra məmuru (probasiya üzrə) Qılıc Hüseynovun xx.xx.2020-ci il tarixli, 451 nömrəli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(101)-380/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən xx xxxxx 2019-cu il tarixdən hesablanmağa başlamış və hal-hazırda cəzasının çəkilməmiş hissəsi 05 (beş ) ay 06 (altı) gün təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs ilk dəfə 15000 manat pulu bir ay müddətinə üzərində 2500 manat əlavə olaraq pul qaytarmaq şərtilə aldığını, daha sonra 10000 manat pulu idarə etdiyi “Prado” markalı avtomobili ona 30000 manata satacağı barədə razılaşıb həmin məqsədlə Zərərçəkmiş şəxs aldığını bildirməsi işin halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmasını və iş üzrə zərərçəkmiş şəxs X4 dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuşazadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək həbsdə olması, yəni 02 (iki) gün müddətində həbsdə olması, 01 (bir) gün müddətinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) gün azadlıqldan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2020-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaqTəcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında qeyd olunmuşdur ki, şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə, bu halda CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(101)-380/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il sınaq müddətinin çəkilməmiş 05 (beş ) ay 06 (altı) gün hissəsi müstəqil icra olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Mülki iddiaçı X4 dələduzluq nəticəsində 25000 manat dəymiş ziyanın 1000 manat hissəsi mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilərək Təqsirləndirilən şəxs 24000 manat tutularaq X4 ödənilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək həbsdə olması, yəni 02 (iki) gün müddətində həbsdə olması, 01 (bir) gün müddətinin 01 (bir) gün azadlıqldan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz ) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsbarəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaqTəcridxanasına göndərilsin. Təqsirləndirilən şəxsbarəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(101)-380/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il sınaq müddətinin çəkilməmiş 05 (beş ) ay 06 (altı) gün hissəsi müstəqil icra olunsun. Mülki iddia qismən təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 24000 (iyirmi dörd min) manat tutularaq mülki iddiaçı X1 xeyrinə ödənilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 72 ( yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun ( “xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar