Məhkəmə qərarları › İş №1(009)-120/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-120/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-120/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Abdulməcidoviçin, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Oktay qızının, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1‑ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq oğurluq etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 03 radələrində ünvan 2 saylı ünvanın qarşısından vətədaş Zərərçəkmiş şəxs məxsus olan 1000 manat dəyərində 2019-cu il buraxılışlı, Çində istehsal edilmiş, mühərrik həcmi 50 sm3 olan “Jonway Twister” markalı mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilmiş və həmin ittihamın mahiyyəti üzrə bildirmişdir ki, təxminən xx xxxxx 2020ci il tarixdə səhər saatlarında Səbail rayonu, Həsən Seyidbəyli küçəsi ilə tək piyada hərəkət edən zaman həmin küçədə yerləşən həyət evlərinin ümumi həyətinə daxil olmuşdur. Həmin həyətə daxil olmaq üçün qapı olmamış, giriş sərbəst və sadəcə açıq arkadan ibarət olmuşdur. Həmin həyətə daxil olaraq həyətdəki krantdan su içmişdir. Həmin zaman həyətdə moped olduğunu görmüşdür. Daha sonra həyəti tərk edib çıxıb getmişdir. Maddi vəziyyəti ilə əlaqədar olaraq düşünmüşdür ki həmin mopedi oğurlayaraq satıb və pul əldə etsin. Buna görə də, o, bir neçə gün həmin həyətə getmiş, lakin mopedin orada olmadığını görürmüşdür. Bundan sonra, xx xxxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində o, tək olaraq piyada Axundov parkına getmək üçün həmin küçədən, yəni Həsən Seyidbəyli küçəsindən keçmişdir. Həmin zaman düşünmüşdür ki, o, yenə də, həyətə daxil olaraq mopedin orada olub-olmamasına baxsın. Daha sonra o, həyətə baxmış və mopedin orada olduğunu görmüşdür. Bundan sonra o, bir qədər gözləmişdir ki, heçkimin olmadığına tam əmin olduqdan sonra mopedi gizli olaraq həyətdən çıxartsın. Daha sonra oradan uzaqlaşdıqda mopedi işə salmışdır. O, həmin mopedə əyləşərək yaşadığı Yasamal rayonunda yerləşən evinə getmişdir. O, həmin mopedi yaşadığı evin həyətində saxlamışdır. Düşünmüşdür ki, sonra satar. Daha sonra o, həmin mopedi satmaq üçün bir neçə dəfə cəhd etsə də, sata bilməmişdir. Ona görə də moped onda qalmışdır. Bugün, yəni xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında Səbail rayon ərazisində olarkən 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və polis bölməsində olan zaman törətmiş olduğu oğurluq cinayətini tam səmimi olaraq etiraf etmişdir. O, oğurluq cinayətini xx xxxxx 2020-ci il tarixdə saat 03 radələrində törətmişdir. Onun oğurluq cinayətini törətməkdə məqsədi, maddi vəziyyəti ilə əlaqədar olaraq, hər hansı bir əmlak oğurlayıb satışından pul əldə etmək olmuşdur. O, oğurluq cinayətini törədən zaman tək olmuşdur. Heç kimlə birlikdə oğurluq cinayətini törətməmişdir. Oğurluq cinayətini törətməyi ona heç kim təklif etməmişdir. O, oğurluq cinayətini törətməyə özü qərar vermişdir ki, oğurluq edərək qazanc əldə etsin. O, mopedi oğurladıqdan sonra yük yerinə baxmış, lakin həmin yerdə 1000 manat pul olmamışdır. O, 1000 manat pulu oğurlamamış, yalnız mopedi oğurlamışdır. O, Səbail rayon ərazisində başqa oğurluq cinayətləri törətməmiş, yalnız bir oğurluq cinayətini törətmiş və törətdiyi oğurluq cinayətini səmimi olaraq etiraf etmişdir. O, mopedi istintaqa təqdim etmişdir. O, oğurluq cinayətini törətdiyi barəsində heçkimə hətta ailə üzüvlərinə belə deməmişdir. Həmin ərəfə də ailə üzvləri evdə olmadığından və o, evdə tək olduğu üçün mopedi həyətdə saxlamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, zərərçəkmiş şəxslə barışıqəldəedilməsinin, zərərçəkmiş şəxsə dəymiş ziyanının tam ödənilməsinin, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X1 bildirmişdir ki, o, 2020-ci ilin yanvar ayında öz istifadəsi üçün 1000 manat müqabilində istifadə edilmiş vəziyyətdə olan, 2019-cu il buraxılışlı “Jonway Twister” markalı moped almışdır. Həmin vaxtdan mopedi özü idarə etmişdir. xx xxxxx 2020-ci il tarixdə yaşadığı ünvan 3 saylı ünvana gəlmişdir. İdarə etdiyi mopedi isə yaşadığı evin qarşısında həyətdə saxlamışdır. Lakin o, mopedi heç bir vasitə ilə bağlamamışdır. Mopedi saxladıqdan sonra yaşadığı evə getmişdir. Növbəti gün, yəni xx xxxxx 2020-ci il tarixdə axşam saat 21 radələrində evdən çıxarkən həyətdə saxladığı mopedin yerində olmadığını aşkar etmişdir. O, mopedi tapacağını zənn edib və ya qaytarılacağını gözləmək üçün polisə şikayət etməkdə tələsməmişdir. Lakin tapa bilmədiyindən, xx xxxxx 2020-ci il tarixdə 9-cu polis bölməsinə gedərək şikayət ərizəsi ilə müraciət etmişdir. Mopedə qeydiyyat şəhadətnaməsi verilmədiyindən heç bir sənədi yoxdur. Sadəcə mağazadan alınması ilə bağlı qaimə vardır. O, 2020-ci ilin yanvar ayında öz istifadəsi üçün mopedi 1000 manata almışdır. Oğurluq nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. O, ilkin olaraq mopedin oturacağının altında yerləşən yük yerində 1000 manat pulun oğurlandığını düşünmüşdür. Lakin daha sonra xatırlamışdır ki, həmin pulu xərcləmişdir. Hadisənin həyacanmdan səhv bildirmişdir. Həqiqətdə ona mopedin oğurlanması nəticəsində ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Ona məxsus olan moped “Jonway Twister” markalı olmuşdur. O, mopedi yaşadığı ünvan 3 saylı ünavnın həyətində saxlamışdır. Belə ki, onun yaşadığı ünvanda həyətə arkadan keçərək daxil olunur. Ümumi istifadəli arkadır, orada hər-hansı bir qadağa yoxdur. Eyni zamanda məhkəmə iclasında zərərçəkmiş şəxs X1 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışıqəldəetdiyini, hazırda ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1237 saylı rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2019-cu il buraxılışlı, Çində istehsal edilmiş mühərrik həcmi 50 sm3 olan “Jonway Twister” markalı mopedin yuxarıda qeyd olunan xüsusatlar və istifadə olunması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 1400 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2‑ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124‑cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən barəsində olan cinayət işinə xitam verilmiişdir. Məhkəmə, Təqsirləndirilən şəxsəməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıqəldəedilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini nəzərə alaraq, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət‑hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən ağlabatan məbləğdə pul tutulmasını əsaslı hesab edir. Eyni zamanda, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Jonway Twister” markalı mopedin saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351‑356‑cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23- 00-dən 7‑00‑dək tərk etməmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli məhkumun yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 ədəd “Jonway Twister” markalı mopedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Bakı şəhəri Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi Oktay qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 210 (iki yüz on) manat, X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 210 (iki yüz on) manatpul tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar