Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-122/2023 21.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 44, mənzil 35-də qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi, “Saray H” yaşayış kompleksi, ev 65, mənzil 31 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdə saat 17 radələrində özünün fəhlə işlədiyi ünvan 1 ünvanda yerləşən «Spar» marketin qarşısına qoyulmuş taranı görüb, əsəbləşərək həmin taranı həmin yerə qoymuş şəxsi müəyyən etmək üçün nalayiq ifadə eşlətmiş və həmin mağazada satıcı işləyən və taranı həmin yerə qoyan Zərərçəkmiş şəxs ona taram həmin yerə qoyan şəxs olaraq nalayiq ifadə işlətməsini irad bildirməsi səbəbindən aralarında yaranmış söz mübahisəsi ilə əlaqədar mağazanın anbar hissəsində Zərərçəkmiş şəxs sifət nahiyəsinə kəllə zərbəsi ilə qəsdən vuraraq, ona alın nahiyəsinin sağ yarısının sıyrığı və üst dodağın sağ yarısının əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2020-ci ildən hazıra kimi ünvan 2 ünvanda yerləşən “Spar” marketdə fəhlə işləyir. Zərərçəkmiş şəxs da təxminən bir ildir həmin mağazada satıcı işləyir və onunla iş yoldaşı olaraq münasibətləri vardır. Belə ki, 08 yanvar 2023-cü il tarixdə saat 17 radələrində mağazanın qarşısında tara qoyulduğunu görmüş və əsəbləşərək taranı həmin yerə kim tərəfindən qoyulmasını soruşmaq və öyrənmək üçün söyüş işlətmişdir. Bu zaman satıcı Altay taranı həmin yerə qoyduğunu bildirərək, ona söyüş ifadəsi işlətdiyinə görə irad bildirmişdir. Bu zəmində Altayla aralarında mübahisə yaranmış və onlar mübahisə edərək mağazanın anbar hissəsinə tərəf getmişlər. Orada olarkən isə o, əsəbləşdiyindən Altayın sifətinə kəllə zərbəsi vurmuş və aralarında dava-dalaş olmuşdur. Daha sonra isə o, oradan qaçıb getmişdir. Həmin hadisə təxminən 3-5 dəqiqə ərzində baş vermiş, bunu kənar şəxslərdən görən olmamışdır. Altayla ilkin olaraq mübahisələri mağazanın qarşısında yaranmış, daha sonra isə ikisi heç kəsin olmadığı mağazanın deposuna tərəf getmiş və orada bir- birini vurmuşlar. O, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq bəraətverici əsaslar olmadan icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdə saat 17 radələrində fəhlə işlədiyi ünvan 1 ünvanda yerləşən «Spar» marketin qarşısına qoyulmuş taranı görüb, əsəbləşərək həmin taranı həmin yerə qoymuş şəxsi müəyyən etmək üçün nalayiq ifadə işlətmişdir. O həmin mağazada satıcı işləyir. O Eminə nalayiq ifadə işlətməsinə görə irad bildirmiş və aralarında yaranmış mübahisə ilə əlaqədar mağazanın anbar hissəsində Emin onun sifət nahiyəsinə kəllə zərbəsi ilə qəsdən vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Cinayət təqibinə xitam verilməsini xahiş etdi. 09 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. Məhkəmə-tibbi ekspertizasının 24 yanvar 2023-cü il tarixli 13 nömrəli rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alın nahiyəsinin sağ yarısının sıyrığı və üst dodağın sağ yarısının əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən sifət nahiyəsinə kəllə ilə vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, bəraətverici əsaslar olmadan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı, həmçinin özünün və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətin yetirilməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında CPM-nin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayət və tələbi olmadığından məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 193, 300.1.7, 300.5, 305.1, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-122/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-122/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver