Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-123/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1956-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Bakı Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə Bakı Hərbi Məhkəməsi tərəfindən həbs edilmiş faktiki ər-arvad münasibətində olduğu X3 həbsdən buraxdıracağını yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 20 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, ev 4, mənzil 9-da 4000 (dörd min) manat və təxminən 2-3 gündən sonra eyni ünvanda, eyni məqsədlə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 6500 (altı min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM- nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Aidə Həmzəyevanın əri Elnur onun tanışıdır. 2020-ci ilin əvvəllərində Elnurun Bakı Hərbi Məhkəməsi tərəfindən həbs olunduğunu bilmişdir. Aidə ondan bu işdə kömək etməsini xahiş etmişdir. Həmin ərəfədə o, Kənan adlı şəxslə tanış olmuş və söhbət zamanı Kənan əvvəllər polisdə işlədiyini və bir çox vəzifəli şəxslərlə əlaqədə olduğunu bildirmişdir. Kənana tanışı Elnurun məhkəmə tərəfindən həbs edildiyini və onun azadlığa buraxılmasına köməklik lazım olduğunu deyərkən Kənan Elnurun işində kömək edə biləcəyini bildirmişdir. Bundan sonra Kənanla birlikdə Aidənin yaşadığı evə getmişlər. Aidəni Kənanla tanış edərək Elnurun həbsdən azad edilməsinə köməklik edəcəyini bildirmiş və söhbət zamanı Kənan bunun üçün Aidəyə 7000 manat lazım olduğunun demiş, sonradan 6500 manata razılaşmışlar. Bir neçə gündən sonra yenidən Kənanla birlikdə Aidənin evinə getmişlər və orda olan zaman Aidə onun yanında Kənana 4.000 manat məbləğində pul vermişdir. Bir həftə sonra Kənanla birlikdə yenə Aidənin evinə getmişlər. Bu dəfə Aidə Kənana 2.500 manat məbləğində pul vermişdir. Sonrakı vaxtlarda isə Kənan ondan gizlənməyə başlamış, telefonlara cavab verməmişdir. Elnurun işi də həll olunmamışdır. Aidə isə Kənanı tapa bilmədiyi üçün pulu ondan istəməyə başlamış və həmin pulu qızıllarını lombarda qoyaraq götürdüyünü bildirmişdir. O da məcbur qalaraq Aidəyə köməklik etmək məqsədi ilə sonuncuya 2.000 manat pul qaytarmışdır. X9 aldığı 6.500 manat puldan ona hər hansı məbləğdə pul verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri X5 2020-ci ilin yanvar ayında Bakı Hərbi Məhkəməsi tərəfindən həbs olunmuşdur. Elnur həbs olunduqdan sonra onun tanışı Təqsirləndirilən şəxs ona zəng edib məhkəmə sədri ilə Elnurun ev dustaqlığına buraxılması məsələsini danışdığını bildirmişdir. Bundan bir neçə gün sonra Arif Kənan adlı əvvəllər tanımadığı şəxslə onun evinə gələrək Kənanın məhkəmə sədrinin qohumu olduğunu birlikdə məhkəmə sədri ilə Elnurun buraxılması barədə danışıb razılaşdıqlarını və Elnurun buraxılması üçün 7000 manat pul lazım olduğunu bildirmişdir. O, həmin məbləği verə bilməyəcəyini bildirdikdən sonra Arif onu Kənanın avtomobili ilə Bakı Hərbi məhkəməsinin qarşısına gətirmiş və Arif Kənanla birlikdə məhkəmənin inzibati binasına girərək bir müddət sonra qayıdıb məbləğdə aşağı düşmədiklərini, həmin 7000 manat pulun verilməli olduğunu Arif ona demişdir. O, da məcbur olub öz qızıl əşyalarını Mərkəzi Univermağın yaxınlığında yerləşən lombarda girov qoyub 1700 manat pul və «Amrah» banka qızıl əşyalarını girov qoyub 3360 manat kredit götürmüşdür. 20 fevral 2020-ci il tarixdə Arif Kənanla birlikdə onun yaşadığı evinə gəlmiş və həmin vaxt onlarda olan Elnurun qohumu Zakirin yanında 4000 manat pulu sayıb Arifə vermişdir. Arif də həmin pulu Kənana vermişdir. Kənan da pulu sayarkən 100 manat əskik olduğunu deyib ona qaytarmışdır. O, əskik olan 100 manatı da pulun üstünə qoyub cəmi 4000 manatı Kənana qaytarmışdır. Təxminən 2-3 gün sonra yenə Ariflə Kənan onun evinə gəlmiş və o, cəmi 2500 manat pul düzəldə bildiyini deyib həmin məbləği Arifə vermişdir. O, Arifin həmin pulu Kənana veribvermədiyini görməmişdir.Bundan sonra Arif və Kənan tezliklə məhkəmə olacağını və Elnurun buraxılacağını ona deyərək getmişlər. Lakin xeyli müddət keçsədə Elnuru azadlığa buraxmamışlar. Arifələ əlaqə saxlayıb səbəbini soruşanda Kənanla Arif müxtəlif bəhanələr gətirib vaxtı uzatmağa başlamışlar. Sonrakı vaxtlarda isə Kənanın telefonuna zəng çatmamışdır. Arif də ona Kənanı tapa bilmədiyini, Kənanın pulu götürüb, lakin işi də həll etmədiyini bildirmişdir. Bundan sonra Arifin Kənanla birlikdə onu aldadaraq pulunu ələ keçirdiklərini başa düşmüş və Arifin evinə gedib pulunu istəməyə başlamışdır. Arif hər dəfə Kənanı tapıb pulunu qaytaracaqlarına söz versə də sözünə əməl etməmişdir. Bir müddət də gözləyib bir nəticə olmadığını görərək 2020-ci ilin aprel ayında polisə müraciət etmişdir. O, polisə şikayət edəndən sonra Kənan tapılmamış, lakin Arif onun çoxsaylı təkidlərindən sonra ona 2000 manat pul qaytarmışdır. Bu günə qədər qalan pul, yəni 4.500 manat pul ona qaytarılmayıb. Ona görə də şikayətçidir və ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. X2 ilə uzun illərdir ki, faktiki ər-arvad münasibətindədirlər. Elnur 2020-ci ilin yanvar ayında Bakı Hərbi Məhkəməsi tərəfindən həbs olunmuşdur. Təqsirləndirilən şəxs anasına zəng edib bildirmişdi ki, məhkəmə sədri ilə danışıb və Elnurun ev dustaqlığına buraxılması məsələsini xahiş edib, bunun üçün 7000 manat pul lazımdır. 20 fevral 2020-ci il tarixdə Arif Kənanla birlikdə onların yaşadığı evlərinə gəlmişdir. Həmin zaman Elnurun qohumu Zakir də onlarda imiş. Anası 4000 manat pulu sayıb Arifə vermişdir. Arif də həmin pulu Kənana vermişdir. Kənan da pulu saymış və 100 manat əskik olduğunu deyib anasına qaytarmışdır. Anası 100 manatı da pulun üstünə qoyub cəmi 4000 manatı Kənana qaytarmışdır. Həmin zaman o, evdə imiş və bütün bunların şahidi olmuşdur və həmçinin telefonu ilə gizlincə onların şəkillərini çəkmişdir. Ariflə Kənan söz vermişlər ki, yaxın günlərdə məhkəmə prosesi olacaq və Elnur ev dustaqlığına buraxılacaq. Təxminən 2-3 gün sonra yenə Ariflə Kənan onların evinə gəlmişlər. Həmin zaman o, evdə yox imiş, lakin anasının deməsindən bilmişdir ki, anası 2500 manatı Arifə vermiş və o, Kənanla çıxıb getmişdir. Xeyli müddət ərzində Kənanla Arif müxtəlif bəhanələr gətirib vaxtı uzatmağa başlamışlar. Lakin heç bir iş həll olunmamışdır və Elnur buraxılmamışdır. Anası polisə şikayət edəndən sonra Kənan tapılmamış, lakin Arif onun çoxsaylı təkidlərindən sonra anasına 2000 manat pul qaytarmışdır ki, kreditin bir hissəsini ödəsin. Bu günə qədər də anasının pulu qaytarılmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Arif vasitəsi ilə tanımış və əri Elnurun məhkəmədə işini həll etmək adı ilə Zərərçəkmiş şəxs evində iki dəfəyə 4000 və 2500 manat olmaqla cəmi 6500 manat pulunu Ariflə birlikdə almışlar. Həmin pulun 2000 manatı qaytarılmış, 4500 manatı isə qaytarılmamışdır. İş materiallarında olan 22 avqust 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayt işinin ayrılması haqqında Qərardan görünür ki, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarında olan 01 aprel 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yeri olan ünvan 3 ünvanına baxış keçirilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddələri ilə 02 il sınaq müddəti tətbiq edilməklə 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarından olan 25 noyabr 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarından olan 25 noyabr 2021-ci il tarixli “ittiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarından olan 17 mart 2022-ci il tarixli protokoldan görünür ki, 17 mart 2022-ci il tarixdə Həmzəyev X6 RPİ-nin əməkdaşları tərəfindən tutularaq, Binəqədi RPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 19 mart 2022-ci il tarixli 1(001)- 291/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Ev dustaqlığının əvvəli 17 mart 2022-ci il tarixdən müəyyən edilmişdir. İş materiallarında olan 28 mart 2022-ci il tarixli “cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Əflatun Səlimov tərəfindən ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 17 aprel 2022-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri 16 saylı şəhər poliklinkasının Ambulator kartadan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs ürəyin işemik xəstəliyi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-441/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-441/2021 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-441/2021 saylı hökmü xx.xx.2021-ci ildə qanuni qüvvəsini almışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunmalı, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, ürək xəstəsi olmasını və bununla əlaqədar mütamadi müalicələr almasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək, yəni 05 (beş) ay 29 (iyirmi doqquz) gün ev dustaqlığında olduğu müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və onun barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri təyin olunsun. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-123/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-123/2022
16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver