Məhkəmə qərarları › İş №1(009)-123/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-123/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-123/2023 23.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Xüsusi ittihamçı X6 və onun nümayəndəsi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X12 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X7 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X8 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1977-ci ildə Kəlbəcər rayonunun, Keştək kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan (sürücü), əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Keştək kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında faktiki yaşayan X12 xx.xx.1974-cü ildə Kəlbəcər rayonu, Keştək kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Keştək kəndində qeydiyyatında olmaqla, ünvan 1 ünvanında faktiki yaşayan X4 xx.xx.1996-cı ildə Oğuz rayonunun Kərimli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Qaraçanlı ərazi dairəsi, Tatlar kəndində qeydiyyatında olmaqla, ünvan 2 ünvanında faktiki yaşayan X7 xx.xx.1974-cü ildə Kəlbəcər rayonunun, Keştək kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan (sürücü), əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Keştək kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşayan X8 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı X16 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X12, X4, X7 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X23, X20, X9 və X21 ARB telekanalında həftəarası hər gün efirə gedən "Səni Axtarıram" verilişində 2022-ci ilin fevral ayından-iyul ayınadək olan müddətdə efirə gedən verilişləri zamanı onu uşaq qatili və qatlin sifarişçisi barədə əsassız ittihamları dəfələrlə təkrarlamaqla ona qarşı şər və böhtan atmış, onun şərəfini, ləyaqətini və nüfuzunu qəsdən alçaltmışlar. 19 iyun 2019-cu il tarixdə qonşuları həmçinin qohumu X23 və X4 övladları X24 yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində yerləşən mənzilinin eyvanından yıxılmış və o, onu təsadüfən həmin vəziyyətdə görərək təcili xəstəxanaya çatdırmışdır. Kənan xəstəxanaya çatdırıldıqdan 2 saat sonra aldığı xəsarətlərədn vəfat etmişdir. Hadisədən müəyyən vaxt keçdikdən sonra o, X23, X20 və X9 və X21 tərəfindən şər və böhtanlara məruz qalmışdır. Onlar onu Kənanın ölümündə təqsirkar hesab edirlər. Kənan Musayev onun bacısının nəvəsidi, yəni təqsirləndirilən şəxslər onun qohumlarıdır. Onlar həmişə mehriban olmuşlar, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Buna baxmayaraq X23 və X1 ölümündən bir neçə ay sonra prokurorluğa və digər dövlət orqanlarına ərizə ilə müraciət edərək onu xüsusi ilə ağır cinayətdə ittiham edib Kənan Musayevin ölümünü onun üstünə ataraq qeyd etmişdir ki, bu hadisə güuya onun, Məlahət Xudiyevanın təşkilatçılığı ilə törədilmişdir. Bundan sonra prokurorluqda və daxili işlər orqanlarında uzun müddət araşdırmalar aparılmış, dəfələrlə onun və digər şəxslərin izahatları alınmışdır. Bir neçə dəfə Baş Prokurorluq internet səhifəsində bununla bağlı açıqlamalar vermişdir. Beləliklə, X23 və X4 onuxüsusi ilə ağır cinayət törətməkdə ittiham etməklərinə baxmayaraq, ədalət araşdırmalar nəticəsində haqq öz yerini tapmış və onun bu hadisə ilə heç bir əlaqəsi olmadığı tam olaraq sübuta yetirilmişdir. Bütün bunlarla yanaşı həmin şəxslərin tərəfindən ailəsi və özü təhqir və şiddətə məruz qalmaqda davam etmişlər. Sonuncu dəfə döyüldükdən sonra o, ”102" qaynar xəttinə və yazılı ərizə ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Rövşən Şəhkərəmov tərəfindən aparılmış araşdırma zamanı əməldə cinayət tərkibi olmadığından xx.xx.2019-cu il tarixli qərarla material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmiş və bu barədə ona rəsmi məlumat verilmişdir. Bundan sonra, yəni 22 oktybr 2022-ci il tarixində X4 ona mağazada hücum edərək xəsarət yetirməsi ilə əlaqədar olaraq onun barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Abşeron RPİ-nin Mehdiabad PB-nə göndərilmişdir. Bundan narazı qalan təqsirləndirilən şəxslər milyonlarla insanın hər gün maraqla baxdığı ARB televiziya kanalında efirə gedən "Səni Axtarıram" verilişinə qatılaraq, onu milyonların qarşısında uşaqlarının qatili adlandırmış, aylarla davam edən silsilə verilişlərdə onun üzünə qatil olduğunu deməklə onu teleməkanda etmədiyi əmələ görə günahlandırmışlar. Hətta verilişin aparıcısı onlara konkret suallarla müraciət etdikdə belə onlar konkret olaraq, həmin ölüm hadisəsinin onun tərəfindən təşkil olundğunu bildirmişlər. "Səni Axtarıram" verilişinin xx.xx.2022-ci il tarixli verilişdə X23, X9 və X21 təkrar onu xüsusi ağır cinayətdə ittiham edərək qatil və qatilin sifarişçisi adlandırırlar (02:19:00), xx.xx.2022-ci il tarixli verilişdə (01:31:00) (02:19:30) X23, X9 və X21 təkrar onu xüsusi ağır cinayətdə ittiham edərək qatil və qatilin sifarişçisi adlandırırlar, xx.xx.2022-ci il tarixli verilişdə (00:26:00) X23 onun qatil olduğunu deyir, həmin verilişdə X9 da (00:33:30), (01:33:00) xx.xx.2022-ci il tarixində (0:24:45) və (00:43:15), (00:46:15- 00:47:00) X20, X21 onu konkret olaraq, qatil cinayəti törədən şəxs olduğumu bildirir, xx.xx.2022-ci il tarixli verilişdə 01:35:00-01:42-dək və daha sonra da X23, X9 və X21 təkrar onu xüsusi ağır cinayətdə ittiham edərək qatil və qatilin sifarişçisi adlandırırlar, xx.xx.2022-ci il tarixli verlişdə (02:01:18) isə vəkil Müdafiəçi5 da onlara qarşı çıxaraq bunun əsassız olduğunu deyir. Onlara bu hərəkətlərinə görə cavab verməli olacaqları barədə xəbərdarlıq etsə də onlar bu əməllərindən əl çəkməmiş və onu demək olar ki, 2022-ci ilin fevral ayından iyul ayının sonunadək davam edən və onun da iştirak etdiyi verilişlərdə milyonların qarışısında xüsusi ilə ağır cinayətdə ittiham etməkdə davam etmişlər. Bununla onlar bütün xalqın qarşısında onun şərəf və ləyaqətini alçaltmış onu tanıyan insanların gözündə nüfuzdan salmışlar. Halbuki, onun uşağın ölümündə heç bir təqsiri yoxdur. Əgər belə bir şey olmuş olsaydı barəsində tədbir görülmüş olardı. Buna baxmayaraq, təqsirləndirilən şəxslər X23 və X9 və X21 onu televiziya efirində şər və böhtan atmaqda davam etmişlər. Qeyd olunanlar "Səni Axtarıram" verilişinin YouTube-dakı kanalında da yerləşdirilmiş və yüz minlərlə insan tərəfindən izlənilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər X23, X20, X9 və X21 təqsirləndirilirlər ondan ötrü ki, onlar ARB telekanalında hər gün efirə gedən "Səni Axtarıram" verilişində 2022-ci ilin fevral ayından -iyul ayınadək olan müddətdə olan verilişləri zamanı məni qatili və qatilin sifarişçisi olduğum barədə əsassız ittihamları dəfələrlə təkrarlamaqla mənə qarşı şər və böhtan atmış, mənim şərəf, ləyaqətimi və nüfuzumu qəsdən alçaltmışlar. Bununla da onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərədə tutuan cinayət əməlini törətmişlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən X23 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onların heç kimə şər, böhtan atmaq fikirləri olmamış, onların məqsədi oğlunun ölümü ilə bağlı onlarda yaranmış şübhələrin hərtərəfli, ədalətlə və düzgün araşdırılmasına nail olmaq olmuşdur. Dövlət orqanlarına etdikləri müraciətləri cavabsız qaldığı üçün onlar səslərini televiziya vasitəsilə çatdırmağa çalışmışlar. Hazırda araşdırma gedir və onlar araşdırmanın nəticələrini gözləyirlər. Eyni zamanda sözügedən televiziya proqramında X16 özü də onları qatil adlandırmışdır. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən X20 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onların heç kimə şər, böhtan atmaq fikirləri olmamış, qardaşının övladının ölümü onları dərindən sarsıtmış, onun ölümü ilə bağlı onlarda yaranmış şübhələrin hərtərəfli, ədalətlə və düzgün araşdırılmasına nail olmağa çalışmışlar. Dövlət orqanlarına etdikləri müraciətləri cavabsız qaldığı üçün onlar məsələni ictimailəşdirmişlər. Hazırda araşdırma gedir və onlar araşdırmanın nəticələrini gözləyirlər. Eyni zamanda sözügedən televiziya proqramında X16 özü də onları qatil adlandırmışdır. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən X9 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onların heç kimə şər, böhtan atmaq fikirləri olmamış, övladının ölümü onları dərindən sarsıtmış, onların məqsədi oğlunun ölümü ilə bağlı onlarda yaranmış şübhələrin hərtərəfli və düzgün araşdırılmasına nail olmaq olmuşdur. Dövlət orqanlarına etdikləri müraciətləri cavabsız qaldığı üçün onlar səslərini televiziya vasitəsilə çatdırmağa çalışmışlar. Hazırda araşdırma gedir və onlar araşdırmanın nəticələrini gözləyirlər. Eyni zamanda sözügedən televiziya proqramında X16 özü də onları qatil adlandırmışdır. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən X21 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, azyaşlı qardaşının ölümü onları dərindən sarsıtmış, onların məqsədi qardaşının ölümü ilə bağlı onlarda yaranmış şübhələrin hərtərəfli və düzgün araşdırılmasına nail olmaq olmuşdur. Dövlət orqanlarına etdikləri müraciətləri cavabsız qaldığı üçün onlar səslərini televiziya vasitəsilə çatdırmağa çalışmışlar. Hazırda araşdırma gedir və onlar araşdırmanın nəticələrini gözləyirlər. Eyni zamanda sözügedən televiziya proqramında X16 özü də onları qatil adlandırmışdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X16 şikayəti müdafiə edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X12, X4, X7 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun məktubundan görünür ki, X13 xx.xx.2019-cu il tarixdə yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, 2 saylı bina, 74 nömrəli mənzilin eyvanından yıxılaraq aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə ibtidai istintaqı aparılaraq hazırda icraatı dayandırılmış, ********* nömrəli cinayət işi üzrə X17 təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir. İş materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, "Səni Axtarıram" verilişində xx.xx.2022-ci il tarixli verilişdə X23, X9 və X2 Məlahət Vəli qızını qatil və qətlin sifarişçisi adlandırırlar. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla və təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq belə nəticəyə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X12, X4, X7 və X8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yoxdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fİkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Böhtan işlərində böhtan atan şəxsin yalan yaydığını bildiyinin sübuta yetirilməməsi cinayət təqibini istisna edir. Böhtan əlamətlərini müəyyən etmək üçün zərərçəkmiş haqqında yayılan yalan məlumatın onun şərəf, ləyaqət və nüfuzunu ləkələməsi lazımdır. Yayılan məlumat yalan da olsa, qurbanı rüsvay etmirsə, böhtan yoxdur. Qanun müəyyən edir ki, məhkumluq fərziyyələrə əsaslana bilməz və ittiham hökmü yalnız o şərtlə çıxarılır ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edilsin. Deməli, məhkəmə böhtan məsələsinə hüquqi qiymət verərkən təkcə cinayət qanununa istinad edilməsini deyil, həm də onun əsaslandırılmasını nəzərdə tutur. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin niyyəti ilə bağlı düzgün nəticə çıxarmalıdır. Böhtan yalnız birbaşa qəsdən törədildiyi üçün hökmdə müttəhimin bilavasitə niyyəti olduğunu göstərən halların məcmusuna istinad etmək lazımdır. Başqa sözlə,niyyət cinayətin baş verməsi hallarının məcmusu ilə sübuta yetirilir. Bütövlükdə təqsirləndirilən şəxsin təqsiri və ya irəli sürülən ittihamın ayrı-ayrı epizodları, təqsirinin forması, cinayətin törədilməsində iştirak dərəcəsi və xarakteri, vicdanlı yanılma da daxil olmaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və s. kimi aradan qaldırılması mümkün olmayan şübhələr yarandıqda, onlar müttəhimin lehinə şərh edilməlidir. Şəxsin təqsirini sübut etmək, yəni qəsdi və bildiyini sübut etmək vəzifəsi isə xüsusi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması; şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göründüyü kimi, toplanmış sübutların məcmusu barəsində xüsusi ittiham qaydasında şikayət verilən X12, X4, X7 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X18, X5, X14 və X15 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirin olması, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma əməlinin olması sübuta yetirilməmişdir. X12, X4, X7 və X8 əməlinin tərkibində subyektiv cəhətin mövcud olmaması onların cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Azərbaycan Respublikası CPM-nin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X12, X4, X7 və X8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci maddəsinin tərkibinin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X18, X5, X14 və X15 həmin maddə ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməlidir. İş üzrə 01 (bir) ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.2, 42.1.2, 42.2.2, 344- 350, 352-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X12, X4, X7 və X8 əməlində cinayət tərkibi olmadığına görə, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilsin. İş üzrə 01 (bir) ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar