Məhkəmə qərarları › İş №1(009)-123/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-123/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-123/2025 12.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1969-cu ildə Daşkəsən rayonu, Bayan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, təqaüdçü, məhkumluğu ödənmiş, Daşkəsən rayonu, Bayan Ə/D, Bayan kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Akta 6, B 3/27 ünvanında yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncuya Dövlət Sosial Müdafiə Fondu tərəfindən Əvvəllər verilmiş və 2020-ci ildə dayandırılmış pensiyasının bərpa edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib inandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə, 20 may 2024-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Ürək xəstəxanasının qarşısında, ilkin olaraq Zərərçəkmiş şəxs 3.000 manatını, növbəti dəfə 26 iyun 2024-cü il tarixdə, səhər saat 09 radələrində, həkim komissiyasından keçirmək məqsəd ilə gətiridiyi ünvan 1 ünvanda yerləşən Səhiyyə Nazirliyinin Endokrinoloji Mərkəzinin yanında, sonuncunun oğlu Araz Cəfərlinin vasitəsi ilə 3.000 manatını alıb ələ keçirərək, sonralar verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs ümumilikdə cəmi 6.000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. O, Şahid2 həkim kimi tanıdığını və aralarında dostluq münasibətlərinin olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs və onun oğlu Arazı əvvəllər tanımadığını, onlarla heç bir münasibətinin olmadığını göstərmişdir. Onun sözlərinə görə, təxminən 2-3 ay əvvəl Araz ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O, Arazdan nə üçün görüşmək istədiyini və onu haradan tanıdığını soruşmuşdur. Araz isə bildirmişdir ki, Nəsimi ilə iş yoldaşıdır və Nəsimi həkim onun telefon nömrəsini verərək kömək edə biləcəyini deyib. O, görüşməyə razılaşmış və Göygöl rayonundan qayıdarkən Ürək xəstəxanasının qarşı tərəfində Arazla görüşmüşdür. Görüş zamanı Arazın “Mercedes” markalı avtomobilində sürücünün yanında əyləşmişdir. Avtomobildə Araz və sonradan adını öyrəndiyi anası Züleyxa da olmuşdur. Araz bildirmişdir ki, anası Züleyxanın pensiyası kəsilib və Nəsimi həkim onun kömək edə biləcəyini deyib. O isə DSMF-da işləmədiyini və həkim olmadığını bildirmişdir. Bununla belə, sənədlərə baxaraq kömək etməyə çalışa biləcəyini demişdir. Sənədlərlə tanış olarkən məlum olmuşdur ki, Züleyxa əvvəllər pensiya almış, lakin son 5 ay ödəniş dayandırılmışdır. O bildirmişdir ki, xəstəlik kağızı olmadığından pensiya dayandırılıb və şəkər, damar və ürək xəstəlikləri ilə bağlı sənədlər toplanaraq həkim komissiyasından keçmək lazımdır. Həmçinin qeyd etmişdir ki, Züleyxa Şəmkir rayon qeydiyyatında olduğu üçün Şəmkir MRX-dan göndəriş alıb Bakıdakı xəstəxanalara müraciət edə bilərlər. Bakı xəstəxanalarını tanımadıqlarını dedikdə, o tez-tez Bakıya getdiyini və həkimlərdən keçməkdə kömək edə biləcəyini bildirmişdir. Həmin vaxt onlardan heç bir pul almadığını xüsusi vurğulamışdır. Təxminən bir ay sonra Araz yenidən əlaqə saxlamış və sənədləri topladığını bildirmişdir. Onlar birlikdə Bakı şəhərinə getmiş, Respublika Endokrinoloji Mərkəzində və travmatologiya xəstəxanasında müayinələrdən keçmişlər. O, yalnız hansı həkimlərə müraciət etməli olduqlarını göstərdiyini, heç bir həkimə pul vermədiyini qeyd etmişdir. Daha sonra Araz bir neçə dəfə zəng edərək pensiya məsələsinin niyə həll olunmadığını soruşmuşdur. O isə bildirmişdir ki, sənədləri Şəmkir RMX-dan forma 88 ilə təsdiqlətmək lazımdır. Arazın bunu etmədiyini demişdir. Sonradan Araz və anası onunla görüşmək istəmiş, Araz yanında başqa şəxslər gətirərək ondan pul tələb etdirmişdir. O isə heç kəsə borclu olmadığını və heç kimə pul vermədiyini bildirmişdir. Ümumiyyətlə, Araz və anasından heç vaxt pul almamışdır. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsini müstəntiq oxudu daha sonra o imza atmışdır. Nəsimini 2020-ci ildən tanıyır. Həyat yoldaşının həkimi olmuşdur. Nəsimi özü ona demişdir ki, Nəsiminin iş yoldaşı Arazın anasının pensiyasını dayandırıblar və onu bərpa etmək üçün hansı sənədlər lazımdırsa o onlara bu barədə köməklik göstərsin. Əvvəllər öz həyat yoldaşının pensiyası ilə bağlı müraciətlər etmişdi və bu səbəbdən hansı sənədlər lazım olduğunu bilirdi. Xeyr, bu işlə bağlı heç bir marağı olmamışdır. Nəsiminin xətrinə Arazın anasına köməklik göstərmək istəyirdi çünki COVİD 19 olan zamanda Nəsimi həkim yoldaşı və bacısına tibbi köməklik göstərmişdir.O, Züleyxadan və onun oğlu Arazdan pul almamışdır. Yalan danışırlar. Nəsiminin xahişinə əsasən zərərçəkmiş şəxsə kömək etmək istəyirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, əvvəllər pensiya almış, lakin 2022-ci ildə pensiyası kəsilmişdir. O qeyd etmişdir ki, 2024-cü ildə oğlunun tanışı, Şəmkir RMX-da feldşer işləyən Nəsimi adlı şəxs onun oğlunu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Fəxrəddinlə danışıq zamanı onlara bildirilmişdir ki, tanışları vasitəsilə onun pensiyasını bərpa etdirə bilər. Bunun üçün 6000 manat pul tələb etmiş və demişdir ki, həmin məbləğ qarşılığında işi həll edəcək, o isə sadəcə Bakı şəhərində həkim komissiyasından keçəcəkdir. Zərərçəkmiş şəxs onunla razılaşdığını və Fəxrəddinin xəstəlik sənədlərini götürərək Bakı şəhərinə göndərəcəyini, pensiyanı bərpa etdirəcəyini bildirdiyini göstərmişdir. O, tələb olunan 6000 manat pulun 3000 manatını 20 may 2024-cü il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Ürək xəstəxanasının yanında şəxsən Fəxrəddinə verdiyini qeyd etmişdir. Həmin vaxt oğlu X5 da yanında olduğunu bildirmişdir. Daha sonra, 26 iyun 2024-cü il tarixdə Fəxrəddin onu Bakı şəhərinə həkim komissiyasından keçirmək üçün aparmışdır. Bakı şəhərində yerləşən Respublika Endokrinoloji Mərkəzdə olarkən Fəxrəddinin digər 3000 manat pulu onun oğlu Arazdan aldığını, lakin bundan sonradan xəbər tutduğunu ifadə etmişdir. Belə ki, o analiz verən zaman Fəxrəddin həmin məbləği oğlundan almışdır. Fəxrəddin onlara bildirmişdir ki, bir ay ərzində pensiya bərpa olunacaqdır. Lakin bir neçə ay keçməsinə baxmayaraq pensiya bərpa edilməmişdir. Zərərçəkmiş şəxs pulunu geri tələb etdikdə isə Fəxrəddinin müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etdiyini göstərmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ödəniş olunmayıb, şikayətçidir. Yoldaşı ona deyirdi ki, pulları qaytaracaqlar. Nəsimi onlara demişdi ki, bütün işləri Fəxrəddin həll edəcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 göstərmişdir ki, anası Zərərçəkmiş şəxs əvvəllər pensiya almış, lakin 2022-ci ildə onun pensiyası kəsilmişdir. O qeyd etmişdir ki, 2024-cü ildə tanışı Nəsimi adlı şəxs onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Fəxrəddinlə danışıq zamanı o bildirmişdir ki, tanışları vasitəsilə anasının pensiyasını bərpa etdirə bilər. Bunun üçün 6000 manat pul tələb etmiş və demişdir ki, həmin məbləğ qarşılığında işi həll edəcək, anası isə sadəcə Bakı şəhərində həkim komissiyasından keçəcəkdir. Onlar da bu təkliflə razılaşmışlar. Fəxrəddin anasının xəstəlik sənədlərini götürərək Bakı şəhərinə göndərəcəyini və pensiyanı bərpa etdirəcəyini bildirmişdir. Tələb olunan 6000 manat pulun 3000 manatını 20 may 2024-cü il tarixdə Gəncə şəhərində yerləşən Ürək xəstəxanasının yanında şəxsən anası Fəxrəddinə vermişdir. Həmin vaxt şahid də orada olmuşdur. Daha sonra, 26 iyun 02024-cü il tarixdə Fəxrəddin anasını Bakı şəhərinə həkim komissiyasından keçirmək üçün aparmışdır. Bakı şəhərində yerləşən Respublika Endokrinoloji Mərkəzdə olarkən, anası analiz verən zaman Fəxrəddin digər 3000 manat pulu şahiddən almışdır. Anasının bu barədə sonradan, pul verildikdən sonra xəbəri olmuşdur. Fəxrəddin onlara bildirmişdir ki, bir ay ərzində pensiya bərpa olunacaqdır. Lakin bir neçə ay keçməsinə baxmayaraq pensiya bərpa edilməmişdir. Onlar Fəxrəddindən pullarını geri tələb etdikdə isə o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Fəxrəddini Nəsiminin vasitəsilə tanımışdır. Fəxrəddin Nəsimiyə demişdi ki, pensiya ilə bağlı işləri görə bilər. Nəsimi onun nömrəsini ona verdi və onunla ilk dəfə telefon vasitəsilə danışdı. İlk dəfə Gəncədə görüşmüşdür. X7 Xəstəxananın yanında maşının içində 3000 manat vermişdir. Digər 3000 manatı isə Bakıda Endikroloji Mərkəzin yanında vermişdir. Nəsimi ona demişdi ki Fəxrəddini tanıyır və etibarlı adamdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, lakin onun oğlu Arazı tanıyır və Araz kənd məntəqəsində işləyir. O, X3 isə təxminən 2 ildir tanıdığını, aralarında salam-sağol münasibəti olduğunu qeyd etmişdir. Şahidin sözlərinə görə, Faxrəddinlə söhbət zamanı o, pensiya düzəldə biləcəyini və bu iş üçün tanışı olduğunu bildirmiş, lakin həmin şəxsin kimliyini açıqlamamışdır. 2024-cü ilin may ayında işdə olarkən sürücü Asəf ona yaxınlaşaraq Arazın anasının pensiyasının kəsildiyini və köməklik göstərməsini xahiş etdiyini bildirmişdir. O isə belə işlərdən başının çıxmadığını, lakin bir tanışının nömrəsini verə biləcəyini demişdir. Həmin vaxt Arazın yanında Faxrəddinlə telefonla danışaraq Arazın anasına kömək edib-etməyəcəyini soruşmuşdur. Faxrəddin də Araza onu yanına göndərməsini və pensiyanın bərpasına köməklik edəcəyini bildirmişdir. Bundan sonra şahid Araza Faxrəddinin telefon nömrəsini vermişdir ki, öz aralarında danışıb razılaşsınlar. Təxminən 2-3 gün sonra Arazla yenidən danışarkən, Araz ona bildirmişdir ki, anasının pensiyasını bərpa etdirmək üçün Faxrəddinə ümumilikdə 6000 manat pul veriblər. Şahid onlara pulu öz vasitəsilə verməli olduqlarını demişdir. Növbəti gün Faxrəddinlə danışan zaman Faxrəddin Züleyxadan 6000 manat aldığını təsdiqləmiş və işi tezliklə həll edəcəyini bildirmişdir. Təxminən bir ay sonra, 2024cü ilin iyun ayında Araz yenidən şahidə zəng edərək Faxrəddinin yalan danışdığını və 6000 manat pulu dələduzluq yolu ilə ələ keçirdiyini demişdir. Araz bildirmişdir ki, iyun ayında Bakı şəhərində həkim komissiyasından keçən zaman onları heç kəs qarşılamamış və işlərini həll edən olmamışdır. Bu barədə Faxrəddinlə danışdığını və Faxrəddinin Züleyxadan aldığı pulu başqa şəxslərə verdiyini, səbirli olub gözləsələr işin həll olunacağını dediyini göstərmişdir. Şahid Faxrəddinə işi həll edə bilmirsə, pulu geri qaytarmasını tövsiyə etdiyini, lakin Faxrəddinin hər şeyin həll olunacağını bildirdiyini qeyd etmişdir. Buna baxmayaraq, Züleyxanın dəfələrlə tələb etməsinə baxmayaraq Faxrəddin aldığı 6000 manat pulu geri qaytarmamış və pensiya məsələsini də həll etməmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Araz ona demişdi ki, anasına pensiya düzəltmək lazımdır. Fəxrəddin ilə pandemiya olan vaxt münasibətləri yaranmışdı. Araz ona məsələni deyəndə onun yanında Fəxrəddini yığmışdır. Fəxrəddini pandemiya olan vaxt tanımışdır. Fəxrəddin ona demişdi ki, pensiya düzəldə bilir. Ona demişdi ki, Arazın anasına pensiya düzəltmək lazımdır, o isə bildirmişdir ki düzəldə bilər. Sonradan bilmişdir ki, Fəxrəddin Arazgildən pul alıb. Pulun alış-verişini görməmişəm. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhərində yerləşən Respublika Endokrinoloji mərkəzin inzibati binasının yaxınlığıdır. (i.v. 27-30). “CD diskə olan səs yazılarının stenoqrammasının çıxarılması haqqında” 20 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, - Şahid2: Eşidirsənmi. Deyir ki, gəlsin notariusdan kağız verim ki,men onların pulunu qaytaracam 1 aya, 2 aya, bilmirəm belə - Şahid2: Gəlsin görǝk neçə müddətinə verir bir aya pataloq iki aya deyib verəcəm - Təqsirləndirilən şəxs: İndi axı bu Məmmədqulu əgər bizə lazım deyilsə ürək ürəyə aparıb o boyda vermək olarmı havaydan - Təqsirləndirilən şəxs: Adam sənsən demək fikrim odu sənin əmanətin çatıb onların marağı olmasa sən öl bu yolları nə sənə deməzlər nə mənə - Araz Cəfərli: Biz də pul verib işimizi görürmək istəyirik də - Təqsirləndirilən şəxs: Pul verib işi gördürmək qardaş işivi tam qurtaraq ay Araz ondan sonra - Araz Cəfərli: Siz elə eliyirsiz elə bil yəni sizə o məbləğ 6 min heç o pul verilmiyib yəni elecǝ şey eliyirsiz. - Təqsirləndirilən şəxs: Siz elə eliyirsiz mənim üçün o pul döyül sənin üçün böyük olsada mənim üçün qəpik deyil çünki mənim yoldaşım hər şeydən irəlidir mənə o puldan zaddan da irəlidir. - Anan 10 dəqiqə orda duranda səsini başına atırdıki oy mən burda pul vermişəm burda niyə durum ki düzdümü - Araz Cəfərli: Ay ǝmi elə olurda biz yəni pul veririksə rahat olmalıyıq - Təqsirləndirilən şəxs: Elə olursa işi görməlisən rahat - Təqsirləndirilən şəxs: Get keçdə get mənim kağızımı gətir ver sənin işivi həll eliyim Elə bilirsən sənə o kağızlar elə belə verilir? O həkim deməsə ölsədə onu verməz. - Təqsirləndirilən şəxs: yoxe sey vaxtı keçsə dədə mən uşaq döyüləmki 5 kişinin içində oturdalar adama deyərlər ki vseravno elə olacaq sizə yüz dənə də yaxşılıq etsəm axırı razborkayla qurtaracaq. 5 kişinin içində oturdalar adama deyərlər xax buna əziyyət çəkib pul verib niyə vaxtı keçsin deyərlər deməzlər? - Araz Cəfərli 6 mində mənim üçün çox puldur size deyim ki biləsiz - Təqsirləndirilən şəxs:Mən sənin nəyivə zəng eliyim nəyivə. Sən bir şey olan kimi Nəsimiyə zeng eliyirsiz. Nəsibəyə sən pul vermisən bu iş barədə - Araz Cəfərli: Yox mən sizə vermişəm - Təqsirləndirilən şəxs:Ölüvə rəhmət Nəsimi bəlkə səndən pul alıbdı mən bilmirəm - Araz Cəfərli:Xeyr almıyıb - Təqsirləndirilən şəxs: Nə də mən verməmişəm gəl əlimi qurana vurum nə də mən Nəsimiyə pul verməmişəm. (i.v. 68-73). Məhkəməyədək icraat zamanı aparılmış və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid X9 ilə şahid Təqsirləndirilən şəxs üzləşdirmədə dindirilərkən, A.R.Cəfərova bir başa Təqsirləndirilən şəxs üzünə qarşı, 20 may 2024-cü il tarixdə saat 16 radələrində, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Gəncə şəhər Kardioloji xəstəxa- nanın yaxınlığıda, avtomobilində anası Zərərçəkmiş şəxs pensiyasının bərpasını təmin etmək məqsədi ilə onun yanında 3.000 manat verməsini, 26 iyun 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Endokrinoloji Mərkəzinin yanında o, eyni məqsəd üçün Əlavə 3.000 manat verməsini demiş, Təqsirləndirilən şəxs isə Araz Cəfərlinin dedikləri ilə razılaşmadan, anasının pensiya işinin həlli üçün pul almamasını və buna dair razılıq əldə etməməsini, Zərərçəkmiş şəxs həkim müayinəsindən keçməsi üçün bələdçiliyi tanışı Şahid2 xahişi ilə təmənnasız etməsini bildirmişdir (i.v. 84-85) Məhkəməyədək icraat zamanı aparılmış və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid2 ilə şahid Təqsirləndirilən şəxs üzləşdirmədə dindirilərkən, A.R.Cəfərova bir başa Təqsirləndirilən şəxs üzünə qarşı, onunla Araz Cəfərlini anasının dayandırılmış pensiyasının bərpasını təmin edilməsində köməklik etməsi üçün tanış etməsini və bu işdə köməklik etməsini xahiş etməsini, 2024-cü ilin iyun ayının axırlarında Şahid1 ona zəng edib Təqsirləndirilən şəxs pensiyanın bərpası üçün 6.000 manat pul almasını və işi həll etməməsi barədə narazılığını bildirdikdə, o, Təqsirləndirilən şəxs pensiyanın bərpasına köməklik müqabilində pul almasını bilməsini, həmçinin o, Təqsirləndirilən şəxsla əlaqə saxlayıb Şahid1 anasının pensiya işi həll etməsini əks halda pullarını qaytarmasını bildirdikdə, Təqsirləndirilən şəxs Şahid1 gildən pul almasını təsdiq etməklə, işin həlli üçün aldığı pulları adlarını bildirmədiyi şəxslərə verməsini deməsini bildirmiş, Təqsirləndirilən şəxs isə Şahid2 dedikləri ilə razılaşmadan, Şahid1 anasının pensiya işinin həlli üçün pul almamasını, bu işdə sonuncuya onun xahişi nəzərə alaraq təmənnasız köməklik və bələdçilik etməsini bildirmişdir (i.v. 86) Məhkəməyədək icraat zamanı aparılmış və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs üzləşdirmədə dindirilərkən, zərərçəkmiş Zərərçəkmiş şəxs bir başa Təqsirləndirilən şəxs üzünə qarşı, 20 may 2024-cü il tarixdə saat 16 radələrində, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Gəncə şəhər Kardioloji xəstəxananın yaxınlığıda, oğlu Araz Cəfərlinin avtomobilində 3.000 manat pensiyasının bərpasını təmin etdirməsi üçün verməsini, 26 iyun 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Endokrinoloji Mərkəzinin yanında oğlu Şahid1 eyni məqsəd üçün əlavə 3.000 manat verməsini demiş, Təqsirləndirilən şəxs isə zərərçəkmiş Zərərçəkmiş şəxs dedikləri ilə razılaşmadan, sonuncunun pensiya işinin həlli üçün pul almamasını və buna dair razılıq əldə etməməsini, Zərərçəkmiş şəxs həkim müayinəsindən keçməsi üçün bələdçiliyi tanışı Şahid2 xahişi ilə təmənnasız etməsini bildirmişdir (i.v. 92). “Sübutların qiymətləndirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixi qərardan görünür ki, bir ədəd CD disk iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınmışdır və cinayət işinə əlavə edilmişdir.(i.v. 127-132). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin audio və videoyazıların məhkəmə ekspertizasının 17 dekabr 2025-ci il tarixli 4/1951 nömrəli rəyindən görünür ki, 1. Ekspertizaya təqdim olunmuş 01 ədəd "abv" markalı CD-R diskdə və 01 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramlar şəxsiyyəti eyniləşdirmək üçün yararlıdır.

2. Ekspertizaya təqdim olunan 01 ədəd "abv" markalı CD-R diskdə və 01 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 3. Ekspertizaya təqdim olunmuş 01 ədəd "abv" markalı CD-R diskdə və 01 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramlardakı fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində "K2" kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni heç kəsə pensiya düzəltmək barədə söz verməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutları, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış protokolları, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş materiallarında olan: İş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır və ambulator kitabçadan çıxarışdan görünür ki, sol mədəciyin hipertoniyası, xroniki koronar çatışmazlıq xəstəliklərindən əziyyət çəkir. (i.v.77-86) “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir (i.v. 123). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 noyabr 2024-cü il tarixdə verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Əzizov X1 Rayon Məhkəməsinin 10 mart 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3000 (üç min) misli cərimə cəzasına məhkum edilmişdir. 18 may 2007-ci il tarixdə AR MM-in amnistiya qərarının 1.8 və 8.4-cü bəndlərinə əsasən təyin olunmuş cərimə cəzasından azad olunmuşdur. (i.v. 97-98). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs müharibə veteranı olması, yaşı və sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, müharibə veteranı olmasını, yaşını və sağlamlıq vəziyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, o cümlədən yaşı, sağlamlıq vəziyyəti və müharibə veteranı olmasını (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1) barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsi). Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 274 (iki yüz yetmiş dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1 maddəsi). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 62 saatı 11 manatdan hesablanmaqla 682 (altı yüz səksən iki) manat məbləğində pul vəsaiti, Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 35 saat 6 manatdan, 10 saat 11 manatdan hesablanmaqla, cəmi 320 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Akta 6, B 3/27 məhlə ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 274 (iki yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 62 saatı 11 manatdan hesablanmaqla 682 (altı yüz səksən iki) manat məbləğində pul vəsaiti, Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 35 saat 6 manatdan, 10 saat 11 manatdan hesablanmaqla, cəmi 320 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar