Məhkəmə qərarları › İş №1(009)-125/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-125/2025

30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-125/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında kirayədə yaşayan barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 2 saylı “Asan” xidmət mərkəzində tanış olduğu Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncuya pul müqabilində xəstəlik təqaüdü düzəldiləcəyinə yalan vəd verib inandıraraq, həmin vədinə əməl etmək və Zərərçəkmiş şəxs2 xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan özgə əmlakını ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə 2 saylı “Asan” mərkəzinin qarşısında 800 manat, 06 avqust 2024-cü il tarixdə həmin ünvanda 900 manat pulu Zərərçəkmiş şəxs2 nağd almaqla, 11 avqust 2024-cü il tarixdə, saat 11:32 dəqiqədə Zərərçəkmiş şəxs2 tərəfindən yaşadığı ünvan 4 ünvanda mobil tətbiqi vasitəsilə onun istifadəsində olmuş oğlu Nicat Bayramovun adına olan “Leobank”kart hesabına köçürülmüş 400 manat, 12 avqust 2024cü il tarixdə, saat 19:26 dəqiqədə Zərərçəkmiş şəxs2 yaşadığı həmin ünvandan mobil tətbiqi vasitəsilə qeyd edilən karta köçürülmüş 900 manat məbləğində pulu, habelə 2024cü ilin avqust ayının ortalarından 09 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində müxtəlif tarixlərdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 2 saylı “Asan” xidmət mərkəzinin qarşısında 1000 manat, 1500 manat, 1000 manat və 750 manat pulu Zərərçəkmiş şəxs2 nağd olaraq alıb, verdiyi vədə əməl etməyib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 7250 (yeddi min iki yüz əlli) manat pulu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olduğu sonuncunun qaynatası Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui-istifadə edib yaşla əlaqədar təqaüd düzəldəcəyinə yalan vəd verib inandıraraq, həmin vədinə əməl etmək və Zərərçəkmiş şəxs1 xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan özgə əmlakını ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında yerləşən 2 saylı “Asan” xidmət mərkəzinin qarşısında 800 manat, xx.xx.2024-cü il tarixdə həmin ünvanda 200 manat, xx.xx.2024-cü il tarixdə həmin ünvanda 850 manat pulu Zərərçəkmiş şəxs1 nağd olaraq almaqla, xx.xx.2024-cü il tarixdə, saat 10:50 dəqiqədə Zərərçəkmiş şəxs1 tərəfindən yaşadığı ünvan 5 ünvanda mobil tətbiqi vasitəsilə onun istifadəsində olmuş oğlu Nicat Bayramovun adına olmuş “Leobank”kart hesabına köçürülmüş 300 manat, 28 avqust 2024-cü il tarixdə, saat 19:22 dəqiqədə yenə yaşadığı həmin ünvandan mobil tətbiqi vasitəsilə qeyd edilən karta köçürülmüş 50 manat, xx.xx.2024-cü il tarixdə, saat 15:11 dəqiqədə ünvan 6 ünvanında quraşdırılmış marketdə olan ödəmə terminalından qeyd edilən karta köçürülmüş 90 manat, xx.xx.2024-cü il tarixdə, saat 10:52 dəqiqədə ünvan 7 ünvanında olan “Bolmart’’da quraşdırılmış 6472 №-li terminal vasitəsilə qeyd edilən karta köçürülmüş 150 manat, 14 sentyabr 2024-cü il tarixdə, saat 16:32 dəqiqədə ünvan 8 ünvanında “Milliön” elektron 51633 №-li ödəmə terminalı vasitəsilə qeyd edilən karta köçürülmüş 100 manat, 15 sentyabr 2024-cü il tarixdə, saat 14:32 dəqiqədə ünvan 9 ünvanında olan “Bolmart’da quraşdırılmış 6472 №-li terminal vasitəsilə qeyd edilən karta köçürülmüş 100 manat, 15 sentyabr 2024-cü il tarixdə, saat 14:40 dəqiqədə ünvan 9 ünvanında olan “Bolmart’da quraşdırılmış 6472 №-li terminal vasitəsilə qeyd edilən karta köçürülmüş 100 manat, 16 sentyabr 2024-cü il tarixdə, saat 15:46 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, R.İsgəndərov küçəsi, «Bolmart»-da quraşdırılmış 6472 №-li terminal vasitəsilə qeyd edilən karta köçürülmüş 130 manat, 30 sentyabr 2024-cü il tarixdə, saat 12:45 dəqiqədə ünvan 10 ünvanında olan “Bolmart”da quraşdırılmış 6472 №-li terminal vasitəsilə qeyd edilən karta köçürülmüş 50 manat, 30 sentyabr 2024-cü il tarixdə, saat 13:42 dəqiqədə ünvan 10 ünvanında olan “Bolmarftda quraşdırılmış 6472 №4i terminal vasitəsilə qeyd edilən karta köçürülmüş 10 manat, sonuncu dəfə isə 09 oktyabr 2024-cü il tarixdə, saat 16:38 dəqiqədə ünvan 11 ünvanında quraşdırılmış ödəmə terminalı vasitəsi qeyd edilən karta köçürülmüş 30 manat olan pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2960 (iki min doqquz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs bildirmişdir ki, özünü qismən təqsirli bilir. O Elşəni 6 saylı ASAN xidmətdə tanıyıb. O, böyrək donoru olub. Bir tanışı deyib ki, Elşən donor olmaq istəyir ona kömək et. O da razılaşıb. Bu şəxslə Koroğluda görüşüb, sənədi ala bilməyib deyə 6 saylı ASAN xidmətə gediblər. Video görüntü də var onu ortaya çıxara da bilər. Özünə necə sənəd düzəltmişdisə ona da elə düzəldib. Sənədləri düzəldəndən sonra ona deyib ki, özünüzə necə pensiya düzəltmisinizsə mənə də elə kömək edin. O vaxt ona “hə” deməyib. Psixi vəziyyəti ilə bağlı müalicə alırmış. Üstündən 1 ay keçəndən sonra Elşən axşam zəng vurdu deyib ki, mənə kömək et pensiya sənədi düzəldim. O, əvvəl pensiya sənədi alırmış, daha sonra yoldaşından boşanıb, məhkəmə icazə verməyib uşaqlarına baxmağa, uşaqları qaldı yoldaşında, böyük oğlu onunla qaldı. Sonra uşaqlarını yoldaşından almaq üçün pensiyadan imtina etdi. Rayonda icraçı deyib ki, ləğv etsən də uşaqlar sənə verilməyəcək, çünki sən sistemdə müalicə alırsan kimi görünür. Elşən deyib ki, o Naxçıvanda psixi sağlamlığa görə yatıb. Bu səbəbdən o da düşünüb ki, eyni məndə olan qayda da ona kömək edər. O sənədləri göndərib, amma cavab ala bilməyib. Elşənlə danışıb, deyib ki, əlində pul qalmayıb. Daha sonra 2 saylı ASAN xidmətdə görüşüblər. O, pulu almağını danmır sadəcə olaraq müalicəsinə xərcləyib. O pulu qaytara bilmir və hesab edir ki, pulun miqdarı düzgün deyil. Onun fikrincə məbləğ 2000-3000 Azndır. Onun pensiya sənədlərini düzəltmək üçün pulları alıb. Pulları müalicəsinə xərcləyib. 4 övladı var. Övladının biri əqli geridi. Digər övladı da xəstədi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Donorluqdan qorxduğu üçün sonradan etməyib. ASAN xidmətdə Leyla ilə tanış olub, ona deyibdir ki, pensiya işini həll edə bilər. Özü də psixi xəstəliklə bağlı xəstəxanadan yeni çıxıb. Ona o səbəbdən pensiya düşürmüş. Bir müddət keçib baxıb ki, heç nə etmir, əlaqə saxlayıb bir dəfə deyib ki, oğlu xəstələnib, daha sonra deyib ki, şəhid olub, 40-ı çıxsın gələcəm. O da görüb ki, onu aldadır. Polis Bölməsinə müraciət edib, orada bir az proses davam edib razılığa gəliblər, o məbləğdən sadəcə 250 azn qaytarıb. Sonra o, yenə zəngləri açmayıb. O da ona deyib ki, gedirəm polis bölməsinə xəbəriniz olsun. Leyla da deyib ki, getsəniz özümü öldürəcəyəm və.s. Əgər iş alınmamışdısa gəlib deyərdi ki, qaytarıram pulu, amma o qaytarmadı. Tanışlıqları donora görə olub. Nazim adlı şəxs donor axtarırdı, o da öz qaraciyərini donor kimi vermək istəyirdi, amma fəsadlarını bildikdən sonra imtina edib. Bakı Sağlamlığa gedib ərizə verib, amma sonra imtina edib. Nazimi bir dəfə Sədərəkdə kuryer işləyəndə görüb. Donor üçün elanı Nazim veribmiş. Onu xəstə ilə Nazim görüşdürüb. Maddi ehtiyac üçün donor olurdu. Nazimin vasitəsi ilə Leyla xanımla tanış olub. Nazim deyib ki, get Koroğluya Leyla səninlə görüşəcək, sənədləri düzəldəcək. Nazim onu ona görə Leylaya yönəltdi ki, əvvəl o da donor olub. Təqaüdlə bağlı sənədləri sonradan Leyla ona deyib ki, düzəldə bilir. Hərbi xidmətdə olub, amma məhdud yararlıdır. Leyla deyib ki, bu işlə məşğulam həll edəcəm. Ondan pul istədi deyə 3000 Azn motosikleti 2200 Azn satıb hissə-hissə Leylaya verib. Qalan pulu da ayrı-ayrı vaxtlarda verərək 7250 azn olub. O pulları bəzi yerlərdən borc almışdım. İşlədiyim yerdən pul alıb, faizə pul götürərək Leylaya verib. Ona Leyla deyirmiş ki, düzəlir narahat olma. Leyla deyib ki, 45-50 yaşlı şəxsə də təqaüd düzəldir. O da deyib düzəldirsə qayınatamın adına düzəltsin. Harada nə qədər pul verməyi tam dəqiq yadında deyil, amma hissə-hissə vermişdir. 800 azn 8 noyabr ASAN xidmətdə verib. 900 azn Xətaidə verib. 900 azn Əhmədlidə ASAN xidmətdə verib. Fərqli tarixlərdə qalan pulu verib. Həmin dövrdə ***-***-**-** nömrəsini işlədib. Görüşəndə pul və ya sənəd verib. Leyla ilə 7-8 dəfə görüşüb. 150 də ödəyirdi, 30- 40 da olurdu. Kartına da əlavə olaraq pul göndərirdi.Ən sonunda da adam sayına uyğun 90 azn istəyirdi. Nazim adlı şəxs sadəcə xarici nömrə ilə 2 dəfə əlaqə yaradıb. Nazimlə sonradan əlaqəsi kəsilib. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 19 avqust 2024-cü ildə Leyla ilə kürəkəni vasitəsi ilə ASAN xidmətdə tanış olublar. Sənədləri notariusda təsdiq olunmağına görə məlumat verib, tanış olublar. Əmək kitabçasını aparıb Leyla deyib ki, təsdiq edəcək. Leyladan işlə bağlı soruşanda isə deyib ki, sənədləri həkimə verib. Həkim də bilmir kimdir. Ondan 850 azn sonra kartda 300 azn, sonra 670 azn, sonra 450 azn, sonra da 700 azn kartla verib. Təqaüdünü düzəltsin deyə pulları verib. Əmək stajı 4 ildir. İstilik sistemində işləyib. Təqaüd almır. 2970 azn məbləğdə ziyan dəyib. 250 azn polisdə olarkən pul qaytarıb kürəkəninə. Nağd pulların məbləği 850 azn 19 avqustda verib, 300 azn sadəcə kartla, 670 azn, 450 azn sonra verib. 2960 aznla razı deyil. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, qeyd olunan kart onun adınadır. Kartı o anası üçün alıb. Evə nəsə lazım olsa alsın deyə verib kartı. Karta gələn pullardan xəbəri olmayıb. Kart Kapital banka məxsusdur. Kartı anası istifadə edirdi, o ancaq karta pul göndərib. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş və istintaq aparılmışdır (c.i.v.1-2). İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınması haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.47). İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınması haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.54). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.89-90). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.72-73). İş materiallarında olan Səbail rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21991/24 saylı axtarış işi açılmışdır və xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu ərazisində saxlanılaraq İŞ-nə təhvil verilmişdir (c.i.v.77). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.78). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 21 dekabr 2024-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır (c.i.v.108-109). İş materiallarında olan “qətimkan tədbiri seçilməsi haqqında” 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (c.i.v.111-112). İş materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 03 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilmişdir (c.i.v.124-135). İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (c.i.v.136-138). İş materiallarında olan “ödəmə qəbzlərinə baxış keçirilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi materiallarının 10-cu səhifəsində 05 ədəd «karta köçürmə» qəbzləri vardır, Zərərçəkmiş şəxs2 qeyd etmişdir ki, birinci Nicat Bayramovun adına olan karta göndərdiyi 400 manat pul özünə məxsusdur, xx.xx.2024-cü il tarixdə saat 11:32 dəqiqədə həmin kart hesabına köçürülmüş və bundan əlavə Nicat Bayramovun adına olan karta 900 manat pulun xx.xx.2024-cü il tarixə, saat 19:26 dəqiqədə köçürülmüş həmin pul vəsaitlərinin özünə məxsus olmasını digərlərinin isə qaynatası Akif Nəıcəfova məxsus olmasını bildirmişdir. Həmin qəbzlərə baxış keçirilməsini davam edən zaman müəyyən edilmişdir ki, 2-ci qəbz 10 manat pulun Leyla adına olan karta xx.xx.2024-cü il tarixə, saat 13:42 dəqiqədə köçürülmüşdür; 3-cü qəbz Leyla adına olan karta 50 manat pulun xx.xx.2024-cü il tarixə, saat 12:45 dəqiqədə kartın balansına köçürülmüşdür,4-cü qəbz Nicat Bayramovun adına olan karta 900 manat pulun xx.xx.2024-cü il tarixə, saat 19:26 dəqiqədə köçürülmüşdü, həmin səhifənin arxa hissəsində Nicat Bayramovun adına olan karta 50 manat pulun xx.xx.2024-cü il saat 19:22-dəqiqədə köçürülmüşdür. Qeyd edilən bütün 5 qəbzdə «yarım il ərzində» köçürülüb 1410 manat, qəbul edilib 0 manat qeyd edilmişdir. Cinayət işinin materiallarının 33-cü səhifəsində olan eManat 2-ci qəbz xx.xx.2024-cü il tarixdə, 15:113:24-də ünvan 12 ünvanında quraşdırılmış marketdə olan 534 №-li terminaldan Şahid adına son rəqəmi 12907033 Leobank kart hesabına 90 manat pulun köçürülməsi; mpay 3-cü qəbz Badamdar qəsəbəsi, R.İsgəndərov küçəsi 4a ünvanında olan Bolmartda quraşdırılmış 6472 №li terminal vasitəsilə xx.xx.2024-cü il tarixdə, saat 10:52-də Şahid adına son rəqəmi 133 Leobank kart hesabına 150 manat pulun köçürülməsi; mpay xx.xx.2024-də, saat 15:46-da Səbail rayonu, Badamdar qəsəbəsi, R.İsgəndərov küçəsi, «Bolmart»-da quraşdırılmış 6472 №-li terminal vasitəsilə Şahid adına olan son rəqəmi 12907033 Leobank kart hesabına 130 manat pulun köçürülməsi; 4-cü Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi 1 ünvanında Milliön elektron ödəmə terminalı №51633 vasitəsilə Şahid adına son rəqəmi 12907033 Leobank kart hesabına 100 manat pulun köçürülməsi; mpay 5-ci qəbz Badamdar qəsəbəsi, R.İsgəndərov küçəsi 4a ünvanında olan Bolmartda quraşdırılmış 6472 №li terminal vasitəsilə xx.xx.2024-cü il tarixdə, saat 16:38-də Şahid adına son rəqəmi 12907033 Leobank kart hesabına 30 manat pulun köçürülməsi; mpay 6-cı qəbz Badamdar qəsəbəsi, R.İsgəndərov küçəsi 4a ünvanında olan Bolmartda quraşdırılmış 6472 №li terminal vasitəsilə xx.xx.2024-cü il tarixdə, saat 14:40-da Şahid adına son rəqəmi 12907033 Leobank kart hesabına 100 manat pulun köçürülməsi; həmin səhifənin arxa hissəsində mpay 7-ci qəbz Badamdar qəsəbəsi, R.İsgəndərov küçəsi 4a ünvanında olan Bolmartda quraşdırılmış 6472 №-li terminal vasitəsilə xx.xx.2024-cü il tarixdə, saat 16:32-də Şahid adına son rəqəmi 12907033 Leobank kart hesabına 100 manat pulun köçürülməsi; 34-cü səhifədə xx.xx.2024-cü il tarixdə 523915******8462 vəsait silinən kartdan 541124******7033 kartına 300 manat pulun köçürülməsi barədə **********2 nömrəli qəbz əlavə edilmişdir. Beləliklə həmin qəbzlər əsasında Şahid adına olan Leobank kart vasitəsilə Təqsirləndirilən şəxs adına ümumilikdə 2410 (iki min dörd yüz on) manat pul köçürülməsi müəyyən edilmişdir (c.i.v.106). İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3810 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Azərbaycan Respublikası SN-nin F Sağlamlıq Mərkəzi tərəfindən təqdim edilmiş xəstəlik tarixindən çıxarışın kserosurətində göstərilən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası SN-nin Respublika Psixiatriya Xəstəxanasına verilən göndərişdə “F44.8 Digər dissosiativ (konversion) pozğunluqlar” diaqnozu hal-hazırki psixiatrik müayinə zamanı müəyyən edilmədi. İİ Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Vət.Təqsirləndirilən şəxs ruhi-əsəbi xəstədirmi, əgər xəstədirsə hansı növ xəstəliyinə və nə vaxtdan düçar olmuşdur? Cinayəti törədərkən anlaqlı olmuşdurmu və öz hərəkətlərini dərk etmək iqtidarında olmuşdurmu, hal-hazırda anlaqlıdırmı? Cavab: Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmə və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. 2 ci sual: Vət.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşürmü? Cavab: Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublika CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (c.i.v.119-121). İş materiallarında olan 11 mart 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (c.i.v.118). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, zərərşəkmiş şəslərin, şahidin ifadəsi, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət özünün etirafedici, zərərçəkmiş şəxslərin, şahidin ifadələri ilə və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsini 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 310 (üç yüz on) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün 03 saylı Vəkil Bürosunun, "xxxx"-ın Səbail rayon filialındakı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 dekabr 2024-cü il tarixindən 21 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 30 iyun 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 310 (üç yüz on) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 03 saylı Vəkil Bürosunun, "xxxx" ASC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə mülki iddia icraatı qaydasında şikayət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar