Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-127/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş, Yevlax şəhəri, İ.Dəmirov küçəsi, ev 35-də qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 6-cı Mədən, A.İsmaylov küçəsi, ö/t nömrəsiz evdə yaşayan barəsində “polis nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 dekabr 2020-ci il tarixdə saat 20:00 radələrində ünvan 1 ünvanın qarşısına gələrək yaxınlıqda yerləşən «Domino» kafesinin daş hasarını aşıb həmin kafenin həyətinə düşərək oradan isə yuxarıda qeyd olunan ünvanda mövcud olan Zərərçəkmiş şəxs məxsus olan bir mərtəbəli evin dəhlizində quraşdırılmış, kafenin həyətinə baxan nəfəsliyin şüşəsinin yerində olmamasından istifadə edib həmin ünvana qanunsuz daxil olaraq qonaq otağında olan divanın arxasından Zərərçəkmiş şəxs məxsus pul kisəsinin içərisindən iki ədəd 100 (bir yüz) manatlıq, üç ədəd 20 (iyirmi) manatlıq və bir ədəd 10 (on) manatlıq əskinazlardan ibarət ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində nəğd pul vəsaitini gizli talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs 270 (iki yüz yetmiş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 noyabr 2020-ci il tarixdə təxminən 7-8 ilə yaxın bir müddət ərzində tanıdığı Zərərçəkmiş şəxs onu yaşadığı Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən evinə dəvət edib orada təmir tikinti işlərini aparmağını ondan xahiş etmişdi. O, evin içinə baxıb orada təmir tikinti işlərini aparmağa razılıq vermişdi. Zərərçəkmiş şəxs evində ondan başqa sonuncunun qohumu Aqil adlı usta təmir tikinti işlərini aparırdı. 04 dekabr 2020-ci il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs evində təmir tikinti işlərini apardıqdan sonra orada nahar edən zaman bir ədəd 0,5 litirlik spirtli içki olan arağı içmişdi. Sərxoş vəziyyətdə olduğu üçün 04 dekabr 2020-ci il tarixdə saat 20:00 radələrində təkrar işlədiyi, Zərərçəkmiş şəxs məxsus ünvana gələrək yaxınlıqdakı kafenin hasarını aşmış, kafenin həyətinə açılan həmin evin dəhlizində quraşdırılmış nəfəsliyin şüşəsinin yerində olmadığını görüb oradan dəhlizə daxil olmuşdur. Həmin nəfəsliyin şüşəsini özü təmir işləri ilə əlaqədar olaraq çıxarıb dəhlizə qoymuşdu. Bu vaxt ətrafda və hasarını aşdığı kafenin həyətində heç kəs olmamışdır. Kimsənin onu görmədiyinə tam əmin olduqdan sonra evə daxil olmuşdur. Dəhlizdən qonaq otağına daxil olaraq bir qədər axtardıqdan sonra qara rəngli pul kisəsi tapmış və açaraq oradan müxtəlif əskinazlardan ibarət olan 270 (iki yüz yetmiş) manat pulu götürüb həmin evə daxil olduğu yolla çıxıb yaşadığı ünvana getmişdi. 05 dekabr 2020-ci il tarixdə yaşadığı ünvandan çıxıb yaxınlıqda yerləşən dükanların birindən pivə alıb içdikdən sonra saat 12:00 radələrində Bakı şəhəri, Səbail rayonunda yerləşən Funikulyorun qarşısına gəlmiş sərxoş olduğuna görə qeyri-ixtiyar olaraq orada mühafizəçi işləyən adını bilmədiyi şəxsə usta işlədiyi Yaşar adlı şəxsin evindən oğurluq etməsini etiraf etmişdi. Həmin şəxs onu orada saxlamağa çalışmışdı. Lakin o, oradan uzaqlaşıb getmişdi. Ayıldıqdan sonra etdiyi əməldən peşman olmuşdu. Bir qədər vaxt keçdikdən sonra onun valideyinləri Yaşarın evinə gedərək ondan üzr istəyib sonuncudan oğurladığı 270 (iki yüz yetmiş) manat puldan əvvəlcə 200 (iki yüz) manat, daha sonra isə qalan 70 (yetmiş) manat Zərərçəkmiş şəxs qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 14 sentyabr 2018-ci il tarixdə insult keçirdib müalicə olunduqdan sonra danışığında və hərəkətində dəyişiklər baş vermişdir. Hazırda o, danışarkən və hərəkət edib gəzərkən çətinlik çəkir. Mahiyyəti üzrə bildirmişdir ki, 04 dekabr 2020-ci il tarixdə saat 19:00 radələrində qohumu X1 ilə yaşadığı evdən çıxıb bacısı Səyyarə İsmayılovanın yaşadığı ünvana qonaq getmişdi. Həmin tarixdə bacısının evində qonaq qalmışdı. 05 dekabr 2020-ci il tarixdə saat 09:00 radələrində təzədən A.Alışanlının köməyi ilə yaşadığı ünvana geri qayıtmışdı. Həmin tarixdə təqribən saat 12:00 radələrində tanışı Nurlan ona zəng vurub bildirmişdir ki, Vüsal adlı şəxs onun iş yerinə gələrək təmir işləri apardığı Yaşarın evindən oğurluq etməsini ona etiraf etmişdir. Həmin məlumatı aldıqdan sonra Vüsal adlı şəxsi yanında tutub saxlamaq istəyərkən sonuncu onun əlindən qaçıb getmişdir. O, bu məlumatı eşitdikdən sonra pul kisəsini daimi olaraq saxladığı yerə, yəni divanın arxasına baxmışdı. İlkin olaraq yuxarıda qeyd etdiyi pul kisəsinin yerində olmasını aşkar etmişdi. O, pul kisəsinin içərisinə baxdıqda oradan iki ədəd 100(bir yüz) manatlıq, üç ədəd 20(iyirmi) manatlıq və bir ədəd 10(on) manatlıq əskinazların oğurlanmasını aşkar etmişdi. Bundan sonra yaşadığı evin içinə daha diqqətli baxmış, lakin qeyd etdiyi məbləğdən başqa hər hansı bir əşyanın oğurlanmadığını aşkar etmişdi. Oğurluq hadisəsi baş verməmişdən bir neçə gün öncə Vüsal adlı şəxs onun evində bir neçə gün ərzində usta kimi təmir işləri apararkən onun pul kisəsinin qoyulduğu yeri görmüşdü. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 270 (iki yüz yetmiş) manat məbləğində maddi ziyan dəymişdir. O, baş vermiş oğurluq hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, ona qarşı şikayəti yoxdur, məhkəmədən bunun nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir ilə yaxın olar ki, 2018-ci ilin sentyabr ayında insult keçirdib müalicə olunduqdan sonra danışmaqda və hərəkət etməkdə çətinlik çəkən həyat yoldaşının dayısı Zərərçəkmiş şəxs daimi olaraq köməklik göstərir. 04 dekabr 2020-ci il tarixdə saat 19 radələrində onun köməyi ilə Zərərçəkmiş şəxs yaşadığı evdən çıxıb bacısı Səyyarə İsmayılovanın yaşadığı ünvana qonaq gedərək orada qalmışdı. 05 dekabr 2020-ci il tarixdə saat 09:00 radələrində təzədən onun köməyi ilə Yaşar yaşadığı evə geri qayıtmışdı. Həmin tarixdə saat 12:00 radələrində onlar Yaşarın evində olarkən Nurlan adlı şəxs Yaşara zəng vurub Vüsal adlı şəxsin onun iş yerinə gələrək təmir işləri apardığı mənzildən, yəni Yaşarın evindən oğurluq etməsi barədə etiraf etdiyini bildirmişdir. Həmin məlumatı aldıqdan sonra Vüsal adlı şəxsi yanında tutub saxlamaq istəyərkən sonuncun onun əlindən qaçıb getdiyini də Nurlan bildirmişdi. Yaşar bu məlumatı eşitdikdən sonra pul kisəsini daimi olaraq saxladığı yerə, yəni otaqda olan divanın arxasına baxmışdı. Pul kisəsi yerində olsa da pul kisəsinin içərisinə baxdıqda Yaşar oradan ümumilikdə 270 (iki yüz yetmiş) manat pulun oğurlanmasını bildirmişdi. Sonradan Yaşar evinin içinə daha diqqətli baxmış və evdən başqa heç bir əşyanın oğurlanmadığını aşkar etmişdi. 2020-ci ilin noyabr ayının axırlarında Zərərçəkmiş şəxs ondan evində təmir tikinti işlərini aparmağını xahiş etmişdi. Onun dəvəti ilə onunla birlikdə Vüsal adlı şəxs təmir tikinti işlərini aparmışdı. Yaşarın evində təmir işləri aparıldığı üçün dəhlizdə quraşdırılmış nəfəsliyin şüşəsi çıxarılmışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş X5 məhkəməyə teleqram göndərərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, 2019-cu ilin fevral ayından «xxxx» MMC-nin təhlükəsizlik xidmətində təhlükəsizlik əməkdaşı kimi çalışır. Hazırda onun iş yeri ünvan 2 ünvanda yerləşən «Çinar» restoranıdır. 05 dekabr 2020-ci il tarixdə təqribən saat 12:00 radələrində iş yerində olarkən « Çinar » restoranın qarşısına bir nəfər şəxs yaxınlaşaraq ondan içməyə su istəyib hazırda adını xatırlamadığı şəxsin orada qaraolçu işlədiyini bildirib həmin şəxsi ondan soruşmuşdu. O, həmin şəxsin istəyi ilə sonuncuya içməli su verib adını çəkdiyi şəxsi tanımadığını bildirmişdi. Bundan sonra həmin şəxs usta işlədiyi Yaşar adlı şəxsin evindən oğurluq etməyini ona etiraf etmişdi. O, Yaşarı bir usta kimi tanıdığı üçün bu məlumatı eşidib sonuncunu orada saxlamağa çalışmışdı. Lakin həmin şəxs oradan uzaqlaşıb çıxıb gedə bilmişdi. O, dərhal avtomobil ustası kimi tanıdığı Yaşara zəng vurub evində usta işləyən yuxarıda qeyd etdiyi qaraşın, arıq bədən qurluşulu olan cavan oğlanı təsfir edərək həmin şəxsin onun iş yerinə gəlib Yaşarın evindən oğurluq etdiyi barədə ona məlumat verməsini ona bildirmişdi. Yaşar ondan həmin şəxsin orada olub-olmadığını soruşmuşdu. O, da öz növbəsində Yaşara həmin şəxsin oradan çıxıb getdiyini bildirmişdi. Bundan sonra nə baş verdiyindən xəbəri olmamışdı. İş materiallarında olan 06 dekabr 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, zərəçəkmiş Zərərçəkmiş şəxs məxsus 270 (iki yüz yetmiş) manat məbləğində nəgd pul vəsaiti ünvan 3 ünvanda yerləşən evin qonaq otağına qoyulmuş divanın arxasında saxlanılan pul kisəsinin içərisindən oğurlanmışdır. İş materiallarında olan 10 fevral 2020-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 04 dekabr 2020-ci il tarixdə saat 20:00 radələrində ünvan 3 ünvanda yerləşən evin qarşısına gəlib həmin evin yaxınlıqda mövcud olan kafenin hasarını aşaraq yuxarıda qeyd etdiyi kafenin həyətinə açılan Zərərçəkmiş şəxs məxsus evin dəhlizində quraşdırılmış nəfəsliyin şüşəsinin yerində olmadığını görüb oradan dəhlizə daxil olaraq qonaq otağına keçərək orada olan pul kisəsini götürüb açdıqdan sonra pul kisəsinin içərisindən müxtəlif əskinazlardan ibarət olan 270(iki yüz yetmiş) manat pulu oğurlamışdı. İş materiallarında olan 10 fevral 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 12 fevral 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Qərar ona 12 fevral 2021-ci il tarixdə saat 09:30-da elan edilmişdir İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Ədalət Aslanovun 12 fevral 2021-ci il tarixli Qərarından görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “Müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” 12 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 fevral 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1989-cu ildə Yevlax şəhərində anadan olmuş Təqsirləndirilən şəxs: 1) Səbail Rayon Məhkəməsinin 04 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. 2) Qaradağ Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 15 sentyabr 2015-ci il tarixdə cəza müddəti başa çatdığına görə azad edilmişdir. 3) Səbail Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli qərarı ilə 01(bir) ay, 05(beş) gün vaxtından əvvəl azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun etirafı, şahidlərin ifadələri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli qərarı ilə 01 (bir) ay, 05 (beş) gün vaxtından əvvəl azad olunmuş, lakin 2 (iki) il keçmədən 04 dekabr 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İstintaq dövründə Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək tutularaq həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda onun əməlində residiv müəyyən edildiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə dəymiş maddi ziyan 270 (iki yüz yetmiş) manat pul vəsaiti tam şəkildə Zərərçəkmiş şəxs ödənilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 10 fevral 2021-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən Bakı şəhəri 03 saylı Vəkil (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-127/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-127/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver