Məhkəmə qərarları › İş №1(009)-129/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-129/2020

28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-129/2020 28.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azəroğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili X4 və Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1965-ci il təvəllüdlü, Qubadlı rayonu, Seytas kəndində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkar, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayit şəhəri, 20-ci mikrorayon, Xarı bülbül küçəsi 206 ünvanında yaşayan, barəsində “başqa yerə getməmə haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, tikintiyə rəhbərlik etməsi zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi (VÖEN **********) “xxxxxxxxxxxxx” MTK ilə xx xxxxxxx 2019-cu il tarixində bağladığı xidmətlərin göstərilməsinə dair müqavilə əsasında iş icraçısı qismində işləyərkən, ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli binanın zirzəmisində, birinci və ikinci mərtəbələrində aparılmış hörgü, suvaq, şpaklevka, rənqsaz, alçıpan və digər işlərin gedişində tikintidə təhlükəsizlik, texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini üzərinə götürmüş şəxs kimi, “İİİ-4-80 Tikinti Norma və Qaydaları. Tikintidə təhlükəsizlik qaydaları”nın 1.3 bəndi (...Təhlükəsizlik texnikasının tələblərinin yerinə yetirilməsinə görə məsuliyyət: ...işlərin yerinə yetirilməsi zamanı – ştatında işçilər olan və ya işçi heyyətini işə cəlb etmiş təşkilatın üzərinə düşür), 1.11 (Tikinti meydançasında olan bütün insanlar....qoruyucu dəbilqə daşımalıdırlar. Fəhlələr... qoruyucu dəbilqəsiz və başqa tələb olunan şəxsi mühafizə vasitəsiz işin icrasına buraxılmırlar), 2.1 (İş meydançası, iş sahəsi və iş yerinin təşkili, işin bütün mərhələlərində işçilərin təhlükəsizliyini təmin etməlidir), 2.2 (İş meydançasının təşkili, iş sahələrinin və iş yerlərinin yerləşdirilməsi zamanı... insanlar üçün təhlükəli istehsalat faktorları olan zonalar müəyyən edilməlidir...), 2.5 (Daimi təsirli təhlükəli istehsalat zonalarının sərhədlərində qoruyucu məhəccərlər quraşdırılmalıdır...), 2.27 (İnsanların daxil olması mümkün olan, ... mərtəbələr arasındakı boşluqlar, bütöv örtüklə bağlanmalıdırlar və ya məhəccəri olmalıdır) bəndlərinin tələblərinə riayət etməli olduğu halda, həmin vəzifələrin icrasına laqeyd yanaşaraq qeyd olunan tələbləri pozmuş, nəticədə, tərəfindən işə qəbul olunması müvafiq qaydada rəsmiləşdirilməmiş, eləcə də əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırması keçirilmədən alçipan ustası qismində işləmiş X12 xx xxxxxx 2019-cu il tarixində səhər saat 10 radələrində binanın birinci mərtəbəsində sağ tərəfdə yerləşən, sıra ardıcıllığı ilə sağdan sola istiqamətdə 3-cü otaqda olan deşikdən 2 mərtəbə hündürlükdən, yəni - 1 mərtəbə səviyyəsində olan 1-ci mərtəbə ilə eyni şaquli proyeksiyada yerləşən deşikdən də keçərək binanın - 2 səviyyəsində yerləşən zirzəmi otağına yıxılaraq sol yuxarı və aşağı ətraflarda hissi və hərəki pozğunluqla, nitq qabiliyyətinin dayanıqlı pozulması ilə müşayiət olunan, ənsə sümüyünün xətti sınığı, travmatik subdural qansızma (hematoma) ilə nəticələnmiş qapalı kəllə-beyin travması, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti aldığından, Təqsirləndirilən şəxs tərəfindən tikintiyə rəhbərlik edilməsi zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan Elnur Abilovun sağlamlığına ağır zərərin vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixində o, “xxxxxxxxxxxxx” MTK ilə xidmətlərin göstərilməsinə dair müqavilə imzalamışdır. MTK tərəfdən müqaviləni direktor Şahid3 imzalamışdır. Müqavilənin şərtlərinə görə o, icraçı olaraq təyin olunmuş ərazidə hörgü, suvaq, şpaklevka, rənqsaz, alçıpan və digər işlərin görülməsini təmin etməyi öhdəsinə götürmüşdür. Həmin işlərin Abbasqulu Abbaszadə küçəsi 9A ünvanında yerləşən 18 mərtəbəli binanın zirzəmisində, birinci və ikinci mərtəbələrində aparılması nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Tariyel Quliyev və Elnur Abilov işə götürülmələri üçün rəhbərlik etdiyi təmir sahəsinə gəlmişlər. O, bu şəxsləri həmin vaxt tanımırmış, əvvəllər birgə işləri olmayıbmış. Tariyel şəxsiyyət vəsiqəsini özü ilə götürdüyündən tərəfindən dərhal işə götürülmüşdür. Elnur ona şəxsiyyət vəsiqəsini sonra təqdim edəcəyini demişdir. xx xxxxxx 2019cu il tarixdə Elnur Tariyellə birgə səhər saat 11 radələrindən günorta saat 4 radələrinədək işləmiş, həmin günü taxtada ayaqaltı düzəltmiş, 1-ci mərtəbədə yerləşən otaqda ölçü işləri aparmışlar. Həmin günü o, Tariyellə razılaşmışdır ki, işin hər kvadrat metrinə görə 3 manat 50 qəpik ödəniləcək. xx xxxxxx 2019-cu il tarixdə Elnur sənədini təqdim etməmiş, Tariyellə ölçü işləri aparmış, pərdəlik tikməyə başlamışdir. xx xxxxxx 2019-cu il tarixdə o, səhər saat 9 radələrində işə gəlmiş, işdə Elnuru görəndə, sonuncudan şəxsiyyət vəsiqəsini gətirib-gətirmədiyini soruşmuş, Elnur onu əmin etmişdir ki, 1 saata şəxsiyyət vəsiqəsi gətiriləcək. O, Elnura demişdir ki, vəsiqəsini gətirəndə iş başına qayıdar. Bundan sonra o, işdən çıxmışdır ki, xəstəxanada yatan qardaşını ziyarət etsin. O, yolda olanda fəhlə ona zəng etmiş, obyektdə 1 nəfərin yıxıldığını demişdir. O, bunu eşidən kimi geri qayıtmış, yolda fəhlələrinə yıxılanın dərhal yaxınlıqda yerləşən “X6” aparılması barədə göstəriş vermişdir. O, xəstəxanaya gələndə yıxılanın X12 olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə çox peşiman olduğunun, hadisədən sonra Elnur Abilovun müalicəsi ilə yaxından maraqlandığının, onun müalicəsi üçün artıq təxminən 40.000 AZN xərclədiyinin, məsuliyyətini dərk etdiyinin, bu səbəbdən X7 müalicə xərclərinin gəlirindən ödənilməsini davam etdirməsinə dair yazılı öhdəlik götürdüyünün, zərərçəkmiş şəxslə barışıdığının, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığının, yaşının, Elnura hadisədən sonra yardım etməsinin və hadisənin ehtiyatsızlıqdan baş verməsinin nəzərə alınmasını xahiş edir. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş və ifadəsi elan olunmuş X12 ifadələrində göstərmişdir ki, Gürcüstan Respublikasının vətəndaşıdır, 1994‑cü ildə ailəsi Marneulidən Bakıya köçmüşdür. 2004-cü ildə o, Nümayəndə ilə rəsmi nikaha daxil olmuş, nikahdan 2 övladı olmuşdur. O, həmişə ustalıq etməklə pul qazanmışdır. xx xxxxxx 2019-cu il tarixdə o, tanışı Şahid1lə birgə işə götürülməklə bağlı prorab Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin görüşə onu tanış taksi sürücüsü Afiq aparmışdır. Həmin günü Taryel öz şəxsiyyət vəsiqəsini təqdim etdiyinə görə Əjdər tərəfindən dərhal işə götürülmüşdür. O, Əjdərə şəxsiyyət vəsiqəsini sonra təqdim edəcəyini demişdir. Həmin günü o, Elnurla birgə Əjdərin rəhbərlik etdiyi təmir sahəsində səhər saat 11 radələrindən günorta saat 4 radələrinədək işləmiş, taxtadan ayaqaltı düzəltmiş, ölçü işləri aparmışdır. xx xxxxxx 2019-cu il tarixdə o, Əjdərlə gördüyü işin hər kvadrat metrinə görə 3 manat 50 qəpik alacağı barədə razılaşmışdır. Həmin tarixdə o, Taryellə ölçü işləri aparmış, pərdəlik tikməyə başlamışdır. O, həmin gün də Əjdərə sənədini təqdim etməmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, öncədən ölçülərini götürdüyü otaqlarda karkas işləri ilə məşğul olmuşdur. O, otaqlardan birinə tavana baxa-baxa daxil olmuş, ardınca da Taryel girmişdir. Fikiri tavanda olduğundan o, döşəmədəki deşiyi görməmiş, həmin deşikdən yıxılmış, huşunu itirmiş, bir neçə gündən sonra xəstəxanada oyanmışdır. O, sonradan öyrənmişdir ki, “X5” əməliyyat olunmuşdur. xx xxxx 2020-ci il tarixdə o, ATU-nun Tədris və Cərrahiyyə bölməsində əməliyyat olunmuşdur. Hazırda müalicəsi evində davam etdirilir, bədəninin sol tərəfi paraliçdir, gəzə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Gürcüstan Respublikasının vətəndaşıdır, evdar qadındır, heç vaxt əmək fəaliyyəti olmamışdır. 2003-cü ildə Bakı şəhərinə köçmüş, 2004‑cü ildə X12 ilə ailə həyatı qurmuşdur. Nikahda iki övladları dünyaya gəlmişdir. Elnur fəhləliklə və ustalıqla qazanmışdır. Təxminən xx xxxxxx 2019-cu il tarixdə Elnur ona demişdir ki, təmir sahəsində iş tapmışdır. Həmin işin tapılmasında Elnura tanışı Taryel köməklik etmişdir. X21 Adıgözəlovla tanış etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Elnurun dostu Afiq səhər vaxtı gəlmiş, Elnuru iş aləti ilə birgə sonradan hadisə baş vermiş iş yerinə aparmışdır. Həmin günün axşamı Elnur ona demişdir ki, işlədiyi binanın 1-ci mərtəbəsində xəstəxana olacaq. Elnurun işi təmir aparılan mərtəbədə alçipan vurmaqdan ibarət olmuşdur. Elnura deyilmişdir ki, işlər 2020-ci ilin martınadək davam edəcək. Elnura görəcəyi işin kvadratına görə 4 manat vəd edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, səhər saat 8 radələrində ərini işə yola salmışdır. xx xxxxxx 2019-cu il tarixdə günorta saat 2 radələrində qohumları ona xəbər vermişlər ki, Elnur iş yerində yıxılaraq xəsarət almışdır. Zərərçəkmiş şəxs X12 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs bu vaxtadək müalicə xərclərini çəkdiyindən, tam sağalanadək ona yardım etməsini öhdəsinə götürdüyündən ona qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2000-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra ustalıqla pul qazanmışdır. Hazırda da Masazır qəsəbəsində yerləşən özəl həyət evində aparılan təmir işlərində usta qismində çalışır. O, Elnur Abilovla son 3-4 il ərzində tanışdır. Elnur da onun kimi usta olduğundan mütəmadi əlaqə saxlamışlar, bir-birilərinə harada iş olması barədə məlumat vermişlər. Elnurun çox xoş xasiyyəti var, özü də çox səmimi, halal adamdır. Əvvəllər o, Elnurla müxtəlif təmir sahələrində birgə çalışmışlar. xx xxxxxx 2019-cu il tarixdə o, tanışı Elnur Abilovla birgə işə götürülməyi ilə bağlı prorab Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin günü o, öz şəxsiyyət vəsiqəsini Əjdərə təqdim etdiyinə görə Əjdər onu dərhal işə götürmüş, əmək müqaviləsi bağlamışdır. Elnur Əjdərə şəxsiyyət vəsiqəsini sonra təqdim edəcəyini demişdir. Həmin günü o, Elnurla birgə Əjdərin rəhbərlik etdiyi təmir sahəsində səhər saat 11 radələrindən günorta saat 4 radələrinədək işləmişlər, taxtadan ayaqaltı düzəltmişlər, ölçü işləri aparmışlar. xx xxxxxx 2019-cu il tarixdə onlar Əjdərlə razılaşmışlar ki, gördükləri işin hər kvadrat metrinə görə 3 manat 50 qəpik alacaqlar. Həmin tarixdə o, Elnurla birgə ölçü işləri aparmış, pərdəlik tikməyə başlamışdır. Elnur həmin gün də Əjdərə sənədini təqdim etməmişdir. xx xxxxxx 2019-cu il tarixdə Elnur öncədən ölçülərini götürdüyü otaqlarda karkas işləri ilə məşğul olmuşdur. Elnur otaqlardan birinə tavana baxa-baxa daxil olmuş, ardınca da o, girmişdir. Elnurun fikiri tavanda olduğundan döşəmədəki deşiyi görməmiş, həmin deşikdən zirzəmiyə yıxılmış, huşunu itirmişdir. O, dərhal zirzəmiyə qaçmışdır. Elnur huşsuz vəziyyətdə zirzəminin döşəməsində uzanıbmış. O, iş yoldaşı Səxavətlə Elnuru götürmüş, yoldan keçən maşına yerləşdirmiş, “X6” aparmışdır. Hadisə baş verən vaxt Əjdər xəstəxanada olmamışdır. Az sonra xəstəxanaya Əjdər də gəlmişdir. Əjdər xəstəxanada çox həyacanlı olmuş, əsmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda “xxxxxxxxxxxxx” MTK-nın direktorudur. “xxxxxxxxxxxxx” MTK-nı 2014-cü ildə təsis etmişdir. 2015-ci ildə “xxxxxxxxxxxxx” MTK tərəfindən Abbasqulu Abbaszadə küçəsi 9A ünvanında binaların inşası başlanmış, 2018-ci ildə həmin ünvanda 3 binanın inşaatı başa çatmışdır. xx xxxxxxx 2019-cu il tarixdə “xxxxxxxxxxxxx” MTK ilə Təqsirləndirilən şəxs arasında xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə görə Əjdər icraçı olaraq təyin olunmuş ərazidə hörgü, suvaq, şpaklevka, rənqsaz, alçıpan və digər işlərin görülməsini təmin etməli olmuşdur. Həmin işlər Abbasqulu Abbaszadə küçəsi 9A ünvanında yerləşən 18 mərtəbəli binanın zirzəmisində, birinci və ikinci mərtəbələrində aparılmışdır. Müqavilə imzalandığı gündən qüvvəyə minmiş, 9 ay müddətinə bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixdə günorta saat 3 radələrində Təqsirləndirilən şəxs ona məlumat vermişdir ki, işə götürmədiyi bir şəxs təmir olunan binaya girmiş, zirzəmiyə yıxılmışdır. Əjdər ona bildirmişdir ki, həmin adama işləməyə icazə verməmişdir. Abbasqulu Abbaszadə küçəsi 9A ünvanında yerləşən 18 mərtəbəli binanın zirzəmisində, birinci və ikinci mərtəbələrində aparılan təmir işlərinə bilavasitə Təqsirləndirilən şəxs rəhbərlik etmişdir. O, X9 işə götürməmiş, rəhbərlik etdiyi MTK ilə Elnur arasında heç bir əmək münasibətləri olmamışdır. Əjdərin Elnurla hər hansı əmək münasibətlərinin olub-olmaması barədə məlumatı yoxdur. MTK-nın Əjdərlə imzaladığı müqavilədə texniki təhlükəsizlik və əməyin mühafizəsi məsələləri ilə bağlı konkret müddəa yoxdur. Faktiki olaraq aparılan işlərin rəhbəri olaraq texniki təhlükəsizlik, tikintidə təhlükəsizlik və əməyin mühafizəsi məsələləri ilə Əjdər şəxsən özü məşğul olmuş, texniki təhlükəsizlik, tikintidə təhlükəsizlik və əməyin mühafizəsi məsələlərini öz öhdəliyinə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, müxtəlif təmir-tikinti sahələrində fəhlə kimi çalışır. Abbasqulu Abbaszadə küçəsi 9A ünvanında yerləşən 18 mərtəbəli binada gedən təmirdə o, 2019-cu ilin noyabr ayının əvvəlindən çalışmış, prorab Təqsirləndirilən şəxsla əmək müqaviləsi bağlamışdır. İşi fəhləlikdən ibarət olmuşdur. Həmin təmir sahəsində işlərə Təqsirləndirilən şəxs rəhbərlik etmişdir. X9 o, məlum hadisədən sonra tanımışdır. xx xxxxxx 2019-cu il tarixdə səhər vaxtı saat təxminən 10-11 radələrində iş yoldaşı Taryelin “düşdü, yıxıldı” qışqırmasını eşitmiş, Taryelin zirzəmiyə qaçdığını görmüş, dalınca qaçmışdır. Zirzəmidə o, bir nəfər şəxsin huşsuz vəziyyətdə yerdə uzandığını görmüş, Taryellə həmin şəxsi zirzəmidən çıxarmış, yoldan keçən markasını və nömrəsini xatırlmadığı maşına mindirmiş, “X6” çatdırmışdır. O, Elnuru həmin binada heç vaxt işləyən görməmişdir, orada çox adam işləmişdir. Hadisə baş vermiş təmir sahəsində Elnurun işləyib-işləməməyi barədə heç bir məlumatı yoxdur. Bildiyi qədəri ilə sözügedən binada texniki təhlükəsizlik, tikintidə təhlkəsizlik və əməyin mühafizəsinə cavabdeh şəxs Təqsirləndirilən şəxsdur. O, həmin təmir sahəsində işə başlamazdan əvvəl Təqsirləndirilən şəxs tərəfindən tikintidə təlükəsizlik, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları barədə təlimatlandırılmışdır. Sözügedən təmir sahəsində müvafiq təlimatlandırma jurnalına da imza atmışdır. Ona texniki təhlükəsizlik vasitələri verilmişdir. Bilavasitə hadisənin baş verdiyi ərazidə təmir işlərinin aparılmasına Təqsirləndirilən şəxs rəhbərlik etmişdir. Hadisə baş vermiş təmir sahəsində göstərişləri ancaq Təqsirləndirilən şəxs vermişdir. Hadisə baş vermiş təmir sahəsində işlər səhər saat 08:30-da başlamış, axşam saat 18:00-da bitmişdir. Gün ərzində işçilərə nahar və çay fasilələri verilmişdir. Elnur Abilov birinci mərtəbədə sağ tərəfdə yerləşən, sıra ardıcıllığı ilə sağdan sola istiqamətdə 3-cü otaqda olan deşikdən 2 mərtəbə hündürlükdən, yəni -1 mərtəbə səviyyəsində də olan 1-ci mərtəbə ilə eyni şaquli proyeksiyada yerləşən deşikdən də keçərək binanın -2 səviyyəsində yerləşən zirzəmi otağına yıxılaraq xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, əvvəllər müxtəlif təmir sahələrində usta işləyib pul qazanmış, hazırda sürücü qismində çalışır. O, Elnur Abilovu uşaqlıqdan tanıyır, ailəvi gediş-gəlişləri var. Elnur müxtəlif təmir sahələrində ustalıq etməklə çalışır. Ailəsini və Elnurun özünü harasa maşınla aparmaq lazım olanda o, kömək edir. xx xxxxxx 2019-cu il tarixdə cümə günü səhər tezdən o, X16 Abbaszadə küçəsində yerləşən binaya aparmışdır. Elnur həmin binada alçipan ustası qismində çalışacaqmış. Həmin işi Elnur üçün Şahid1 tapıbmış. Həmin günü Elnur özü ilə əmək alətlərini də götürübmüş. Ünvana çatanda o, Elnura əmək alətlərini (perforator, drel və s.) düşürməyə kömək etmişdir. Elnuru Əjdər adlı prorab qarşılamış, Elnura iş tapşırmışdır. Həmin günün axşamı Elnur ona qonaq gəlmiş, yeni işi barədə ona danışmış, zəhmət haqqının yüksək olmadığından gileylənmişdir. xx xxxxxx 2019-cu il tarixdə də o, Elnurla görüşmüş, söhbətləşmişdir. Söhbət zamanı o, Elnurdan xahiş etmişdir ki, sabahısı gün, yəni xx xxxxxx 2019-cu il tarixdə gəlsin evinə, mətbəxin divarına kafel vurmağa köməklik etsin. Elnur da ona kömək edəcəyini demişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər vaxtı o, Elnurla əlaqə saxlamış, Elnur ona işdə olduğunu, işi bitəndən sonra gələcəyini demişdir. Günorta vaxtı Elnurun arvadı ona zəng etmiş, Elnurun yıxılıb xəsarət aldığını, xəstəxanaya yerləşdirildiyini xəbər vermişdir. O, xəbəri öyrənən kimi “X6” getmiş, Elnurun əməliyyat olunduğunu öyrənmişdir. Bir müddət sonra o, Elnurun əmək alətlərini iş yoldaşından götürmüş, ailəsinə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012-ci ildə Azərbaycan Memarlıq və X2 iqitisadiyyatı fakültəsini bitirmişdir. Naftalan rayonunda “MAPA” tikinti şirkətində SƏTƏM üzrə mütəxəssis kimi işləməyə başlamışdır. Daha sonra o, “İLK İNŞAAT”, “GPA”, “Azərtunel” kimi şirkətlərdə SƏTƏM üzrə mütəxəssis kimi çalışmışdır. 2018-ci ilin avqust ayından o, kiçik fasilə ilə “xxxxxxxxxxxxx” MTK-da (VÖEN **********) SƏTƏM üzrə mütəxəssis kimi işləyir. Kiçik fasilə onunla bağlı olmuşdur ki, “xxxxxxxxxxxxx” MTK 3 binanın tikintisi yekunlaşdırmışdır, 4-cü binanın tikintisi başalayanda o, işinə yenidən qayıtmışdır. “xxxxxxxxxxxxx” MTK ünvan 3 ünvanda Blok 1, 2, 3 nömrəli çoxmərtəbəli yaşayış və A, B qeyri-yaşayış sahələrinin tikintisi ilə məşğul olmuşdur. Sözügedən binaların tikintisi yekunlaşmışdır. xx xxxxxx 2019-cu il tarixi bazar gününə təsadüf etdiyindən o, həmin gün evdə olmuşdur. Sabahısı gün, yəni xx xxxxxx 2019-cu il tarixdə səhər işə gələndə iş yoldaşları ona xəbər vermişlər ki, Təqsirləndirilən şəxs işçilərindən 1 nəfər təmir sahəsində yıxılıb xəsarət almışdır. O, Təqsirləndirilən şəxs “xxxxxxxxxxxxx” MTK tərəfindən tikilmiş Abbasqulu Abbaszadə küçəsi 9A, blok 2 ünvanda yerləşən 18 mərtəbəli binanın ilk 2 mərtəbəsində təmir işlərinə rəhbərlik edən podratçı kimi tanıyır. Təqsirləndirilən şəxsla MTK arasında bağlanmış xidmətlərin göstərilməsinə dair xx xxxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, icraçı Təqsirləndirilən şəxs təyin olunmuş ərazidə hörgü, suvaq, şpaklevka, rənqsaz, alçıpan və digər işlərin görülməsini öz öhdəsinə götürmüşdür. Əjdərin görəcəyi işlər ancaq ikinci blokun 2-ci, 1-ci və -1-ci mərtəbələrinə aiddir. Bildiyi qədəri ilə həmin mərtəbələrdə sonradan özəl tibbi müəssisəsi fəaliyyət göstərəcəkdir. Hadisə baş vermiş ərazidə əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının əməl olunmasına nəzarət onun əmək fünksiyasına aid deyil, çünki o, işə yenidən qəbul olarkən MTK-nın sədri ona bildirmişdir ki, 3 binanın tikintisi yekunlaşmışdır, onun vəzifəsi SƏTƏM üzrə mütəxəssis olaraq tikilməkdə olan 4–cü binada aparılan işə nəzarət etməkdir. 4-cü binanın tikintisi hal-hazırda da davam edir. Hazır olan 3 binalarda artıq yaşayış var. O, SƏTƏM üzrə mütəxəssis olaraq Əjdərin işçilərinə qarışmamış, onların əmək münasibətlərinə müdaxilə etməmişdir. Təqsirləndirilən şəxs fiziki şəxs olaraq öz işçiləri ilə özü əmək müqaviləsi bağlamışdır. Əjdər kimisə işə götürəndə bu barədə ona məlumat vermiş, o da həmin şəxslə müvafiq təlimatlandırma apardıqdan sonra, işə götürülən şəxs “TEXNİKİ TƏHLÜKƏSİZLİK ÜZRƏ GİRİŞ TƏLİMATİ” jurnalına və “İŞÇİLƏRİN YANĞİNA QARŞİ TƏLİMATLANDİRİLMASİ” jurnalına imza atırmış. Əjdərin işçiləri “xxxxxxxxxxxxx” MTK-ya aid olan ərazidə işlədiklərinə görə texniki təhlükəsizlik üzrə giriş təlimatını (harada siqaret çəkmək olar-olmaz, hansı sahəyə getmək olarolmaz, toplama məntəqəsini göstərmək) və işçilərin yanğına qarşı təlimatlandırılmasını o, aparırmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Elnur Abilovu 2018-ci ildən tanıyır, sonuncunu əmisi oğlu vasitəsi ilə tanımış, sonradan müxtəlif təmir sahələrində birgə işləmişlər, Elnura təmir sahələrində köməklik etmişdir. Elnurun çox yaxşı xasiyyəti var, çox ailəcanlıdır. Elnur peşəkar təmir ustasıdır, əlindən hər bir iş gəlir. xx xxxxxx 2019-cu il tarixdə Elnur ona bir tikinti sahəsində iş tapdığını, köməyinə ehtiyyacı olduğunu xəbər vermişdir. O, sabahısı gün, xx xxxxxx 2019-cu il tarixdə ünvan 3 ünvanında yerləşən təmir sahəsinə getmiş, orada prorab Əjdər Adgözəlovu görmüşdür. O, Əjdərlə əvvəllər bir dəfə 2019-cu ilin yayında başqa təmir sahəsində rastlaşmış, sonuncunu həmin vaxtdan tanımışdır. Təqsirləndirilən şəxs Elnura işə götürülməsi üçün şəxsiyyət vəsiqəsini təqdim etməsini demişdir. Elnur Əjdərə şəxsiyyət vəsiqəsini sabahısı gün gətirə biləcəyini bildirmişdir. Əjdər etiraz etməmiş, Elnuru işə buraxmışdır. Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən 18 mərtəbəli binanın ilk 2 mərtəbəsində təmir işlərinə rəhbərlik edən podratçı olmuşdur. Təqsirləndirilən şəxs təyin olunmuş ərazidə hörgü, suvaq, şpaklevka, rənqsaz, alçıpan və digər işlərin görülməsini öz öhdəsinə götürmüşdür. Əjdərin görəcəyi işlər ancaq ikinci blokun 2-ci, 1-ci və -1-ci mərtəbələrinə aid olmuşdur. Elnurla Əjdər razılaşmışlar ki, görülən işin hər kvadrat metrinə görə Elnura 3 manat 50 qəpik ödəniləcək. Elnurun orada işi sırf alçipan quraşdırmaqdan ibarət olmuş, o da sonuncuya bu işdə köməklik etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Elnur Taryellə ölçü işləri aparmış, pərdəlik tikməyə başlamış, o da Elnurla Taryelə köməklik etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Elnur öncədən ölçülərini götürdüyü otaqlarda karkas işləri ilə məşğul olmuşdur. Elnur otaqlardan birinə tavana baxa-baxa daxil olmuş, ardınca da Taryel girmişdir. O, həmin vaxt qonşu otaqda təmirlə məşğul olmuşdur. Fikiri tavanda olduğundan Elnur döşəmədəki deşiyi görməmiş, həmin deşikdən yıxılmış, huşunu itirmişdir. O, bunları Taryeldən öyrənmişdir. Belə ki, Elnur yıxılandan sonra o, səs-küy eşitmiş, fəhlələrdən kiminsə möhkəm səslə danışdığını düşünmüşdür. Az sonra Taryel yaxınlaşmış, Elnurun zirzəmiyə yıxıldığını ona demişdir. O, bunu eşidən kimi dərhal xəstəxanaya qaçmışdır. Sabahısı gün təmir sahəsində olan və ustalar üçün təhlükə kəsb edən bütün deşiklərin üstləri bağlanmışdır. Bilavasitə hadisənin baş verdiyi ərazidə təmir işlərinin aparılmasına Təqsirləndirilən şəxs rəhbərlik etmişdir. Hadisə baş vermiş təmir sahəsində göstərişləri ancaq Təqsirləndirilən şəxs vermişdir. İşləmək üçün girdikləri otağın döşəməsindəki deşiyin üstü açıq olması hadisənin baş verməsinə səbəb olmuşdur. Hadisə baş vermiş təmir sahəsində işlər səhər saat 08:30-da başlamış, axşam saat 18:00-da bitmişdir. Gün ərzində işçilərə nahar və çay fasilələri verilmişdir. Hadisənin baş verdiyi yerdə təmir və alçipanın vurulması işlərinin görülməsindən əvvəl Təqsirləndirilən şəxs tərəfindən heç bir təhlükəsizlik işləri görülməmişdir. Elnur Abilov birinci mərtəbədə sağ tərəfdə yerləşən, sıra ardıcıllığı ilə sağdan sola istiqamətdə 3cü otaqda olan deşikdən 2 mərtəbə hündürlükdən, yəni -1 mərtəbə səviyyəsində olan 1-ci mərtəbə ilə eyni şaquli proyeksiyada yerləşən deşikdən də keçərək binanın -2 səviyyəsində yerləşən zirzəmi otağına yıxılaraq xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadələrində göstərmişdir ki, Gürcüstan Respublikasının vətəndaşıdır, evdar qadındır, heç vaxt əmək fəaliyyəti olmamışdır. 1993-cü ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüşdür. Ailəsi 4 nəfərdən ibarətdir: 1956-cı il təvəllüdlü əri X14, 1981-ci il təvəllüdlü oğlu X12, 1984-cü il təvəllüdlü qızı X10. Oğlu Elnur 19 nömrəli məktəbi bitirmiş, məktəbi bitirəndən sonra fəhləliklə məşğul olmuş, müxtəlif tikinti və təməir sahələrində çalışmışdır. Elnur sakit təbiyyətli, mülayim, abırlı oğlandır. Elnur 2004-cü ildə Səhər adlı qızla rəsmi nikaha daxil olmuş, həmin nikahda iki övladları olmuşdur. xx xxxxxx 2019cu il tarixdə axşam vaxtı Elnur ona təmirdə iş tapdığını demişdir. Elnur gileylənmişdir ki, tapdığı işin zəhmət haqqısı azdır. O, oğluna demişdir ki, az pul verirlərsə getməsin. Elnur onunla razılaşmamış, ailəsinin pula ehtiyyacı olduğunu bildirmiş, işləyəcəyini demişdir. O, Elnurun həmin təmir sahəsindəki işinin rəsmi olub-olmamağını bilmir. Elnur xx xxxxxx 2019-cu il tarixdə səhər tezdən həvəslə Abbasqulu Abbaszadə 9A ünvanında yerləşən 18 mərtəbəli binaya işləməyə getmişdir. Həmin binada Elnurun işi alçipanla bağlı olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Elnur axşam evə yorğun gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər vaxtı Elnurun arvadı onu işə yola salmışdır. xx xxxxxx 2019-cu il tarixdə günorta saat 12 radələrində Elnurun iş yoldaşları Elnurun əmisi oğluna zəng etmişlər, Elnurun yıxıldığını, “X3” aparıldğını bildirmişlər. O, bunu eşidən kimi xəstəxanaya getmişdir. Əjdər hadisə baş vermiş gündən Elnurun müalicəsi ilə yaxından marağlanmış, Elnurun müalicəsinə də 30000 AZN-dən çox pul xərcləmişdir. Onun üçün bu Əjdərin baş vermiş hadisədə öz günahını dərk etməsinin göstəricisidir. Hazırda Elnurun müalicəsi davam etdirilir, müalicə Elnura yaxşı təsir edir. Hadisədən sonra Elnur bir müddət rahat danışa bilmirdi, hazırda isə oğlu sərbəst danışır, dərrakəsi aydındır, fikirlərini ifadə etməkdə çətinlik çəkmir. Elnur yataq xəstəsi olduğundan sərbəst hərəkət edə bilmir, ona nəsə kömək lazım olanda o, gəlini Səhərlə köməklik edir. Elnur xəsarət aldıqdan sonra ailəsinin maddi vəziyyəti pisləşmişdir, çünki evinə əsas pul gətirən həmişə Elnur olmuşdur. Onun maddi imkanı çox zəyif olduğundan Elnura lazımı səviyyədə tibbi xidmətlərin göstərilməsinə kifayət qədər pul xərcləyə bilmir. O, hesab edir ki, hadisənin baş verdiyi yerdə təmir və tikinti işlərinin aparılmasına rəhbərlik etmiş Təqsirləndirilən şəxs köməklik etməyə davam etməlidir ki, işçisi olmuş oğlu Elnur Abilov tam sağalsın. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən tikilməkdə olan 18 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki otağın texnoloji boşluğudur. Mövcud məlumata görə xx xxxxxx 2019-cu il tarixdə qeyd olunan texnoloji boşluqdan X12 2 mərtəbə hündürlükdən yıxılaraq bədən xəsarəti almışdır. Hadisə yerini Təqsirləndirilən şəxs təqdim etdi. Həmin otaq binaya küçədən daxil olduqda 1-ci mərtəbədə sağ tərəfdə yerləşir, sıra ardıcıllığı ilə sağdan sola istiqamətdə üçüncüdür. Otaq planda düzbucaqlı formadadır, sahəsi 4,3x4,3 metr, hündürlüyü isə 4,5 metr təşkil edir. Otağın divarları, tavanı və döşəməsi tökmə betondandır. Otağın bir ədəd giriş boşluğu vardır, baxış zamanı qapısı yoxdur. Otağın təyinatı məlum deyildir. Otağa giriş boşluğudan daxil olduqda üzbəüz divarın sol cinahında künc hissədə birbaşa deşik vardır. Həmin deşiyin daxili ilə en kəsiyi düzbucaqlı formalı olan ventilyasiya sisteminin qutusu keçirilib. Ventilasiya qutusunun xarici səthi qara rəngli izolyasiya materialı ilə üzlənib. Ventilasiya qutusu keçirilmiş deşiyin müəyyən hissəsi açıq vəziyyətdədir, yəni, deşiyin qismən açıq qalmış hissəsinin layihəyə uyğun bağlanması aparılmamışdır, baxış zamanı deşiyin üzərinə təsadüfi taxta parçaları qoyulub. Fərdi sahibkar Adıgözəlov Əcdər Musa oğlunun bildirdiyinə görə, həmin taxta parçaları hadisədən sonra qoyulmuşdur. Deşik planda “Q” formalıdır. Ümumi uzunluğu 130 sm, eni isə 70 sm təşkil edir. Təqsirləndirilən şəxs bildirdi ki, Elnur Abilov hadisə zamanı qeyd olunan deşikdən aşağı düşərək xəsarət almışdır. Təqsirləndirilən şəxs qeyd etdi ki, Elnur Abilov həmin deşikdən, iki mərətəbə hündürlüyündən, yəni -1 (mənfi bir) mərtəbə səviyyəsində olan birinci mərtəbə ilə eyni şaquli proeksiyada yerləşən deşikdən də keçərək binanın -2 (mənfi iki) səviyyəsində yerləşən zirzəmi otağına yıxılaraq xəsarət almışdır. Bundan sonra pilləkan qəfəsi ilə binanın -1 (mənfi bir) mərtəbəsinə düşdük və orada ventilyasiya sisteminin qutusu keçən anoloji texnoloji deşiyə baxış keçirildi. Müəyyən edildi ki, -1 (mənfi bir) mərtəbəsindəki texnoloji deşik də “Q” formalıdır, ümumi uzunluğu 135 sm, eni isə 70 sm təşkil edir. Elnur Abilovun yıxıldığı ümumi hündürlük ölçüldü və müəyyən edildi ki, birinci mərətəbənin döşəməsindən -2 (mənfi iki) mərtəbədə yerləşən zirzəmi otağının döşəməsinədək hündürlük (4,5 metr +3,5 metr) cəmi 8 metr təşkil edir. Elnur Abilovun yıxıldığı zirzəmi otağının döşəməsi tökmə betondan quraşdırılıb, onun üzərində bişmiş kərpicin qırıntıları vardır. Elnur Abilovun düşdüyü yerdə qanabənzər ləkələr adi gözlə aşkar edilmədi. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 36 saylı rəyindən görünür ki, Gürcüstan Respublikasının vətəndaşı X7 almış olduğu xəsarətlər – sol yuxarı və aşağı ətraflarda hissi və hərəki pozğunluqla, nitq qabiliyyətinin dayanıqlı pozulması ilə müşayiət olunan, ənsə sümüyünün xətti sınığı, travmatik subdural qansızma (hematoma) ilə nəticələnmiş qapalı kəlləbeyin travması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx xxxxxx 2019-cu il tarixdə hündürlükdən birbaşa yıxılma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. X7 adına tərtib olunmuş tibbi sənəddə onun xəstəxanaya daxil olarkən spirtli içki və ya narkotik maddələr qəbul etməsi barədə hər hansı bir qeydiyyat aparılmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə təhlükəsizlik texnikası ekspertizasının xx xxxx 2020-ci il tarixli 2046 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar: “İİİ-4-80 Tikinti Norma və Qaydaları. Tikintidə təhlükəsizlik qaydaları»nın 1.3, 1.11, 2.1, 2.2, 2.5 və 2.27 bəndlərinin tələbləri pozulmuşdur; həmin tələblərin pozulması hadisənin baş verməsinin səbəbləri olmuşdur. Belə ki, hadisə günü, X7 işə qəbul olunması müvafiq qaydada rəsmiləşdirilmədən, eləcə də onunla əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırılma keçirilmədən - istehsalat sahəsinə daxil olmasının və sonra da həmin sahədə hərəkət etməsinin qarşısı alınmamış və əsasən də, istehsalat sahəsində, yəni tikilinin bir neçə mərtəbəsində, o cümlədən Elnur Abilovun hərəkət etdiyi 1-ci mərtəbənin döşəməsi üzərində mövcud olmuş və hələ də layihəyə uyğun olaraq bağlanılmamış texnoloji boşluğun (yəni, ventilyasiya sistemi qutusunun keçdiyi birbaşa deşiyin) üzəri müvəqqəti olaraq bütöv örtüklə bağlanılmamış və ya insanların təsadüfən toxunmasına tab gətirə bilən davamlı məhəccərə alınmamışdır; - “İİİ-4-80 Tikinti Norma və Qaydaları. Tikintidə təhlükəsizlik qaydaları*»nın 1.3, 1.11, 2.1, 2.2, 2.5 və 2.27 bəndlərinin tələbləri, izahatında bildirdiyi kimi, hadisə baş vermiş yerdə təmir işlərini yerinə yetirən işçiləri işə qəbuluna görə, həmin istehsalat sahəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə tələblərin /qaydaların/ təmin olunmasına görə məsuliyyəti üzərinə götürmüş fərdi sahibkar Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, X9 əmək müqaviləsi (kontraktı) qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan X1 az ağır zərər vurulmasına səbəb olması özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxin, onun nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla tam təsdiq edilir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar da həmçinin nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs X12 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs bu vaxtadək onun müalicə xərclərini çəkdiyini, tam sağalanadək ona yardım etməsini öhdəsinə götürdüyünü gəstərək, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Təqsirləndirilən şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi Gürcüstan Respublikasının vətəndaşı X7 müalicə xərclərinin gəlirlərindən ödənilməsinin davam etdirilməsini öhdəsinə götürməsi barədə ərizə vermişdir. 14 saylı MKS-dən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini qismən etiraf edib peşiman olmasını, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsini təmin etməklə sağlamlığına dəyə biləcək zərərin azaldılmasını təmin etməsini, müalicəsi ilə yaxından maraqlandığını və xərc çəkdiyini, müalicə xərclərinin gəlirindən ödənilməsini davam etdirməsinə dair yazılı öhdəlik götürdüyünü, zərərçəkmiş şəxslə barışıdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, yaşını və hadisənin ehtiyatsızlıqdan baş verməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. O, cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli qazancından ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin olunduğunu, cəzasını iş yeri üzrə çəkəcəyini və zərərçəkmiş şəxsin müalicə xərclərinin gəlirindən ödənilməsini davam etdirməsinə dair yazılı öhdəlik götürdüyünü nəzərə alaraq təqsirləndirilən şəxsə müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə növündə əlavə cəzanın təyin olunması məqsədəuyğun hesab olunmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 222.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzası təyin olunmalı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinin tələbləri baxımındankeçirilmiş məhkəmə ekspertizası tədqiqaının dəyərinin Təqsirləndirilən şəxs tutulmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə əsasən onun hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351- 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2‑ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəza çəkmə müddətinin əvvəli qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 144 (yüz qırx dörd) manat pul tutulub, “xxxxxxxxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar