Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-13/2021 27.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs , Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Astara rayonu, Ərçivan kəndind anadan olmuş, Azərbaycan Respublika: vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, “xxxx” MMC-nin direktoru işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 18:20 radələrində ünvan 2 ünvanının qarşısında idarə etdiyi “Prado” markalı, **-TN-*** qeydiyyat nişanlı avtomobili piyadalar üçün nəzərdə tutulmuş yolun hərəkət hissəsində saxlayaraq avtomobilin içərisində gözləyərkən, həmin vaxt çiynində içərisi su dolu 20 litirlik plastik qabla piyada yolu ilə hərəkətdə olan Zərərçəkmiş şəxs hərəkətinə mane olduğu üçün ona yol verməsi məqsədilə sonuncunun onun avtomobilinin şüşəsini tıqqıldatması və guya ona nalayiq söyüşlər söydüyünü bəhanə edib, əslində isə heç bir əsaslı səbəb olmadan, avtomobildən düşüb ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib Zərərçəkmiş şəxs ucadan nalayiq söyüşlər söyərək, sonuncunu itələdikdən sonra üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib sillə ilə sağ sifət nahiyəsindən vurmuş, bundan sonra Zərərçəkmiş şəxs yaxasından tutub bir neçə dəfə silkələyib həmin ünvanda yerləşən binanın küçə tərəfdən divarına söykəmiş, həmin vaxt orada olan və səs küyə hadisə yerinə toplaşmış şəxslər ona mane olmaq istəsələr də, o, ətrafda olan şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə özünü ətrafdakı şəxslərin fövqündə tutaraq, Zərərçəkmiş şəxs yaxasından tutub dartmaqla binanın girişin hissəsinə aparıb içəri hissədən divara söykədikdən sonra çevirib yerə yıxmış, bundan sonra daha da azğın formada xuliqanlıq hərəkətlərini davam etdirərək, ayağa qalxmaq istəyən Zərərçəkmiş şəxs qarnı və sol qol nahiyələrindən dizi ilə vuraraq ona sağ gözün bayır bucağının, çənə sümüyünün sol şaxəsinin sıyrıqları, sol bazu oynağının hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan vətərlərinin postravmatik gərilmə vətendinitəlamətləri, sağ diz oynağının ön-iç səthinin şişkinlik fonunda sıyrıqları, sol baldırın yuxarı və orta 1/3-nin ön səthinin qançırları ilə nəticələnən sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirməklə, ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 18:20 radələrində idarə etdiyi “Prado” markalı **-TN-*** qeydiyyat nişanlı avtomaşınla ilə ünvan 3 ünvanına gələrək avtomobilini binanın giriş hissəsində saxlamışdır. Onunla birlikdə işləyən Şahid4 maşından düşüb avtomobildə yükləri boşaldırdı, o isə maşında əyləşib gözləyirdi. Həmin vaxt Zərərçəkmiş şəxs yumruqla onun avtomobilinin arxa şüşəsinə əli ilə vuraraq rus dilində maşını həmin yerdə saxladığına etiraz edərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. O da avtomobildən düşüb Zərərçəkmiş şəxs yaxasından tutaraq hansı səbəbdən onun ünvanına nalayiq söyüş söydüyünü soruşmuşdur. Sevinc isə nalayiq ifadələr işlətdiyində haqlı olduğunu bildirərək əlindəki su qabını yerə qoymuş və yenidən maşını hansı səbəbdən saxladığını soruşmuşdur. O əvvəl Sevincin qadın olduğunu başa düçməmiş, Sevincin başında papaq və çiynində iri həcmli su qabı olduğundan onu kişi olduğunu zənn etmişdir. O isə Sevincin hərəkətlərinə əsəbləşərək Sevincin yaxasından tutub onu binanın divarına söykəmək istəyəndə Sevinc yumruqla onun sol gözündən vurmuşdur. Həmin vaxt gözündə olan eynəyi qırılmış və şüşə qırıntıları gözünü kəsmişdir. Bundan sonra Sevinclə əlbəyaxa olmuş və hər ikisi yerə yıxılmışlar. Bu vaxt hadisə yerinə toplaşan tanımadığı şəxslərin yaxınlaşıb onu aralamış və Sevinc su qabını götürüb çıxıb getmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları əvvəlcə ona, daha sonra Sevincə yaxınlaşıb onları polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsəydi o Sevinci vurmayacaqdı, Sevinc ilk olaraq onun maşının şüşəsini vuraraq onu təhqir etmiş, bunun cavabı olaraq o Sevincin yaxasından tutub itələmişdir. O həmçinin qeyd etmişdir ki, əvəllər də avtomaşını həmin yerdə saxlamış və piyadalar sərbəst şəkildə həmin yoldan keçirdilər. Zərərçəkmiş şəxs yolu keçdikdən sonra onun maşınının şüşəsini döyüb etirazını bildirmişdir. O Sevincin ünvanına nalayiq ifadələr işlətməmişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini göstərmişdir və ona görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 18:20 radələrində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində səkilə piyada yol gedərkən, piyada yolunun üzərində qara rəngli “Prado” markalı avtomobilin dayanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt çiynində 20 litirlik plastik qabda “Sirab” suyu olduğundan, “Prado” markalı avtomobilin yan şüşələri qara rəngli olduğu üçün avtomobilin içərisindəki şəxsləri görməmiş, buna görə də çiynindəki suyu yerə qoyub sürücüyə yol verməsini bildirmək üçün barmağı ilə həmin avtomobilin şüşəsini tıqqıldadıb, sürücüyə rus dilində avtomobili götürməsini və keçidə maneçilik etdiyini demişdir. Bu zaman sürücü Ayaz avtomobildən düşüb ona nalayiq söyüşlər söydüyünü güman edib heç bir səbəb olmadan onu əli ilə itələmişdir. Sonra Ayaz onu sifət nahiyəsindən əli ilə vurmuş və yaxasından tutub bir neçə dəfə silkələyib əvvəlcə binanın küçə tərəfdən divarına söykəmiş, sonra isə yaxasından tutub binanın giriş hissəsinə içəri tərəfə aparmış və giriş hissədə içəridə olan divara söykəyib onu yerə yıxmışdır. O da buna cavab olaraq öz müdafiəsi üçün Ayazı itələmiş və vurmuşdur. Ətrafda toplaşmış insanlar onları aralamışlar. Bundan sonra o su qabını götürüb yolunu davam etmişdir. Daha sonra polis əməkdaşları onları Səbail RPİ-nin 39-cu PB-nə dəvət etmişlər. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onu söydüyünü xatırlamır. O da Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməmiş, o yalnız maşının şüşəsini vuraraq Ayazdan maşını həmin yerdə saxladığı üçün Ayaza irad bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlu ilə barışımış, ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon X2-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 18:30 radələrində Səbail rayonu, Ü.Hacıbəyov və S.Vurğun küçələrinin kəsişməsində polis nəfəri Şahid2la birlikdə xidmətdə olarkən, Ü.Hacıbəyov küçəsi istiqamətində avtopatrul maşını ilə hərəkət edirdilər. Ü.Hacıbəyov küçəsi 18 ünvanına yaxınlaşdıqda bir neçə çəxsin toplaşdığını görmüşlər. Maşından düşəndə Təqsirləndirilən şəxs “Prado” markalı maşının yanında dayandığını, Zərərçəkmiş şəxs isə çiynində su qabı ilə hadisə yerindən uzaqlaşdığını görmüşdür. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “Prado” markalı avtomobilinin saxladığı yerdə Zərərçəkmiş şəxs yolu keçməsinə maneə törətdiyinə görə aralarında mübahisə baş vermişdir. O baş vermiş münaqişənin şahidi olmamışdır. Səs-küy eşidib hadisə yerinə gəlməmişdir, xidmətdə olarkən Üzeyir Hacıbəyov küçəsində avtopatrul ilə hərəkətdə olan zaman bir neçə şəxsin toplaşdığını gördükdən sonra avtopatrul maşınını saxlayıb hadisə yerinə yaxınlaşmışdır. Onlar gələndə hadisə artıq bitmişdir. Bundan sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Səbail RPİ-nin 39-cu polis bölməsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 18:20 radələrində həm dostu, həm də müdiri Təqsirləndirilən şəxs ilə birlikdə onun idarə etdiyi “Toyota Prado” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona aid olan əşyaları Ayazın evinə aparmaq üçün ünvan 4 ünvanına getmişlər. Ayaz avtomobilini həmin ünvanda yerləşən binanın giriş hissəsində saxlamış və o avtomobilin yük yerində olan əşyaları götürüb binaya tərəf getmişdir. Binanın həyətinə girdikdə arxadan səs eşitmiş, arxaya baxanda Ayazın bir nəfər şəxslə yaxalaşdığını görüb dərhal əlində olan əşyaları yerə qoyub onlara tərəf getmişdir. Onlara çatana kimi Ayazla Sevincin ətrafda olan şəxslər aralaşdırmışlar. Bundan sonra Sevic Əzizova su qabını götürərək yoluna davam etmişdir. Ayaza yaxınlaşanda onun gözünün ətrafında izlər olduğunu görmüşdür. Hadisə zamanı konkret olaraq kimin-kimi vurmasını görməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Səbail rayon X2-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 18:30 radələrində Səbail rayonu, Ü.Hacıbəyli və S.Vurğun küçələrinin kəsişməsində Şahid3la birlikdə xidmətdə olarkən, Ü.Hacıbəyov 18 ünvanının qarşısında səs küy eşitmişlər. Bundan sonra həmin yerə yaxınlaşanda təxminən 15-20 nəfərə yaxın şəxslərin bir yerə toplaşdıqlarını görmüşlər. Hadisə yerinə yaxınlaşdıqda bir nəfər sonradan adı məlum olan Zərərçəkmiş şəxs onlara çiynində 20 litirlik su ilə piyada yolu ilə gedərkən əvvəlcədən tanımadığı sonradan adı məlum olan Təqsirləndirilən şəxs “Prado” markalı avtomobili ilə yolu bağladığını görüb onun avtomobilinin şüşəsini barmağı ilə tıqqıldadaraq sürücüyə nə üçün yolu bağladığını bildirdikdə, Təqsirləndirilən şəxs guya ona nalayiq söyüş söydüyünü bəhanə etmişdir. Əslində isə heç bir səbəb olmadan onu döydüyünü, səs-küyə ətrafa toplaşan yol keçən şəxslərin isə yaxınlaşıb onları aralaşdırdıqlarını bildirmişdir. Eyni zamanda onlara həmin vaxt səs-küyə hadisə yerinə toplaşmış şəxslərin də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxaraq döydüyünü bildirmişlər. Bundan sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Səbail RPİ-nin 39-cu polis bölməsinə dəvət etmişlər. Həmçinin hadisə barədə raportla məruzə etdiklərini, hadisə yerinə yaxınlaşanda təxminən 15-20 nəfər şəxsin hadisə yerinə toplaşdıqlarını görmüşlər. Lakin həmin şəxsləri tanımadığı üçün kim olmaları barədə hər hansı bir məlumatı olmamış, hadisə yerinə yaxınlaşan da Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hər hansı bir gözlə görünən xəsarət görməmişdir. Lakin Zərərçəkmiş şəxs qolunun ağrıdığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda gül mağazasında satıcı işləyir. xx xxxx 2020-ci ci il tarixdə saat 18:20 radələrində qeyd etdiyi ünvanda mağazada olan vaxt küçədən səs-küy eşidib çölə çıxanda bir neçə nəfər tanımadığı şəxslərin bir yerə toplaşdıqlarını görmüşdür. Tanıdığı Əfqan adlı şəxsin sonradan adını bildiyi Ayaz adlı şəxsi saxlayıb ona “ayıbdır o xanımdır, lazım deyil” dediyini görmüşdür. Bundan sonra hadisə yerinə toplaşmış şəxslərdən hadisə barədə maraqlananda Ayaz adlı şəxsin qara rəngli “Prado” markalı avtomobilini Ü.Hacıbəyov küçəsi 18 ünvana girişdə piyada yolunun üstündə saxladığı üçün çiynində iyirmi litirlik su qabı ilə yol keçən piyada Sevinc adlı xanımın ona nə üçün avtomobilini piyadaların keçidinə mane olacaq şəkildə saxladığını bilmiş, Ayaz isə avtomobilindən düşüb heç bir səbəb olmadan Sevinc adlı xanıma qarşı ucadan nalayiq söyüşlər söyərək onu döymüşdür. Hadisə vaxtı orada tanıdığı Əfqan adlı şəxs və tanımadığı bir neçə nəfər şəxslər olmuşdur. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram göndərərək səhhəti (yüksək hərarət) ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 18:20 radələrində idarə etdiyi avtomaşınla Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 18 ünvanına gəlib evə getmək məqsədi ilə idarə etdiyi avtomaşınını yolun kənarında saxladığını, həmin vaxtı “Prado” markalı **-TN-*** qeydiyyat nişanlı avtomobilin binanın giriş hissəsində dayanıqlı vəziyyətdə olduğunu və vətəndaşların keçidinə mane olduğunu gördüyünü, bu vaxt əvəlcədən tanımadığı, sonradan adını bildiyi çiynində su çəni aparan Sevinc adlı xanımın “Prado” markalı avtomaşına yaxınlaşıb həmin avtomaşının sürücüsü sonradan adını bildiyi Ayaz adlı şəxsə rus dilində “Uberi da maşımı, meşaeş proxodit” sözünü dediyini, bu zaman Ayaz adlı şəxsin avtomaşınından əsəbli halda düşüb Sevinc adlı xanıma nalayiq söyüşlər söyüb sonuncunun üzündən sillə vurub yaxasından tutduğunu, daha sonra Ayaz adlı şəxs Sevinci yerə yıxaraq üstündə oturub əlləri ilə Sevincin üzündən vurmağa başladığını, bundan sonra dərhal onlara yaxınlaşaraq Ayazın çiynindən tutub çəkib Sevincdən araladığını, daha sonra isə ərazidə xidmət aparan polis əməkdaşları gələrək hər ikisini də polis bölməsinə apardıqlarını, Ayazın dediklərinin yalan olduğunu, Sevincin Ayaza rus dilində nalayiq söyüşlər söymədiyini, yalnız ona “Uberi da maşmu, meşaeş proxodit” sözünü dediyini, hadisə vaxtı orada tanımadığı şəxslərin olduğunu göstərmişdir. Məhkəmə iclasında baş vermiş hadisəni əks etdirən videogörüntüyə (DVD disk) baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli “Prado” markalı avtomobil binanın giriş hissəsində dayanmış vəziyyətdədir. Həmin vaxt bir nəfər şəxs (Zərərçəkmiş şəxs) çiynində iri həcmli su qabı maşının arxa tərəfindən keçərək maşının arxa sol qapısına yaxınlaşaraq əli ilə maşının şüşəsini vurur. Həmin vaxt sürücü maşından düşərək Sevic Əzizovaya yaxınlaşaraq onu itələmiş, Sevic də su qabını yerə qoyur. Daha sonra onlar bir-birilərini itələyirlər və binanın giriş hissəsinə daxil olurlar. Ətrafda olan bir neçə şəxs onlara yaxınlaşırlar. Təxminən 20-30 saniyədən sonra hadisə yerinə post-patrul maşını gəlir və Təqsirləndirilən şəxs polis əməkdaşlarının yanında dayandığı görünür. Zərərçəkmiş şəxs isə yerdən su qabını götürüb miyninə qoyaraq hadisə yerindən uzaqlaşır. xx xxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla baş verən hadisəni özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 161 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ gözün bayır bucağı nahiyəsinin, sol yanağın aşağı yarısında çənə sümüyünün sol şaxəsi proyeksiyasının sıyrıqları, sol bazu oynağının hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan vətərlərinin postravmatik gərilmə və tendinit əlamətləri, sağ diz oynağının ön-iç səthinin şişkinlik fonunda sıyrıqları, sol baldırın yuxarı və orta 1/3- nin ön səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2020-ci ci il tarixdə qeyd olunan nahiyələrə əl ilə vurma və sonrakı etapda zərblə yerə çırpım nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Təkrar məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, T125/2020 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğı xəsarətlər - sağ gözün bayır bucağının, çənə sümüyünün sol şaxəsinin sıyrıqları, sol bazı oynağının hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan vətərlərinin postravmatil gərilmə və tendinit əlamətləri, sağ diz oynağının ön-iç səthinin şişkinlik fonunda sıyrıqları sol baldırın yuxarı və orta 1/3-nin ön səthinin qançırları küt əşyanın (əşyaların) o cümlədən əllərin təsirindən törənmişlər, xx.xx.2020-c il tarixdə törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətd pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin sağlamlığa zərərvurma dərəcəsi Azərbaycan Respublikası Nazirlə Kabinetinin 66 saylı, xx xxx 2003-cü il tarixli qərarı ilə deyil, Səhiyyə Nazirliyinin hazırda qüvvədə olan 2001-ci il tarixli “Sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydaları” ilə tənzim olunmuşdur. Zərərçəkmiş şəxs adına Birliyin Səbail rayon şöbəsində tərtib edilmiş xx.xx.2020-ci tarixli 161 saylı rəyin nəticəsi təsviri hissəyə uyğundur. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 162 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol gicgah nahiyyəsinin qançırı, sol gözaltı nahiyyənin cüzi şişkinlik fonunda qançırı və bu fonda sol burun çəpərinin sıyrığı, sol baldırın yuxarı 1/3-nin ön səthinin cüzi şişkinlik fonunda sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2020-ci il tarixdə sifət nahiyəsinə yumruqla vurma və sonrakı etapda yıxılarkən sol diz nahiyyəsinin yerə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və ümumilkdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. xx xxxx 2020-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. xx xxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olmadığından xx xxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə cinayət təqibi və inzivati xəta haqqında icraat rədd edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında şikayətlə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Arif Qarayev tərəfindən xx xxx 2020-ci il tarixdə qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əməlinin düzgün tövsif edilməklə, doğru hüquqi qiymət verilməsini, cinayət işinin tam, obyektiv, hərtərəfli araşdırılmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 6(009)-41/2020 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Arif Qarayevin “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx xxx 2020- ci il tarixli qərarının nəticə hissəsinin 3-cü abzası “Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olmadığından, barəsində həmin maddə ilə inzibati təqib rədd edilsin” hissəsində qanunsuz hesab edilmiş və qərar həmin hissədə ləğv edilmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs oğlu ilə barışımış, ona dəymiş ziyan tam ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o zərərçəkmiş şəxslə barışımış, dəymiş ziyanı tam ödəmiş, ona görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurması və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etməsi ittihamı verilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər mövcud olmamış, onun hərəkətlərində xuliqanlıq niyyəti olmamışdır. Belə ki, işdəki sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik niyyəti ilə deyil, zərərçəkmiş şəxslə aralarında yaranmış şəxsi münasibətlər zəminində sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Ümumiyyətlə verilmiş ittihamda Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 18:20 radələrində ünvan 4 ünvanın qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi göstərilsə də, onun öz davranışı ilə ictimai qaydalara qarşı etinasızlıq göstərməsinin, özünü ətrafdakılara qarşı qoymasının, ətrafdakılara qarşı laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı hörmətsizlik göstərməsinin, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmasının nədən ibarət olması və nədə ifadə olunması, başqa sözlə, onun hərəkətlərində ictimai qaydanın kobud şəkildə pozulmasının və cəmiyyətə açıqca hörmətsizliyin nədə ifadə olunması öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə xuliqanlığın mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ictimai yer olan ünvan 4 ünvanın qarşısında heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək döyməsi kimi qiymətləndirməsinə tənqidi yanaşır. İstintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun tövsif etməmişdir. Cinayət işinin materiallarından və məhkəmə istintaqında tədqiq edilənlərdən görünür ki, təqsirləndirilən şəxsin göstərdiyi şəraitdə də zərərçəkmiş şəxsin aldığı xəsarətin nəticəsi mümkün olduğundan, yetirilmiş xəsarətin təqsirləndirilən şəxs tərəfindən törədilməsi hissədə heç bir mübahisə görünmür, bu hal nə ittiham nə də müdafiə tərəfindən mübahisələndirilməmişdir. Lakin hadisənin təqsirləndirilən şəxsin əməli xuliqanlıq cinayətini törətməsi ilə bağlı müdafiə tərəfindən mübahisələndirilmiş, əməlin xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində, xəsarətin nəticəsinə uyğun olaraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül xəsarət yetirməklə törədildiyi iddia edilmişdir. İttiham tərəfi isə ittihamı müdafiə etmək mövqeyində qalmış, fikrini yalnız hadisənin mağaza və digər obyektlərin yerləşdiyi ərazidə baş verməsi ilə əsaslandırmışdır. Belə ki, ibtidai istintaq orqanı xuliqanlıq cinayətinin formal tərkibli olmasına lazımi səviyyədə yanaşmayaraq əməlin xuliqanlıq hərəkətləri kimi tövsifini yanlız hadisənin baş verdiyi yerə görə qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, hadisənin ünvan 4 ünvanı adlanan, yəni ictimai hesab edilən yerdə baş verməsi, əməlin xuliqanlıq kimi tövsif edilməsinə kifayət etmir. Bunun üçün ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin də mövcudluğu tələb olunur. Hazırki işdə əməlin ictimai qayda əleyhinə, ictimai qaydanı pozmağa yönəldiyi, qəsdin həmin istiqaməti görünmür. Ona görə də əməlin xuliqanlıq olmasını demək mümkün deyildir. Cinayət işinin materiallarından da görünür ki, təqsirləndirilən şəxs ilk andan sona qədər hadisəni Zərərçəkmiş şəxs yumruqla onun avtomobilinin arxa şüşəsinə vurduğunu, avtomobilin saxlanması yeri ilə əlaqədar ona rus dilində nalayiq formada irad bildirməsini və bunun nəticəsində o Zərərçəkmiş şəxs yaxasından tutub itələdiyini göstərmişdir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı hadisənin baş verdiyi ərazidə olan obyektlərdə fəaliyyət göstərən şəxslərdən narahatçılıq keçirən, iş fəaliyyəti pozulan olmamış, onlar ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlər görməmişlər. İbtidai araşdırma orqanı cinayət işini CMnın 128-ci maddəsi ilə başlayıb istintaqını aparmış, istintaq yuxarıda sadalananları müəyyən etmiş, lakin buna baxmayaraq, yalnız hadisənin baş verdiyi yerə görə şəxsin əməlini xuliqanlıq əməli kimi qiymətləndirib CM-nın 221.1-ci maddəsinə tövsif etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin tərkibinin olmadığını göstərir. Belə ki, tədqiq edilmiş sübutlardan hadisənin şahidlərinin yalnız təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin olması, onların təqsirləndirilən və zərərçəkmişlə birlikdə hadisə yerində olması, ittihamda ətrafda başqa şəxslərin olması göstərilsə də, bunun sübuta yetirilməsi görünmür. Belə olan halda ictimai qaydanın hər hansı formada pozulmasından söhbət gedə bilməz. Digər tərəfdən ittiham aktında ümumi ifadələrlə hadisə yerinə çoxlu şəxslərin toplaşdığı bildirilsə də, həmin şəxslər hadisənin həqiqətən də yalnız təqsirləndirilən və zərərçəkmişin ikisinin arasında baş verdiyini təsdiq edir. Bununla yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi döyməsi səbəbsiz baş verməmişdir. Əksinə tədqiq edilmiş sübutlar birmənalı olaraq münaqişənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlandığını, məhz onun təqsirləndirilən şəxsin ünvanına rus dilində nalayiq ifadələrin işlədilməsindən sonra təqsirləndirilən şəxsdə yaranmış intiqam hissi ilə sonuncunun bu hadisəni törətdiyini göstərir. Qeyd edilməlidir ki, hadisə zamanı təqsirləndirilən şəxs də xəsarət almış və Zərərçəkmiş şəxs əməllərinə hüquqi qiymət verilməsi üçün müstəntiqin sübutların qiymətləndirilməsi haqqındda xx xxx 2020-ci il tarixli qərarı hissəvi ləğv edilmiş və Zərərçəkmiş şəxs hərəkətlərinə hüquqi qiymət verilməsi üçün material ayrılaraq əlavə araşdırmaya göndərilmişdir. Məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməmişdir. Bu hal həm zəzrərçəkmişin, həm də təqsirləndirilən çəxsin ifadləri ilə də təsdiq olunur. Təqsirləndirilən şəxs maşından düşərkən Sevincin başnda papaq və çiynində də iri həcmli su qabı olduğundan Zərərçəkmiş şəxsın kişi olduğunu zənn etmişdir. Bu səbəbdən Şahid1 ifadəsində qeyd edildiyi qadına ünvanlanan söyüş işlətməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyindən çıxış edərək bir daha qeyd edir ki, xuliqanlıq cinayətində əsas qəsd cinayətin əsas obyekti olan ictimai qaydanın pozulmasına yönəlməlidir. Başqa şəxslərin həyatı, sağlamlığı və əmlakı isə burada əlavə obyekt rolunu oynayır. Belə olan halda hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin qəsdinin ilk növbədə ictimai qaydanın pozulmasına yönəldiyini iddia etmək mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2004-cü il tarixli 1 saylı qərarında da qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünü qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanın kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır». Lakin hazırki cinayət işinin hallarından, təqsirkarın hərəkətlərinin cəmiyyətə açıqca hörmətsizlik göstərməyə, ictimai qaydanı kobud surətdə pozmağa yönəldiyi görünmür, bu ibtidai istintaq və məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Cinayət işinin hallarından görünür ki, hadisə ani vaxtda baş vermiş və tamamlanmış, davam etməmişdir. Hadisənin əks etdirən videogörüntü ilə də müəyyən olunur ki, Zərərçəkmiş şəxs sərbəst şəkildə yolu keçdikdən sonra maşına yaxınlaşaraq maşının şüşəsini döymüş və irad bildirmişdir, yəni maçının həmin yerdə dayanması Zərərçəkmiş şəxs yolu keçməsinə heç bir maneə yaratmamışdır. Hadisə isə 01 dəqiqə 32 saniyə çəkmişdir. Təqsirləndirilən şəxsin hərəkətləri şəxsi münasibətlər zəminində başlamış çərçivədən çıxmamışdır. Ona görə də məhkəmə hesab edir ki, baş vermiş hadisədə təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın pozulmasına deyil, aralarında mövcud olmuş münasibət pozğunluğuna görə şəxsi münasibətlər zəminində baş verdiyindən, əməlində CM-nın 221.1- ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi ola bilməz. Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxsin onun ünvanına mübahisənin yaranmasına səbəb olan nalayiq formada maşın saxlama yeri ilə bağlı irad bildirməsinə görə formalaşmış intiqam hissinin nəticəsində baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 221.1- ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi yoxdur. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi döyərək onun sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə iş üzrə araşdırılmış sübutlara yuxarıda qeyd olunanlara əsasən qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli, yetirilən xəsarətin dərəcəsinə uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Bununla belə işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs bu maddə ilə cinayət məsuliyyətindən azad olunması üçün əsas vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarını nəzərə alaraq əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığına görə cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış baş vermiş hadisəni özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 156, 193, 318.1, 344-347, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə maddi sübut kimi tanınmış baş vermiş hadisəni özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq müddətində müdafiə edilməsinə görə 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-13/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-13/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver