Məhkəmə qərarları › İş №1(009)-13/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-13/2022

04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-13/2022 04.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Bakı şəhəri 3saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1978-ci ildə Lənkəran rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Şağlaküçə kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20.06.2021-ci il tarixdə saat 19:30 radələrində ünvan 1 ünvanında yerləşən “X8”in qeydiyyat bölməsindəki saxlanc yeri kimi istifadə olunan çəkməcəyə qanunsuz daxil olaraq çəkməcədə olan pul qabını götürərək içərisindən “X8”in icarədarı Zərərçəkmiş şəxs məxsus olan 630 manat pulu gizli olaraq talayıb ümumilikdə 630 (altı yüz otuz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki. O, işlə bağlı 3 aydır ki, Bakı şəhərində olurmuş və həmin müddət ərzində “X8”-də qalırmış. O, Bakı şəhərində “Yeddi Gözəl” restoranının parkinqində işləyirmiş. Onun bir nəfərə 500 manata yaxın borcu olduğu üçün,məcburiyyət qarşısında qaldığı “X8“-dən 20.06.2021-ci il tarixdə saat təxmini 19:30 radələrində hosteldə yemək yemiş, daha sonra qeydiyyatda oturan İsmayıl adlı şəxs istirahət üçün başqa otağa keçmiş, bundan sonra o, qeydiyyat yerinin boş olduğunu görüb çay içmək üçün ora yaxınlaşmış çayla içməyə konfet axtaran zaman oradakı çəkməcəni açmış, orada pul qabı və içərisində pul olduğunu görmüş və pulun hamısını götürmüşdür. Daha sonra hosteli tərk etmişdir. Pulu götürdüyü yer saxlanc yeri deyildir, qıfılı yox idi, adi çəkməcə idi. Mütəmadi o yerdən çay içmək üçün o, və digər şəxslər şirniyyat götürürdü. Oradan uzaqlaşıb pulu saymış və 630 manat olduğunu görmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X7 icarədarıdır. 21.06.2021-ci il tarixdə saat təxminən 13:00 radələrində icarəsində olan “X8”-nə nəzarət edən Şahid ona müştəri qismində orada 3 aydır qalan X1 20.06.2021-ci il tarixdə saat təxminən 19:30 radələrində kassada heç kim olmayan vaxtı çəkməcədə olan pul qabını götürərərək ümumilikdə 630 manat nağd pulu oğurlaması barədə məlumat vermişdir. O, hadisənin hostelin təhlükəsizlik kamerasına düşdüyünü bildirmişdir. Bununla bağlı hadisə günü İsmayıl Fəxrəddinin pulu qaytaracağını düşündüyü üçün məlumat verməmişdir. Lakin daha sonra Fəxrəddini pulu qaytarmadığını görüb bu barədə hostelin rəhbərliyinə məlumat vermişdir. O, isə bununla bağlı DİN-in 102 xidmətinə məlumat vermişdir. Şikayətçidir, ziyanı ödənilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 21.06.2021-ci il tarixdə saat təxminən günorta radələrində o, müştəri qismində orada 3 aydır ki “X8”-də qalan Təqsirləndirilən şəxs 20.06.2021 -ci il tarixdə saat 19:30 radələrində kassada heç kim olmayan vaxtı qeydiyyat şöbəsinin kassa kimi istifadə olunduğu çəkməcəsində olan pul qabından ümumilikdə 630 manat nağd pul oğurlanması barədə “X8”in icarədarı Zərərçəkmiş şəxs məlumat vermişdir. Belə ki, 20.06.2021-ci il tarixdə o qeydiyyat şöbəsində çıxaraq istirahət etmək digər otağa getmiş,daha sonra qayıdarkən kassada pulun olmadığını görmüş, daha sonra hostelin təhlükəsizlik kamerasına baxarkən pulu götürən şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Bununla bağlı hadisə günü Fəxrəddinin pulu qaytaracağını düşündüyü üçün məlumat verməmişdir. Lakin daha sonra Fəxrəddinin pulu qaytarmadığını görüb bu barədə hostelin rəhbərliyinə məlumat vermişdir. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 22 iyun 2021-ci il tarixli “videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin videogörüntülərini özündə əks etdirən “01” ədəd diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, CD diskdə olan videogörüntü açılaraq baxılan zaman Zərərçəkmiş şəxs məxsus “X8” –in kassasından qırmızı köynəkli, üzü tüklü, 40-42 yaşlarında, orta boylu, kişi cinsindən bir nəfər 20.06.2021 -ci il tarixdə saat 19:30 radələrində pulları götürərək cibinə qoyur və oradan uzaqlaşır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 iyun 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 29 iyun 2021-ci il tarixli qərardan və cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki Təqsirləndirilən şəxs oğlu 29 iyun 2021-ci il tarixdə, saat 21:00 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, araşdırma zamanı istintaqa təqdim olunmuş hadisənin videogörüntülərini özündə əks etdirən “01” ədəd diskə baxış keçirilmiş və baxış zaman qırmızı rəngdə köynək geyinmiş qara saçlı şəxsin hostelin qeydiyyat şöbəsində olan çəkməcəni açaraq orada olan pul qabının içərisindən pulu götürüb daha sonra pul qapını çəkməcəyə qoyub, oranı tərk etməsi müəyyən olunur. Təqsirləndirilən şəxs qırmızı rəngdə köynək geyinmiş oradan pulu götürən şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 01 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, 01 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Lənkəran rayonu, Şağlaküçə kənd inzibati ərazi dairəsinin nümayəndəsinin 01 iyul 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşadığı yer üzrə müsbət xarakterizə olunur, Şağlaküçə kəndində yaşadığı müddət ərzində onun haqqında heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Lənkəran rayonu, Şağlaküçə kənd inzibati ərazi dairəsinin nümayəndəsinin 01 iyul 2021-ci il tarixli arayışından görünür ki, 28.08.2012-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 05 iyul 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 19.05.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli təqsirli bilinib, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 30.06.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya elan edilməsi haqqında" Qərarına əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. İş materiallarında olan 10 iyul 2021-ci il tarixli şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun ifadəsi hadisə yeri olan “X8” -də yoxlanılmış, Təqsirləndirilən şəxs əyani şəkildə göstərməklə ifadəsini təsdiq etmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 17 iyul 2021-ci il tarixli cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 17 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 1(009)-209/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs oğlunun barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu PB-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlu 17 yanvar 2022-ci il tarixdə saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Həmin qərarın 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini bildirsə də zərərçəkmiş şəxsin, şahidin ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs oğluna cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 29 iyun 2021-ci il tarixdən 01 iyul 2021ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, 17 yanvar 2022-ci il tarixdən 04 fevral 2022-ci il tarixədək həbsdə olduğu 18 (on səkkiz) gün müddət bir günə iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, cəmi 20 (iyirmi) gün təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış fotoşəkillər və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, 17 yanvar 2022-ci il tarixdən 04 fevral 2022-ci il tarixədək həbsdə olduğu 18 (on səkkiz) gün müddət, yəni cəmi 20 (iyirmi) gün bir günə iki gün hesablanaraq 01 (bir) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Lənkəran İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia yoxdur. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar