Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-130/2022 10.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Qanuni nümayəndə1, Müdafiəçi Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2005-ci ildə Goranboy rayonu, Dəliməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işlməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 yanvar 2022-ci il tarixdə gecə saat 01:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus və saxlanc yeri hesab olunan ünvan 3 ünvanda yerləşən “Zeytun-88 Aura” adlı aptekə qanunsuz daxil olaraq oradan 357 manat məbləğində nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 357 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 yanvar 2022-ci il tarixdə gecə saat 02:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus və saxlanc yeri hesab olunan ünvan 4 ünvanda yerləşən “Elit” adlı aptekə qanunsuz daxil olaraq oradan 1.000 manat məbləğində nağd pulu və bir ədəd 100 manat dəyərində “Samsung A10” markalı mobil telefon aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1.100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulumuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Goranboy rayonunda anadan olmuşdur. Körpə yaşında üzərinə qaynar su tökülməsi nəticəsində aldığı xəsarətlərdən sol qolu qüsurludur. Anası şəkər xəstəsidir. Uşaq yaşlarından valideyinləri boşanmış və ağır həyat şəraitinə görə anası onu, qardaşını və bacısını uşaq evinə verərək özü də orada işləmişdir. Bir neçə il sonra anası onu oradan öz öhdəsinə götürmüşdür. Dolana bilmədiklərindən 11 yaşından tək Bakı şəhərinə gəlmiş və salfetka, tum satışı ilə məşğul olmuş, günü 2-3 manat olan kirayə evlərdə qalmışdır. Valideynləri və qohumlarından heç kim onunla maraqlanmamış və kömək etməmişdir. Bir müddət sonra kirayədə qaldığı, onun kimi yetkinlik yaşına çatmayan və oğurluqla məşğul olan uşaqlarla tanış olmuş və onlarla birlikdə oğurluq etməyə başlamışdır. Sonuncu dəfə təxminən 2022-ci ilin yanvar ayının axırlarında gecə saatlarında küçədə heç kimin olmadığından istifadə edərək Badamdar qəsəbəsində yerləşən aptekin qapısını dəmirlə açıb içəri girərək oradan təxminən 300 manat pul oğurlayıb bayıra çıxmışdır. Ətrafda heç kimin olmadığını görüb yenidən oğurluq etdiyi aptekdən bir qədər aralıda yerləşən başqa aptekin qapısını da dəmirlə açıb içəri girmiş və oradan 1000 manat nağd pul və bir ədəd “Samsung A10” mobil telefonu oğurlamışdır. Oğurladığı pulun bir hissəsini şəxsi ehtiyaclarına yəni, kirayə qaldığı evə, paltara, yeməyə xərcləmiş və bir hissəsini anasına göndərmişdir. Əməlini dərk edir və əməlindən səmimi peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Zeytun-88 Aura” adlı aptek ona məxsusdur. 31 yanvar 2022-ci il tarixdə aptekdə işçi kimi işləyən Elnarə adlı xanım saat 09 radələrində aptekə gələrkən aptekin giriş qapısının açıq olduğunu, içəri daxil olan zaman isə içərinin dağınıq olduğunu, şkafların siyirmələrinin açıq olduğunu görüb ona zəng edərək aptekdə oğurluq hadisəsinin olması barədə məlumat vermişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edib aptekdə baş vermiş oğurluq hadisəsi barədə məlumat verdikdən sonra aptekə getmişdir. Oğurluq nəticəsində ona təxminən 357 manat məbləğində maddi ziyan dəymişdir. Lakin Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından ona qarşı şikayəti və əmlak tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Elit” adlı aptek ona məxsusdur 31 yanvar 2022-ci il tarixdə aptekdə işçi kimi işləyən X2 həmişə olduğu kimi saat 09 radələrində aptekə getmiş, ona zəng edərək bildirmişdi ki, aptekdə problem var. Həmin günü o, saat 16 radələrində aptekə getmiş və kassada olan pulların əskik olduğunu bilmişdir. Kamera görüntülərə baxdıqdan dərhal sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə zamanı aptekdən təxminən 1.000 manat nağd pul və ekranı sınıq vəziyyətdə olan “Samsung A10" markalı mobil telefon oğurlanmışdır. Həmin mobil telefonun dəyəri təxminən 100 manat olar. Hadisə nəticəsində ona təxminən 1.100 manat məbləğində maddi ziyan dəymişdir. Lakin Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından ona qarşı şikayəti və əmlak tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan 01 fevral 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Səbail RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 105 ünvanda yerləşən “Elit” aptekdir. Obyektə baxış keçirilərkən giriş qapısında zədə izləri aşkarlandı. Hadisə yerində quraşdırılmış müşahidə kameralarından görüntülər diskə köçürülməklə götürülmüşdür. Hadisə yerindən 20 ədəd əl-barmaq izləri götürülmüşdür. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 01 fevral 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Səbail RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 77 ünvanda yerləşən “Aura 88” aptekdir. Obyektə baxış keçirilərkən giriş qapısında zədə izləri aşkarlandı. Hadisə yerində quraşdırılmış müşahidə kameralarından görüntülər diskə köçürülməklə götürülmüşdür. Hadisə yerindən 26 ədəd əl-barmaq izləri götürülmüşdür. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan qanuni nümayəndənin tanınması barədə haqqında 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının məsul katibi Qanuni nümayəndə1 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi kimi tanınmışdır. İş materiallarında olan cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və ********* nömrə altında icraata götürülərək istintaqı aparılmışdır. İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə, saat 17:10-da Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaqa könüllü təqdim etdiyi xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Zeytun-88 Aura” adlı aptekdə baş vermiş oğurluq hadisəsini öündə əks etdirən 01 ədəd CD-R markalı disk götürülərək baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd fayl yerləşir. Faylda olan görüntüdə bir nəfər cavan yaşlarında qara şalvar, qara rəngli ayaqqabı və boz rəngli poliver olan, kişi cinsli şəxsin əlində olan fanardan istifadə etməklə aptekin daxilində olan siyirmələri və vitrinləri axtarması, bəzi halda isə görünməyən əşyaları götürüb cibinə qoyması əks olunur. Baxış zamanı Təqsirləndirilən şəxs etiraf etmişdir ki, həmin görüntüdə olan şəxs özüdür. İş materiallarında olan təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa könüllü təqdim etdiyi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 105 ünvanda yerləşən “Elit” adlı aptekdə baş vermiş oğurluq hadisəsini öündə əks etdirən 01 ədəd CD-R markalı disk götürülərək baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdi ki, həmin diskdə 01 ədəd fayl yerləşir. Faylda olan görüntüdə bir nəfər cavan yaşlarında qara şalvar, qara rəngli ayaqqabı və boz rəngli poliver olan, kişi cinsli şəxsin əlində olan fanardan istifadə etməklə aptekin daxilində olan siyirmələri və vitrinləri axtarması, bəzi halda isə görünməyən əşyaları götürüb cibinə qoyması əks olunur. Baxış zamanı Təqsirləndirilən şəxs etiraf etmişdir ki, həmin görüntüdə olan şəxs özüdür. İş materiallarında olan 03 fevral 2022-ci il tarixli “şübhəli şəxsin ifadələrinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinin yerində yoxlanması istintaq hərəkətləri keçirilmiş, sonuncu törətdiyi cinayət əməllərini hadisə yerində əyani surətdə göstərərək istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 04 fevral 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona itiham elan edilmişdir. İş materiallarında olan 04 fevral 2022-ci il tarixli “təqsirləndirilən şəxsin X4 azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Səbail RPİ-nin X4 azad edilmiş və barəsində “yetkinlik yaşma çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 011-1427-1222 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 77 ünvanda yerləşən X3 məxsus “Aura 88” aptekdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi xx xxxx 2005-ci ildə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət və orta barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 mart 2022-ci il tarixli Arayışından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsilə təqsirli bilinərək 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkir. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-24/2022 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmş və onun üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 23 aprel 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və əmlak tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və əmlak tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirrafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığını, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, onun ağır həyat və tərbiyə şəraitini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yetkinlik yaşına çatmayan şəxs olmasını, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4.3-cü maddəsinin tələbini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon məhkəməsinin sonuncu hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda cəzasını çəkməsi cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(011)-129/2022 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 31 yanvar 2022-ci ildə törədilmişdir. Belə olan halda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(011)- 129/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(011)-129/2022 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən hazırki hökm ilə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(011)-129/2022 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın həbsdə saxlanıldığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni cəmi 02 (iki) gün həbsdə olma müddəti ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə 02 (iki) ədəd disk, 17 ədəd fotoşəkil və 02 ədəd əlbarmaq izi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358,384 və 435-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən hazırki hökm ilə təyin edilmiş, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 1(011)-129/2022 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 2 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, ona qəti olaraq 3 (üç) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1(011)-24/2022 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşma çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 02 (iki) ədəd disk, 17 ədəd fotoşəkil və 02 ədəd əlbarmaq izi cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun (“Expressbank" ASC-nin Memar Əcəmi filialı, kod 510891, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ 11NABZO**********000036944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ57AZEN********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-130/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-130/2022
10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver