Məhkəmə qərarları › İş №1(009)-132/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-132/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-132/2023 15.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Bayramov Şahid Şahin oğlunun iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 20 saylı yataqxananın, 50 saylı mənzilində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, H.Zərdabi küçəsi, 89 saylı evin, 150 saylı mənzilində yaşayan Bayramov Şahid Şahin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Bayramov Şahid Şahin oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə Şahid1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində olan “Bizim Süfrə” restoranını birlikdə icarəyə götürülməsi və gəlir əldə edəcəyinə dair yalandan vəd verib bu adla, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 23:27 radələrində Bakı şəhəri, Səbail rayonu, Şahlar Allahverdiyev küçəsində yerləşən “Şəmkir Marketdə” quraşdırılmış “eManat” elektron ödəmə terminalından, sonuncunun arvadı Şahid2 “Umico” Kapital Bank kartının 416973 ******8506 nömrəli müştəri kart hesabına 1000 manat pul vəsaitini köçürdükdən sonra, Şahid Bayramov 1000 manat pul vəsaitini həmin günü Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid elektron ödəmə terminalından qəbul edib ələ keçirmiş, eyni adla xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən “Aysu” restoranının qarşısında 1000 manat pul vəsaitini və xx.xx.2022-ci il tarixdə 17:30:32 radələrində ünvan 1 ünvanında yerləşən “Starmart” Super Marketdə quraşdırılmış “Million” elektron ödəmə sistemindən onun “Leobank” 50387111 nömrəli kart hesabına 3000 manat pul vəsaitini köçürdükdən sonra, eyni adla həmin ünvanda 3000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək vəd etdiyi işin müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs Bayramov Şahid Şahin oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2022-ci ilin mart ayının əvvəllərində onun musiqiçi dostu Şahid1 vasitəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında normal münasibət yaranmış və mütəmadi olaraq onunla görüşüb birlikdə söhbətləşmişdir. Həmin dövrdə o, Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospektində, hazırda 8 Noyabr prospektində yerləşən “Bizim-Süfrə” restoranını icarəyə götürmək üçün danışıqlar aparmışdır. Onun həmin restoranı icarə götürmək istədiyi barədə Şahid1 əvvəlcədən məlumatlı olmasını qeyd etmişdir. Beləliklə də Şahid1 ona təklif etmişdir ki, bu işə yaxın dostu Zərərçəkmiş şəxs da qoşsun və onun ilə şərikinə “Bizim- Süfrə” restoranım işlətsin. Bundan sonra o, Şahid1 təklifi ilə razılaşmışdır. O, Zərərçəkmiş şəxs bildirmişdir ki, “Bizim-Süfrə” restoranı icarə götürmək üçün ilkin olaraq onun tərəfindən 20.000 manat pul verməli olduğunu bildirmişdir. Son olaraq Zərərçəkmiş şəxs təklif etmişdir ki, 10.000 manat pulu o versin, qalıq qalan 10.000 manat pulu o, qoysun və restoranı icarəyə götürsün. Hətda o, Zərərçəkmiş şəxs əvvəlcədən aparıb “Bizim- Süfrə”restoranını göstərmişdir. Daha sonra o, 2022-ci ilin mart ayının axırlarında Zərərçəkmiş şəxs üç dəfəyə yəni, ilk dəfə 1.000 manat pulu arvadı Şahid2 Kapital-Bank kartı hesabına 15 mart 2022-ci il tarixdə saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahəsi, Ş.Allahverdiyev küçəsində yerləşən “Şəmkir” marketin içərisində qoyulmuş “E-manat” terminalından ödənilməsini qeyd etmişdir. İkinci dəfə 1000 manat pulu 20 mart 2022-ci il tarixdə, gecə saat 01:30 radələrində, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən “Aysu” restoranında təklikdə Zərərçəkmiş şəxs ilə görüşərək əlbəəl ondan almışdır. Üçüncü dəfə 3.000 manat pulu 21 mart 2022-ci il tarixdə saat 17:30 radələrində, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, 16 “B” ünvanda yerləşən “Star” marketdə qoyulmuş “Milliön” terminalından onun adına olan bank kartına ödənmişdir.Bununla da Zərərçəkmiş şəxs ona cəmi 5.000 manat pul vermişdir. Kartlar biri arvadı Şahid2 adına, digəri isə onun öz adına olmuşdur. Onun Zərərçəkmiş şəxs ilə icarəyə “Bizim-Süfrə” restoranını götürmək məqsədi ilə pul götürməyini arvadı bilməmişdir. Zərərçəkmiş şəxs onun arvadı Şahid2 ilə heç bir zaman görüşməmişdir. Sadəcə o, Şahid2 adına olan bank kartından istifadə etmişdir. Daha sonra onun “Bizim- Süfrə” restoranın sahibi ilə görüşməmiş və danışıqları alınmamış, nəticədə restoranı icarəyə götürə bilməmişdir. Zərərçəkmiş şəxs aldığı 5.000 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Əlində Zərərçəkmiş şəxs qaytarmağa pulu olmadığından onunla görüşə bilməmişdir. Daha sonra Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etdiyini görmüş və ondan aldadıb aldığı 5000 manat puldan hazır ki, vaxta kimi 1800 qaytarmış, qalıq qalan 3200 manat pulu isə hazır ki, vaxta kimi qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs “Bizim-Süfrə” restoranını birlikdə icrayə götürüb işlətmək adı ilə aldığı pulun qalıq qalan hissəsini qısa müddətə qaytaracağıma söz vermişdir. Zərərçəkmiş şəxs ilə birgə icarəyə götürəcəyi “Bizim-Süfrə” restoranın sahibi ilə əvvəlcədən görüşməmiş və restoranın icarəyə verilməsi ilə bağlı söhbətlər aparmamışdır. O, 1000 manat pulu 15 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsində olan “Avesta” yaxınlığında olan "xxxx"-dan çıxarmaqla əldə etmiş, 3000 manat pulu 21 mart 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, 16 “B” ünvanda yerləşən “Star” marketdə qoyulmuş “Milliön” terminalından çıxarmaqla əldə etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onu həmin ünvanda gözləmişdir ki, ona 3000 manat pulu əlbəəl versin, lakin o, həmin ünvana çataçatdıqda, qəfil onun işi çıxmış və o, elə həmin terminaldan 3000 manat pulu çıxarmaqla ələ keçirməsini bildirmişdir. Təqsirləndirilən şəxs Bayramov Şahid Şahin oğlu sonda, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı övladının olmasını və ərizə təqdim edərək barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bayramov şahid Şahin oğlunu dostu Vahid İlyasovun vasitəsi ilə tammışdır.Vahid müsiqiçi olduğundan onunla bir məclisdə tanış olmuş və ona Şahid Bayramovu imkanlı iş adamı kimi təqdim etmişdir.Sonralar bir neçə dəfə o, Vahid və Şahid birgə məclislərdə olmuşdur.Eyni zamanda Şahid Bayramov özünü “110 Cars” renta-car şirkətinin sahibi kimi özünü ona təqdim etmişdir.Həmçinin özünə məxsus olmasını bildirdiyi bahalı Az **-FY-*** nömrəli qara rəngli “Rang-Rover” minik markalı, nömrələrini xatırlamadığı “Qalenvaqen” və “BMW” markalı avtomobilləri idarə etməsini qeyd etmişdir.Daha sonralar söhbət arası Bayramov Şahid Şahin oğlu icarəyə restoran götürüb işlətmək istədiyini qeyd etmişdir.Bayramov Şahid Şahin oğlunun bacarıqlı iş adamı olması onu ilk olaraq cəlb etdiyindən o, onunla şərikli pul qoyub restoran işlətməsinə yardımçı olmasını təklif etmişdir.Bundan sonra o, Bayramov Şahid Şahin oğluna bu işə yalnız 5000 manat pul verə biləcəyini demişdir.Bayramov Şahid Şahin oğlu onun ilə razılaşıb özüdə həmin məbləğ qədər pul qoyub icarəyə götürdüyü restoranı işlədəcəyini ona bildirmişdir.Hətta icarə götürmək istədiyi Xətai rayonu, Fəhlə prospektində, hazırda 8 Noyabr prospektində yerləşən “Bizim-Süfrə” restoranını aparıb ona və dostu Vahid İlyasova göstərmişdir.Həmin zaman restoran işləməmiş, restoranı içini və həyətini onlara gözətşisi açıb göstərmişdir.Bayramov Şahid Şahin oğlu ilə birgə qoyduğu pula restoranda müəyyən təmir işləri aparacağını, restoran sahibi ilə icarə müqaviləsini 2022-ci ilin aprel ayında bağlayacağını demişdir.Lakin restoran sahibi ilə onu heç bir zaman görüşməmişdir.O, bu barədə Bayramov Şahid Şahin oğlu ilə tam razılaşdıqdan sonra 5000 manat pulu ona hissə-hissə ilk dəfə 1.000 manat pulu onun arvadı Şahid2 Kapital bank kartı hesabına 15 mart 2022-ci il tarixdə saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahəsi, Ş.Allahverdiyev küçəsində yerləşən “Şəmkir” marketin içərisində qoyulmuş “E-manat” terminalından ödəmişdir.İkinci dəfə 1000 manat pulu 20 mart 2022-ci il tarixdə, gecə saat 01:30 radələrində, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən “Aysu” restoranında təklikdə Bayramov Şahid Şahin oğlu ilə görüşərək əl-bə-əl ona vermişdir.Üçüncü dəfə 3.000 manat pulu 21 mart 2022-ci il tarixdə saat 17:30 radələrində, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi, 16 “B” ünvanda yerləşən “Star” marketdə qoyulmuş “Milliön” terminalından Bayramov Şahid Şahin oğlunun adına olan bank kartına ödəmişdir.Bununla da Bayramov Şahid Şahin oğluna Bayramov Şahid Şahin oğluna o, cəmi 5.000 manat pul vermişdir.Bayramov Şahid Şahin oğlu restoranı icarəyə götürmə müqaviləsini 2022-ci ilin aprel ayı ərzində bağlayacağını desə də vədinə əməl etməmişdir.2022-ci ilin aprel ayı bitdikdə o, Bayramov Şahid Şahin oğlunun hər dəfə ona yalandan bir söz danışdığını görüb onu araşdırmağa başlamış və öyrənmişdir ki, Şahid nə avtomobil alverçisi, nə iş adamı, nə də idarə etdiyi bahalı avtomobillərin heç biri ona məxsus olmadığını, heç bir işlə məşğul olmadığını, onun tanıdığı adamlar onun yalançı dələduz olduğunu bildirmişdir.O, Bayramov Şahid Şahin oğlu ilə görüşüb danışdığı yalanları üzünə demiş və onu aldadıb aldığı 5000 manat pulunu geri tələb etməyə başlamışdır.Bayramov Şahid Şahin oğlunun ondan aldadıb aldığı 5000 manat pulu qısa müddətə geri qaytaracağına söz versə də vaxtı uzatmış və o, məcbur olub ondan şikayət etmişdir.O, polisə şikayət etdikdən sonra 2022-ci ilin may ayında 500 manat, 2022-ci ilin iyul ayında 800 manat və xx.xx.2022-ci il 500 manat və ümumilikdə 1800 manat pul ödəmiş və həmin pulun 800 manatını Vahid İlyasovun kartına ödəmişdir. Zərərçəkmiş şəxs 14 avqust 2023-cü il tarixdə ərizəsi ilə məhkəməyə müraciə edərək, ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, dostu Zərərçəkmiş şəxs Səbail rayon polis idarəsinin istintaq şöbəsində olan ərizəsi ilə oxuyaraq tanış olmuşdur.Bununla yanaşı olaraq bildirmişdir ki, 2022-ci il tarixdə Bayramov Şahid Şahin oğlunu ümumi tanışlarının vasitəsi ilə Nərimanov rayon ərazisində olan “Köhnə İstanbul” otelinin restoranında olan məclisdən tanımışdır.Həmin vaxtdan etibarən onun Bayramov Şahid Şahin oğlu ilə yaxşı münasibətləri yaranmışdır.Həmçinin qeyd etmişdir ki, o, hal-hazırda musiqiçi olduğunu, sintizatorda ifa etdiyini və həmin məclisədə musiqiçi olaraq dəvət edilməsini qeyd etmişdir.Beləliklə də bir neçə gündən sonra o, Zərərçəkmiş şəxs və Bayramov Şahid Şahin oğlu ilə Bakı şəhəri, Xətai rayon ərazisində olan “Yaban-Pub” restoranında əyləşərək birlikdə pivə içməklə vaxt keçirmişdir.Daha sonra ona məlum olmuşdur ki, Bayramov Şahid Şahin oğlu, Zərərçəkmiş şəxs təklif etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospektində, hazırda 8 Noyabr prospektində yerləşən “Bizim-Süfrə” restoranını guya ki, tərəfindən icarayə götürürüb.Fləmin restorana guya ki, Bayramov Şahid Şahin oğlu sərmayə yatırmasını, daha yaxşı tərəfindən icarə əsasında işlədəcəkdir.Bundan sonra Zərərçəkmiş şəxs, ona bu barədə məlumat verib bildirmişdir ki, bu işə nə deyirsən, o, Bayramov Şahid Şahin oğlu ilə Xətai rayonu, Fəhlə prospektində yerləşən “Bizim- Süfrə” restoranım şəriyinə işlətsin.O, isə Zərərçəkmiş şəxs bildirmişdir ki, onun restoran işlərindən bilgisinin olmadığını, özün bilən məsləhətini bildirmişdir.Daha sonra ona məlum olmuşdur ki, Bayramov Şahid Şahin oğlu, Zərərçəkmiş şəxs aladaraq guya ki, Bakı şəhəri, Xətai rayonu, Fəhlə, 8 Noyabr prospektində yerləşən “Bizim-Süfrə” restoranını icarəyə götürüb işlətmək adı ilə 15 mart 2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Ş.Allahverdiyev küçəsində yerləşən “Şəmkir” marketin daxilində quraşdırılmış “E-manat” terminalından, ş.Bayramovun arvadı Şahid2 adına olan “Kapital Bank” Açıq Səhimdar Cəmiyyətinə aid elektron ödəmə terminalından 1000 manat pulu qəbul edib ələ keçirməsini bilmişdir.Bayramov Şahid Şahin oğlu cinayət əməlini davam etdirərək 20 mart 2022-ci il tarixdə saat 01:30 radələrində, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən “Aysu” restoranında 1000 manat pulu Zərərçəkmiş şəxs qəbul edib əl-bə-əl ələ keçirmişdir.Son olaraq Bayramov Şahid Şahin oğlu 21 mart 2022-ci il tarixdə saat 17:30 radələrində ünvan 2 ünvanda yerləşən “Star” marketin daxilində quraşdırılmış “Milliön” terminalından 3.000 manat pulu Zərərçəkmiş şəxs köçürmə yolu ilə qəbul edib alaraq və qabaqcadan verdiyi vədinə əməl etməyib, vəd etdiyi işin müqabilində heç bir iş görməyib Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir.Daha sonra Bayramov Şahid Şahin oğlu onun istifadəsində olan “Leo” katına 800 manat pulu göndərmiş və o, 800 manat pul vəsaitini çıxarmaqla Zərərçəkmiş şəxs vermişdir.Bundan sonra onun Bayramov Şahid Şahin oğlu ilə heç bir münasibəti olmadığını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanl şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o 2006-cı il tarixdə X3 ilə rəsmi olaraq ailə həyatı qurmuşdur.X3 ilə qurduğu ailədən onun 2 (iki) azyaşlı övladları dünyaya gəlmişdir.Daha sonra onun X3 ilə münasibətləri alınmadığından 2019-cu il tarixdə Beyləqan rayon məhkəməsinin rəsmi qərarı ilə aralarında olan nigah müqaviləsi pozulmuşdur.Bundan sonra o, Bayramov Şahid Şahin oğlu ilə tanış olmuş və 2020-ci ilin may ayında qeyri rəsmi olaraq onun ilə ailə həyatı qurmuşdur.Bayramov Şahid Şahin oğlu ilə qurduğu ailədən onun xx.xx.2021-ci il tarixdə oğlu dünyaya gəlmişdir.Bayramov Şahid Şahin oğlu ilə ailə həyatı qurduqdan sonra o, Bakı şəhərinin müxtəlif ünvanlarında kirayə qalmışdır.Bununla yanaşı olaraq 2022-ci ilin ortalarında bilmişdir ki, qeyri rəsmi olaraq ailə həyatı qurduğu Bayramov Şahid Şahin oğlu barəsində müxtəlif hüquq mühafizə orqanlarında Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 179.2.4, 178.2.1, 178.2.2, 178.2.4 və 308.1 -ci maddələri ilə cinayət işi olduğunu öyrənmişdir.Hazırda Binəqədi rayon Məhkəməsi tərəfindən əri Bayramov Şahid Şahin oğlu müəyyən müddətinə azadlıqdan məhrum edilmiş və Bakı istintaq təcridxanasında olduğunu bildirmişdir.Həmçinin ona məxsus olan 4169 7385 9390 8506 nömrəli “Umico” Kapital Bank kartını özü əldə etmiş və hazırda həmin kartın müddəti keçdiyindən işləmədiyini qeyd etmişdir.Zərərçəkmiş şəxs tanımadığını, həmin şəxs ilə onun heç bir münasibəti və ya başqa ədavəti olmamışdır.Ona məxsus 4169 7385 9390 8506 nömrəli “Umico” Kapital Bank kartı daima əri Bayramov Şahid Şahin oğlunda olmuş və Zərərçəkmiş şəxs tərəfindən 1000 manat pulun kartına köçürülməsi barədə bir söz deyə bilməmiş və yəqin ki, 1000 manat pulu əri Bayramov Şahid Şahin oğlu onun kartından çıxararaq əldə etməsini qeyd etmişdir.Ona məxsus olan 4169 7385 9390 8506 nömrəli “Umico” Kapital Bank kartından Zərərçəkmiş şəxs tərəfindən köçürülən 1000 manat pulun əri Bayramov Şahid Şahin oğlu ödəməli olduğunu və həmin pulun ona heç bir aidiyyətinin olmadığını bildirmişdir.Hazırda ona məxsus olan 4169 7385 9390 8506 nömrəli “Umico” Kapital Bank kartı ona olmadığından istintaq orqanına təqdim edə bilmədiyini göstərmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Bayramov Şahid Şahin oğlunun arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Bayramov Şahid Şahin oğlunun üzünə deyərək təsdiq etmişdir İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 23:27 radələrində Bakı şəhəri, Səbail rayonu, Şahlar Allahverdiyev küçəsində yerləşən “Şəmkir Marketdə” quraşdırılmış ********** nömrəli “eManat” elektron ödəmə terminalından Bayramov Şahid Şahin oğlunun arvadı Şahid2 “Umico” Kapital Bank kartının 416973 ******8506 nömrəli müştəri kart hesabına 1000 manat pul vəsaitini köçürməsi barədə qəbz, xx.xx.2022-ci il tarixdə 17:30:32 radələrində ünvan 1 ünvanında yerləşən “Starmart” Super Marketdə quraşdırılmış “Million” elektron ödəmə sistemindən onun “Leobank” 50387111 nömrəli kart hesabına 3000 manat pul vəsaitini köçürməsi barədə qəbz və ümumilikdə 5000 manat pulun sonuncu tərəfindən alınması ilə bağlı “VOTÇAP” SMS mətnləri və 01 ədəd səs “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Yalçın Məmmədov tərəfindən, Bayramov Şahid Şahin oğlu tərəfindən 500 manat ödəniş üçün təqdim edilmiş pul məbləğinin götürülməsi haqqında protokol və xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs 500 manat pulun təhfil alması barədə tərtib etdiyi qəbz sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə olunmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məhmuluq haqqında arayışdan görünür ki, Bayramov Şahid Şahin oğlu barəsində Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübariz Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi, Abşeron rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4cü maddələri ilə ibtidai istintaqı aparılan ********* və ********* nömrəli cinayət işləri baxılması üçün məhkəməyə göndərilmişdir. Elektron Məhkəmə Portalının çıxarışından görünür ki, təqsirləndirilən şəxs Bayramov Şahid Şahin oğlunun himayəsində xx.xx.2021-ci il tarixli Bayramov Şahin Şahid oğlu, xx.xx.2016-cı il tarixli Bayramova Nilay Şahid qızı və xx.xx.2019-cu il Bayramova Miray Şahid qızı adında övladları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir övladının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Bayramov Şahid Şahin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Bayramov Şahid Şahin oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Bayramov Şahid Şahin oğlunun hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bayramov Şahid Şahin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Bayramov Şahid Şahin oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs Bayramov Şahid Şahin oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 480 (dörd yüz səksən) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. HAKİMAZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar