Məhkəmə qərarları › İş №1(009)-133/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-133/2021

30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-133/2021 30.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, azyaşlı uşaq atası, fərdi qaydada usta işləyən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli hökmü ilə AR CM 234.2-ci maddəsi ilə təqsirli bilinib 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi H.Sultanov küçəsi ev 2 qeydiyyatında olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 avqust 2020-ci il tarixdə saat 12:00 radələrində təmir işləri ilə məşğul olduğu və ünvan 1 ünvanda yerləşən, Zərərçəkmiş şəxs məxsus yaşayış mənzilinin qapısı açarlı kilidlə bağlanılmış otağının açırını mənzilin mətbəx otağından götürüb açmaq yolu ilə saxlanc yeri hesab olunan həmin otağa qanunsuz daxil olmuş və otaqda saxlanılan Zərərçəkmiş şəxs məxsus paltonun cibindən 1.800 (bir min səkkiz yüz) manat məbləğdə nağd pulu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Nəticədə Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayının ortalarında Səbail rayonu, Badamdar qəsəbəsi Ə.Ağakişiyev küçəsində Nərminənin evində təmir işləri ilə məşğul olmuş, 03 aya yaxın həmin evdə usta kimi işləmişdir. 24 avqust 2020-ci il tarixdə günorta saat təxminən 12:00 radələrində Nərminənin evində heç kimin olmadığından istifadə edərək, qapısı bağlı otağın mətbəxdən götürdüyü açarla açıb birbaşa yataq otağına daxil olmuş, orada yerləşən dolabı açaraq orada olan paltonun cibindən 1800 (bir min səkkiz yüz) manat məbləğdə pulu götürüb otağı tərk etmişdir. O, həmin evdən oğurluq etdikdən sonra uzaqlaşmış və həmin pulları öz ehtiyacları üçün müxtəlif yerlərə xərcləmişdir. O, əməlindən səmimi peşman olmasının, əməlini etiraf etməsinin, zərərçəkmiş şəxslə barışıq əldə ediməsinin, zərəçəkmiş şəxsə vurulmuş zərərin qismən ödənilməsinin, himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 iyul 2020-ci il tarixdə usta Ramil onun yaşadığı mənzilə gəlmişdir. O, təmir olunası sahələri Ramilə göstərmiş və münasib qiymətə danışmışlar. Ramil səhəri günü işinə başlamış və təxminən bir ay yarım işləyib iki otağın təmirini başa çatdırmışdır. 26 avqust 2020-ci il tarixdə Ramil mənzilə gedərək işləmiş və gec olduğundan axşam oğlu ilə bir otaqda gecələmişlər. Səhəri gün o, saat 10:00 radələrində mənzildən çıxmış, Ramil evdə tək qalmış. Oğlu Pünhan həmin gün axşam saat 16:00 radələrində evə getdikdə, Ramilin evdə olmadığını görüb “whatsaap” proqramı vasitəsi ilə Ramilin işlətdiyi telefona səs atmış və harada olduğunu soruşmuş, Ramil isə ona cavab verməmişdir. Həmin gün o, heç bir şeydən şübhələnməmişdir. 28 avqust 2020-ci il tarixdə mənzilinin açarla bağlı qapısı olan otağın heç bir zaman açılmayan pəncərəsinin açıq olduğunu görmüş, mənzildən oğurluq olmasından şübhələnmişdir. Həmin otaqda olan şkafda, paltonun cibində saxladığı pulu götürmək istədikdə, pulunun oğurlandığını aşkar etmişdir. O, Ramildən şübhələnib dərhal zəng etmiş, lakin Ramil onun telefon zənglərinə cavab verməmişdir O, ilk öncə polisə xəbər verməyib Ramilə vaxt vermişdir ki, onun pulunu geri qaytarsın, lakin Ramil pulunu qaytarmadığı üçün o, 01 sentyabr 2020-ci il tarixdə DİN-in 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları evinə gedərək baxış keçirtmişlər. Baş vermiş oğurluq nəticəsində ona 1800 (bir min səkkiz yüz) manat məbləğdə maddi ziyan dəymişdir. Vurulmuş zərərin qismən ödənilməsini və təqsirləndirilən şəxslə barışıq əldə ediməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əlövsət oğlu ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayında yaşadıqları ünvanda təmir işləri aparmaq qərarına gəlmişlər. Ramil onların yaşadıqları ünvana gəlmiş, ertəsi gün işə başlamışdı. Təxminən bir ay yarım işlədikdən sonra Ramil iki otağın təmirini bitirmiş və çıxıb getmişdir. 28 aqvust 2020-ci il tarixdə anası Nərminəyə pul lazım olduğu üçün qapısını açarla bağladığı otağın içərisində olan şkafdakı paltosunun cibindən 1800(bir min səkkiz yüz) manat məbləğdə pulunun oğurlandığını aşkar etmişlər. Həmin oğurluq vaxtı onlar evdə olmamışlar. 24 avqust 2020-ci il tarixdə Ramil evdə tək olmasından istifadə etmiş, anasına məxsus bağlı otağın açarını mətbəxdən tapıb otağa açarla daxil olmuş və pulu götürmüşdü. Hadisə zamanı onların mənzilindən anasına məxsus 1800 (bir min səkkiz yüz) manat məbləğdə nağd puldan başqa heç nə oğurlanmamış, məhz ona isə maddi ziyan dəyməmişdir. İş materiallarında olan 15 sentyabr 2020-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi fakta görə 15 sentyabr 2020-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanılaraq icraatıma qəbul edilməklə istintaqı aparılmışdır. İş materiallarında olan 01.09.2020-ci “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 2 ünvanda yerləşən mənzilə baxış keçirilmiş, hadisə yerində heç bir əl-barmaq izinin götürülməsi mümkün olmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 15 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qız iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 15 oktyabr 2020-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanılmış cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 mart 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş Məmmədov X3 Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. 08.09.2020-ci ildə cəza müddəti başa çatmışdır. İş materiallarında olan 05 mart 2021-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanılmış icraat təzələnərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan 05 mart 2021-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilərək istintaq həmin maddə ilə davam etdirilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Qərar ona 05 mart 2021-ci il tarixdə saat 16:00-da elan edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 05 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 17 may 2021-ci il tarixli, 1(009)-133/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cümaddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasının 17 iyun 2021-ci il tarixli 17/38-4104 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2021-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin 41-ci PB-nin əməkdaşları tərəfindən tutularaq 10.06.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 aprel 2011-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Zərərçəkmiş şəxs 09.07.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı tərəfindən onun mənzilindən oğurlanmış 1800 manat puldan 500 manat ödənilmiş, qalan məbləğin ödəniləcəyinə vəd verilmişdir, ona görə də Təqsirləndirilən şəxsla barışır və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin protokolları, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə ediməsini, zərəçəkmiş şəxsə vurulmuş zərərin bir qisminin ödənilməsini, himayəsində bir az yaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və onun əsasında alınmış hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 02 (iki) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məcəllənin 83.3.3ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan CM yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Göründüyü kimi Təqsirləndirilən şəxsnın əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxsnın əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş, çəkilməmiş 07 (yeddi) ay 02 (iki) gün müddətinə şərti olaraq vaxtından azad olunma ləğv edilməli və hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli axtarışda olan şəxs kimi tutulduğu 08 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-356, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 7(003)-88/2020 saylı qərarına əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 1(001)-357/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 07 (yeddi) ay 02 (iki) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 1(001)-357/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 07 (yeddi) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut yoxdur. Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar