Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-134/2022 08.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 08 iyun 2022-ci il tarixdə saat 10.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 0,208 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq, ünvan 2 ünvanın qarşısına daşımış, 30 mart 2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin inzibati binasına gətirilmiş və həmin gün orda üzərinə keçirilən şəxsi axtarış zamanı əynində geyinmiş olduğu qara rəngli gödəkçənin sağ yan cibindən qanunsuz satış məqsədi olmadan əldə edib özündə saxlayaraq daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 0,208 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, psixotrop maddə metamfetamindən istifadə edir. Sonuncu dəfə metamfetamini 28 mart 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Nizami metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən bir bükümü 10 manata almış, bir hissəsini qəbul etsə də, qalan hissəsi siqaret falqasında qalmışdır. Həmin bükümü də şəxsi istifadəsi üçün qəbul edəcəkdi. 30 mart 2022-ci il tarixdə günorta saatlarında həmin bükümü əynindəki gödəkçənin cibinə qoyub Fəvvarələr Meydanına getmiş, həmin ərazidə şar satan zaman saat 20:00 radələrində iki nəfər polis əməkdaşı yaxınlaşaraq xidməti vəsiqələrini göstərib onu polis bölməsinə dəvət etmişlər. Bu zaman o, polislərin şübhələndiklərini başa düşmüş, bundan sonra onlarla birlikdə 9-cu Polis Bölməsinə getmiş, orada olan zaman üzərində psixotrop maddə metamfetamin olmasını bildirmiş, müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Qara rəngli gödəkçənin cibinə qoyduğu bir ədəd siqaret falqasına bükülmüş içərisində psixotrop maddə metamfetamin olan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin zərfə qoyulmaqla qablaşdırılmışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs xidmət etdiyi inzibati ərazidə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Bu səbəbdən o və Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xidmət etdiyi inzibati ərazidə şar satmaqla məşğul olur, 30 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən inzibati əraziyə gəlmiş, bu zaman müşahidə aparılaraq həmin gün saat 20:00 radələrində ünvan 5 ünvanın qarşısında olan zaman həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirib 9-cu Polis Bölməsinə dəvət etmişlər. Daha sonra polis bölməsində vəkilin iştirakı ilə birlikdə şəxsin üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxaraq masanın üzərinə qoymuş, həmin bükülü açıldıqda içərisində şəffaf rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. Lakin baxış başa çatdıqdan sonra həmin pul vəsaitləri Təqsirləndirilən şəxs qaytarılmış, aşkar olunmuş 01 ədəd büküm zərfdə qablaşdırılmış, iştirakçılarla birlikdə o da həmin zərfə imza atdıqdan sonra zərf möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs üzərində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bükümdə olan maddənin metamfetamin olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Daha sonra bir ədəd büküm zərfə qoyularaq qablaşdırılır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 31 mart 2022-ci il tarixli 6/1721 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Q.Kamil” yazısı və imzalar olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0,208 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,208 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 0,158 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 114 (yüz on dörd) manat müəyyən edilmişdir. 04 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,158 qram olan (ilkin təmiz çəki 0,208 qram) psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması ücün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. Respublika Narkoloji Mərkəzinin 22 aprel 2022-ci il tarixli 2004 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 30 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. 01 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 01 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 01 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 aprel 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini və məhkəmə iclaslarındakı davranışını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 22 aprel 2022-ci il tarixli 2004 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,158 qram (ilkin təmiz çəkisi 0,208) kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 348, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 30 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,158 qram olan psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk (şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən) cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 150 (bir yüz əlli) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-134/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-134/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver