Məhkəmə qərarları › İş №1(009)-134/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-134/2023

10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-134/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi, Heydərova Elnarə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Bakı şəhəri «Kamandar Nəsibov və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Qanuni nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs– xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə etməklə üzərində gəzdirmişdir. Belə ki o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı əldə edib üzərində gəzdirərkən xx.xx.2022-ci il tarixdə saat 01:10 radələrində özünü şübhəli apardığından Bakı şəhəri Səbail Rayon Rolis İdarəsinin X3 əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xəqani bağında saxlanılıb Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə dəvət edilərkən, alkoqol sərxoşluğu vəziyyətində soyuq silah hesab edilən 01 (bir) ədəd ov bıcağını yerə atmış və X3 əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq gəzdirdiyi soyuq silah hesab edilən 01 (bir) ədəd ov bıcağı müəyyən edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 14 noyabr 2022-ci il tarixdə Novxanı kəndində restoranların birində ad günündən çıxıb, Nuran, Samir, Emin adlı şəxslərlə bərabər Bakı şəhərində Malakan deyilən bağa gəlmişlər. İçkili olduqlarından Malakan bağında asayışi pozmuşlar deyə polis əməkdaşları onlara yaxınlaşmış, polis əməkdaşları yaxınlaşarkən üzərində olan bıcaq yerə düşmüş və polis əməkdaşları onları 39-cu Polis Bölməsinə aparmışlar və bıcağı götürmüşlər.Həmin bıçağı gəzdirməkdə cinayət əməli törətmək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, məhkəmədən barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 13 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxslə birlikdə Novxanı kəndində Hikmət adlı şəxsin ad günündə yeyib içdikdən sonra Malakan bağına gəlmişlər. Ayxanın üstündə bıçaq oluduğunu bilməmişdir. Malakan bağında səs küy saldıqlarına görə polis əməkdaşları onlara yaxınlaşmış, həmin vaxt Təqsirləndirilən şəxs üstündə olan bıçaq yerə düşmüşdür və bundan sonra polis əməkdaşları bıçağı götürmüş və onları Polis Bölməsinə gətirmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. İş yoldaşı Şahid5lə Malakan bağında xx.xx.2022-ci il tarixdə gecə vaxtı xidmətdə olarkən dörd nəfər şəxsin dayandığını və həmin şəxslərdən birinin səs küy saldığını, «AUYE» qışqırdığını və özünü şübhəli apardığını görmüşlər. Onlara yaxınlaşaraq özünü təqdim etmiş, həmin şəxsdən nə qışqırdığını soruşmuş, o, da Ayxan deyə qışqırdığını bildirmişdir. Təqsirləndirilən şəxs yanında dostlarının olduğunu və onların hamısının içkili oduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onu görən kimi belindəki bıçığı çıxartmaq istəyərkən o dizi ilə vurmuş və bıçaq yerə düşmüşdür. Ayxan bıçağı götürərək o biri dostuna atmış, sonra onun iş yoldaşı digər polis nəfəri yaxınlaşmış və bıçağı almışlar. Sonra o, polisə tabesizlik etmək istəmiş və qardaşınında həbsdə olduğunu bildirmişdir. Daha sonra həmin şəxslər 39-cu Polis Bölməsinə aparılmış və qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyündə polis nəfəri vəzifəsində işləyir. İş yoldaşı Şahid4la xx.xx.2022-ci il tarixdə gecə vaxtı birlikdə Malakan bağında xidmətdə olarkən Ayxan və onun dostlarının Malakan bağının qarşısında yüksək səslə danışıb qışqırdıqlarını görmüşlər. Sonunculara yaxınlaşaraq özlərini təqdim etmiş, onlara irad bildirərkən Ayxan iradlarını qəbul etməmiş və üzərində olan bıçağı çıxarıb yerə atmışdır. Sonra onlar bıcığı götürmüş və Ayxan barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi üçün 39-cü Polis Bölməsinə gətirmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 13 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxslə birlikdə Novxanı kəndində Hikmət adlı şəxsin ad günündə olmuş, sonra Malakan bağına getmişlər. Ayxanın üstündə bıçaq oluduğunu bilməmişdir. Malakan bağında səs küy saldıqlarına görə polis əməkdaşları onlara yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs üstündə olan bıçaq yerə düşmüşdür və bundan sonra polis əməkdaşları onları Polis Bölməsinə gətirmişlər. Cinayət işinin materiallarında olan 14 noyabr 2022-ci il tarixli təqdim edilən əşyanın götürülməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1 (bir) ədəd kicik taxta tutucaqlı, iki tərfi acılacaq olan, bir tərəfi kəsici kimi hazırlanmış üzərində Stainless Steel U.S.A yazısı olan bıcıq təqdim olunmuşdur. İş üzrə keçirilmiş Məhkəmə-ballistik ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 3/1600 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıcıq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Cinayət işinin materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/37914 saylı 14 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin günü yüngül alkoqol sərxoşluğu vəziyyəti olmuşdur. 10 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş bıcıq, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı maddi sübut kimi tanınmış və Səbail RPİ-nə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli axtarış elan edilməsi və ittiham edilməsi üçün şəxsin tutulması barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal rayonunda saxlanılaraq 39-cu Polis Bölməsnə gətirilmişdir. İş materiallarına əlavə edilmiş qanuni nümayəndə tanımaq haqqında olan 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə istintaq aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından onun atası Qanuni nümayəndə iş üzər onun qanuni nümayəndəsi kimi tanınmışdır. Şübhəli şəxsin tutulması haqqında 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə Səbail rayon X2 09 fevral 2013-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair vəsatətdən imtina olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmuş və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilərək valideyininin nəzarətinə verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini qanunla nəzərdə tutulmuş yüngülləşdirən hal kimi, eyni zamanda onun törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət qanunu sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ictimai işlər növündə cəza təyin edərkən cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara ictimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə ictimai işlərin 8 (səkkiz) saatı bərabər hesablanılmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Səbail Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfli kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıcağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə verilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 320 (üç yüz iyirmi) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət həbsdə qalmanın 1(bir) günü ictimai işlərin 8 (səkkiz) saatına bərabər hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 304 (üç yüz dörd) saat ictimai işlər cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin və cəzasının əvvəli ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci olan 64 (altmış dörd) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan soyuq silah hesab edilən 01 ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfli kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıcağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə verilsin. Bakı şəhəri «Kamandar Nəsibov və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri «Kamandar Nəsibov və partnyorları» Vəkil Bürosunun, «Kapital Bank»-ın 2 saylı Səbail rayon filialındakı hesabına (kod 200060, müxbir hesabı AZ37NABZ**********0000001944, SWİFT BİK: AİİBAZ2XXX, H/hesabı AZ91AİİB400600C**********106, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Ağamalı Qafarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar