Məhkəmə qərarları › İş №1(009)-135/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-135/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-135/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə: xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 5-da qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, “X6”-də 29 noyabr 2020-ci il tarixdə verdiyi analizin nəticəsinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” tələblərini pozaraq, yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdar olunmasına, eləcə də özünə və ailə üzvlərinə 30 noyabr 2020-ci il tarixdən 14 dekabr 2020-ci il tarixədək, yəni 14 gün ərzində karantin müddəti təyin edilməsinə baxmayaraq, ona təyin edilmiş məhdudiyyətlərə riayət etməyib 11 dekabr 2020-ci il tarixdə saat 12:00 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1 yaşayış massivi, 9-cu döngə, 410 ünvanında yerləşən mənzili tərk edərək, Şamaxı rayonu istiqamətində hərəkət etməklə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və xüsusi karantin rejimini pozub bədənində, paltarında və sair formada yeni növ koronavirus (COVİD-19) infeksiyasını bir yerdən başqa yerə daşımaqla digər şəxslərin yoluxmalarına real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 5-da ailə üzvləri ilə birlikdə yaşayır. İşlədiyi “xxxx” MMC-nin işçilərinin hamısı “Covid 19” virusu ilə əlaqədar test vermiş, o da 29 noyabr 2020-ci il tarixdə səhər saatlarında “X6”ə gedərək orada “Covid 19” virusuna yoluxubyoluxmadığını öyrənmək üçün yaxma analizi vermişdir. 30 noyabr 2020-ci il tarixə keçən gecə saat 01:00 radələrində istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmiş və bildirilmişdir ki, verdiyi testin nəticəsi pozitivdir. Həmçinin, 30 noyabr 2020-ci il tarixdə səhər saatlarında istifadə etdiyi həmin nömrəyə verdiyi testin nəticəsinin pozitiv olması və yaşayış yerini tərk etməməsi ilə bağlı mesaj gəlmiş, bundan sonra ona 34 saylı şəhər poliklinikasından zəng gəlmiş və səhəti ilə bağlı suallar verilərək ona tövsiyələr edilmişdir. Həmin gündən sonra ona bir sahə həkimi zəng edərək maraqlanmış və o həkimə ev şəraitində müalicəsini etdiyini bildirmişdir. Ev şəraitində anası Şahid1 ona müalicəsində köməklik etmişdir. Atası və anası qərara gəlmişlər ki, Şamaxı rayonu, Pirqulu kəndindəki bağ evinə getsinlər. Onlar getdikdə o da evdə tək qalacağı üçün müalicəsini etməkdə çətinlik çəkəcəyinə görə düşünmüşdür ki, onlarla birlikdə Şamaxı rayonu, Pirqulu kəndinə getsin və orada ev şəraitində müalicə olunsun. Belə ki, 11 dekabr 2020-ci il tarixdə saat 12:00 radələrində Şamaxı rayonuna getmək üçün evdən çıxmışlar. Həmin gün saat 15:00 radələrində Şamaxı rayonu Pirqulu kəndinə çatmışlar. Orada bağ evində müalicəsini davam etdirmişdir. Şamaxı rayonuna çatdıqdan bir gün sonra ona 41-ci polis bölməsindən zəng edərək harada olduğunu soruşanda Şamaxı rayonu, Pirqulu kəndində olduğunu bildirmişdir. Polis əməkdaşı telefonda ona irad bildirmişdir ki, “Covid 19” virusuna yoluxan şəxs kimi nahaq yerə yaşadığı evi tərk edib. O da bilirmiş ki, “Covid 19” virusuna yoluxan şəxs yaşadığı evi tərk edə bilməz. Ona görə də, səhəri gün, yəni 13 dekabr 2020-ci il tarixdə atası və anası ilə birlikdə Bakı şəhərinə yola düşmüşdür. Həmin gün saat 15:00 radələrində Bakı şəhərinə, yaşadıqları ünvana gəlmişlər. Səhəri gün də 41-ci polis bölməsinin əməkdaşları yaşadığı evə yaxınlaşaraq ondan izahat almışlar. “Covid 19” virusuna yoluxduqdan sonra bir dəfə, yəni, 11 dekabr 2020-ci il tarixdə yaşadığı ünvanını tərk etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Təqsirləndirilən şəxs işlədiyi yerdən tələb olunduğuna görə 29 noyabr 2020-ci il tarixdə səhər saatlarında “X6” də “Covid 19” virusuna yoluxub-yoluxmadığını öyrənmək üçün yaxma analizi vermiş, 30 noyabr 2020-ci il tarixə keçən gecə saat 01:00 radələrində Məhəmmədin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmiş və ona bildirilmişdir ki, verdiyi testin nəticəsi pozitivdir. Həmçinin, 30 noyabr 2020-ci il tarixdə səhər saatlarında verdiyi testin nəticəsinin pozitiv olması və yaşayış yerini tərk etməməsi ilə bağlı mesaj gəlmiş, bundan sonra, yaşadıqları ərazi üzrə 34 saylı şəhər poliklinikasından zəng gəlmiş və səhəti ilə bağlı suallar verilərək ona tövsiyələr edilmişdir. Məhəmmədin müalicəsini ev şəraitində etdirmişlər. Həmin proses zamanı o, bir ana kimi Məhəmmədə köməklik etmişdir. X8 rayonu, Pirqulu kəndindəki bağ evinə getməyi qərara almışlar. Lakin onlar getdikdən sonra Məhəmməd evdə tək qalacağı üçün müalicəsi zamanı çətinlik yaranacağından müalicəsinə kömək etmək məqsədi ilə onu da Şamaxı rayonuna aparmaq qərarına gələrək 11 dekabr 2020-ci il tarixdə saat 12:00 radələrində Şamaxı rayonuna getmək üçün yola çıxmışlar. Həmin gün saat 15:00 radələrində Şamaxı rayonu Pirqulu kəndinə çataraq bağ evində qalmışlar. Orada Məhəmməd müalicəsini davam etdirərək poliklinika tərəfindən tövsiyə olunan dərmanları qəbul etmişdir. Şamaxı rayonuna çatdıqdan bir gün sonra Məhəmmədə 41-ci polis bölməsindən zəng edərək harada olduğunu soruşanda Məhəmməd Şamaxı rayonu, Pirqulu kəndində olduğunu bildirmişdir. Polis əməkdaşı da telefonda Məhəmmədə irad bildirmişdir ki, “Covid 19” virusuna yoluxan şəxs kimi nahaq yerə yaşadığı evi tərk etmişdir. Ona görə də, onlar səhəri gün, yəni 13 dekabr 2020-ci il tarixdə Bakı şəhərinə yola düşmüşlər. Həmin gün saat 15:00 radələrində Bakı şəhərinə, yaşadıqları ünvana gəlmişlər. Səhəri gün də 41-ci polis bölməsinin əməkdaşları yaşadıqları evə yaxınlaşaraq Məhəmməddən izahat almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Əməliyyat müvəkkili kimi xidmət etdiyi ərazidə “Covid 19” virusuna yoluxmuş şəxslərin karantin rejimini pozmaması ilə bağlı tərəfindən profilaktik tədbirlər keçirilmişdir. Lakin keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 29 noyabr 2020-ci il tarixdə “Covid 19” virusu ilə bağlı yaxma testi verməsi, həmin analizin nəticəsinin pozitiv olması, yaşadığı yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İXM və CM-də nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəyi ilə bağlı onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 30 noyabr 2020-ci il tarixdə sms göndərilməsinə baxmayaraq, onun 11 dekabr 2020-ci il tarixdə özünü təcrid müddəti bitmədən yaşadığı ünvan 5 ünvanını təkr edərək ailə üzvləri ilə birlikdə Şamaxı rayonuna getməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə tərəfindən əlaqə saxlanılmış və o, 13 dekabr 2020-ci il tarixdə yaşadığı ünvana geri qayıtmışdır. 14 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək, ondan izahat almış və hadisə ilə bağlı raportla məruzə etmişdir. İş materiallarına əlavə edilmiş 26 yanvar 2021-ci il tarixli baxış keçirmə haqqında protokoldan görünür ki, DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşına “Səbail RPİ 065-426-1221” adlı qovluğun içərisinə “58720 Zəng Statistika (Qarşı Abunə)-**********25”, “58721_B-S Yer Dəyişdirmə (Hamısı)-**********25”, “58722_Zəng Statistika (Qarşı Abunə)-**********44” və “58723 B-S Yer Dəyişdirmə(Hamısı)-**********44” adlı 4 ədəd fayl əlavə edilmişdir. “58722_Zəng Statistika (Qarşı Abunə)-**********44” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında telefon zəngləri olmuş, həmin nömrə 11 dekabr 2020-ci il tarixdə saat 14:35:29-dan etibarən 13 dekabr 2020-ci il tarixdə saat 14:52:06-ya qədər olan müddət ərzində Şamaxı rayonu, Nağaraxana və Çuxuryurd kəndləri ərazilərində, həmin tarixdən sonra Bakı şəhəri, Səbail rayonu ərazisində müxtəlif anten dairələrində qeydə alınmışdır. “58723 B-S Yer Dəyişdirmə (Hamısı)-**********44” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə 11 dekabr 2020-ci il tarixdə saat 13:57:03-dən etibarən 13 dekabr 2020-ci il tarixdə saat 14:50:38-ə qədər olan müddət ərzində Şamaxı rayonu, Mərzəndiyə, Nağaraxana və Çuxuryurd kəndləri, Pidrəki dağı ərazilərində, həmçinin, Qobustan rayonunun müxtəlif ərazilərində, həmin tarixdən sonra Bakı şəhəri, Səbail rayonu ərazisində müxtəlif anten dairələrində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Səhiyyə İdarəsinin 34 nömrəli şəhər poliklinikasının 09 fevral 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 5-da yaşayan xx xxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 29 noyabr 2020-ci il tarixdə “X6” MMC-də Covid-19 analizi vermişdir. 30 noyabr 2020-ci il tarixdə analiz.its.gov.az sistemi ilə elektron formada pozitiv nəticəsi haqqında poliklinikaya xəbər verilib. Xəstə ilə telefon əlaqəsi saxlanılıb 30 noyabr 2020-ci il tarixdə evdə nəzarətə götürülmüş, müalicə yazılmışdır. Bütün məlumatlar e-təbib.gov.az portalına daxil edilib. 14 gün ərzində sahə həkiminin nəzarətində olmuş, 15 dekabr 2020-ci il tarixdə ümumi vəziyyəti sahə həkimi tərəfindən dəyərləndirilərək sağalma ilə müşahidədən çıxarılmışdır. İş materiallarına əlavə edilmiş DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsinin 23 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxduğu və 29 noyabr 2020-ci il 20:55:21 tarixdən 13 dekabr 2020-ci il 20:55:21 tarixinədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) informasiya sistemi 30 noyabr 2020-ci il 02:19:17 tarixində Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. İş materiallarına əlavə edilmiş “X6”-nin 09 mart 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2020-ci il tarixdə “X6” MMC-də Covid-19 analizi vermişdir. Pasiyentin analiz nəticəsi pozitiv çıxmış və bu nəticə TƏBİB-in sistemində qeydiyyatı aparılmışdır. 29 noyabr 2020-ci il tarixdə pasiyentin qeyd etdiyi nömrəyə (+99450 242-14-44) onun pozitiv nəticəsi barədə TƏBİB tərəfindən mesaj göndərilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 10 fevral 2021-ci il tarixli, 197/KEŞ saylı ekspert rəyindən görünür ki, 29 noyabr 2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitargigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. 34 nömrəli şəhər poliklinikasında tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 30 noyabr 2020-ci il tarixdən “Covid-19” virus infeksiyası ilə əlaqədar evdə nəzarətə götürülmüş və 14 gün ərzində sahə həkiminin nəzarətində olmuş, 15 dekabr 2020-ci il tarixdə ümumi vəziyyəti sahə həkimi tərəfindən dəyərləndirilərək sağalma ilə müşahidədən çıxarılmışdır. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. İş materiallarına əlavə edilmiş 15 mart 2021-ci il tarixli baxış keçirmə haqqında protokoldan görünür ki, “xxxx” MMC-dən 02 mart 2021-ci il tarixli 4384 nömrəli məktubla daxil olmuş bir ədəd diskə tərəfimdən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşına “4048-23 fevral 2021” adlı “Winrar Zip” qovluğunun içərisində “502421444-ant.xlsx”, “502421444-k.m.xlsx”, “502421444-sms.txt” və “**********44.txt” adlı 4 ədəd fayl yerləşdirilmişdir. “502421444-ant.xlsx” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 28 noyabr 2020-ci il tarixdə saat 01:19:06-dan 20 dekabr 2020-ci il tarixdə saat 13:13:28-ə qədər olan müddət ərzində anten dairəsi yerləşdirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə 11 dekabr 2020-ci il tarixdə saat 15:16:32-dən etibarən 13 dekabr 2020-ci il tarixdə saat 12:36:29-a qədər olan müddət ərzində Şamaxı rayonu, Pirqulu, Nağaraxana və Çuxuryurd kəndləri, ərazilərində, həmin tarixdən sonra Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində olan anten dairələrində qeydə alınmışdır. “502421444-k.m..xlsx” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, müxtəlif nömrələrin kimlərə məxsus olması göstərilmişdir. “502421444-sms.txt” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 28 noyabr 2020-ci il tarixdə saat 18:49:35-dən 20.12.2020-ci il tarixdə saat 13:13:26-ya qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən çıxan və daxil olan sms-lərin mətni yerləşdirilmişdir. Baxış zamanı müəyyən edilir ki, 10 dekabr 2020-ci il tarixdə X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Hormetl. X5 09 dekabr 2020 -ci il tarixinde COVİD19 ile bagli verdiyiniz analizin neticesi NEQATİVDİR ,virus ashkar edilmedi, tel: 1542” məzmunda sms göndərilmişdir. Digər iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. “**********44.txt” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 28 noyabr 2020-ci il tarixdə saat 01:19:06-dan 20 dekabr 2020-ci il tarixdə saat 23:49:01-ə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə müxtəlif nömrələr arasında olan zənglərin siyahısı göstərilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında” 16 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun etirafı, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Eyni zamanda, həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən hallarını, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş materiallarında olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Bakı şəhər 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB**********35********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar