Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-135/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən. ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,163 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. 19 noyabr 2022-ci il tarixdə saat 17 radələrində Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli bilindiyindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-nin 9-cu PB-yə aparılmış, həmin tarixdə saat 17:35 radələrindən etibarən üzərinə şəxsi axtarış aparılan zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,163 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır ki, narkotik vasitə olan heroini tanımadığı şəxslərdən əldə edib istifadə edir. 19 noyabr 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı Bayıl qəsəbəsində piyada gəzişən zaman yerdə yolun kənarında 01 ədəd gümüşü rəngli kağız büküm olduğunu görüb onu götürmüşdür. Həmin bükümü açan zaman içərisində heroin olduğunu başa düşmüş və əynindəki şalvarın cibinə qoyub sonra istifadə etmək üçün saxlamışdır. Bir neçə saat sonra Lermontov küçəsi ilə piyada hərəkət edən zaman iki nəfər şəxs ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib, polis əməkdaşı olduqlarını bildirərək onu şübhəli olduğundan polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 9-cu Polis bölməsinə getmişdir. Polis bölməsində vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim elməyi təklif edilmiş, bu zaman o, əynində olan şalvarın cibindən içərisində heroin olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 19 noyabr 2022-ci il tarixdə saat 17 radələrində iş yoldaşı 9-cu PB-nin sahə inspektoru, polis leytenantı Şahid2 ilə inzibati ərazidə- ünvan 5 ünvanının qarşısında xidmətdə olarkən, bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə tərəf yaxınlaşmışlar. Həmin şəxsə suallar vermişlər, suallara qeyriadekvat cavablar verdiyi üçün bu şəxsi narkotik vasitələrin qəbulunda şübhəli bilib 9-cu polis bölməsinə dəvət etmişlər. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuş və şəxsin saxlanılaraq polis bölməsinə dəvət edilməsi barədə raport tərtib etmişlər. Sonra vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi bildirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etmiş, həmin bükümün içərisində tünd qəhvəyi rəngli tozşəkilli maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu və bükülünü Bayıl qəsəbəsində yerdən tapdığını bildirmişdir. Bükülü qablaşdırılmış və 166 saylı zərflər üçün olan möhürlə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin sahə inspektoru vəzifəsində işləyən Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 20 noyabr 2022-ci il tarixli cinayət işin başlanması, icraata qəbul edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 19 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçi - 3 saylı vəkil bürosunun vəkili X2 müdafiəsi ilə təmin edildikdən və Azərbaycan Respublikası Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis kapitanı Elmar Məmmədov tərəfindən Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuşq hüquq və vəzifələri izah edildikdən, şəxsi axtarış və götürmənin aparılmasına dair qərarla tanış edildikdən sonra, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən gümüşü rəngli bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı bükümü açaraq içərisində olan tüng qəhvəyi rəngli maddənin nə olduğunu Təqsirləndirilən şəxs soruşur, sonuncu həmin maddənin kokos, yəni heroin olduğunu bildirir. Təhqiqatçı həmin maddəni haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs kokos adlanan narkotik vasitəni, saxlanıldığı gün, yəni xx.xx.2022-ci il tarixdə Bayıl qəsəbəsində yerdən tapdığını bildirir. Sonra həmin bir büküm boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, Səbail RPİ-nin 9-cu PB-nin 166 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2022-ci il tarixli 6/6676 nömrəli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «... (imza) Həsənov...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,163 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarxli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»- in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 81 (səksən bir) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 20 noyabr 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 9-cu PB-si tərəfindən 1 ədəd zərfdə 1 büküm 0,163 qram açıq qəhvəyi rəngli maddə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 0,113 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 20 noyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, görüntülərdə Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasında həmin bölmənin təhqiqatçısı, polis kapitanı Elmar Məmmədov masanın arxasında oturmuş vəziyyətdə, masaya bitişik qarşı masanın sağ tərəfində 3 saylı Vəkil bürosunun vəkili X4 oturmuş vəziyyətdə, təhqiqatçıdan solda ayaq üstə mülki geyimdə Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili Şahid1, onun sol tərəfində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs, ondan solda Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis leytenantı Şahid2 dayanmışdır. Təhqiqatçı qeyd olunan şəxsləri təqdim edir və Təqsirləndirilən şəxs təklif edir ki, üzərində olan şübhəli əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən gümüşü rəngdə bükülünü çıxararaq masanın üzərinə qoyur. Təhqiqatçı bükümü açır, içərisində olan tüng qəhvəyi rəngli maddənin nə olduğunu Təqsirləndirilən şəxs soruşur, sonuncu həmin maddənin kokos, yəni heroin olduğunu bildirir. Təhqiqatçı həmin maddəni haradan əldə etdiyini və neçəyə aldığını soruşur. Təqsirləndirilən şəxs heroin adlanan narkotik vasitəni, saxlanıldığı həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Bayıl qəsəbəsində yerdən tapdığını bildirir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, 21 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 21 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X6 Narkoloji Tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 753 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin lentə alındığı videogörüntünü əks etdirən 01 ədəd DVD (disk) iş üzrə maddi sübut kimi tanınınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,163 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf olunduqdan sonra qalan çəkisi 0,113 qram heroin saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,113 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək tutulduğu cəmi 2 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail Rayon Polis İdarəsində saxlanılan 0,113 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 336 (üç yüz otuz altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-135/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-135/2023
26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver