Məhkəmə qərarları › İş №1(009)-136/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-136/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-136/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, “Bazarstore” supermarketidə satıcı işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mirəsədulla Qafarov küçəsi, dalan 5, ev 3-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Bədəlov küçəsi, ev 17-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs karantin rejimini pozaraq yaşadığı evi tərk etmiş və xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs 11 dekabr 2020-ci il tarixdə verdiyi analizin nəticəsinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə “Sanitariyaepidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” tələblərini pozaraq, yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdar olunmasına, eləcə də özünə və ailə üzvlərinə 12 dekabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək, yəni 14 gün ərzində karantin müddəti təyin edilməsinə baxmayaraq, ona təyin edilmiş məhdudiyyətlərə riayət etməyib 15 dekabr 2020-ci il tarixdə saat 16:30 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən mənzili tərk edərək, “2111” taksi şirkətinə etdiyi sifariş əsasında gələn Şahid1 idarə etdiyi “Toyota Prius” markalı **-VT-*** dövlət nömrə nişanlı avtomobillə qeyri-rəsmi nikahda olduğu əri Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi istiqamətində hərəkət etməklə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və xüsusi karantin rejimini pozub bədənində, paltarında və sair formada yeni növ koronavirus (COVİD-19) infeksiyasını bir yerdən başqa yerə daşımaqla digər şəxslərin yoluxmalarına real təhlükə yaratmış, xüsusi karantin rejimi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, “İnturist” mehmanxanasının yanında quraşdırılmış stasionar postda həmin tarixdə saat 16:45 radələrində saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 7-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Bədəlov, 17-də yaşayır. Hazırda “Bazarstore” supermarketində satıcı işləyir və molla kəbini ilə nikahdadır. 10 dekabr 2020-ci il tarixdə səhhətində narahatçılıq hiss etmiş, onda halsızlıq yaranmış və dad, qoxu hiss etmək qabiliyyəti olmamışdır. “Covid 19” virusuna yoluxmaqdan şübhələnmiş, 11 dekabr 2020-ci il tarixdə yaşadığı evə təcili tibbi yardım briqadasını çağırmışdır. Həkimlər ondan və əri Şahid2 analiz üçün yaxma götürmüşlər. Həmin gün axşam saatlarında istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş və ona bildirilmişdir ki, “Covid 19” virusuna yoxluxmuş, yəni verdiyi analizin cavabı pozitiv çıxmışdır. 14 dekabr 2020-ci il tarixdə o, “e-Təbib” proqramı vasitəsilə öyrənmişdir ki, ondan götürülən analizin cavabı pozitivdir, yəni “Covid 19” virusuna yoxluxmuşdur. Lakin Şahid2 da yoxladıqda onun həmin virusa yoluxmadığı müəyyən edilmişdir. Həmçinin göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Bədəlov, 17 ünvanı qaynanasının yaşadığı ünvandır. Qaynanası Şahid4 da “Covid 19” virisuna yoluxmuş, həmin ünvanda müalicə olunmaq onun üçün çətin olmuş, çünki müalicə baha başa gəlirdi. Ona görə də, Ramana qəsəbəsində yaşayan anası Sevincdən xahiş etmişdir ki, həmin ərazilərdə kirayə evlərlə maraqlansın. Çünki Ramana qəsəbəsində tanış həkimlər olmuş və onu müalicə edəcəkmişlər. Anası Sevinc də 15 dekabr 2020-ci il tarixdə zəng edərək Ramana qəsəbəsində kirayə ev tapdığını bildirmişdir. O da xatırlamadığı taksi şirkətindən taksi sifariş edərək əri Şahid2la birlikdə həmin gün saat 16:30 radələrində evdən çıxıb Ramana qəsəbəsi istiqamətində gedirmişlər. O evdən çıxmamışdan əvvəl “8103”-ə mesaj göndərmiş və icazə almışdır. Karantin rejimi ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, “İnturist” mehmanxanasının yanında qurulmuş postda evdən çıxmaq üçün icazələrinin olub-olmamasını yoxlayarkən onun “Covid 19” virisuna yoluxması müəyyən edilmişdir. Ona görə də, həmin posta polis əməkdaşları dəvət edilmişlər. Onun və əri Emilin izahatı alınmış, oradan da Ramana qəsəbəsinə getmişlər. Sağaldıqdan sonra Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Bədəlov, 17 ünvanına qayıtmışdır. 15 dekabr 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Bədəlov, 17 ünvanını tərk edərkən “Covid 19” virusuna yoluxduğunu bilmiş, lakin müalicə olunmaq üçün həmin evi tərk edərək Ramana qəsəbəsində olan kirayə yaşamaq üçün tapdıqları evə getməli olduğundan virusa yoluxmasına baxmayaraq evi tərk etmişdir. Belə ki, “Covid 19” virusuna yoluxduqdan sonra bir dəfə, yəni, 15 dekabr 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Bədəlov, 17 ünvanını tərk etmiş və postda barəsində tədbir görüldükdən sonra Ramana qəsəbəsinə getmiş, sağaldıqdan sonra yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Bədəlov, 17 ünvanına qayıtmışdır. O, yaşlı qaynatasını və qaynanasını yoluxdurmamaq və Ramana qəsəbəsində kirayə tutacağı evdə müalicə almaq üçün evdən çıxmış, karatin qaydalarını pozub evini tərk etdiyinə görə səmimi peşmandır. Məhkəmə iclasında şahid Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Cavadxan küçəsi, ev 15, mənzil 17-də qeydiyyatda olmaqla, ünvan 3 yaşayır. Təqsirləndirilən şəxs ilə dini kəbinlə nikahdadır və ünvan 3 ünvanında yaşayırlar. 10 dekabr 2020-ci il tarixdə yoldaşı Təqsirləndirilən şəxs səhhətində narahatçılıq hiss etmiş, onda halsızlıq yaranmış və dad, qoxu hiss etmək qabiliyyətini itirmişdir. Onun “Covid 19” virusuna yoluxmasından şübhələnmişlər. 11 dekabr 2020-ci il tarixdə yaşadıqları evə təcili tibbi yardım briqadası çağırmışlar. Həkimlər ondan və Raisədən yaxma analizi götürmüşlər. Həmin gün axşam saatlarında Raisənin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş və ona bildirilmişdir ki, “Covid 19” virusuna yoxluxmuşdur. Yəni Raisənin verdiyi verdiyi analizin cavabı pozitiv çıxmışdır. Ondan götürülən analizin cavabı isə neqativ olduğundan bu barədə ona məlumat verilməmişdir. Yoldaşı Raisə telefonda danışarkən onun da virusa yoxluxubyoluxmadığını soruşanda, ondan götürülən analizin cavabının hələ ki, hazır olmadığını bildirmişlər. 14 dekabr 2020-ci il tarixdə “e-Təbib” proqramı vasitəsilə öyrənmişlər ki, Raisədən götürülən analizin cavabı pozitivdir, yəni “Covid 19” virusuna yoxluxmuşdur. Lakin onu yoxladıqda onun həmin virusa yoluxmadığı müəyyən edilmişdir. Yaşadıqları Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Bədəlov, 17 ünvanı valideynlərinə məxsusdur. Onların yanında yaşayırlar. Anası da “Covid 19” virisuna yoluxmuş, onlardan analiz götürülənə qədər o, modul tipli tibb müəssisələrinin birində müalicə almışdır. Buna görə də, Raisənin “Covid 19” virusuna yoluxması anası üçün də təhlükəli olmuş, həmçinin, ev şəraitində müalicə baha başa gəlirdi. Ona görə də, Ramana qəsəbəsində yaşayan qaynanası Sevincdən xahiş etmişlər ki, həmin ərazilərdə kirayə evlərlə maraqlansın. Çünki Ramana qəsəbəsində tanış həkimləri olmuş və Raisəni müalicə edəcəkmişlər. Qaynanası Sevinc 15 dekabr 2020-ci il tarixdə zəng edərək, Ramana qəsəbəsində kirayə ev tapdığını bildirmiş, onlar “2111” taksi şirkətindən taksi sifariş edərək Raisə ilə birlikdə 15 dekabr 2020-ci il tarixdə saat 16:30 radələrində evdən çıxıb Ramana qəsəbəsinə gedirlərmiş. Evdən çıxmamışdan əvvəl o və Raisə “8103”-ə mesaj göndərərə 3 saat ərzində evdən çıxmaq üçün icazə almışlar. Karantin rejimi ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, “İnturist” mehmanxanasının yanında qurulmuş postda evdən çıxmaq üçün icazələrinin olub-olmamasını yoxlayarkən yoldaşı Raisənin “Covid 19” virisuna yoluxması müəyyən edilmiş, ona görə də, həmin posta polis əməkdaşları dəvət edilmişlər. Onun və yoldaşı Raisənin izahatı alınmış, oradan da Ramana qəsəbəsinə getmişlər. Sağaldıqdan sonra Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Bədəlov, 17 ünvanına qayıtmışlar. Belə ki, 15 dekabr 2020-ci il tarixdə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Bədəlov, 17 ünvanını tərk edərkən Raisənin “Covid 19” virusuna yoluxduğunu bilmişlər, lakin müalicə olunmaq üçün həmin evi tərk edərək Ramana qəsəbəsində olan kirayə yaşamaq üçün tapdıqları evə getməli olduqları üçün Raisənin virusa yoluxmasına baxmayaraq evi tərk etmişlər. Məhkəmə iclasında şahid Şahid3 ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonu, S.Vurğun küçəsi, ev 108-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Bədəlov, ev 17-də yaşayır. Təqsirləndirilən şəxs onun gəlinidir və onlar da qeyd olunan ünvanda yaşayırlar. 2020-ci ilin noyabr ayının əvvəllərində yoldaşı Şahid4 “Covid 19” virusuna yoluxmuş, onun ağ ciyərində buzlaşma olduğu üçün FHN-in Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasında müalicə olunmuş və 29 noyabr 2020-ci il tarixdə yaşadıqları evə qayıdaraq müalicəsini evdə davam etdirirmiş. 10 dekabr 2020-ci il tarixdə gəlini Təqsirləndirilən şəxs səhhətində narahatçılıq hiss etmiş, onda halsızlıq yaranmış və dad, qoxu hiss etmək qabiliyyətini itirmişdir. Onun “Covid 19” virusuna yoluxmasından şübhələnmişlər. 11 dekabr 2020-ci il tarixdə yuxarıda qeyd olunan yaşadıqları evə təcili tibbi yardım maşını çağırmışlar. Həkimlər oğlu Emil və Raisədən yaxma analizi götürmüşlər. Həmin gün axşam saatlarında Raisənin istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrəyə zəng gəlmiş və ona bildirilmişdir ki, “Covid 19” virusuna yoxluxmuşdur. Yəni Raisənin verdiyi verdiyi analizin cavabı pozitiv çıxmışdır. Oğlu Emidən götürülən analizin cavabı isə neqativ olduğundan bu barədə ona məlumat verilməmişdir. 14 dekabr 2020-ci il tarixdə “eTəbib” proqramı vasitəsilə öyrənmişlər ki, Raisədən götürülən analizin cavabı pozitivdir, yəni “Covid 19” virusuna yoxluxmuşdur. Lakin oğlu Emili yoxladıqda onun həmin virusa yoluxmadığı müəyyən edilmişdir. Yoldaşı Şahid4 yeni xəstəxanadan qaytdığı üçün, həmçinin, onun da həmin virusa yoluxacağından ehtiyat edib belə qərara gəlmişlər ki, gəlini Raisə oğlu Emillə digər ünvana gedərək orada müalicə olunsun. Bunun üçün gəlini anası ilə danışaraq bir kirayə ev tapmasını bildirmişdir. Gəlininin anası Ramana qəsəbəsində yaşayır. O, Ramana qəsəbəsində kirayə ev tapmış, həmçinin, Ramana qəsəbəsində tanış həkimlər gəlinini ev şəraitində ucuz müalicə edəcəkmişlər. Belə ki, 15 dekabr 2020-ci il tarixdə Raisənin anası zəng edərək Ramana qəsəbəsində kirayə ev tapdığını bildirmiş, gəlini Raisə oğlu Emillə birlikdə taksi sifariş edərək 15 dekabr 2020-ci il tarixdə saat 16:30 radələrində evdən çıxıb Ramana qəsəbəsinə getmişlər. Çox keçmədən oğlu Emil ona zəng edərək bildirmişdir ki, Səbail rayonu, “İnturist” mehmanxanasının yanında qurulmuş postda evdən çıxmaq üçün icazələrinin olub-olmamasını yoxlayarkən Raisənin “Covid 19” virisuna yoluxması müəyyən edilmiş, ona görə də, həmin posta polis əməkdaşları dəvət edilmişdir. Bundan sonra oğlu və gəlini Ramana qəsəbəsinə getmişlər. Gəlini Təqsirləndirilən şəxs sağaldıqdan sonra, yəni 2020-ci ilin dekabr ayının 20-dən sonra Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Bədəlov, 17 ünvanına, yaşadıqları evə qayıtmışlar. Məhkəmə iclasında Şahid4 eyni məzmunlu ifadə verərək şahid Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahidlər Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları Şahid5 və Şahid6 məhkəməyə ərizə göndərərək ibtidai istintaqa verdiyi ifadələri təsdiq etdiklərini, 16 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonunun inzibati ərazisində nəzərdə tutulmuş tras tədbiri ilə əlaqədar keçirilən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdən DİO-da, 2017-ci ilin dekabr ayından Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin təhqiqatçısı vəzifəsində xidmət edir. Xüsusi karantin rejimi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, “İnturist” mehmanxanasının yanında quraşdırılmış stasionar postda 15 dekabr 2020-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru Şahid6la birlikdə xidmətdə olmuş, hərəkətdə olan avtomobillər postdan keçərkən avtomobillərin sürücüləri və sərnişinlərin karantin rejimi ilə əlaqədar çölə çıxmalarına icazələrinin olub-olmadığını yoxlamışlar. Həmin tarixdə saat 16:45 radələrində “Toyota Prius” markalı **-VT-*** dövlət nömrə nişanlı avtomobil postdan keçərkən avtomobildə olan sürücü və iki nəfər sərnişinin icazələrinin olub-olmamasını elektron portalda yoxlayarkən sərnişinlərdən birinin, yəni Təqsirləndirilən şəxs “Covid 19” virusuna yoluxmuş şəxs kimi qeydiyyatda olması və buna baxmayaraq yaşadığı evini tərk etməsi müəyyən edilmiş, digər sərnişin özünü Təqsirləndirilən şəxs əri kimi təqdim edən şəxs Şahid2 olmuşdur. Sürücü də Şahid1 olmuş, Şahid1 və Şahid2 “Covid 19” virusuna yoluxmuş şəxs kimi qeydiyyatdan keçməmişlər. Belə ki, Təqsirləndirilən şəxs ona 12 dekabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək, yəni 14 gün ərzində karantin müddəti təyin edilməsinə baxmayaraq, ona təyin edilmiş məhdudiyyətlərə riayət etməyib 15 dekabr 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzili tərk etdiyi üçün barəsində müvafiq tədbir görülməsi məqsədi ilə o və sahə inspektoru Şahid6 tərəfindən raportla məruzə edilmiş və faktla bağlı ilkin araşdırma Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin baş təhqiqatçısı Mehman Dolxanov tərəfindən aparılmış, toplanmış material Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 qeyd etdiyi xususatları təsdiq etmişdir. 26 dekabr 2020-ci il tarixdə,saat 13:42-də “İTS.GOV.AZ” portalından vət.Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə göndərilmiş “sms” bildirişdən görünür ki, “Hörmətli Təqsirləndirilən şəxs, Siz və sizinlə eyni evdə yaşayan şəxslərin “Covid- 19” ilə bağlı evdə özünütəcrid müddəti bitmişdir. 26 yanvar 2021-ci il tarixdə DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd diskə istintaq orqanı tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin yaddaşına “Səbail RPİ 065-427-1221” adlı qovluqda “58718_Zəng Statistika (Qarşı Abunə)- **********59” və “58719_B-S Yer Dəyişdirmə(Hamısı)-**********59” adlı 2 ədəd fayl əlavə edilmişdir. “58718_Zəng Statistika (Qarşı Abunə)-**********59” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında telefon zəngləri olmuş, həmin nömrə 15 dekabr 2020-ci il tarixdə saat 16:13:39-dan başlayaraq ünvan 4 ünvanından başlayaraq X3 küçəsi, Ramana yolu, Suraxanı rayonu Bülbülə qəsəbəsi olmaqla, 20 dekabr 2020-ci il tarixədək olan müddət ərzində həmin anten dairələrində qeydə alınmışdır. “58719_B-S Yer Dəyişdirmə(Hamısı)-**********59” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə 15 dekabr 2020-ci il tarixdə saat 16:08:19-dan başlayaraq ünvan 6 ünvanından başlayaraq X3 küçəsi, Zərifə Əliyeva küçəsi, Sabunçu və Suraxanı rayonlarının müxtəlif əraziləri, Ramana yolu, Suraxanı rayonu Bülbülə qəsəbəsi olmaqla, 20 dekabr 2020-ci il tarixədək olan müddət ərzində həmin anten dairələrində qeydə alınmışdır. Bakı şəhəri 33 saylı Şəhər Poliklinikasının 09 fevral 2021-ci il tarixli, 34 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Y.Bədəlov küçəsi, ev 17-də yaşayan xx xxxxx 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 11 dekabr 2020-ci il tarixdə Covid- 19 PZR yaxma götürülmüş, PZR Covid-19 cavabı 12 dekabr 2020-ci il tarixdə pozitiv nəticələnmişdir. 12 dekabr 2020-ci il tarixdən 14 gün ərzində xəstə karantinə götürülmüşdür. Bu barədə xəstəyə məlumat verilmişdir. 11 dekabr 2020-ci il tarixdən xəstə Təqsirləndirilən şəxs ilə sahə həkimi Gülnarə Məmmədova tərəfindən hər gün mobil telefon ilə əlaqə saxlanılmış, sahə həkimi tərəfindən xəstəyə özünü təcrid, Covid-19 haqqında müvafiq məsləhətlər verilmişdir. Covid-19 pozitiv çıxmış, şəxslərdən 14 gündən sonra karantin rejimindən çıxarılır və bunun üçün təkrar Covid-19 PZR testi götürülmür. Mobil sistem vasitəsi ilə “Təbib” portalından vətəndaşlara müvafiq SMS xəbərdarlıq verilir. Məhkəmə-tibbi ekspertizasının 12 mart 2021-ci il tarixli 198/KEŞ nömrəli rəyinə əsasən;

1. 11 dekabr 2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir.

2. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitargigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir.

3. 33 nömrəli şəhər poliklinikasında tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 12 dekabr 2020-ci il tarixdən “Covid-19” virus infeksiyası ilə əlaqədar evdə nəzarətə götürülmüş və 14 gündən sonra karantin rejimindən çıxarılmışdır. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxduğu və 11 dekabr 2020-ci il 09:02:43 tarixdən 25 dekabr 2020-ci il 09:02:43 tarixinədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) informasiya sistemi 12 dekabr 2020-ci il 14:19:08 tarixində Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. “Azerfon” LLC-dən 15.03.2021-ci il tarixli AZF/LGL-3780/21 nömrəli məktubə əlavə edilmiş diskdən görünür ki, diskin yaddaşına “Nömrənin_Məxsusluq Tarixçəsi **********4509 773212459”, “SMS Tarixçəsi **********5953 773212459”, “Zənglərin Detallaşması **********4451 773212459” və “X2 **********4551 ********* NAR” adlı 4 ədəd fayl əlavə edilmişdir. “Nömrənin_Məxsusluq_Tarixçəsi__**********4509__773212459” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə Şahid4 adına rəsmiləşdirilmişdir. SMS_Tarixçəsi__ **********5953__773212459” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 11.12.2020-ci il tarixdə saat 18:49:32-dən 29.12.2020-ci il tarixdə saat 19:30:48-ə qədər olan müddət ərzində daxil olan sms-lər göstərilmişdir. 11.12.2020-ci il tarixdə saat 18:49:32-dən 21.12.2020-ci il tarixdə saat 14:02:10-a qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “e-Tabib”dən “<#> OTP kod: 5721 a5dH3HsD/Fm” və oxşar mətnli smslər göndərilmişdir. “Zənglərin_Detallaşması__**********4451___ 773212459” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 10.12.2020-ci il tarixdə saat 01:37:17-dən 29.12.2020-ci il tarixdə saat 23:17:57-yə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylımobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı, həmçinin, həmin nömrənin anten dairəsi göstərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə 15 dekabr 2020-ci il tarixdə saat 16:35:08-dən başlayaraq ünvan 6 ünvanından başlayaraq X3 küçəsi, Zərifə Əliyeva küçəsi, Sabunçu və Suraxanı rayonlarının müxtəlif əraziləri, Ramana yolu, Suraxanı rayonu Bülbülə qəsəbəsi olmaqla, 29 dekabr 2020-ci il tarixədək olan müddət ərzində həmin anten dairələrində qeydə alınmışdır. “Zənglərin_Məxsusluq_Tarixçələri__**********4551___773212459 _NAR” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəngləri daxil olan və çıxan mobil telefon nömrələrinin sahiblərinin anket məlumatları göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 12 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbə üzrə nümayəndəiliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olduğu müddət ərzində onun haqqında qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır. 16 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respuublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 16 mart 2021-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahid ifadəsi, ekspert rəyi və işin digər rəyləri tam sübuta yetirilir və ona düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, ailə üzvlərinin virusa yoluxdurmamaq üçün karantin rejimində evi tərk edərək cinayət törətdiyini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar