Məhkəmə qərarları › İş №1(009)-136/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-136/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-136/2023 11.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Balı şəhər 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, 08 avqust 1981-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 28 (iyirmi səkkiz) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 71,570 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində satış məqsədi ilə saxlamaqla, ünvan 2 ünvanın qarşısına qanunsuz daşıdığı zaman orada özünü şübhəli apardığına görə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşı tərəfindən 22 dekabr 2022-ci il tarixdə saat 18:10-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri Səbail Rayon Polis ldarəsinin 39-cu Polis Bölməsinə dəvət edilmiş, həmin gün saat 19:45-də həmin Bölmənin inzibati binasının xidməti otaqların birində üzərinə keçirilən baxış zamanı əlində daşıdığı üzərində qara həriflərlə “Status Boutique” yazısı olan şəffaf olmayan ağ rəngli selofanın içərisində satış məqsədi ilə qanunsuz əldə edərək daşıdığı 28 (iyirmi səkkiz) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 71,570 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuna aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ilkin izahatı, qismən etirafedici ifadələri, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5 ildir ki, heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrin müxtəlif növlərini müxtəlif üsullarla könüllü qəbul edir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almış və bu cür əmələ görə əvvəllər məhkumluğu olmamışdır. 22 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsində olan zaman sonradan polis əməkdaşları kimi bildiyi 2 nəfər şəxs mülki geyimdə ona yaxınlaşaraq özlərini təqdim edib vəsiqələrini göstərmişlər. Bundan sonra ondan özünü təqdim etməyini istəmişlər. Onun əlində olan sellafonda narkotik vasitə olduğu üçün həyəcanlanmağa, sualdan yayınmağa, oradan gizlincə getməyə cəhd etmişdir. Onun sərbəst danışa bilməməyi polis əməkdaşlarında şübhə yaratdığı üçün onu 39-cu Polis Bölməsinə dəvət etmişlər. O, çıxış yolu olmadığını dərk etdiyindən, səs-küy salmadan polis əməkdaşları ilə birlikdə qeyd olunan bölməyə, onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə həmin bölmənin inzibati binasında yerləşən otaqların birinə getmişdir. Aradan bir qədər keçəndən sonra, ora tanımadığı bir nəfər mülki geyimli şəxs gəlmişdir. Polis əməkdaşlarından biri həmin şəxsin vəkil olduğunu, dövlət hesabına onun üçün təyin edildiyini bildirərək ona hüquq və vəzifələrini izah etmişdir. Sonra, onu bölməyə dəvət edən polis əməkdaşlarının iştirakı ilə üzərində və əlində daşıdığı sellafonda olan qanunla qadağan edilmiş əşyaları çıxarıb masanın üstündə qoymağı təklif edilmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, ilkin olaraq əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən özünə məxsus qara rəngli “Xiaomi Redmi 8“ maraklı mobil telefonu, daha sonra isə əlində olan, üzərində qara həriflərlə “Status Boutique” yazıları olan ağ rəngli sellofanı açaraq hər bir kibrit qutusunun içərisində ayrılıqda yaşıl rəngli xüsusi iyə malik marixuana olan 28 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin vaxt təqdim etdiyi kibrit qutularının içərisində nə olduğu soruşulanda, o, səmimi olaraq kibrit qutusunun içərisində narkotik vasitə-marixuana olduğunu və həmin marixuananı bir müddət əvvəl qeydiyyatda olduğu və daimi yaşadığı Masallı rayonundan əldə etməyini bildirmişdir. Həmin marixuananı hər hansı şəxsdən almamışdır. Sadəcə olaraq çöldə yabanı bitən kollardan toplayıb özü qablaşdırmışdır. Hansı səbəbə ayrı-ayrı kibrit qutularında qablaşdırdığı soruşulduqda sıx olaraq qablaşdırdıqda kəskin qoxusu gəldiyi üçün ayrı qutularda qablaşdırdığını bildirmişdir. Sonda, orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib edilmiş, həmin içərisində marixuana olan kibrit qutuları ekspertizaya göndərmək məqsədilə, ağ zərfə qoyularaq ağzı bağlanmış, möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imza ilə təsdiq etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Ona məxsus Xiaomi Redmi 8 maraklı mobil telefon sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmiş, iştirakçılar və onun tərəfindən imzalarla təsdiq edilmişdir. Həmçinin bildirmişdir ki, istifadəçi olduğu üçün arada çəkmiş, həmdə pula ehtiyacı olduğu üçün mümkün olduqda satmaq məqsədilə gəzdirmişdir. O, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Narkotik vasitələrin istifadəçisi olduğundan, narkotik vasitələrdən asılılığı vardır və narkotik vasitə qəbul etməyəndə, bədənində şiddətli ağrılar olur. Amma ilk dəfə pula ehtiyacı olduğundan istifadəsindən əlavə satış üçün üzərində daşımışdır. Onun narkotik vasitələrdən istifadə etməyi və narkotik vasitələrin aludəçisi olmağı barədə ailə üzvləri və ya hər-hansı şəxsin xəbəri olmamışdır. Ona qarşı heç kim zor tətbiq etməmişdir. O, yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, narkotikdən asılı olduğu həmin narkotik vasitələri əsasən öz şəxsi istifadəsi üçün gətirdiyini, həmçinin maddi sıxıntıları olduğu üçün bir hissəsini sataraq pul əldə etmək niyyətində olduğunu, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, səhhəti ilə bağlı bəzi problemlərinin olmasını həmçinin İİ qrup əlil olmasını və bununla bağlı 2004-cü ildən dövlətdən müəyyən miqdarda müavinət aldığını bildirərək törətmiş olduğu əməlin sanksiyasında nəzərdə tutulmuş cəza müddətinin aşağı həddində cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin C/A zrə əməliyyat müvəkkili X3 ifadəsində göstərmişdir ki, 22 dekabr 2022-ci il tarixdə, saat 18:10-da o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə xidməti ərazi olan ünvan 2 ünvanında xidmətdə olduqları zaman həmin binanın qarşısında bir nəfər şəxsin yerişi və hərəkətləri ilə özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmiş və həmin şəxsə özünü təqdim etməsini bildirdikdə həmin şəxs suallardan yayınmağa və oradan getməyə çalışmışdır. Həmin şəxsin rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasından həmin şəxsi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs buna etiraz etməyib, onlarla birlikdə Polis Bölməsinə yollanmışdır. Polis Bölməsində həmin şəxsin 08 avqust 1981 -ci ildə Masallı şəhərində anadan olmuş, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxsa hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində daşıdığı, üzərində qara hərflərlə “Status Boutique” yazıları olan şəffaf olmayan ağ rəngli sellofanı açaraq, hər birinin içərisində ayrılıqda yaşıl rəngli xüsusi iyə malik narkotik vastəyə bənzər maddə olan 28 ədəd kibrit qutusunu masanın üzərinə qoyumaqla təqdim edərək, təqdim etdiyi həbin kibrit qutularının içərisində narkotik vasitə marixuanadır və narkotik vasitələri Masallı rayonunda yabanı halda bitən koldan dərdiyini, çoxdan özündə qaldığını, narkotik vasitə istifadəçisi olduğunu, topladığı narkotik vasitəni maddi imkanı olmadığı üçün satmaq üçün Bakı şəhərinə gətirdiyini və bu səbəbdəqn sellofanın içərisində əlində gəzdirdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əlavə olaraq əynində olan tünd göy rəngli, üzərində xətlər olan şalvarının yan cibindən bir ədəd qara rəngli “Xiaomi Redmi 8” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə marixuanaya bənzər vasitələr olan 28 ədəd kibrit qutusu bir ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına haqqında protokol tərtib edilərək iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin C/A zrə əməliyyat müvəkkili Şahid2, digər şahid X3 ilə analoji ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 dekabr 2022-ci il tarixli, 7/1437 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdə 28 (iyirmi səkkiz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,155 qram, 3,024 qram, 2,652 qram, 2,527 qram, 1,543 qram, 2,698 qram, 2,560 qram, 2,732 qram, 2,216 qram, 2,774 qram, 2,594 qram, 2,610 qram, 2,898 qram, 2,688 qram, 2,563 qram, 2,404 qram, 2,056 qram, 2,653 qram, 2,457 qram, 2,496 qram, 2,721 qram, 2,608 qram, 2,882 qram, 2,232 qram, 2,844 qram, 2,896 qram, 2,740 qram və 2,347 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi təmiz çəkisi - 71,570 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixatriya Xəstəxanası” X10 09 yanvar 2023-cü il tarixli, 358 nömrəli məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 004662 nömrəli vəsiqə və tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs İİ (ikinci) qrup əlildir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18 oktyabr 2011-ci il təvəllüdlü X5 adlı uşağı vardır. Məhkəmə iclasında “şəxsi axtarış və götürmə aparılması” haqqında video görüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən 22 dekabr 2022-ci il tarixdə, saat 18:10-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Səbail RPİ-nin 39-cu PB-nə dəvət edilmiş və həmin gün saat 14:45-də Səbail RPİ-nin 39-cu Polis Bölməsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izahat olunduqdan sonra Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə haqqında” qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əlində daşıdığı, üzərində qara hərflərlə “Status Boutique” yazıları olan şəffaf olmayan ağ rəngli sellofanı açaraq, hər birinin içərisində ayrılıqda yaşıl rəngli xüsusi iyə malik narkotik vastəyə bənzər maddə olan 28 ədəd kibrit qutusunu masanın üzərinə qoyumaqla təqdim edərək, təqdim etdiyi həmin kibrit qutularının içərisində narkotik vasitə marixuanadır və narkotik vasitələri Masallı rayonunda yabanı halda bitən koldan dərdiyini, çoxdan özündə qaldığını, narkotik vasitə istifadəçisi olduğunu, topladığı narkotik vasitəni maddi imkanı olmadığı üçün satmaq üçün Bakı şəhərinə gətirdiyini və bu səbəbdəqn sellofanın içərisində əlində gəzdirdiyini bildirdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs əlavə olaraq əynində olan tünd göy rəngli, üzərində xətlər olan şalvarının yan cibindən bir ədəd qara rəngli “Xiaomi Redmi 8” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymaqla təqdim etdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmədi. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə marixuanaya bənzər vasitələr olan 28 ədəd kibrit qutusu bir ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürüldü. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalandı. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına haqqında protokol tərtib edilərək iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfimdən imzalandı. Təqsirləndirilən şəxs götürülmüş - ümumi təmiz çəkisi 71,570 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 71,010 qram narkotik vasitə qurudulmuş marixuananın saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. X4 22 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Səbail Rayon Məhkəməsinin 24 dekabr 2022-ci il tarixli qərarı ilə əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət- Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən ümumi təmiz çəkisi 71,570 qram olan narkotik vasitə qurudulmuş marixuananın 28 ədəd kibrit qutusunda qablaşdırılmasını və bununla da satışa hazır vəziyyətdə saxlanılmasını nəzərə alınaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən, əvvəllər məhkum olunmamasını, əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, İİ qrup əlil olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını və cəzaçəkməsinin əvvəlinin Səbail Rayon Məhkəməsinin 24 dekabr 2022-ci il tarixli qərarına əsasən şübhəli şəxs qismində tutulduğu 22 dekabr 2022-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin 30 yanvar 2023-cü il tarixli 468 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsi məqsədəmüvafidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 71,010 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd DVD diskin iş materiallarında saxlanılmasını və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 71,010 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar