Məhkəmə qərarları › İş №1(009)-137/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-137/2021

08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-137/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-nin rəhbəri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan,14 yavar 2021-ci il tarixdə barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu qanunsuz olaraq döyüş sursatı və atəş üçün yararlı olan patronu əldə edərək üzərində gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 dekabr 2020-ci il tarixdə Tərtər rayonu ərazisindən 01 (bir) ədəd zavod üsulu ilə keçmiş SSR dövlətində 1979-cu ildə istehsal olunmuş, döyüş sursatı və təyinatı üzrə istifadə üçün yararlı olan 5,45x39 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı avtomatların və əl pulemyotlarının ştat patronunu qanunsuz əldə edərək üzərində gəzdirmiş və 13 yanvar 2021-ci il tarixdə işlədiyi "BOS ŞELF” şirkətinin tabeliyində olan "Şahdəniz Alfa” qaz buruğuna getmək üçün Bakı şəhəri, Səbail rayonunda yerləşən Dəniz vağzalında olan terminalda daxili rejim qaydalarına əsasən “BP" şirkətinin “Titan-D” mühafizə xidmətinin əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən ondan 01(bir) ədəd zavod üsulu ilə keçmiş SSR dövlətində 1979-cu ildə istehsal edilmiş döyüş sursatı olan 5,45x39 mm kalibrli, "Kalaşnikov” konstruksiyalı avtomatların və əl pulemyotlarının ştat patronu aşkar edilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli biməyərək göstərmişdir ki, ikinci Qarabağ müharibəsindən sonra 30 dekabr 2020-ci il tarixdə müharibədə iştirak edən əsgərlərə bayram sovqatı vermək üçün dostu Şahid3la birlikdə Tərtər rayonuna adını xatırlamadığı yerə getmişdir. Əsgərlərlə görüşdükdən sonra geri qayıdarkən 01(bir) ədəd avtomat gülləsi və 01(bir) ədəd üzərində 100 (bir yüz) rəqəmi yazılmış Ermənistan Respublikasına aid qəpiyi yerdən taparaq götürmüşdür. Həmin əşyaları götürdüyünü heç kim görməmiş və o, bu barədə heç kimə məlumat verməmişdir. Tapdığı güllənin götürülməsinin qanunsuz olduğunu bilmədiyindən daha sonra bu halı müəyyənləşdirdikdən sonra polis orqanına təhvil vermək məqsədi ilə cibinə qoymuşdur. Sonra isə güllənin gəzdirməyin qanunsuz olub-olmadığını soraqlaşmaq yadından çıxdığına görə həmin güllə cibində qalmışdır. 13 yanvar 2021-ci il tarixdə səhər saat 06:00 radəsində işə getmək üçün Bakı şəhərində yerləşən Dəniz vağzalının arxasında olan, əməkdaşların gəmi ilə dənizdə olan platformalara aparıldığı birinci terminala qeydiyyatdan keçmək üçün yaxınlaşmışdır. Orada gəmiyə minməmişdən əvvəl mühafizəçilər tərəfindən sərnişinlərin çantaları və üzəri yoxlanılırdı. Yoxlanışdan keçən zaman həmin güllə və Ermənistan Respublikasına aid qəpik üzərində aşkarlanaraq götürülmüşdür. Mühafizəçi ondan götürdüyü qəpiklə gülləni öz rəisinə məruzə etmiş və mühafizənin rəisi də bu barədə polisə məlumat vermişdir. Bundan sonra o Su nəqliyyatında Polis İdarəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ikinci Qarabağ müharibəsindən sonra 30 dekabr 2020-ci il tarixdə müharibədə iştirak edən əsgərlərə bayram sovqatı vermək üçün dostu Təqsirləndirilən şəxsla birlikdə Tərlər rayonuna getmişdir. Əsgərlərlə görüşdükdən sonra Elçinlə birlikdə geri Bakı şəhərinə qayıtmışdır. Elçinin tapdığı gülləni və qəpiyi görməmişdir. Elçin gülləni tapdığı barədə ona heç nə deməmişdir. Təxminən 15(on beş) gün sonra Elçin ona demişdir ki, 30 dekabr 2020-ci il tarixdə Tərtər rayonunda olarkən yerdən avtomat gülləsi və erməni qəpiyi tapmışdır. Elçinin deməsinə görə həmin gülləni tapdıqdan sonra cibinə qoymuş, sonra işə gedəndə nəzarətçilər tərəfindən yoxlanış zamanı ciblərinə baxanda yadına düşmüşdür ki, gödəkcəsinin cibində güllə var, həmin vaxt mühafizəçi tərəfindən güllə və qəpik aşkarlanmış və Elçin gülləni nəzarətçiyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “BP” şirkətinin “Titan-D” mühafizə xidmətinin növbə rəisi vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 13 yanvar 2021-ci il tarixdə səhər saat 06:12-də xidmətdə olarkən xidmətin mühafizəçisi Şahid2 ona yaxınlaşıb bildirmişdir ki, «Rəşid Behbudov» gəmisi ilə Xəzər dənizində yerləşən «Şahdəniz Alfa» qaz buruğuna gedəcək olan sərnişin Təqsirləndirilən şəxs üzərinə baxış keçirərkən onun əynində olan gödəkçənin sol döş cibindən 01(bir) ədəd avtomat gülləsi və Ermənistan Respublikasına məxsus olması ehtimal edilən 01(bir) ədəd üzərində 100 (bir yüz) rəqəmi yazılmış qəpik aşkar edilmişdir. Dərhal Təqsirləndirilən şəxs məxsus iki ədəd çantaları «X-RAY» rengen aparatından keçirilməsi barədə xidmətin digər əməkdaşı olan Toğrul İbrahimova göstəriş vermiş, lakin yoxlama zamanı hər hansı bir şübhə doğuran əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 01(bir) ədəd avtomat gülləsi və Ermənistan Respublikasına məxsus olması ehtimal olunan 01(bir) ədəd üzərində 100 (bir yüz) rəqəmi yazılmış qəpiklə bağlı akt tərtib edilmiş və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün həmin avtomat gülləsi və qəpik tərtib etdikləri aktla birlikdə Su nəqliyyatında Polis İdarəsinin Dəniz Vağzalında xətt polis məntəqəsinin polis əməkdaşı Şahid4 təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1lə eyni məzmunlu ifadə verərək ifadədə göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistika tədqiqatlar İdarəsinin Məhkəmə-ballistik ekspertizasının 13 yanvar 2021-ci il tarixli 21/25R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal edilmiş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların, əl pulemyotlarının ştat patronudur, döyüş sursatıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Patronun üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01(bir) ədəd 5,45x39 mm kalibrli patron yalnız Kalaşnikov konstruksiyalı avtomatlardan və əl pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuşdur. Tədqiqata təqdim edilmiş 5.45x39 mm kalibrli patronun alışdırıcı kapsulun üzərində heç bir silahın vurucu milinin izi müşahidə olunmur (i/v 39-42). İş materiallarında olan əşyaların maddi sübut kimi tanınması haqqında 18 yanvar 2021-ci il tarixli qərardan görünür ki, 01 (bir) ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal edilmiş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların, əl pulemyotlarının ştat patronu və 01(bir) ədəd üzərində 100 (bir yüz) rəqəmi qeyd olunmuş Ermənistan Respublikasına aid qəpik iş üzrə maddi sübut kimi tanınmışdır (i/v 110-111). İş materiallarında olan təqdim edilmiş əşyanın götürülməsi haqqında 15 fevral 2021ci il tarixli protokoldan görünür ki, “Titan-D” mühafizə xidmətinin növbə rəisi vəzifəsində işləyən Şahid1 təqdim etdiyi 01 (bir) ədəd 13 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı 01(bir) ədəd güllənin aşkar edilməsi anının qeydə alındığı video görüntünü əks etdirən disk iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (i/v 128). İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 26 fevral 2021-ci il tarixli protokoldan görünür ki, “Titan-D” mühafizə xidmətinin növbə rəisi vəzifəsində işləyən Şahid1 təqdim etdiyi 01(bir) ədəd 13 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı 01(bir) ədəd güllənin aşkar edilməsi anının qeydə alındığı video görüntünü əks etdirən “CD" diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, diskdə olan video görüntü 13 yanvar 2021-ci il tarixdə Dəniz Vağzalında yerləşən “BP” şirkətinin terminalında çəkilmişdir. Həmin görüntüdə işlədiyi “BOS ŞELF” şirkətinin tabeliyində olan “Şahdəniz Alfa” qaz buruğuna getmək üçün həmin terminala gəlməsi, terminalda olan nəzarət-buraxılış məntəqəsində üzərində yoxlama aparılarkən cibində gəzdirdiyi 01(bir) ədəd Kalaşnikov konstruksiyalı avtomatlarına, əl pulemyotlarına aid patronun və Ermənistan Respublikasına aid qəpiyin aşkar edilməsi, həmin patronu və qəpiyi mühafizəçiyə təqdim etməsi əks olunmuşdur (i/v 134). İş materiallarında olan 15 mart 2021-ci il tarixli raportdan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01(bir) ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal edilmiş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların, əl pulemyotlarının ştat patron və 01(bir) ədəd üzərində 100 (bir yüz) rəqəmi qeyd olunmuş Ermənistan Respublikasına aid qəpik saxlanılması məqsədilə X5 İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (i/v 145). İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 13 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixdə, saat 10:25-də Azərbaycan Respublikası CM- nin 228.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (i/v 23). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, 14 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i/v 73-74). İş materiallarında olan Bakı şəhər prokurorunun müavini, ədliyyə müşaviri Mobil Şəfiyevin “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında" 14 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir (i/v 92-93). İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 14 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilmişdir. Qərar ona 14 yanvar 2021-ci il tarixdə 17:50-də elan edilmişdir (i/v 94-96). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 25 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur (i/v 112). İş materiallarına əlavə edilmiş 116 saylı MTK tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında həyat yoldaşı və 4 övladı ilə birlikdə yaşayır. (i/v 99). İş materiallarına əlavə edilmiş 116 saylı MTK tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdə özünü qonşularla nəzakətli və mədəni aparmaqla rəğbətini və hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs barəsində 116 saylı MTK-ya heç bir şikayət daxil olmamışdır (i/v 100). İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında 07 fevral 2020-ci il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2012-ci il təvəllüdlü qızı Həsənli Kəbirə Elçin qızı sağlamlıq imkanları məhdud yetkinlik yaşına çatmayan şəxsdir. Diaqnoz anadangəlmə irsi xəstəlik, Daun sindromudur (i/v 105). Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmadığını, himayəsində biri sağlamlıq imkanları məhdud olmaqla 4 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq halların, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzaya məhkum edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan islah işləri cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixdən 14 yanvar 2021-ci il tarixədək, yəni 01 (bir) gün həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə dörd gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan X5 İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan zavod üsulu ilə istehsal edilmiş 5.45x39 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı 01(bir) ədəd patron Azərbaycan Respublikası DİN təhvil verilməli, 01 (bir) ədəd üzərində 100 (bir yüz) rəqəmi qeyd olunmuş Ermənistan Respublikasına aid qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356,358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 13 yanvar 2021-ci il tarixdən 14 yanvar 2021-ci il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 04 (dörd) gün islah işləri cəzasına bərabər tutularaq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğinin tutulduğu tarixdən hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan X5 İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan zavod üsulu ilə istehsal edilmiş 5.45x39 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı 01(bir) ədəd patron Azərbaycan Respublikası DİN-ə təhvil verilsin. İş üzrə maddi sübut olan X5 İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 01 (bir) ədəd üzərində 100 (bir yüz) rəqəmi qeyd olunmuş Ermənistan Respublikasına aid qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X4 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiə edilməsinə görə 60 (altmış) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” vəkil bürosunun (“xxxx” ASC-nin Cəfər Cabbarlı filialı, kod 200048, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, “Mərkəz” vəkil bürosu, VÖEN **********, İBAN AZ41AİİB********************) bank hesabına köçürülsün Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar