Məhkəmə qərarları › İş №1(009)-139/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-139/2021

21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-139/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, işləməyən, Bakı şəhəri Xətai rayonu məhəllə-2944, ev-62 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin əldə edib saxlayaraq üzərində daşımış, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 dekabr 2020-ci il tarixdə, saat 20:00 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3ləşən BNMİ-nin inzibati binasına gətirilib həmin ünvanda üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib saxladığı və daşıdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 40,817 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi 1,200 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş itthamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, hərdən narkotik vasitə olan marixuanan və psixotrop maddə olan metamfetamin qəbul edir. Narkotik vasitəni tanımadığı şəxslərdən alırmış, üzərində aşkar edilmiş narkotik vasitəni isə yerdən tapmış və aparıb yaşadığı evin həyətində olan daxılda saxlamışdır. Tapdığı həmin narkotik vasitənin bir qismindən istifadə etmişdir. Hazırda narkotik vasitə olan marixuana və psixotrop tərkibli metamfetamin qəbul etmir. Ona görə də 31 dekabr 2020-ci ildə, saat 20:00 radələrində tapdığı həmin narkotik vasitəni özü ilə götürüb atmaq məqsədi ilə aparan zaman Bakı şəhəri Nizami rayonu ərazisində tək olaraq piyada gedəndə iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis olduqlarını deyərək onun narkotik vasitə və psixotrop maddəni üzərində gəzdirməyində şübhəli olduğunu bildirərək onu Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Narkotiklərlə Mübarizə İdarəsində video çəkilişdən istifadə etməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə hüquqi və vəzifələri izah edildikdən sonra üzərində müdafıəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa onlara təqdim etməyi təklif olunmuşdur. O, üzərində olan narkotik vasitəni könüllü təqdim etmişdir. Həmin narkotik vasitəyə baxılmış, orada olan elektron tərəzidə hər biri ayrılıqda çəkilmiş, kağız zərflərə qoyularaq qablaşdırılmış, bu barərə onun özünün, müdafiəçisinin, 2 nəfər polis əməkdaşının iştirakı ilə protokol tərtib olunmuşdur. Narkotik vasitə marixuana və psixortop maddə metamfetamini satmamış, şəxsi istifadəsi üçün istifadə etmişdir. Özünü yalnız ilkin ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edib Bakı şəhəri Nizami rayonu ərazisində üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 31 dekabr 2020-ci il tarixdə o və BNMİ-nin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və həmin gün, saat 20:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi-37 ünvanının yaxınlığında piyada tək hərəkət edərkən saxlanılmış və Səbail rayonunda yerləşən Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. BNMİnin Təhqiqat qrupunun təhqiqatçısı polis baş leytenantı Şahid1 tərəfindən vəkilin, onun, Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin «SONY» markalı videokamera vasitəsilə çəkilişi aparılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə qərarla tanış edilmiş, ona hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təhvil verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən içərisində yaşıl rəngli, spesifik iyə malik, 01 ədəd selofan bükümü və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində ağ rəngli kristalşəkilli kütlə olan 01 ədəd şeffaf polietilen bükümünü çıxarıb təqdim etmiş, sonra onun üzərində şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli «Samsung» markalı mobil telefon, 20 manat pul və özünə aid şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən götürülmüş selofan büküm elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 48 qram olmuşdur, sonar digər büküm elektron tərəzidə çəkilmiş və çəkisi 02 qram olmuşdur, Həmin bükümlər ağ rəngli zərfə qablaşdırılmış, həmin zərf möhürlənmiş iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür, bunlardan əlavə Təqsirləndirilən şəxs cibində aşkar edilmiş 01 ədəd «Samsung» markalı mobil telefon cihazı və onun adına olan şəxsiyyət vəsiqəsi araşdırma üçün zərurət kəsb etdiyindən götürülmüş, lakin cibində aşkar edilmiş 20 manat pul özünə qaytarılmışdır. Saxlanılan şəxs Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş bükümlərdən birində olan qurudulmuş marixuana və digərində olan psixotrop maddə- metamfetamin onun özünə məxsusdur, həmin narkotik vasitə və psixotrop maddədən vaxtaşırı olaraq qəbul edir və onları təxminən 8 ay əvvəl Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən «Laçın» ticarət mərkəzinin yaxınlığından yerdən tapmışdır, Sonra təhqiqatçı tərəfindən bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, protokola əlavə ediləsi qeyd daxil olmamış və o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmış, protokola şəxsi axtarış və götürmə protokolunun gedişatı yazılmış 01 ədəd DVD diski əlavə edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 31 dekabr 2020-ci il tarixdə, təxminən saat 20:20 radələrində idarəyə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs kimi BNMİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Nizami rayonu Bəhruz Nəbiyev küçəsi-37 ünvanında saxlanılmış Təqsirləndirilən şəxs gətirilmiş və həmin şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ona həvalə edilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs tutulması barədə qərar və protokol tərtib edilmiş, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərar tərtib edilmişdir və vəkilin, BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin «SONY» markalı videokamera vasitəsilə çəkilişi aparılmışdır, bu barədə Təqsirləndirilən şəxs elan edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə qərarla tanış edilmiş, ona hüquq və vəzifələri izah edilmiş və ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təhvil verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən içərisində yaşıl rəngli, spesifik iyə malik kütlə olan 01 ədəd selofan bükümü və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində ağ rəngli kristalşəkilli kütlə olan 01 ədəd şəffaf polietilen bükümünü çıxarıb təqdim etmiş, sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli «Samsung» markalı mobil telefon cihazı, 20 manat pul və özünə aid şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən götürülmüş kütlə olan selofan büküm elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 48 qram olmuşdur, sonra digər polietilen büküm elektron tərəzidə çəkilmiş və çəkisi 02 qram olmuşdur, həmin bükümlər zərfə qablaşdırılmış, həmin zərf möhürlənmiş və üzərində müvafiq qeydlər aparılmaqla iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür, bunlardan əlavə Təqsirləndirilən şəxs cibində aşkar edilmiş 01 ədəd «Samsung» markalı mobil telefon cihazı və onun adına olan şəxsiyyət vəsiqəsi araşdırma üçün zərurət kəsb etdiyindən götürülmüş, 20 manat pul özünə qaytarılmışdır. Saxlanılan şəxs Təqsirləndirilən şəxs sorğu zamanı bildirmiş ki, üzərində aşkar edilmiş bükümlərdən birində olan qurudulmuş marixuana və digərində olan psixotrop maddə-metamfetamin onun özünə məxsusdur, həmin narkotik vasitə və psixotrop maddədən vaxtaşırı olaraq qəbul edir və onları təxminən 8 ay əvvəl Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən «Laçın» ticarət mərkəzinin yaxınlığından yerdən tapmışdır. Sonra bu barədə protokol tərtib edilmiş, protokola şəxsi axtarış və götürmənin gedişatı yazılmış 01 ədəd DVD diski əlavə edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 31 dekabr 2020-ci il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs 31 dekabr 2020-ci il tarixdə, saat 21:00 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 31 dekabr 2020-ci il tarixdə, saat 21:30-da Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs kimi BNMİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamazdan əvvəl ona, üzərində şəxsi axtarış aparılması barədə qərar elan olunmuş və sonra təklif olunmuşdur ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilən, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri könüllü təhvil versin. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd büküm və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində ağ rəngli kristalşəkilli, psixotrop maddə- metamfetaminə bənzər kütlə olan 1 büküm çıxarıb təqdim etmiş və sonra üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarın sol yan cibindən «Samsung» markalı mobil telefon cihazı, 20 manat pul və öz adına olan şəxsiyyət vəsiqəsi aşkar edilib götürülmüşdür. Elektron tərəzidə çəkilərkən narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə olan büküm 48 qram, psixotrop maddə-metamfetaminə bənzər kütlə olan büküm isə 2 qram olmuşdur. Hər iki bükümlər ağ rəngli zərfə qablaşdırılmış və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümlərdən birində narkotik vasitə-qurudulmuş marixuana və ikincisində olan psixotrop maddə-metamfetamin ona məxsusdur, həmin kütlələri 8 ay əvvəl «Laçın» ticarət mərkəzinin yaxınlığından, yerdən tapmış və özü qəbul etmək üçün saxlamışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatı «SONY» markalı videokamera vasitəsilə çəkilmiş və həmin çəkilişlə olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in məhkəməbioloji ekspertizasının 01 yanvar 2021-ci il tarixli, 7/02 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs....» yazıları və imzalar olan kağız paketdəki 01 ədəd selofan bağlamada təmiz çəkisi-40,817 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqatın dəyəri 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 01 yanvar 2021-ci il tarixli aktdan görünür ki, AR DİN BNMİ-si tərəfindən 40.817 qram maddə qəbul olunmuş, 0,05 qram nümunə götürülmüş, 40.767 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in materialların məhkəmə ekspertizasına dair 01 yanvar 2021-ci il tarixli, 6/04 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş» yazısı olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,200 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 01 yanvar 2021-ci il tarixli aktdan görünür ki, AR DİN BNMİ-si tərəfindən 1.200 qram maddə qəbul olunmuş, 0,05 qram nümunə götürülmüş, 1.15 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 02 yanvar 2021-ci il tarixli, 4(009)-1/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 31 dekabr 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 04 yanvar 2021-ci il tarixli mobil telefona baxış protokolundan görünür ki, mobil telefonun fərdi kodu olan «1,2,1,2,1q,1q» düymələrini yığmaqla telefonun funksiyaları açılmışdır. Mobil telefonun menyusuna girib baxdıqda SMS və «WhatsApp» yazışmaları, anten dairələri barədə «Bakcell» və «xxxx» MMC-dən telefon şəbəkələrindən görünür ki, 22.12.2020-ci il tarixdə ***-***-**-** nömrəsindən istifadədə olan ***-***-**-** nömrəsinə «Zamik buralardasan 20 var nesə var?», 29.12.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən «bidəki otun karobkası neçiyədiki mənə de tez istiyən var» məzmunlu SMS-lər göndərilmişdir. Bundan əlavə istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələr və həmin nömrələrə əlavə edilmiş xarici yaddaş kartından görünür ki, «Audio» səhifəsində özünü Pərviz adı ilə adlandıran şəxs Zamiklə narkotik təsiri altında olan şəxs kimi danışıq apararaq hansısa qadının ona xəyanət edib polisə onun barəsində məlumat verməsi, ona məxsus narkotiki polislərin götürməsini, ondan uzaq durmasını deyir. «İmage» bölümündə olan fotoşəkillər və videogörüntülərdə dibçəklərdə əkilmiş və becərilmiş narkotik vasitə-marixuana kolları, otaq şəraitində olan masa üzərində selofan torbalarda narkotik vasitə-qurudulmuş marixuana görüntüləri görüntülənir. «Video» səhifəsində Zamik və onun ailə üzvlərinizin fotoşəkilləri, videogörüntüləri ilə yanaşı otaq şəraitində masanın üzərində çoxsaylı sarı və ağ selofan torbalarda narkotik vasitəmarixuananın kol budağı formasında qurudulmuş şəkildə görüntüləri və Zamikin «Şündə, Şündə görürsən, Şünü ağzı bağlı, ağzı boş, süpürgədiey Motu» demədi, kol budağı formasında həmin narkotik vasitədən birini götürüb yerə atması, əvvəl ayağı, sonra isə siqaret qutusu ilə aralarında ölçü fərqini yoxlaması, «vot mayi noqi» deməsi, ikinci bölümündə də əvvəlki görüntünün davamı olaraq yerdə siqaret qutusu ilə narkotik kolunun budağının siqaret qutusu ilə ölçü fərqini yoxlaması, stolun üzərində çoxsaylı sarı və ağ selofan torbalarla dolu narkotik vasitə-qurudulmuş marixuana görüntülənir, həmin vaxt «motu-motu süniyə cavab ver» deməsi və sonra stolun üzərində olan narkotik vasitəqurudulmuş marixuanaya bənzər kütlələri əli ilə «əla» işarəsi göstərməsi, sonra stolun üstündən çəhrayı rəngdə kibrit qutusunu götürüb açması və həmin qutuda qurudulmuş marixuanaya bənzər kütlə olmasını göstərməsi, bir fraqmentdə narkotik vasitə-marixuana kollarının dibçəkdə və açıqda görüntülənməsi, çoxsaylı selofan torbalarda narkotik vasitəmarixuananın qurudulmuş və budaq formasında çoxsaylı selofan torbalarda yığılması, istintaqa məlum olmayan qadın və kişilərin siqaretə doldurub narkotik vasitəni qəbul etdikdən sonra rahib və rahibə geyimində rəqs etmələri; «Camera» bölümündə otaq şəraitində kresloda əyləşib barmaqları arasında və dodaqları arasında siqaretə doldurulmuş narkotik vasitəni qəbul etməsi görüntülənir; «SMS» bölümündə «20 var gəlim», «otun karobkası neçiyədiki mənə de tez istiyən var», «səndə K hərfınən var», «dərman varındı», «hardasan gəlim şüşə ver sabah təli satım borcları bağlayım», «Zamiq buralardasan 20 var nesə var», «brat Allah səni var eləsin çox sağ ol mən ölürdüm sən məni yerdən qaldırdın. Allah o ürəyivə görə versin saat 8-dən sonra yığacam həm qalan borcu həm də bir az o birinnən götürərəm. Teli qaldır qardaşımsan», «brat sənə qurban 20 manatdığ pəncərə yenə həmən kimi yarım torpağ düz qoş elədə qardaşuyçün. Start idman kompleksin qabağında gözdüyürəm səni», «brat salam o yaşıldan xəbər var məni yığ», «qaqaş salam nolar mənə kömək elə də səndən xahiş edirəm 1-ci gün pulum gəlir 2-3 gündü ağrı lomka yıxdı məni. Heç kimə də ağız aça bilmirəm. Nolar brat nə varsa mənə kömək elə də artıqlaması ilə pulunu verəcəm», «salam qaqaş bu yaşıla bir müştəri var imkan varsa telefonu aç danışağ», «Zamik qaqa sən gör axşama kimi neynirsən. Bu gədə axşam çıxacaq rayonu. Kimdisə bunun adamı var deyir hamısın götürərəm. Heyifdi əldən buraxma», «qaqa əgər bunu mən rədd eləməsəm bu birdə mən deyəndə klent var gətir gətirməyəcək. Dirəşib ki, əgər sənin adamın götürmürsə mən 600-dən adam var verəcəm», «brat sənin qadan alaram imkan varsa əgər mənə yarım pəncərə yarım torpaq verə bilərsən sabah haqq-hesab edəriy utanıram deyə SMS yazdım hara desən gələrəm», «qaqa heç olmasa 1 çetdə olsa tapa səhərə qədər ölerəm», «salam necəsən imkan varsa mənə 10 manatlıq patı idarədə gözləyirəm», «salam yaxındasansa mənə 10 manatlıq patı», «imkan varsa 10 patı gətir sabah pulunu verim», «lap 20-lik olsun», «Ay Zamik mənə 20 manatlıq patı gətir sabah pulunu verəcəm» məzmunlu SMS-lər göndərilməsi və Zamikin onlara müvafiq cavabları əks olunmuşdur. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli, 4(009)-6/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 31 mart 2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli, 4(103)-19/2021 saylı qərarından görünür ki, Səbail Rayon Məhkəməsinin 08 yanvar 2021ci il tarixli, 4(009)-6/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 4(009)- 205/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 15 gün gün müddətinə, yəni 15 aprel 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 27 saylı MKİS-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu 2944-cü məhəllə 62 nömrəli evdə qeydiyyatdadır və həmin ünvanda yaşayır. İş materiallarında olan 27 saylı MKİS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 saylı MKİS-ə heç bir şikayət daxil olmayıb. İş materiallarında olan maddi sübut hesab etmək haqqında 13 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı götürülmüş 40,817 qram çəkidə olan narkotik vasitə - qurudulmuş marixuana və 1,200 qram çəkidə psixotrop maddə - metamfetamin ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 40,767 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana və 1,150 qram psixotrop maddə-metamfetamin saxlaılması üçün Səbail RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in kompüter texniki ekspertizasının 22 fevral 2021-ci il tarixli, 5/63 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı «Android 10» əməliyyat sistemi ilə təchiz olunmuş «Samsung Galaxy A40» markalı «SM-A405FN» modeli «**********25694», «3548791 11725692» imei kodlu mobil smatfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan «Samsung Galaxy A40» markalı «SM-A405FN» modeli mobil telefonun yaddaşında mövcud olan (kontaktlar, qəbul olunmuş zənglər, buraxılmış zənglər, yığılmış zənglər, «SMS» mesajlar, foto, audio, video və sairə fayllar) məlumatlar müəyyən olundu. Tədqiq olunan «Samsung Galaxy A40» markalı «SM-A405FN» modeli mobil telefondan istifadə etməklə ***-***-**-** və ***-***-**-** abonent nömrələrinə 2020-ci ilin dekabr ayının 01-dən 2021-ci ilin yanvar ayının 01-nə qədər olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, müddəti, vaxtı, «SMS mesaj, foto və video faylların olub-olmaması barədə məlumat rəyə əlavə olunmuş «hesabat»da öz əksini tapmışdır. Rəyin «Tədqiqi hissəsi»nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş «Samsung Galaxy A40» markalı «SM-A405FN» modeli mobil smatfonun yaddaşından hər hansı bir (2020-ci ilin dekabr ayının 01-dən 2021-ci ilin yanvar ayının 01-nə qədər olan müddət ərzində aparılmış zənglər, «SMS mesaj, «WhatsAPP» proqramın təminatı vasitəsilə aparılmış məlumat mübadiləsi, foto video fayllar və sair formatlı fayllar) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Tədqiq olunan «Samsung Galaxy A40» markalı «SM-A405FN» modeli mobil smatfonun yaddaşında quraşdırılmış «WhatsAPP» proqramın təminatı vasitəsilə ***-***-**-** və 070- ***-**-** abonent nömrələri ilə 01 dekabr 2020-ci il tarixdən 01 yanvar 2021-ci il tarixədək olan müddət ərzində aparılmış məlumat mübadiləsi müəyyən olunmadı. Tədqiqatın dəyəri 60 (altmış) manatdır. İş materiallarında olan telefon məlumatları barədə izahlı qaimələrə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və 070- ***-**-** mobil nömrələrinə 20 dekabr 2020-ci il tarixdən 01 yanvar 2021-ci il tarixədək olan müddət ərzində çıxan və daxil olan zənglərin siyahısının, onların antenn dairələri və anket məlumatlarının, SMS-lərin mətni və siyahısına dair məlumatların «Bakcell» və «xxxx» MMC-dən götürülməsi barədə Səbail rayon məhkəməsinin 05 yanvar 2021-ci il tarixli qərarı əsasında 02 ədəd diskə köçürülməklə götürülmüş və 21.12.2020-ci il, saat 19:18:25-dən 30.12.2020-ci il saat 16:32:41-dək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan 070-380- 12-12 mobil nömrəsinə ***-***-**-** nömrəsindən «Ay əmi çıxıb gedirlər bunlar, gəlirsən ya yox?», «gəlmirdin dieyərdin ki, gəlmirəmdə ay əmi, neysə çox sağ ol» məzmunlu, 22.12.2020- ci il tarixdə ***-***-**-** nömrəsindən «Zamik gözdərinin qadasın alım bir az tez gəldə, mən heç yaxşı deyiləm», 23.12.2020-ci il tarixdə 77-308-72- 54 mobil nömrəsindən «Zamik buralardasan 20 var nesə var», 29.12.2020-ci il tarixdə ***- ***-**-** mobil nömrəsindən «bidəki otun karobkası neçəyədiki mənə de tez istiyen var» məzmunlu SMS-lərin göndərilməsi barədə siyahı görüntülənir. Həmin izahlı qaimələrin surəti protokola əlavə edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 19 mart 2021-ci il taarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanarkən o yaşadığı Bakı şəhəri Xətai rayonu məhəllə-2944 ev-62 ünvanın həyətinə daxil olduqda giriş darvazasının sağ tərəfində 1,8x2,2 metr həcmdə otağı göstərib «daxıl» kimi istifadə etdikləri həmin yerdə üzərindən götürülmüş narkotik vasitə-qurudulmuş marixuana və psixotrop maddə-metamfetamini həmin yerdə gizlətdiyini bildirmişdir. Həmin yerin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan 19 mart 2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında Qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 19 mart 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri köçürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş DVD-R diskində olan videogörüntülərə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatı barədə 31 dekabr 2020-ci il tarixdə təhqiqatçı tərəfindən tərtib edilmiş protokolda göstərilənlər həmin istintaq hərəkətinin videogörüntüləri köçürülmüş DVD- R diskindəki görüntülərə uyğundur və protokolda göstərilənlərlə görüntülərdə əks olunanlar eynilik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən götürülmüş 19.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 fevral 2021ci il tarixli, 362 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, istintaq zamanı 04 yanvar 2021-ci il tarixdə mobil telefona baxış keçirilməsi nəticəsində əldə edilmiş sms yazışmaların mətnləri və həmin yazışmaların məhkəmə iclasında tədqiqi zamanı müəyyən edilmiş faktlar ittihamın əsaslı olduğunu sübut edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda deyil, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs oğlu tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs oğlunun ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədilə deyil, yerdən tapması və şəxsi istifadəsi üçün saxlamasına dair ifadəsində göstərdiyi xüsusat məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs oğlunun cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tutulduğu, həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs istintaq dövründə 31 dekabr 2020-ci il tarixdən 07 yanvar 2021-ci il tarixədək həbsdə və 08 yanvar 2021-ci il tarixədən 21 iyun 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin başlanğıcı 31 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 40,767 qram narkotik vasitə-qurudulmuş marixuana və 1,150 qram çəkidə dövriyyəsi qadağan olunmuş psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 252,82 (iki yüz əlli iki manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq dövründə 31 dekabr 2020-ci il tarixdən 07 yanvar 2021ci il tarixədək həbsdə və 08 yanvar 2021-ci il tarixədən 21 iyun 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin başlanğıcı 31 dekabr 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. 210020001 saylı cinayət işi üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 210020001 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 40,767 qram narkotik vasitə-qurudulmuş marixuana və 1,150 qram çəkidə dövriyyəsi qadağan olunmuş psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci-252,82 (iki yüz əlli iki manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar