Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-139/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gədəbəy rayonunun Slavyanka kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs gizli olaraq özgənin əmlakını talayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 13:45 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən “Badamdar servis”-də icarə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs məxsus “Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 950 manat dəyərində saz vəziyyətdə olan ABS blokunu sökdürüb onu nasaz blokla əvəz etdirməklə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 950 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, taksidə işləmək üçün gündəlik icarə ilə avtomobil götürüb. İlkin olaraq depozit kimi 200 azn pul verib, gündəlik də 30 azn pul verib. 10-15 gün sonra onunla sərt danışmağa başlayıb, depozitini qaytarmayıb, o da ona görə ABS blokunu 200 manata satıb, depozit pulunu qaytarıb. Usta Badamdar servisdə işləyirdi. ABS dəyişəndən sonra 1 gün sürüb. Usta ona deyib ki, niyə dəyişirsən? O da pula ehtiyacı olduğunu deyib. Ustadan 200 azn alıb. Pulu karta atıb. Üzərinə də köhnə ABS blokunu qoyub. ABS dəyişən ustanın adı Şahid3dur. Şahid kimi gələn usta sadəcə ABS dəyişən ustadır. Sahib ABS işini bilirdi. Dəyişilən ABS tam nasaz deyilmiş. Əməlindən peşmandır. Zərərin hamısını ödəyib. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, avtomobili Nizamiyə gündəlik 30 azn vermək şərti ilə kirayə veriblər. Nizami sonradan oğluna hədə-qorxu gəlməyə başlayıb. Pulu istəyəndə onun xətrinə dəyib. Avtomobili GPS-dən bağlayanda narazılıq edib. Servisdə olanda oğlu yığıb ki, nə edirsən? O da çay içdiyini bildirib. Badamdarda olan servisdə usta vasitəsi ilə ABS sökdürüb. Sonra da Gənclikdə qəza edib, oğluna səs ataraq xoşagəlməz ifadə ilə gəlin bunu götürün deyib. Siğorta və.s gəlib əraziyə baxış keçirilib. ABS sökən ustaların da cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir. Kamerada da düşüb ustanın görüntüsü. Usta da yaxşı bilir ki, ABS olmadan avtomobil hərəkət edə bilməz. Səbail polisi baxış keçirəndə usta deyibdir ki, taksi sürücüsü olub. Xahiş edir 5 ayda gününə 30 azndan hesablayanda və 3000 azn ABS-ə görə dəymiş zərər ödənilsin, övladı da xəstədir, dərmanları bahadır, xüsusi diqqət istəyən xəstə uşaqdır, 2 atasız uşaq saxlayır. Avtomobili müqaviləsiz halda kirayə veriblər. Notariusla etibarnamə veriblər. Nizamidən 200 azn götürməyib, Səbail rayon Polisində 500 azn pul verib. Nizami pulu vermədiyinə görə oğlu ilə arasında mübahisə düşüb. Ustada yoxlanılıbdır ki, üzərinə qoyulan ABS xarabdır. Kamerada baxıblar ki, ABS sökülüb. 500 azn Səbail RPİ-də ödənilib. 200 azn da oğlu deyir ödənilib. ABS 300 azndır. Məhkəmə istintaqı zamanı Şahid1 bildirmişdir ki, hadisə ayın 12-də baş veribmiş. Nizamiyə zəng vurub deyib ki, avtomobil niyə servisdə dayanıb? O da deyib ki, yemək yeyir. O da fikir verməyib. Səhərisi gün ona deyib ki, avtomobili vurub, ona kömək et. O da gedib hadisə yerinə görüb ki, avtomobilin yanında heç kim yoxdur, qəzalı halda ordadır. Onu təhqir edib və deyib ki, ödəmir, harada da istəsən görüşək. Nizami istintaqda ödəyəcəyini deyib ifadəsində, amma yanlış məlumatdır. O da 102 xidmətinə zəng edib. Nərimanov ərazisində polisə müraciət edib, onlar mülki məsələ olduğunu bildiriblər. O, bilmirmiş avtomobildə ABS oğurlanıb, servisdə qüsur aktını çıxararkən bilib ki, ABS dəyişilib. Nizamiyə deyəndə ki, ABS sökmüsən? Üzərinə götürməyib. O, araşdırıb GPS məlumatlarından, kameralardan çıxartdırıb ki, ABS söküb. Polisə təqdim edib. Polis işi gecikdirib, Nizami ifadə verməkdən yayınıb. Avtomobilin xeyirindən də geri qalıblar. Polislər Nizamini tutub. Nizami bizə 500 azn pul ödəyib. 500 azn da çox aşağı məbləğdir. Nizami yalandan deyir ödəyəcəm, ödəmir. Qəza hadisəsi Həsən Əliyev küçəsində olubmuş. Ara məsafəsi saxlamadığına görə qəza olmuşdur. Qəza nəticəsində onlara dəyən zərəri polisə təqdim ediblər. Qəza nəticəsində 5000 azndan çox zərər dəymişdir. Mülki iddia Gədəbəy məhkəməsindədir. ABS-in yenisi 3000 azndır. Köhnəsi 950 azndır. Nizami deyirmiş ki, ödəmir. O da GPS ilə avtomobilə stop qoyub. Taksi üçün ilkin razılaşma şərtləri o idi ki, qəza, cərimə və.s sürücünün üzərinədir. Gündəlik depozit ödəyir sürücü. Elana yerləşdirəndə 350 azn kimi əlavə ediblər depoziti. Əvvəllər də avtomobili verdiyi sürücüdən depozit alırmışlar. Avtomobil 2007-ci il Toyota Priusdur. Avtomobilin bazar satış dəyəri 13500 azndır. Yeni ABS qiyməti 3000 azndır. ABS avtomobilin ən əsas hissəsidir. Məhkəmə istintaqı zamanı Şahid2 bildirmişdir ki, tarix yadında deyil, servisdə işləyir. İş çox olanda gedib Sahibə kömək edirmiş. Sahib ona deyib ki, qırmızı Prius yaxınlaşacaq onun üzərindən ABS çıxarıb, başqa ABS qoyacaqsan, gedəcək. O da ABS söküb, başqa ABS qoyub gedib. O şəxsi də tanımır. Servisdə də daimi olaraq işləmir. Sahibə görə neçənci dəfədir artıq problem yaşayır. Hadisə Badamdar servisdə baş vermişdir. Sahib usta idi, onlar köməkçi. Sahibi 6-7 ay olardı tanıyırmış. 1 günlük işləyib Sahibdən pulunu alırmış. Aqşin adında şəxs də onunla işləyir. Şahid3 sex götürüb işlədən ustadır. ABS dəyişən zaman Nizami ilə söhbəti olmayıb. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (c.i.v.1). İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 20 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən “Badamdar servis”dir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (c.i.v.24-27). İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, video görüntülərə baxış keçirilən zaman xx.xx.2024-cü il tarixdə saat 13:40-da servisin həyətində qırmızı rəngli “Toyota Prius” dayanmış, saat 13:41-də həmin avtomobil sağdan 7-ci sexə yaxınlaşır, saat 13:42-də sürücü avtomobildən düşərək sexə yaxınlaşır. Saat 13:44-də həmin sexdə həmin vaxt işləyən Şahid2 avtomobilə yaxınlaşaraq mühərrik örtüyünü açıb orada işləməyə başlayır. Saat 14.49-da həmin avtomobil Badamdar servisindən çıxıb gedir. Görüntüləri özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir (c.i.v.38-39). İş materiallarında olan xx.xx.2024-cü il tarixli “MY AUTO SERVİCE” avtomobilin təmir aktından görünür ki, ABS blokun məbləği 950 AZN-dir (c.i.v.22). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v. 79). İş materiallarında olan “ittiham elan edilməsi üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 01 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir (c.i.v.90). İş materiallarında olan “icraatın dayandırılması haqqında” 01 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs (şəxslər) müəyyən edilənədək dayandırılmışdır (c.i.v.91). İş materiallarında olan Səbail rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Səbail rayon MSY-nə təhvil verilmışdır (c.i.v.94). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.95). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (c.i.v.114-115). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (c.i.v.131-132). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 08 fevral 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır (c.i.v.136). İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 500 AZN pulu müstəntiqdən təhvil aldı (c.i.v.137) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, 300 manat ödənilib, şikayətçidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, maddi sübutlar və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, vurulmuş ziyanı tam qaytarmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdə saxlanılmış və 01 fevral 2025-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs saxlanıldığı 01 (bir) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına verməbaşqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Məhkəmə zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə, hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı, Zərərçəkmiş şəxs verilən ittiham üzrə 950 manat məbləğində maddi ziyan ona tam olaraq ödənildiyindən, təkrarən Təqsirləndirilən şəxs tutula bilinmədiyini nəzərə alıb, iddianın 2250 manat maddi ziyan, avtomobilin icarəsinin 7 ay dayandığına görə 6300 manat və mənəvi ziyana görə 8000 manat hissəsi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 445 (dörd yüz qırx beş) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün 12 saylı Vəkil Bürosunun, "xxxx" QSC-nin Səbail rayon filialındakı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdən 01 fevral 2025-ci il tarixədək saxlanıldığı 01 gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanı axşam saat 22:00dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini-Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanı dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs verilən ittiham üzrə 950 manat məbləğində maddi ziyan ona tam olaraq ödənildiyindən, təkrarən Təqsirləndirilən şəxs tutula bilinmədiyini nəzərə alıb, iddianın 2250 manat maddi ziyan, avtomobilin icarəsinin 7 ay dayandığına görə 6300 manat və mənəvi ziyana görə 8000 manat hissəsi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 445 (dörd yüz qırx beş) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün 12 saylı Vəkil Bürosunun, "xxxx" QSC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-139/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-139/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver