Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-140/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, ofisiant işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Nizami Hökməli 39 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 aprel 2025-ci il tarixdə saat 10.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 17 sentyabr 2024- cü il tarixdə, gecə saat 03 radələrində ünvan 3 ünvanında yerləşən “The Crown" pub-restoranın qarşısında orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, heç bir əsaslı səbəb olmadığı halda həmin restoranda qəlyançı kimi işləyən Zərərçəkmiş şəxs onun istifadə etdiyi alışqanı icazəsiz masasından götürməsini cüzi səbəb kimi bəhanə edərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə öz şəxsiyyətini başqalarının fövqün- də qoymaqla əsassız mübahisə yaradıb birgə yaşayış və davranış qaydalarına heç bir məhəl qoymadan ictimai yerdə həmin vaxt orada olan şəxslərin gözləri qarşısında onların da narahatlığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə, Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə yumruqla zərbə vurub qəsdən xuliqanlıq niyyəti ilə sonuncunun sol gözətrafı yumşaq toxumaların qançırı, burun sümüyünün repozisiya əməliyyatına məruz qalmış (sınıq fraqmentlərinin cərrahi yolla yerinə oturdulması) yerdəyişmiş sınığı və burunun şişkinliyi halında küt travması ilə müşayət olunan.həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır xəsarət yetrimiş, habelə bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmənin 19 mart 2025-ci il tarixli iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 sentyabr 2024-cü il tarixdə saat 00-01 arası həddindən artıq sərxoş vəziyyətdə dostunun ad günündən çıxmış və təkbaşına içki qəbul etmək üçün “The Crown” pub-restoranına getmişdir. Siqaret çəkmək istəmiş, alışqanı olmadığı üçün yuxarı qalxmışdır. Bu zaman həmin restoranda işləyən tanımadığı şəxslə aralarında dəqiq xatırlamadığı mübahisə baş vermiş və restoranın çölündə olarkən yumruqla vurmuşdur. Vurduqdan sonra adamlar və polis əməkdaşları gəlmişdir. Hadisə zamanı ətrafda 10-15 nəfər var idi. Hansı səbəbdən vurduğunu xatırlamır. Əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, qəyyumluğunda 1-ci qrup əlil anasının və xəstə bacısının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin 19 mart 2025-ci il tarixli iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “The Crown” pub-restoranına qəlyançı kimi işləyir. Hadisə günü barda oturub barmenə kömək edirmiş. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə tək oturub telefonla danışırdı. Alışqan istəmiş, özündə olmadığı üçün barmendən istəyib alışqanı Tanrıverdiyə vermişdir. Aradan yarım saat keçdikdən sonra siqaret çəkmək istəmiş, alışqanı olmadığı üçün Tanrıverdidən alışqanı götürmək istəmiş, lakin sonuncu telefonla danışdığı üçün cibindən götürmək istəmişdir. Bu zaman etiraz etmiş, “gəl özüm yandırım” demişdir. Ehtiyac olmadığını, başqasından istəyəcəyini demişdir. Biraz keçdikdən sonra siqaret çəkmək üçün çölə çıxmış, bu vaxt arxasınca Tanrıverdi gəlmişdir. Aralarında təzədən alışqanla bağlı mübahisə yaranmış, Tanrıverdi üzünə yumruq vurmuşdur. Qan axdığı və özünü itirəcək vəziyyətdə olduğu üçün 5-6 nəfər və polis əməkdaşları yaxınlaşmışdır. Hadisə yerində təxminən 10-15 nəfər olmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə-tibbi ekspertizasının 24 sentyabr 2024-cü il tarixli 496 nömrəli ekspert rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol gözətrafı yumşaq toxumaların qançırı, burun sümüyünün repozisiya əməliyyatına məruz qalmış (sınıq fraqmentlərinin cərrahi yolla yerinə oturdulması) yerdəyişmiş sınığı və burunun şişkinliyi halında küt travması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. 15 noyabr 2024-cü il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan № 2/50771 tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. 16 noyabr 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 yanvar 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 01 yanvar 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən dayandırılmışdır. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdə saat 15.30-da tutularaq MSY-ə təhvil verilmişdir. 23 yanvar 2025-ci il tarixli qərarla icraatı dayandırılmış ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və ibtidai istintaqı davam etdirilmişdir. 25 yanvar 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. 25 yanvar 2025-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 08 fevral 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə yeni məzmunda ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1-ci qrup əlilliyi olan şəxsin qəyyumudur və bu səbəbdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin digər halları ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, qəyyumluğunda 1-ci qrup əlilliyi olan anasının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdən 25 yanvar 2025-ci il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Abşeron rayonu, Nizami Hökməli 39 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 350-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 23 yanvar 2025-ci il tarixdən 25 yanvar 2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Abşeron rayonu, Nizami Hökməli 39 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 270 (iki yüz yetmiş) manat tutulub Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-140/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-140/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver