Məhkəmə qərarları › İş №1(009)-142/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-142/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-142/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 14 sentyabr 2021-ci il tarixdə saat 09:30-da xx xxxx 1981-ci ildə Masallı rayonu, Viləş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Suraxanı Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını cibindən və əl çantasından çıxarmaqla gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11.05.2020-ci il tarixdə səhər saat 08:15 radələrində Bakı şəhəri, Səbail rayonu, «20-ci sahə» adlanan ərazidən Binəqədi rayonu istiqamətində hərəkət edən 88 nömrəli marşurut avtobusda olan zaman Zərərçəkmiş şəxs1 məxsus üzərində 10 manat dəyərində (050) ***-**-** mobil sim nömrəsi olan 480 manat dəyərində “Redmi Note 8” markalı **********93708 və **********3709 İmei kodlu mobil telefon aparatını sonuncunun şalvarının sağ cibindən gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 490 manat maddi ziyan vurmaqla oğurluq törətmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27.08.2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə Bülbül prospektinin kəsişməsində hərkət edən Mİ2 nömrəli marşurut avtobusda olan zaman Zərərçəkmiş şəxs3 məxsus 20 manat pul vəsatinin saxlandığı, üzərində 5 manat dəyərində (055) ***-**-** cin mobil nömrəsi olan 465 manat dəyərində “Samsunq Galaxy A 8” markalı mobil telefon aparatını 10 manat dəyərində telefon qabı ilə birlikdə sonuncunun üzərində olan çantasından gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 500 manat maddi ziyan vurmaqla təkrar oğurluq törətmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10.09.2020-ci il tarixdə saat təxminən 18:10 radələrində Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsində M2 nömrəli marşurut avtobusda olarkən Zərərçəkmiş şəxs2 məxsus dəyəri 950 manat olan “Xiaomi Mİ9SE” markalı “**********12316” imei kodlu mobil telefon aparatını sonuncunun üzərində olan çantasından gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 950 manat maddi ziyan vurmaqla təkrar oğurluq törətmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11.09.2020-ci il tarixdə saat təxminən 17:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Bayıl dairəsi yaxınlığında 53 nömrəli marşurut avtobusda olarkən Zərərçəkmiş şəxs4 məxsus üzərində 5 manat dəyərində (055) 283-17-40 mobil cin nömrəsi olan 590 manat dəyərində “Samsung” markalı mobil telefon aparatını sonuncunun üzərində olan çantasından gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 590 manat maddi ziyan vurmaqla təkrar oğurluq törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin 3 saylı İT-da həbsdə saxlanılır. Həbs olunana kimi o, anket məlumatlarında göstərilən üvnanda qeydiyyatda olsa da, Bakı şəhərində daimi yaşayış yerim olmadığı üçün müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Əvvəllər 2003-cü ildən 2020-ci ilə qədər olan müddət ərzində müxtəlif vaxtlarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1., 177.2.2., 177.2.3., 177.2.5., 181.2.1., 181.2.2., 181.2.4 və 181.2.5ci maddələri ilə məhkum olunmuşdur. Daimi iş yerim olmadığı üçün o, oğurluq edib əldə olunmuş əmlakları sataraq dolanmışdır. O, əsasən marşurut avtobuslarında vətəndaşların üzərindən, yəni ciblərindən və ya çantalarından mobil telefon və ya pul qablarını oğurlamışdır. 11 may 2020-ci il tarixdə səhər saat 08:15 radələrində “20-ci sahə” adlanan ərazidə 88 saylı marşurut avtobusuna minmiş və avtobusda sıxlıq olduğu üçün otura bilməmişdir. Həmin vaxt onun yanında dayanmış bir nəfər əvvəllər tanımadığı şəxsin sağ cibində mobil telefon olmasını görüb həmin telefonu oğurlamaq üçün əlverişli zamanı gözləmişdir. Avtobus artıq Neftçilər prospektində olarkən o, marşurut avtobusunda olan sıxlıqdan istifadə edərək həmin şəxsin sağ cibindən mobil telefonu götürmüş və Neftçilər prospektində olan dayanacaqda avtobusdan düşmüşdür. Düşdükdən sonra oğurladığı mobil telefonun tünd göy rəngli “Redmİ 8” markalı mobil telefon olduğunu görmüşdür. Daha sonra o, başqa bir marşurut avtobusuna minib 20 yanvar metrostansiyasının ətrafına gedərək orada telefonu üzdən tanıdığı Rafael adlı şəxsə 120 manata satmış və əldə olunmuş pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 27 avqust 2020-ci il tarixdə saat təxminən 16 radələrində M2 saylı marşurut avtobusuna minmiş və avtobusda sıxlıq olduğu üçün otura bilməmişdir. Həmin vaxt o, yanında dayanmış bir nəfər əvvəllər tanımadığı qadının dayanmasını və həmin qadının belindən asılmış çantanın içində mobil telefon olmasını görmüş və əlverişli zaman olan kimi həmin mobil telefonu çantadan oğurlayıb şalvarının arxa hissəsinə qoymuşdur. Bu vaxt həmin qadın əlini çantasına salıb telefonunu axtarmağa başlamış və avtobus sürücüsünə maşının qapılarını açamamağı tapşırmışdır ki, polis dəvət edib hamının üstünü yoxlasınlar. Lakin buna baxmayaraq sürücü avtobusu saxladıqda o, dayanacaqda avtobusdan düşmüş və orada taksi maşınına oturub 20 yanvar metrostansiyasının yaxınlığına gedərək həmin oğurladığı “Samsung Galaxy A8” markalı mobil telefonun arxasında kaburanın altında olan 20 manat pulu çıxardıb cibinə qoymuş və telefonu 200 manata tanımadığı şəxsə satmış və əldə olunmuş pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 10.09.2020-ci il tarixdə saat təxminən 18:10 radələrində Gənclik metrostansiyasının yaxınlığında Atatürk prospektində “Mİ2” saylı marşurut avtobusuna minmişdir. O, avtobusa minərkən avtobusda sıxlıq olduğundan qapının qarşısında ayaq üstə dayanmışdır. Bir qədər hərəkət etdikdən sonra o, yanında azyaşlı qız uşağı ilə birlikdə dayanmış qadının belindən asılmış qara rəngli iri ölçülü çantanın içində mobil telefon olmasını görüb əlverişli zaman olan kimi həmin mobil telefonu çantadan oğurlayıb şalvarının arxa hissəsnə qoymuşdur. Bu vaxt həmin qadın ona bir qədər kənara çəkilməyini demişdir. O, həmin qadının artıq ondan şübhələndiyini görüb 28 may metrostansiyasının yaxınlığında dayanacaqda avtobusdan düşmüş və və orada taksi maşınına oturub 20 yanvar metrostansiyasının yaxınlığına gedərək həmin oğurladığı “Xiaomi” markalı mobil telefonu 200 manata tanımadığı şəxsə satmış və əldə olunmuş pulu öz ehtiyaclarına xərcləmişdir.Sonuncu dəfə isə 11 sentyabr 2020-ci il tarixdə saat təxminən 17 radələrində 53 saylı marşurut avtobusla Bayıl qəsəbəsi istiqamətinə getmişdir. Həmin vaxt avtobusda sıxlıq olduğundan otura bilməmiş və ayaq üstə dayanmışdır. Onun yanında dayanmış əvvəllər tanımadığı qadının çantasının açıq olduğunu və içərisində mobil telefonun olduğunu görüb əlverişli şərait olan kimi həmin telefonu çantadan oğurlayıb şalvarının arxa hissəsinə qoymuşdur. Bir neçə dədiqə sonra avtobus Bayıl dairəsinin yaxınlığında dayanacaqda saxladıqda o, avtobusdan düşmüş və oradan taksi ilə 20 Yanvar metrostansiyasının yaxınlığına gedərək həmin oğurladığı mobil telefonu 170 manata tanımadığı şəxsə satmışdır. Oğurluq etdiyi şəxslər onun onların cibindən və çantasından oğurluq etdiyini görməyiblər. O, onu heç kəsin görmədiyini əmin olduqdan sonra oğurluq etmişdir. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxslərdən ikisi ilə barışmasının, həmin şəxslərə münasibətdə cinayət nəticəsində dəymiş ziyanın ödənilməsinin, sözügedən zərərçəkmiş şəxslərlərin şikayətçi olmamalarının, əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının və himayəsində azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 15 aprel 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır və xadimə işləyir. Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 27 avqust 2020-ci il tarixdə səhər saat 16 radələrində “İçəri Şəhər” metrosunun yanından Mİ2 nömrəli avtobusa minmişdir. Bakı şəhəri, Səbail rayonunda metronun “İçəri Şəhər” stansiyasının yaxınlığında **-TH-*** dövlət qeydiyyat nişanlı olan Mİ2 saylı avtobusda Neftçilər prospketi ilə Bülbül prospektərinin kəsişməsində olarkən telefonla danışmaq üçün əl çantasına baxdıqda üzlüyündə 20 manat pul əskinası olan 1 ədəd 465 manat dəyərində “Samsung Galaxy A8” markalı mobil telefonunun çantada olmadığını görmüşdür. Həmin vaxt o, avtobusda yanında olan qadından onun telefon nömrəsinə zəng etməsini xahiş etdikdə qadın zəng etsə də telefon zənginə cavab verən olmamışdır. Bundan sonra o, avtobusda bəzi yerlərə baxıb axtarsa da telefonu tapa bilməmişdir. Onun mobil telefonu avtobusda naməlum şəraitdə naməlum şəxs tərəfindən oğurlanmışdır. Həmin vaxt avtobusda sıxlıq olsa da özünü şübhəli aparan kimisə görməmişdir. Həmin vaxt o, avtobus sürücüsündən avobusun qapılarını açmamasını və polis çağırıb yoxlama aparmasını xahiş etmişdir. Lakin sürücü ona qulaq asmayaraq qapıları açmış və həmin vaxt cavan bir oğlan avtobusdan düşüb getmişdir. O, baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir.Sonra həmin yerə polis əməkdaşları gəlmiş və onlar birlikdə 39-cu PB-nə getmişlər və o, ərizə yazmışdır. Həmin vaxt telefondan başqa onun çantasından heç nə oğurlanmamışdır. Həmin vaxt çantası açıq olmuşdur. Telefonun üzlüyündə 20 manat pul olmuşdur və telefonun dəyəri 465 manatdır. 055 *** ** ** cin mobil nömrənin dəyəri 5 manat, üzlüyün qiyməti isə 10 manat olmuşdur. Telefonun balansından pul olmamışdır. Ona 500 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 11 may 2020-ci il tarixdə balıq tutmaq üçün Səbail rayonu, “Şıxov” deyilən çimərlikdə qalmışdır. 12 may 2020-ci il tarixdə səhər saat 08:15 radələrində yaşadığı ünvana getmək üçün ünvan 4ət edən avtobusda əyləşmişdir. 88 saylı marşurutla Neftçilər prospektindən «Park Bulvar» ticarət mərkəzinin qarşısından R.Behbudov küçəsinə dönən zaman özünə məxsus «Redmi Note 8» markalı **********93708 və **********83709 İMEY kodlu mobil telefonunun üzərində, yəni sağ cibində olmadığını aşkar etmiş və başa düşmüşdür ki, telefonu oğurlanıb. Həmin vaxt avtobusda o, ayaq üstə olarkən yanında tanımadığı iki nəfər şübhəli şəxs olmuşdur. O, telefonunun oğurlanmasını aşkar etdikdən sonra onlardan onun nömrəsinə zəng etməsini xahiş etmiş, lakin onlardan biri onun mobil telefonuna zəng etsə də onun telefonuna zəngə cavab verən olmamışdır. O, həmin telefonu 2020-ci ilin yanvar ayında “Kontakt Home” mağazasından kredit yolu ilə əldə etmiş və həmin telefonun dəyəri kredit ödənildikdən sonra 480 manat təşkil etmişdir. Telefunun üzərində 050 *** ** ** mobil sim nömrəsi olmuş, lakin həmin nömrənin hesabında pul olmamışdır. Mobil telefon nömrəsini o, 10 manata almışdır. Cinayət nəticəsində ona 490 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 11 sentyabr 2020-ci il tarixdə saat 17:30 radələrində işdən çıxıb evə getmək məqsədi ilə 20 saylı məktəbin qarşısındakı duracaqda 53 saylı marşurut avtobusu gözləmişdir. Avtobus gəldikdən sonra o, avtobusa minib əyləşmişdir. Avtobus hərəkət etdikdən təxminən 20 dəqiqə sonra artıq Bayıl qəsəbəsində olarkən o, zəng etmək üçün əlini çantasına atıb orada olan “Samsung” markalı mobil telefonu götürmək istədikdə telefonun yerində olmadığını görmüşdür. O, sonuncu dəfə 20 saylı məktəbin qarşısında duracaqda dayanan zaman telefondan istifadə edib çantasına qoymuşdur. Həmin vaxt çantanın üst hissəsi açıq vəziyyətdə olmuşdur. Telefonu 590 manata almışdır. 055 *** ** ** cin mobil nömrənin dəyəri 5 manat olmuşdur. Telefonun balansında pul olmamışdır. Ona 595 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1999-cu ildə Azərbaycan Respublikası CM-nin 15, 93-3-cü maddəsinə əsasən Masallı rayon məhkəməsinin hökmü ilə 01 il islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa, 2000-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 93- 3-cü maddəsinə əsasən Masallı rayon məhkəməsinin hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və 01.02.2001-ci il tarixdə Amnistiya qərarı əsasında cəzadan azad edilmişdir. Bundan başqa, 2003-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinə əsasən Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və 10.05.2007-ci il tarixdə AR Milli Məclisinin 08.05.2007-ci il tarixli Amnistiya qərarı ilə cəzadan azad edilmişdir. Bundan başqa, 2008-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 132-ci maddəsinə əsasən Yardımlı Rayon Məhkəməsinin hökmü ilə 01 islah isləri cəzasına məhkum edilmişdir. Bundan başqa, 17.12.2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.1,181.2.2 və 181.2.5-ci maddələrinə əsasən Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 12.07.2019-cu il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə 01 ay 10 gün cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa, 27.02.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cəza çəkməsinin əvvəli 12.09.2020-ci il tarixdən hesablanmaqla). İş materiallarında olan 12 sentyabr 2020-ci il tarixli tutma haqqında protokoldan və Bakı şəhəri Suraxanı Rayon Məhəkəməsinin 14 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində onun rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması, həmin məhkumluq ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1 -ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət-hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini iş üzrə ağırlaşdırıcı hal kimi nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs isə hazırki cinayət hadisələrini 11 may 2020-ci il, 27 avqust 2020-ci il, 10 sentyabr 2020-ci il və 11 sentyabr 2020-ci il tarixlərində törətmişdir. Bununla belə məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən ikisi ilə (Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4) barışıq əldə etməsinin və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, təqsirini boynuna almasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 12 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkili Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 65 (altmış beş) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun hesabına 390 (üç yüz doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli hökmü ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzacəkmə müddətinin əvvəli Suraxanı Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş 12 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 390 (üç yüz doxsan) manat pul tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına (kod 200059, müxbir hesabı AZ37NABZ********************, SWİFT BİK: AİİBAZ2X, AZ75AİİB********************, VÖEN **********) keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar