Məhkəmə qərarları › İş №1(009)-142/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-142/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-142/2022 19.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi, Heydərova Elnarə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Rusiya Federasiyasının Saratov vilayətində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyata olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tanışı digər şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında müştərək şəkildə 15 (on beş) manat pul müqabilində 19 fevral 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda iki bükümdə, çəkiləri 0, 904 qram və 0, 774 qram ümumi təmiz çəkisi 1,678 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib özünün bir büküm 0,904 qram narkotik vasitə heroini üzərində saxlayaraq birgə istifadə etmək məqsədi ilə Bakı şəhəri Səbail rayonu Badamdar şossesi 112 ünvanında yerləşən «Qızıl balıq» restoranının arxasına qədər daşımış, xx.xx.2022-ci il tarixdə saat təxminən 02:15 radələrində qeyd olunan ərazidə xidmət aparan DİN-nin X5 Alayının 4-cü patrul bölüyünün və Səbail rayon 41-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 41-ci polis bölməsinə gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın cibindən bir ədəd selofan bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,904 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə «heroin» aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, müxtəlif yerlərdə fəhlə işləyib ailəsini dolandırır. 19 fevral 2022-ci il tarixində o, bir ad gününə dəvət edilmiş, ad gününə getmək üçün Suraxanıdan olan İlham adlı tanışı ilə görüşmüşdür. İlham ona ad gününə getməmişdən qabaq Sovetski deyilən yerə gedib narkotik alıb istifadə etməyi təklif etmiş və o da razılaşmışdır. Onlar birlikdə Sovetski deyilən əraziyə gəlmiş orada tanımadıqları bir şəxslə görüşmüş, həmin şəxsdən onlara narkotik vasitə təşkil edə biləcəyini soruşmuş, həmin şəxs bunu edəcəyini demiş və onlar narkotik vasitəni 15 manata almaga razılaşmışlar. Tanımadıqları şəxs pulu onlardan götürüb onlara bildirmişdir ki, nakrkotik vasitəni gətirib razılaşdıqları yerə qoyacaq və çıxıb gedəcəkdir. Onlar gəlib narkotik vasitəni həmin yerdən götürərlər. Onlar şəxsin bu təklfinə razılaşmış və bir müddət keçəndən sonra gedib şəxsin dediyi yerdən narkotik vasitəni götürmüşlər. Narkotik vasitəni istifadə etmək üçün təxminən gecə saat 02:00 radələrində Badamdar qəsəbəsində «Qızıl Balıq» restoranının yanına gəlmiş və orada narkotik vasitəni istifadə etmək istəmişlər. Bu zaman X6 əməkdaşları onlara yaxınlaşmış nə işlə məşğul olduqlarını soruşmuş o, da polis əməkdaşlarına narkotik vasitədən istifadə etdiklərini və üzərlərində narkotik maddə olmasını etiraf etmiş, polis əməkdaşları onları 41-ci Polis Bölməsinə gətirmiş və üzərlərinə baxış keçirilərkən o, cibində olan narkotik vasitəni çıxarıb könnüllü olaraq polis əmkdaşlarına təhvil vermişdir. Əməlindən səmimi peşmançılıq çəkməsini, atasının rəhmətə getməsini, anasının şəkər xəstəsi olmasını və onun himayəsində yaşamasını, narkotik vasitədən istifadəni tərgitməsini nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X5 Alayının 4-cü Polis Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 2022-ci ilin fevral ayının 19-dan 20-nə keçən gecə Badamdar qəsəbəsində iş yoldaşları ilə xidməti maşınla xidmətdə olarkən gecə saat 2-3 radələrində «Qızıl Balıq» restoranının yanında 2 nəfərin ara küçədə özlərini şübhəli apardıqlarını görmüş və onlar həmin şəxslərə yaxınlaşıb nə etdikləri və nə işlə məşğul olduqlarını soruşduqda həmin şəxslər əvvəlcə tərəddüd etsələrdə sonradan üzərlərində narkotik vasitə olduğunu bildirmişlər. Onlar efir vasitəsi ilə 41-ci bölmənin əməliyyat qrupunu həmin yerə dəvət etmiş və gələn əməliyyat qrupu ilə birlikdə həmin şəxsləri avtopatrula mindirib 41-ci polis bölməsinə aparıb təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, X5 Alayının 4-cü Polis Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 2022-ci ilin fevral ayının 19-dan 20-nə keçən gecə Badamdar qəsəbəsində xidmətdə olarkən gecə saat təxminən 2-3 radələrində «Qızıl balıq» restoranının yanında 2 nəfər şəxsin özlərini şübhəli apardıqlarını, fənərlə nəsə axtardıqların görmüş və onlara yaxınlaşıb şəxsiyyətlərini araşdırarq üzərlərində nə olduqlarını soruşduqda həmin şəxslər üzərlərində narkotik maddə olduğunu səmimi etiraf etmişlər. Onlar efir vasitəsi ilə 41-ci bölmənin əməliyyat qrupunu həmin yerə dəvət etmiş, gələn əməliyyat qrupu ilə birlikdən həmin şəxsləri avtopatrula mindirib 41-ci polis bölməsinə aparıb təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, hadisə zamanı Səbail RPİ-nin 41-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyib, halhazırda Nəsimi RPİ-nin 19-cu PB-də əməliyyat müvvəkili vəzifəsində işləyir. 2022-ci ilin fevral ayının 19-dan 20-nə keçən gecə əməliyyat qrupunda olan zaman növbətçi hissəyə X6 əməkdaşları məlumat verərək «Qızıl Balıq» restoranının yanında 2 nəfər şübhəli şəxs saxladıqlarını və əməliyyat qrupunun gəlməsini xahiş etmiş, onlar hadisə yerinə gələrək iki nəfər şübhəli şəxsi X6 əməkdaşları ilə birlikdə 41-ci Polis Bölməsinə gəlmişlər. Bölmədə şübhəli şəxsin portal vasitəsi ilə şəxsiyyətini müəyyən etdikdən sonra sorğu sual olunmuş və həmin şəxsin narkotik istifadəçisi olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən digər polis əməkdaşının, onun və vəkilin iştitrakı ilə şübhəli şəxslərin üzərinə baxış keçirilmiş və hazırda məhkəməsi gedən şəxsin üzərində narkotik maddəyə oxşar vasitə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik maddəyə oxşar vasitə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan «şəxsi axtarış və götürmə haqqında» tərtib edilmiş 20 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 20 fevral 2022-ci il tarixdə X5 Alayının əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosessi 112 ünvanında «Qızıl balıq» restoranının arxasındaki ünvanda şübhəli şəxs qismində saxlanılaraq Səbail rayon Polis idarəsinin 41-ci Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində vəkilinin iştirakı ilə şəxsi axtarış aparılmış bu zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükülü olan tünd qəhvəyi rəngli toz halında narkotik maddəyə bənzər maddə olması aşkar edilmişdir. Aşkar olunmuş həmin büküm qablaşdırılıb möhürlənmiş, baxış zamanı “LgV30+” markalı mobil telefon vasitəsilə video çəkiliş aparılmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 20 fevral 2022-ci il tarixli 6/1056 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində «saxlanılan şəxs Təqsirləndirilən şəxs » sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,904 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 28 iyun 2005-ci il tarixli Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təstiq edilməsi haqqında Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına daxildir. İş materiallarında olan əlavə məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2022-ci il tarixli 6/1148 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65 dairəvi möhür əksləri olan iki ədəd kağız paketdə, üzərində «Saxlanılan şəxs Şahid1» sözü soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,724 qram olan heroin ilə üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,854 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 mart 2022-ci il tarixli 1316 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulətorların birgə qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılan zaman çəkilmiş video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı Şahid4 və Şahid5 və müdafiəçi X1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Videogörüntüdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs əşyalarında və ya üzərində dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükülü olan tünd qəhvəyi rəngli toz halında narkotik vasitəyə bənzər kütləni çıxararaq təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitə cinayət təqibi orqanı tərəfindən kağız zərfdə qablaşdırılıb götürülür. Təqsirləndirilən şəxs bildirir ki, həqiqətən baxış keçirilən şəxs odur. Üzərindən çıxan narkotik vasitə ona məxsusdur, həmin narkotik vasitəni bildirdiyi kimi öz istifadəsi üçün almışdır. İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 20 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə qanunsuz olaraq narkotik vasitələri saxlaması və daşımasında şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 21 fevral 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 16 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş cəzasını yüngüllənşdirən hallar müəyyən edilmədi, lakin məhkəmə onun əməlindən peşman olmasını, atasının ölməsini, anasının şəkər xəstəsi olub onun himayəsində olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini cəzasını ağırlaşdırın hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 20 fevral 2022ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 21 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixindən 21 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin məhkəmə iclaslarında iştirak etdiyi vaxtları üçün 156 (yüz əlli altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,814 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə keçirilmiş məhkəmə fiziki-kimyəmi ekspertizasının dəyəri 65 (altmış beş) manat təşkil edir. Eyni zamanda Təqsirləndirilən şəxs və Şahid1 üzərindən çıxan narkotik maddə olan heroinin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edilməsi ilə bağlı keçirilmiş fiziki-kimyəmi ekspertizasının dəyəri 65 (altmış beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, heroinin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edilməsi ilə bağlı keçirilmiş fiziki-kimyəvi ekspertizasının dəyəri olan 65 (altmış beş) manat yarıya bölünməli 32,50 (otuz iki manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməli və ümumilikdə 97.50 (doxsan yeddi manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzəinin hesabına köçürüməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixindən 21 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə 1 (bir) gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. 220020057 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0,814 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs 97,50 (doxsan yeddi manat əlli qəpik) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 156 (yüz əlli altı) manat tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun, «AccessBank»-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa catdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ağamalı Qafarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar