Məhkəmə qərarları › İş №1(009)-143/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-143/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-143/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: X4 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Füzuli rayonu, Dilağarda ərazi dairəsi, Dilağarda kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi 2 saylı yataqxanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, X5, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən X12rşısında saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə aparılması, həmin bölmədə saat 00.50-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd “Sobraniye” markalı siqaret qutusunun içərisindəki beş ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,60 qram, 0,67 qram, 0,70 qram, 0,85 qram və 0,53 qram, ümumi təmiz çəkisi 3,35 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,608 qram olan qəhvəli rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrin marixuana növünü könüllü qəbul edir. xx.xx.2025-ci il tarixdə bir neçə müddət əvvəl tanış olduğu İran İR-nın vətəndaşı ilə whatsapp ani mesajlaşma tətbiqində danışarkən sonuncuya narkotik vasitənin marixuana növünü almaq istədiyini bildirmişdi. Saat 23:00 radələrində həmin şəxs ona narkotik vasitəni qoyduğu yerin elektron ünvanını göndərmiş, o da həmin ünvana getmək üçün Binə qəsəbəsində yerləşən yaşadığı mənzildən çıxaraq həmin ünvana getmək üçün Binə qəsəbəsinin mərkəzinə getmiş, orada yolun qırağından taksiyə əl edərək saxlatmışdı. Saat təxminən 00:30 radələrində taksi ilə Malakan bağı yaxınlığında yerləşən X13 yaxınlığına gəlmişdi. Ünvana çatdqıdan sonra taksidən düşərək onu gözləməsini demiş, daha sonra narkotik vasitənin olduğu yerə gedərək onların yerləşdiyi bir ədəd “Sobraniye” markalı siqaret paketini götürərək cibinə qoymuşdu. Üzərində sonradan istifadə etmək üçün saxlamışdı. Götürdükdən dərhal sonra taksiyə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılaraq 39-cu Polis Bölməsinə aparılmış, o, səs-küy salmadan polis əməkdaşları ilə birlikdə qeyd olunan bölməyə, onunla olan polis əməkdaşlarının təklifi əsasında və sonuncuların müşayiəti ilə həmin bölmənin inzibati binasında yerləşən otaqların birinə getmişdi. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əyninə geyindiyi göy rəngli şalvarın sağ yan cibindən 6 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoyaraq, onlardan beşinin içərisində narkotik vasitə hesab olunan “marixuana” olduğunu bildirmişdi. Lakin 6-cı bükümün içərisində olan qəhvəyi rəngli maddədən xəbəri olmadığını bildirmişdi. Sonra orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib edilmiş, həmin içərisində narkotik vasitələr olan şəffaf sellofan bükümlər ekspertizaya göndərmək məqsədilə ağ zərfə qoyularaq ağzı bağlanmış, möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzaları ilə təsdiq etmişdi. O, heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, narkotik vasitələrin istifadəçisi olduğundan, narkotik vasitələrdən asılılığı var və narkotik vasitə qəbul etməyəndə bədənində şiddətli ağrılar olur. Onun narkotik vasitələrdən istifadə etməsi və narkotik vasitələrin aludəçisi olmağı barədə hər hansı şəxsin xəbərdar olub-olmaması barədə heç nə deyə bilmir, narkotik vasitələrin qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk etməklə hazırda əməlindən peşmandır. Polis bölməsinə gətirilən zaman ona qarşı heç kim zor tətbiq etməmiş və təzyiq göstərməmişdir. Təqsirləndirilən şəxs Rəfail oğlu son sözündə, “Vətən müharibəsi” iştirakçısı olmasını, əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini nəzərə alaraq barəsində azadlıqdan məhruetmə ilə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu PB-də əməliyyat müvəkkili vəzifəsində işləyən polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 10 yanvar 2025-ci il tarixdə Səbail RPİ-nin 39-cu Polis bölməsinə “Rəhman” adlı şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat icraata daxil olmuş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdı. Səbail RPİ-nin 39-cu Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid2 da həmin qrupa daxil edilmişdi. 10 yanvar 2025-ci il tarixdə saat 00:30 radələrində qrupun digər üzvü Şahid2la birlikdə izləyərək “Rəhman” adlı şəxsi ünvan 1 ünvanında yerləşən X12rşısında piyada hərəkət edən zaman saxlamış, xidməti vəsiqələrini təqdim edərək özlərini polis əməkdaşı kimi təqdim etmiş və şəxsiyyəti ilə maraqlandıqda, sonuncu özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasına dəvət etmişlər. Sonuncu etiraz etmədən onlarla birlikdə Səbail RPİ-nin 39-cu PBnə getmiş, orada hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri tam izah edilmiş, sonra üzərində axtarış aparılması təhqiqatçı tərəfindən elan edilmişdi. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdi ki, üzərində qanunla qadağan olunmuş hər nə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd “Sobraniye” markalı siqaret qutusunun içərisindəki altı ədəd şəffaf sellofan bükümdə olan bükümləri çıxarıb masanın üstünə qoymaqla təqdim etmişdi. X8 tərəfindən həmin bükümlər açıldıqda beş ədədinin içərisində narkotik vasitə marixuanaya, bir ədədinin içərisində isə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdi. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdən beşinin içərisində narkotik vasitə hesab olunan “marixuana” olduğunu bildiyini, lakin 6-cı bükümün içərisində olan qəhvəyi rəngli maddədən xəbəri olmadığını, xx.xx.2025-ci il tarixdə əvvəl tanış olduğu İran İR-nın vətəndaşı ilə whatsapp ani mesajlaşma tətbiqində danışarkən sonuncuya narkotik vasitənin marixuana növünü almaq istədiyini bildirdiyini, saat 23:00 radələrində həmin şəxsin ona narkotik vasitəni qoyduğu yerin elektron ünvanını göndərdiyini, yaşadığı Binə qəsəbəsindən taksi ilə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Malakan bağı yaxınlığındakı X13 yaxınlığından götürdüyünü və üzərində sonradan istifadə etmək üçün saxladığını bildirmişdi. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 06 (altı) ədəd içərisində narkotik vasitə heroinə və qurudulmuş marixuanaya bənzər maddələr olan bükümlər cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan, X8 tərəfindən boş zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək götürülmüşdü. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bütün paltarları, cibləri, corabının içi yoxlanılmış, lakin sonuncunun üzərindən üzərinə şəxsi axtarış və götürmə zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdi. Bundan sonra bu barədə protokol tərtib edilmiş və protokola da o, bütün iştirakçılar kimi imza etmişdi. Sonda toplanılmış material ekspertiza tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs isə Səbail RPİ-nin X6 göndərilmişdi. Hadisədən əvvəl o, Təqsirləndirilən şəxs tanımamış və həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 10 yanvar 2024-cü il tarixli, 6/92 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərfələr üçün № 49 möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,608 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 0,608 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,558 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitər”-in siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-bioloji ekspertizasının 10 yanvar 2024-cü il tarixli, 7/40 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş kağız paketdə 5 (beş) ədəd üzəriləri skoçla bağlanmış sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,60 qram, 0.67 qram, 0,70 qram, 0,85 qram və 0,53 qram bitki mənşəli kütlələr, tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi təmiz çəkisi -3,35 qramdır. Marixuanannm təmiz çəkisi - 3,35 qram, tədqiqata sərf edildi -0,1 qram, qalıq -3,25 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 15 may 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay azadlından məhrumetmə və 200 manat cərimə cəzasına məhkum olunmuş, Suraxanı Rayon Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli qərarı ilə 01 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, 15 noyabr 2015-ci il tarixdə cəza müddətini çəkib qurtarmışdır. “Cinayət işini başlanması və icraata qəbul edilməsi barədə” 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il saat 00:30-də tutulmuş hesab edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 11 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddə üzrə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 11 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. “Qətimkan tədbirinin seçilməsi barədə” 11 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qərar ona 11 yanvar 2025-ci il tarixində, saat 15:00-da elan olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş: - Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2022-ci il tarixli İ-63404 saylı 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli İ-7467 saylı 2724 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı, 24 iyun 2021-ci il tarixli İ-21854 saylı 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli İ-16195 saylı 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etiraf edici ifadəsi, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması”nın əks olunduğu videogörüntü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 şəxsi Ambulator X1 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, Məhkumluq götürülmüş və ya ödənmişsə, hökmün giriş hissəsində əvvəlki məhkumluq barədə məlumat əks etdirilməməlidir. Məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. - Məhkəmə, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olmasını, “Cəsur döyüşçü”, Füzulinin, Xocavəndin azad olunmasına görə medallarla təltif olunmasını, əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdən 11 yanvar 2025-ci il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin xx.xx.2025-ci il tarixli, 248 saylı ekspert rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərar ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə görə əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına edilən 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 518 (beş yüz on səkkiz) manat pul tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Xətai filialındakı hesabına keçirilməlidir Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 182 (yüz səksən iki) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan – 3,25 qram marixana və 0,558 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdən 11 yanvar 2025-ci il il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayı şəhərləri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi 2 saylı yataqxanda olan yaşayış yerini hər gün saat 23-00-dan 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan – 3,25 qram marixana və 0,558 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 182 (yüz səksən iki) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 518 (beş yüz on səkkiz) manat pul tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Xətai filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar