Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-144/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 adlı vəkil tərəfindən alim nüfuzuna xələl gətirən hərəkətlərə yol verilmiş və Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev tərəfindən də həmin hərəkətlərin həyata keçirilməsinə şərait yaradılmışdır. Belə ki, artıq 20 ilə yaxın müddətdir ki, BDU Hüquq Fakültəsində dərs demiş, hal-hazırda yüksək vəzifələrdə çalışan, Azərbaycan Respublikasını öz sahələrində layiqincə təmsil edən hüquqşünas tələbələr yetişdirmişdir. Hüquqşünas tələbələr, vəkilllər, hakimlərin də yararlana biləcəyi 7 hüquq sahəsi üzrə kitabın müəllifiyəm. Hal-hazırda da mütəxəssisi olduğu inzibati hüquq sahəsinə töhfə verə biləcək, hüquqşünas tələbələrin bu sahəni daha yaxşı mənimsəməsi, hakimlərin və vəkillərin qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün bir alim olaraq yeni kitabı üzərində çalışır. Tək məqsədi Azərbaycan Respublikasına faydalı ola biləcək, vətəninə və dövlətinə sadiq, bilikli hüquqşünas gənclər yetişdirməkdir. Göstərilən məqsədlə də tərəfindən “Facebook” sosial şəbəkəsində 21 oktyabr 2023- cü il tarixində ümumi şəkildə yazılmış post paylaşılmışdır. Postun məzmunu “ S o n seçkilər nəticəsində çox bilikli, əsasən də xanım hüquqşünaslar hakim təyin olunub. Gənc xanım hakimlərin ən böyük problemi “eqo”dur.... Fikrimcə, mütəmadi gənc hakimlərə sadəliklə bağlı təlimlər keçirilməlidir. İnanıram ki, İnam müəllimin rəhbərliyi ilə ölkədə tam obyektiv və ədalətli məhkəmə hakimiyyəti formalaşacaqdır” şəklində olmuşdur. Statusun məzmunundan da göründüyü kimi paylaşımda məqsədi gənc hakimlərim bəzi qüsurlarının da aradan qaldırılması məqsədilə onlara mütəmadi təlimlərin keçirilməsi ilə bağlı təklif vermək olmuşdur. Bildirir ki, özü uzun müddət Ədliyyə Akademiyasında hakimliyə namizədlərə təlimlər keçmiş və təlim zamanı onlara hüquqi biliklərlə yanaşı, ədalətilik hissini heç bir zaman itirməməyi, vətəndaşların qanuni mənafelərini hər zaman üstün tutmağı, məhkəmə iclaslarında vətəndaşlara, o cümlədən prosesin digər iştirakçılarına hörmətlə yanaşmaqla bağlı tövsiyələr vermişdir. Onun həmin statusu ilə bağlı da Vəkil Ayşən Vəliyevə Əbdürrəhmalı tərəfindən Vəkillər Kollegiyasının İntizam Komissiyasına müraciət edilmiş və daha əvvəl onunla bağlı Ədliyyə Akademiyasına etdiyi vəkil müraciəti ilə bağlı olduğunu iddia etdiyi statusu ilə şikayət edilmiş, həmin statusunun vəkil adına ləkə gətirdiyi qeyd edilmişdir. O cümlədən, onun yazısı ilə bağlı ona bisavad deyilmiş, yazının da böhtan xarakterli, şantaj xarakerli olduğu bildirilmişdir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Prezidenti X15 tərəfindən hər zaman Azərbaycan elminin nümayəndələrinə xüsusi hörmət və ehtiramla ilə yanaşılmış, onların əməyi yüksək qiymətləndirilmişdir. Bu baxımdan 20 ilə yaxın müddətdir ki, hüquq elmi üçün çalışan, BDU hüquq fakültəsində mühazirə keçən, BDU-nun professoru, hüquq elmləri doktoru olan bir şəxsə bisavad olaraq müraciət edilməsinə tərəfinizdən laqeyd qalınmayacağından əmindir. Həmin şəxsin hansı əsasla onu “bisavad” adlandırması, onun alim nüfuzuna xələl gətirməsi, o cümlədən bunu müzakirəyə ciddi narahatçılıq doğurmuş, ona mənəvi sarsıntı vermişdir. Bu isə ona psixolojik təsir edilməsi ilə nəticələnmişdir ki, nəticədə onun elmi fəaliyyətinin həyata keçirilməsində maneə yaratmışdır. Yazısında böhtan və şantaj xarakterli ifadəyə yol verilməsində ittiham olunmağı, xüsusilə də bir müəllim- proffessorun bisavad olaraq adlandırılması özü Azərbaycan elminə xələl gətirən və onu sarsan bir hadisədir. Belə ki, statusunun ləkə gətirdiyi iddia edilən vəkilliyin, o cümlədən hakimliyin nümayəndələrindən əksəriyyətinin yetişdirilməsində həm onlara inzibati hüquq fənnini tədris etmək baxımından, o cümlədən bu sahədə dərsliklərin və kitabların yazılması baxımından böyük töhfəm olmuş, BDU hüquq fakültəsində çalışdığı qədər gələcəyin vəkillərini, hakimlərini, prokurorlarının, o cümlədən dövlət orqanlarında çalışan peşəkar hüquqşünasların Azərbaycan Respublikasına faydalı şəxslər olmasına çalışmışdır. Bu qədər zəhmətlərin qarşılığında onun bisavad adlandırılmağı həmin şəxslərin Azərbaycan elminə fayda verən şəxsin əməyinin görməzdən gəlinməsinə bərabərdir. Belə bir müraciətə baxılması və onun müvafiq qurumlar tərəfindən narahat edilməyi də hal-hazırda da onun elmi fəaliyyətinə də mane olur. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının hüquq elmləri doktoruna və professoruna qarşı ifadə edilmiş bu ifadə ( bisavad) nəinki ona qarşı, Azərbaycan Respublikasının hüquq elminə böyük hörmətsizlikdir. Hal-hazırda Azərbaycan Respublikası vəkilliyi həm ölkəmizdə, həm də beynəlxalq arenada böyük nüfuz qazanmışdır. Statusunun ləkə gətirdiyi iddia edilən vəkilliyin bilikli nümayəndələrinin yetişdirilməsi üçün müəllimlik fəaliyyətinin böyük bir hissəsini sərf etmişdir. Bu baxımdan onun kimi peşəsini sevərək icra edən, bilikli tələbələrinin uğurlarına daim sevinən, Azərbaycan hüquq elminin inkişafı üçün çalışan şəxsin vəkilliyə ləkə gətirən hərəkətə yol verməsini iddia etmək özü Azərbaycan elminə ləkə gətirən haldır. X10 adlı şəxs tərəfindən BDU hüquq fakültəsinin müəllim-professoru, hüquq elmləri doktoru, X3, Azərbaycan hüquq elminin inkişafı üçün 7 kitab yazmış şəxsə hörmətsizlik ifadə edən, onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən “bisavad” ifadəsinin işlədən, o cümlədən Azərbaycan məhkəmə sistemini tərifləyən yazısını və ümumi formada yazılan, gənc bilikli xanım hakimlərin təyin olunmasını yüksək qiymətləndirən yazının böhtan, şantaj, şər xarakter daşınmasının bildirilməsi onda ciddi mənəvi və psixoloji sarsıntıya səbəb olmuşdur. Göstərilənlərə əsasən X12 Azərbaycan Respublikasının CM-nin 147.1-ci və 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şikayət vermiş şəxs X11 məhkəmənin hazırlıq iclasına elektron ərizə ünvanlayaraq şikayətindən imtina etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X5 ərizəsi nəzərə alınmalı və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət vermiş şəxs şikayətindən imtina etdiyindən məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-144/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-144/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver